Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı
- Hörmətli Prezident, dəyərli qardaşım Əliyev!
Hörmətli iştirakçılar, dəyərli mətbuat nümayəndələri!
Xanımlar və cənablar!
Azərbaycan Prezidenti mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” kimi tərif verdiyi Türkiyə-Azərbaycan əməkdaşlığında arzu edilən və hədəflənən bir nöqtəni, hətta bir zirvəni bu gün həyata keçirir, tarixi bir səhifə yazırıq.
Hörmətli Əliyevin o müdrik ifadəsinin həyat verdiyi anlayış az əvvəl dəyərli qardaşım İlham Əliyevlə birlikdə imzaladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq bəyannaməsi ilə artıq yeni bir məna qazanmışdır. Mən bu dostluğun gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi gördüyümü xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.
Bu sağlam zəmin üzərində qurulan, “bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik.
Əvvəllər də Suriya, İordaniya, Livan, İraq, Rusiya və Yunanıstan kimi ölkələrlə də yaratdığımız bu mexanizmin istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə vermiş olduğu nəzərəçarpacaq faydalarını bu qısa müddətdə belə müşahidə etmək imkanımız oldu. Bu mexanizmin Türkiyə-Azərbaycan əməkdaşlığına da böyük töhfələr verəcəyi şübhəsizdir. Belə ki, Şura çərçivəsində yaradılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm olaraq nəzərdən keçirilməsini təmin edəcək, həm müsbət sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fikirdə formalaşmış bir sıra nöqsanların təcili aradan götürülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası, eyni zamanda, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Atatürklə “bir millət, iki dövlət” deyən mərhum Heydər Əliyevdən aldığımız bayrağı daha da irəliyə aparmaq qətiyyətinin bir təzahürüdür.
Bu əlamətdar gündə mən Şuranın yaradılması mərhələsində göstərdiyi əməkdaşlıq üçün dəyərli qardaşım, hörmətli Prezident İlham Əliyevə xüsusilə təşəkkür etmək istəyirəm.
Bu işdə böyük fədakarlıq və səylə çalışaraq sazişin qısa müddətdə təsdiq olunma mərhələsinə gəlməsini təmin edən rəsmilərimizə, nazir dostlarıma, məmurlarımıza da təşəkkürümü bildirmək istəyirəm.
Çıxışımın əvvəlində də söylədiyim kimi, Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası bu qardaşlığı möhkəmləndirən daimi bir əsər olacaqdır. Bu düşüncələrlə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının istər ikitərəfli əlaqələrimiz, istərsə də regional əməkdaşlıq naminə uğurlu olmasını diləyir, sevgi və hörmətlərimi ifadə edirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Baş nazir!
Əziz qardaşım!
Bu gün doğrudan da tarixi bir gündür və bu gün də bərabər olmağımızdan çox məmnunam. Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam və əminəm ki, bu gün imzalanmış tarixi sənəd Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafını təmin edəcəkdir.
Siz qeyd etdiyiniz kimi, xalqlarımız arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər bu gün zənginləşir, bu münasibətlər bu gün yeni səviyyəyə qalxır. Bu münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Biz bu əlaqələri bu möhkəm təməl üzərində qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, möhkəmlənir. Bu gün bu münasibətlər müttəfiqlik səviyyəsinə qalxmışdır.
Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq edirik. Bu əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün imzalanan sənədin bu əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün çox böyük əhəmiyyəti vardır.
Siz bu gün Azərbaycan xalqının böyük oğlu, mənim atam Heydər Əliyevin kəlamlarını xatırladınız. Bu, bizim üçün çox dəyərlidir, çox əzizdir. Mən çox şadam ki, onun ürəkdən sevdiyi Türkiyədə bu gün, bu tarixi gündə onun kəlamları, əməyi xatırlanır. Mən əminəm ki, onun ruhu bu gün bu salondadır.
Eyni zamanda, bu gün biz türk dünyasının böyük öndəri, Azərbaycan xalqının qəlbində xatirəsi daim yaşayan ulu öndər Mustafa Kamal Atatürkün xatirəsini hörmətlə yad edirik. Onun kəlamları bizim münasibətlərimiz üçün işıqlı bir yoldur. Yəni, münasibətlərimiz bu möhkəm təməllər üzərində qurulur. Mən əminəm ki, indiki nəsil, gələcək nəsillər bu dostluğu, bu qardaşlığı daha da irəliyə aparacaqlar, möhkəmləndirəcəklər. Biz elə etməliyik ki, bundan sonrakı nəsillər də bu bayrağı daim uca tutsunlar. Dostluğumuz, qardaşlığımız hər şeydən üstündür, əbədidir və əbədi olacaqdır.
Bugünkü mərasimin çox böyük əhəmiyyəti vardır. Bu gün imzalanmış sənəd əslində bu günə qədər görülən işlərə bir növ yekun vurur, strateji tərəfdaşlığımızın gələcək inkişafını müəyyən edir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə adi bir müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq. Bu saziş bütün sahələri əhatə edir - siyasi əlaqələri, hansılar ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr - yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da birləşsin, daha da sıx əməkdaşlıq etsin.
Bu tarixi gündə mən, ilk növbədə, qardaşım, hörmətli cənab Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm ki, onun səyləri və təşəbbüsü nəticəsində bu gün bu sənəd artıq imzalanmışdır. Eyni zamanda, hörmətli qardaşımın sözlərinə qatılıram. Bu sənədin üzərində çalışan bütün yoldaşlara, bütün dostlara öz minnətdarlığımı bildirirəm.
Bu sənəd hüquqi sənəddir, amma, eyni zamanda, bu sənəd çox səmimi sənəddir. Bu, sadəcə iki ölkə arasında müqavilə deyildir. Bu, ürəkləri, xalqları birləşdirən, bizim xoş niyyətimizi ifadə edən bir əsərdir. Bu əsər yaşayacaq və bizi daha da zəngin və xoşbəxt edəcəkdir. Sağ olun.