Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə İlham Əliyevin nitqi

10 may 2013, 21:30
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. Heydər Əliyev böyük azərbaycanlıdır, böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur. O, öz ömrünü Azərbaycan xalqına həsr etmişdir və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edirdi.

Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə elmi əsərlər, kitablar, bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.

Əgər biz onun Azərbaycana rəhbərliyə gəldiyi tarixlərə nəzər salsaq görərik ki, həm 1969-cu və həm də 1993-cü illərdə onun rəhbərliyə gəlişindən sonra Azərbaycanda bütün proseslər müsbət istiqamətdə inkişaf etməyə başlamışdır. 1969-cu ilə qədər Azərbaycan Sovet İttifaqında ən geridə qalmış respublika kimi tanınırdı. Respublikada sənaye potensialı çox aşağı səviyyədə idi. Digər göstəricilər də ən aşağı səviyyədə idi.

Heydər Əliyev kimi güclü liderin Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra köklü dəyişikliklər baş vermişdir. Onun Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü təmin edirdi və ümumittifaq büdcəsinə töhfələr verirdi.

Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda güclü sənaye potensialı yaradılmışdır ki, sonra - müstəqillik dövründə bu potensial bizə böyük dərəcədə kömək etmişdir. Xüsusilə, neft sənayesində, energetika sənayesində aparılan işlər müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynamışdır. Kənd təsərrüfatının, digər sahələrin – elmin, təhsilin inkişafı o illərdə məhz Heydər Əliyevin adı ilə bağlı idi. Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür.

Əlbəttə, bu işlərin görülməsi nəticəsində 1970-ci illərdə Azərbaycanda hər bir istiqamətdə, hər bir sahədə böyük inkişaf özünü büruzə verirdi. 1982-ci ilin sonlarında Moskvaya gedəndə Azərbaycan ən qabaqcıl yerlərdə idi. 1982-ci ilin sonlarında Heydər Əliyevə böyük etimad göstərilmişdir və o, Sovet İttifaqı Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, Siyasi Büroya üzv seçilmişdi. Bu, Azərbaycan xalqı üçün də böyük nəticə, böyük nailiyyət idi. Bizim nümayəndəmiz, Azərbaycan xalqının nümayəndəsi Kremldə əyləşmişdi. O illərdə ümumi işlərlə məşğul olaraq, eyni zamanda, Azərbaycanı unutmamışdı.

Məhz o illərdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul edilmişdir. Ulu öndər daim Azərbaycana diqqət göstərirdi, işlərlə maraqlanırdı. Demək olar ki, 1987-ci ilə qədər onun nəzarəti və rəhbərliyi nəticəsində Azərbaycanda proseslər bütövlükdə müsbət istiqamətdə gedirdi. Baxmayaraq ki, artıq o vaxt onun Azərbaycanda yoxluğu hiss edilirdi. Tədricən Azərbaycanda gedən işlər tənəzzülə uğramağa başlamışdır. Həm iqtisadi-sosial məsələlərin həllində, eyni zamanda, ölkəmiz üçün ən həlledici məqamlarda onun yoxluğu əlbəttə ki, öz mənfi təsirini göstərmişdir.

Heydər Əliyev kimi parlaq şəxsiyyətin mötəbər kürsüdə əyləşməsi sovet rəhbərliyini də qıcıqlandırırdı. Onun kimi dəmir məntiqə malik olan, öz sözünü deyən, cəsarətli, heç kimdən çəkinməyən şəxsiyyət bəzilərini qane etmirdi. O vaxt ona qarşı aparılan təbliğat, ona qarşı olan paxıllıq, qısqanclıq və əfsuslar olsun ki, Azərbaycandan korrupsiyaya görə cəzalandırdığı adamların donosları nəticəsində o, siyasi rəhbərlikdən uzaqlaşdırılmışdır. Ondan sonra Azərbaycanın problemləri başlamışdır.

Bu salonda əyləşənlərin əksəriyyəti o illəri, günləri yaxşı xatırlayır. Bir daha demək istəyirəm ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda, yaxud da ki, sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini bu təxribatlardan çəkindirirdi. Təsadüfi deyildir ki, 1987-ci ildə onun siyasi rəhbərlikdən getməsindən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağ məsələsini qaldırmış və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışlar. Əlbəttə, o vaxtkı Azərbaycan rəhbərliyi bu təxribatların qarşısında aciz idi, öz qətiyyətli mövqeyini ortaya qoya bilmədi, zəiflik, bəzi hallarda xəyanət göstərdi. Beləliklə, bu məsələ böyük problemə çevrilmişdir.

Böyük təəssüf hissi ilə deyirəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı bir qarış torpaq da işğal altına düşməzdi. Ondan sonrakı illər bizim üçün ən ağrılı illər olmuşdur. Ölkədə proseslər mənfi istiqamətdə gedirdi. Özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən Ermənistanın Azərbaycana qarşı iddiaları Azərbaycana böyük problemlər yaratmışdı. Onların içində əlbəttə, ən ağrılısı torpaqlarımızın işğal altına düşməsidir. Eyni zamanda, Qanlı Yanvar faciəsi ən böyük yara, ən böyük faciədir. Əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Qanlı Yanvar faciəsinin qarşısının alınması üçün heç bir iş görməmiş və günahsız insanları sovet ordusunun qurbanlarına çevirmişdir. Heydər Əliyevin o vaxta qədər fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdır. Ancaq o, bu faciəyə biganə qala bilməzdi və dərhal öz münasibətini bildirdi. Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş və orada öz sözünü demişdir. Sovet rəhbərliyini pisləmiş, tənqid etmiş, öz sözünü demiş, Azərbaycan xalqının yanında olduğunu bəyan etmişdir.

Ondan sonra ona qarşı təzyiqlər, təxribatlar kampaniyası başlamışdır. Bu kampaniya nəticəsində hətta onu həbs etmək də istəmişlər. O, Azərbaycana üz tutdu. Ancaq ona Bakıda yaşamağa imkan vermədilər. Naxçıvana qayıtdı. Naxçıvanda isə xalq onu müdafiə etdi. O isə öz növbəsində ondan sonra xalqı müdafiə etdi. Çünki ermənilərin məkrli niyyətləri Naxçıvana da yönəlmişdi. Naxçıvanı işğal etmək onların planlarında idi. O, buna imkan vermədi, erməniləri yerinə oturtdu, Naxçıvanı qorudu və müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq o illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı - üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı elan edilmişdir və Azərbaycan Ali Məclisinə vəsatət göndərilmişdir ki, bu bayraq dövlət bayrağı kimi qəbul olunsun. O illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilmiş, “Sovet Sosialist” sözləri çıxarılmışdır və bu da müstəqilliyə doğru atılan çox ciddi bir addım idi. Digər addımlar da atılmışdır. Yəni, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol Naxçıvandan başlamışdır, Heydər Əliyevin təşəbbüsü ilə, onun zəhməti, cəsarəti, qətiyyəti hesabına mümkün olmuşdur. Məhz o illərdə Azərbaycanın müasir siyasi sistemi formalaşmış və inkişaf etməyə başlamışdır.

1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması tarixi bir hadisə idi. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi məsələlərin mədəni, sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan bir hadisə idi. Çünki o vaxta qədər Azərbaycanda kiçik qruplar, siyasi dərnəklər daha çox bir-biri ilə savaşmaq üçün yaradılmışdı. Hər siyasətlə məşğul olmaq istəyənin yanında bir qrup adam toplaşaraq özünü partiya adlandırıb. Amma partiya quruculuğu haqqında heç bir təsəvvürü olmayan qruplar əlbəttə ki, siyasi sistemin yaradılmasına da əngəl idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin formalaşmasında xüsusi rol oynamışdır. Təsadüfi deyildir ki, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə ölkədə böyük nüfuz qazanmışdır. Bu partiya 1993-cü ildən bu günə qədər iqtidar partiyasıdır. Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük partiyadır.
Azərbaycanda isə o vaxt Bakıda rəhbərlikdə oturanlar bir-biri ilə savaş içində idilər, vətəndaş müharibəsini başlamışdılar, qardaş qanını axıtmışdılar. Bir tərəfdən erməni millətçiləri torpaqlarımızı zəbt edir, digər tərəfdən hakimiyyətdə təmsil olunanlar bir-biri ilə ədavət içində idilər.

1992-ci ilin may ayında Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə, bağlantı yaradılmışdır ki, bu da münaqişənin həlli və proseslərin gedişatı üçün çox mənfi təsir göstərmişdir. Azərbaycan demək olar ki, öz müstəqilliyini itirmək ərəfəsində idi. Azərbaycan xalqının əsrlər boyu arzuladığı müstəqillik əldən gedirdi. Ölkə parçalanırdı, idarəolunmaz vəziyyət yaranmışdı.

Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi. Hətta o vaxt Azərbaycanın rəhbərliyində yüksək vəzifələr tutan və vaxtilə Heydər Əliyevə qarşı təxribatlar törətməyə cəhd edən, Naxçıvana desant göndərmək istəyən antimilli qüvvələr də öz canlarından qorxaraq Heydər Əliyevi dəvət etmişdilər. Çünki onların öz taleyi artıq təhlükə altında idi. Mən o günləri yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər Əliyevi buraxmırdılar, qoymurdular ki, getsin. Ancaq Vətəni, Azərbaycan xalqını sevən dövlət adamı kimi onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və o vaxt Bakıda gedən proseslər hamımızın yaxşı xatirindədir. Vətəndaş müharibəsinin dayandırılması birinci məsələ idi. Ona nail oldu. Ondan sonra - Azərbaycanda müəyyən dərəcədə sabitlik yaranandan sonra böyük islahatlara başladı. Demək olar ki, 1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi.

Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində - 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilmişdir. Dövlətimizin ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar aparılmışdır. İqtisadi sahədə böyük islahatlar aparılmağa başlamışdır. Bazar iqtisadiyyatı əsas prinsip kimi rəhbər götürülmüşdür. Azərbaycan informasiya blokadasını yara və özünü dünyaya təqdim edə bilmişdir. Beynəlxalq təşkilatların üzvü olduq. Sabitlik yarandı. Bütün, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Azərbaycan hakimiyyətini 1992-ci ildə qanunsuz, saxta yolla zəbt edən antimilli qüvvələr hərəsi bir tərəfə çəkildi. Onlar o vaxtdan artıq siyasi səhnədən tamamilə silinmişdir və bu gün tarixin arxivindədirlər. İnkişaf üçün imkanlar yarandı. O inkişaf ki, bu gün müstəqil Azərbaycanı dünya miqyasında inkişaf edən ölkə kimi təqdim edir.

O illərdə Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq ağır və çətin məsələ idi. Çünki Azərbaycan çox yüksək riskli bir ölkə idi. Vətəndaş müharibəsi təzəcə qurtarmışdı. Atəşkəs rejimi 1994-cü ilin mayında elan edilmişdi. O vaxtdan bir neçə ay keçəndən sonra “Əsrin müqaviləsi” bağlandı. “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqillik tarixində rolu haqqında mən də, başqaları da dəfələrlə öz fikirlərimizi bildirmişik. Bu gün Azərbaycan reallıqları bunu bir daha sübut edir - o vaxt yeganə düzgün addım atılmışdır ki, xarici investisiyaları cəlb edək və Azərbaycanı bu ağır iqtisadi vəziyyətdən çıxara bilək. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra çox gərgin iş başlamışdır.

Bilirsiniz ki, çox ağır geosiyasi vəziyyət hökm sürürdü. Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün ulu öndər Heydər Əliyev böyük səylər göstərmiş və öz əlləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoymuşdur.

1996-cı ildə digər böyük layihə imzalanmışdır. Bu gün Azərbaycanı dünya miqyasında böyük qaz dövləti kimi təqdim etmək üçün “Şahdəniz” layihəsinin əsas rolu vardır. O, özü də bilirdi ki, bu layihələrin həyata keçirilməsi bir il, iki il deyil, on il çəkə bilər. Yəqin bilirdi ki, o, görülən bu işlərin nəticələrini görməyəcəkdir. Ancaq Vətən sevgisi, xalqa bağlılıq, Azərbaycana məhəbbət onun üçün hər şeydən üstün idi. Onun yaratdığı möhkəm əsaslar bu gün Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdırır. Onun tərəfindən atılmış cəsarətli addımlar, irəli sürülmüş təşəbbüslər bu gün reallığa çevrilir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir. Biz onun siyasətinə sadiqik, onun siyasətini davam etdiririk. Xarici siyasətlə bağlı onun qoyduğu xətt davam edir. Bu gün Azərbaycan dünyada böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam etdiririk. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar ortaya çıxır. Amma biz bu çağırışlara hazırıq. Siyasi islahatların davam etdirilməsi də Heydər Əliyevin bizə tapşırdığı bir məsələ idi. Biz onu da uğurla icra edirik.
Bir sözlə, bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Onun qoyduğu əsaslar üzərində, onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur. O dövlət ki, bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bizim razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz – istər siyasi, istər iqtisadi, istər enerji. İstənilən layihə Azərbaycanın iştirakı və razılığı olmadan icra edilə bilməz. Bu, artıq reallıqdır. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə hesablanıbdır. Bütün təşəbbüslərimiz və başladığımız bütün işlər uğurla nəticələnir. Heç kim bir dənə də olsun nümunə gətirə bilməz ki, bizim başladığımız təşəbbüs, yaxud da ki, layihə, ya iş uğursuzluqla nəticələnsin. Biz qarşıya hədəf qoyuruq, məqsəd qoyuruq və bu məqsədə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bu gün Azərbaycan, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Bu inkişafın təməli 1993-2003-cü illərdə qoyulmuşdur. 2003-cü ildə Azərbaycan xalqı mənə etimad göstərərək, əslində Heydər Əliyev siyasətinə öz dəstəyini vermişdir. 2008-ci ildə isə Azərbaycan xalqı bir daha əmin oldu ki, Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir və bundan sonra da yaşayacaqdır.
Son 10 il ərzində biz xarici və daxili siyasətlə bağlı irəli sürdüyümüz bütün təşəbbüsləri reallaşdıra bildik. Bu gün

Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətlə bağlı uğurlarımızı təsvir etmək, bu barədə danışmaq üçün çox vaxt lazımdır. Sadəcə bir misal gətirmək kifayətdir aydın olsun ki, bu siyasət nə dərəcədə uğurludur – Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali, ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, xarici siyasətimizin zirvəsidir.

Azərbaycan son on il ərzində iqtisadi sahədə misli görünməmiş nailiyyətlərə çata bilmişdir. Dünyada iqtisadi inkişaf templərinə görə bizim göstəricilərimiz rekord göstəricilərdir. İqtisadiyyatımız üç dəfədən çox artmışdır və digər göstəricilər də yüksək səviyyədədir. İşsizlik aradan götürülür, yoxsulluq 50 faizdən 6 faizə düşmüşdür. Yəni, bu, onu göstərir ki, bəyan etdiyimiz siyasət reallaşır. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gəlirlərin ədalətli şəkildə bölünməsi də əsas prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini əyani şəkildə görürük.

Azərbaycanda icra edilən infrastruktur layihələri tamamilə yeni bir şəraitin yaradılmasına gətirib çıxarmışdır. Biz son illər ərzində xüsusilə qeyri-neft sektorunun inkişafı ilə məşğuluq. Bu sahənin inkişafı nəticəsində cari ilin birinci rübündə qeyri-neft sektorumuz 11 faizdən çox artmışdır. Nə iqtisadi, nə maliyyə böhranı bizə təsir etməmişdir. Biz öz iqtisadi siyasətimizi ardıcıllıqla, düşünülmüş şəkildə, qəbul edilmiş proqramlar üzrə aparırıq. Bizim istər xarici, istər daxili, istərsə də apardığımız iqtisadi siyasət düzgün siyasətdir. Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş müharibələri bir tərəfdən, digər tərəfdən müxtəlif bölgələrdə maliyyə və iqtisadi böhran hələ ki, bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on minlərlə, yüz minlərlə insan axışır ki, öz etirazını bu və ya digər formada ifadə etsin.

Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər boyu xalqımız müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi, gedirdi. Xalqımız müstəqillik eşqi ilə yaşamışdır. Bu gün biz müstəqilik. Bizim nəinki atributlarımız, sözün əsl mənasında, müstəqil, qüdrətli dövlətimiz vardır. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ulu Öndərin məşhur kəlamı var, deyir: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Biz inamla irəliyə gedirik. Çünki son 20 il ərzində - 1993-cü ildən bu günə qədər görülən işlər deməyə əsas verir ki, biz bundan sonra da uğurla, inamla inkişaf edəcəyik. Bizim böyük planlarımız vardır. Bu planların bir hissəsi artıq reallaşıb. Biz artıq kosmosa qalxmışıq.

Azərbaycan o nadir ölkələrdəndir ki, artıq kosmik sənayesi vardır. Yəni, bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq.

Bu gün Gül bayramında uşaqlarla görüşürdüm. Uşaqlar məni əhatə etmişdi, - hər il mən Gül bayramında uşaqlarla görüşürəm, - biri yaxınlaşır nə isə deyir, o biri yaxınlaşır nə isə deyir, biri gəlir deyir ki, mən Sizi tanıyıram, cənab Prezident, Siz Prezidentsiniz, - balaca uşaqlardır, 4-5 yaşında. Bir qız yaxınlaşdı, - 4-5 yaşında, - dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz.

Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır. Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06