XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransın açılış mərasimində İlham Əliyevin nitqi

04 iyun 2013, 11:00
XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransın açılış mərasimində İlham Əliyevin nitqi

- Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir. İyirmi il ərzində bu sərgi hər il daha da çox şirkəti cəlb etmişdir. Builki sərgidə 400-ə yaxın şirkət iştirak edir.

Yəni, bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, 20 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə onun əhəmiyyəti daha da artmışdır. Baxmayaraq ki, əsas neft və qaz müqavilələri artıq imzalanmışdır. Xarici şirkətlər uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Buna baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.

İyirmi il ərzində Azərbaycan da böyük yol keçmişdir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. İyirmi il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik. Sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, çox böyük əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni, neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatlar yox idi. Biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik ki, necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir? Halbuki, 1990-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdi.

Məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir. Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər üçün də bizim dəqiq planlarımız, konkret proqramlarımız vardır. İyirmi il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı, sadəcə olaraq, proqramlar, niyyətlər var idi.

Əlbəttə, “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə, yəni, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə “Əsrin kontraktı” adı verilmişdir. İndi - XXI əsrdə biz deyə bilərik ki, bu, iki əsrin kontraktıdır. Çünki bu gün də “Azəri-Çıraq-Günəşli” yataqları üzrə imzalanmış kontrakt öz əhəmiyyətini itirmir. Əksinə, bu kontraktın icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır.

“Əsrin kontraktı”nın əhəmiyyəti haqqında kifayət qədər danışılıbdır, deyilibdir, təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Azərbaycan Xəzər dənizini birgə işlənilmək üçün xarici şirkətlərə açmışdır. İlk dəfə olaraq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılmışdır ki, bu da öz növbəsində, bu gün digər layihələrin uğurlu icrasına təkan vermişdir.

Biz beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplamışıq. Azərbaycanda “Əsrin kontraktı”nın icrası nəticəsində digər sektorlarda da canlanma baş vermişdir. Çox gözəl investisiya mühiti yaradılmışdır. Bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir.

Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən Azərbaycanı “Holland sindromu”, yaxud da ki, “neft lənəti” gözləyir fikirlərinin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır. Bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir.

Düz 17 il bundan əvvəl, 1996-cı ildə sərgi zamanı “Şahdəniz” kontraktı da imzalanmışdır. O vaxt dünyada və Avropada ümumiyyətlə, qaz amili o qədər də ciddi qəbul edilmirdi. Ona görə “Şahdəniz” kontraktının imzalanması demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki biz bilirdik ki, vaxt gələcək Azərbaycan nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də özünü dünyaya təqdim edəcəkdir. Bilirdik ki, bizim çox zəngin qaz yataqlarımız vardır. Bilirdik ki, bu yataqların işlənilməsi nəticəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.

"Şahdəniz” layihəsinin icrası nəticəsində və uğurlu beynəlxalq əməkdaşlıq nəticəsində bu gün məhz “Şahdəniz” qaz yatağı bölgədə gedən enerji təhlükəsizliyi ilə bağlı proseslərə həlledici təsir edir. Bu gün “Şahdəniz” layihəsi olmadan bölgənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyildir. Çünki biz enerji təhlükəsizliyi deyəndə ilk növbədə təbii qazı nəzərə alırıq. Əgər “Əsrin kontraktı” imzalanmasaydı və Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, yəni bu dəhliz yaradılmasaydı, “Şahdəniz” layihəsinin icrası böyük sual altında ola bilərdi. Məhz dəhlizlərin mövcudluğu, Azərbaycan ilə Gürcüstan və Türkiyə arasındakı üçtərəfli uğurlu əməkdaşlıq nəticəsində biz “Şahdəniz” layihəsinin icrasına nail ola bildik. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də eyni dəhlizdə tikilmişdir. Bu gün bu kəmər və bu kəmərlə bağlı gələcək planlarımız Azərbaycan ilə Avropa arasındakı əlaqələrdə də mühüm rol oynayır.

"Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir. “Şahdəniz”in birinci fazası uğurla icra edilir. Biz ikinci fazanın reallaşmasına yaxınıq. Bütün tərəfdaşlarla SOCAR-ın çox gözəl əməkdaşlığı vardır. Bu əməkdaşlığın yaranması da məhz “Əsrin kontraktı”ndan başlamışdır. Bu kontraktın imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin həm ölkə daxilində, həm dünyada çox güclü mövqeləri vardır.

Mən bu yubiley günündə xüsusilə bizim əsas tərəfdaş olan bp şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. bp bizim strateji tərəfdaşımızdır. 1994-cü ildən bu günə qədər 20 il ərzində bp ilə SOCAR arasında çox gözəl münasibətlər yaradılmışdır. bp həm “Azəri-Çıraq-Günəşli”, həm də “Şahdəniz” layihələrinin operatorudur. Digər layihələrdə də iştirak edir. Ötən 20 il ərzində bu strateji tərəfdaşlıq yüksək zirvələrə qalxmışdır. Bundan sonra da - ən azı 20 il bundan sonra da, bəlkə də ondan da çox müddət ərzində bu strateji tərəfdaşlıq davam edəcəkdir.

Bu kontraktların icrası və görülən bütün işlər, eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinə də imkan verdi ki, o da beynəlxalq şirkətlər kimi dünyada öz fəaliyyətini genişləndirsin.

Bu gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla icra edilir və SOCAR öz investisiya layihələrini genişləndirir. Bu, bizim üçün böyük təcrübə idi. Eyni zamanda, kontraktlar əsasında Azərbaycan kadrlarının hazırlanması işi də yüksək səviyyədə təşkil edilmişdir. Bu gün beynəlxalq konsorsiumlarda çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. “Əsrin kontraktı”nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi, yəni indiki kimi deyildi. Buna baxmayaraq, biz Azərbaycan üçün maksimum məqbul şərtlər təmin edə bilmişik. Eyni zamanda, investorlar üçün də gözəl şərtlər təqdim edilmişdir. Məhz buna görə bu gün mənfəət neftinin 75 faizi və gələcəkdə 80 faizi Azərbaycanın payına düşəcəkdir. Kontraktlarda Azərbaycan mütəxəssislərinin fəaliyyəti xüsusilə təsbit edilibdir.

Biz son 20 il ərzində doğrudan da böyük və uğurlu yol keçmişik. Biz hər növbəti sərgidə keçən il ərzində görülmüş işlər haqqında fikir mübadiləsi aparırıq. Yadımdadır, əvvəlki sərgilərdə biz yeni yataqların aşkarlanması haqqında danışmışıq. Çox şadam ki, “Şahdəniz” qaz yatağından sonra “Ümid” və “Abşeron” yataqları kəşf edilmişdir. Bu da ölkəmizin qaz potensialına böyük töhfədir. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Çox güman ki, yeni məlumatlar bu həcmi daha da artıracaqdır.

Builki sərgidə isə mən son bir il ərzində bu sahədə ən vacib hadisə olan TANAP layihəsinin başlanmasını xüsusilə qeyd etmək istəyirəm. Ötən sərgidən bir ay keçməmiş Türkiyə ilə Azərbaycan arasında TANAP müqaviləsi bağlanmışdır. TANAP layihəsinin çox böyük tarixi əhəmiyyəti vardır. Çox şadam ki, Azərbaycan əsas maliyyə yükünü öz üzərinə götürmüşdür. Beləliklə, TANAP layihəsinin icrası üçün bütün imkanlar vardır. TANAP layihəsi “Cənub qaz dəhlizi”nin tərkib hissəsidir, bəlkə də bunun əsas hissəsidir. TANAP böyük maliyyə xərcləri tələb edən layihədir. Çox böyük texniki imkanlar da ortaya qoyulmalıdır. Biz tərəfdaşlarla birlikdə bunu etməyə hazırıq və edəcəyik. TANAP layihəsi “Cənub qaz dəhlizi”nin uğurlu icrası üçün əsas şərtdir.

Eyni zamanda, TANAP layihəsinin başlanması o deməkdir ki, “Cənub qaz dəhlizi” reallaşacaqdır. Çünki “Cənub qaz dəhlizi” ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Əvvəllər də olubdur, bu gün də belədir ki, bu, reallaşacaq, ya reallaşmayacaqdır? Nə qədər böyük problemlər vardır? Doğrudan da kifayət qədər problemlər vardır. Bildiyiniz kimi, uzun illərdir ki, “Cənub qaz dəhlizi” ilə bağlı müzakirələr gedir. Müzakirələrdən başqa real addımlar atılmır. Belə olan halda biz gördük ki, əgər Azərbaycan bu dəfə də əsas məsuliyyəti öz üzərinə götürməsə, çox güman ki, elə bu danışıqlar hələ bir neçə il davam edəcəkdir. Amma biz vaxt itirə bilmərik. Çünki bu məsələlərlə bağlı zaman amili də çox önəmli rol oynayır. Ona görə Azərbaycan bu böyük məsuliyyəti öz üzərinə götürmüşdür. Bu gün TANAP layihəsinin icrası üçün heç bir əngəl yoxdur.
TANAP layihəsi, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox vacib amildir. Əlbəttə, ölkəmizin bundan sonra da uzunmüddətli inkişafını təmin edəcəkdir. Bizim zəngin neft yataqlarımız vardır. Hələ onilliklər bundan sonra bu neft yataqları bizə xidmət edəcəkdir. Ancaq biz gələcəyə baxmalıyıq ki, 50 il, 60 il, 70 il bundan sonra Azərbaycan necə inkişaf edəcəkdir?!

Ona görə böyük qaz yataqlarının mövcudluğu bizə diktə edir: Bu gün biz bu böyük layihəyə böyük sərmayə qoymalıyıq ki, gələcək nəsillər bu imkanlardan istifadə etsinlər. Azərbaycanın qaz ehtiyatları ən azı bizə yüz ilə kifayət edəcəkdir, bəlkə də ondan da çox. Beləliklə, Azərbaycan Avropa üçün əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcəkdir. Əlbəttə, bunun həm iqtisadi, həm də digər aspektləri vardır və beləliklə, “Cənub qaz dəhlizi”nin reallaşması bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Şadam ki, bu layihənin icrası ilə məşğul olan bütün tərəflər eyni fikirdədir. Hesab edirəm ki, biz burada dünyanın enerji ailəsinin uğurlu fəaliyyəti üçün də bir nümunə göstəririk. Çünki bizim timsalımızda istehsalçılar, tranzitçilər və istehlakçılar bir komanda şəklində fəaliyyət göstərirlər. Bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Ancaq bu üç tərəfin balanslaşdırılmış maraqlarının təmin edilməsi uğura gətirib çıxara bilər. Hesab edirəm ki, bizim bu sahədəki uğurlu təcrübəmiz öyrənilə bilər. Bu təcrübə bir daha göstərir ki, enerji siyasəti döyüş meydanına çevrilməməlidir. Enerji siyasəti əməkdaşlıq meydanına çevrilməlidir. Biz buna bu cür yanaşırıq. Hesab edirəm bizim 20 il ərzindəki təcrübəmiz sübut edir ki, əməkdaşlıq vasitəsilə böyük uğurlara nail ola bilərik.

Beləliklə, Azərbaycan, tranzit ölkələr və Avropa ölkələri “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində israrlıdırlar. 2011-ci ilin əvvəlində Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdır və bu memorandum uğurla icra edilir. Bir daha demək istəyirəm ki, bu, çox böyük layihədir. Bu, geosiyasi, geoiqtisadi bir layihədir. Bu layihə Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcəkdir. Yəni, biz enerji xəritəsini birgə tərtib edirik. Əlbəttə, biz bütün məsuliyyəti çox yaxşı dərk edirik. Qürur hissi ilə deyə bilərik çox şadıq ki, Azərbaycanda verilən qərarlar, o cümlədən bu sərgilər zamanı aparılan danışıqlar və verilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir.

Bir sözlə, ölkəmizin uğurlu enerji siyasəti çoxdan Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Biz öz enerji təhlükəsizliyimizlə bağlı bütün məsələləri uğurla icra etmişik. Bir dənə də olsun həll edilməmiş məsələ yoxdur. İndi bizim bütün səylərimiz beynəlxalq enerji əməkdaşlığına verəcəyimiz töhfələrlə və qeyd etdiyim kimi, ölkəmizin bundan sonrakı uzunmüddətli inkişafını təmin etmək üçün layihələrin icrası ilə bağlıdır.

Qeyd etmək istəyirəm ki, bugünkü Azərbaycan ölkəmizdə enerji sektorunda görülən işlərin ən gözəl nümunəsidir. Ölkəmizin uğurlu inkişafı ilə bağlı çox söz deyilə bilər. Sadəcə olaraq Azərbaycan şəhərlərinə baxmaq kifayətdir ki, hər kəs görsün, doğrudan da, Azərbaycan nefti Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Hesab edirəm ki, biz çox düşünülmüş siyasətlə neftdən əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Biz insan kapitalına böyük sərmayələr qoya bilmişik. Biz bu sahədə tam şəkildə şəffaflığı təmin edə bilmişik. Bu gün 15 ilə yaxındır ki, fəaliyyət göstərən Dövlət Neft Fondumuz dünya miqyasında suveren fondlar arasında ən qabaqcıl yerlərdədir. Şəffaflığa, idarəçiliyə və ümumiyyətlə, bütün meyarlara uyğunluğuna görə Azərbaycan Dövlət Neft Fondu sözün əsl mənasında fərqlənir.

Enerji sektorunda yaradılmış şəffaflıq əlbəttə, bizə imkan verir ki, bu müsbət təcrübəni bütün digər sahələrdə də həyata keçirək və başqa sahələrdə də bu şəffaflığı təmin edək. Biz hazırda bu məsələlər üzərində işləyirik. Neft Fondunun uğurlu fəaliyyəti bizim üçün bir stimuldur və gözəl əsasdır.

Gəlirlərin şəffaf şəkildə yığılması və şəffaf şəkildə xərclənməsi əlbəttə, şəffaflığı təmin edir, eyni zamanda, imkan verir ki, əldə edilmiş hər bir manat düzgün istifadə olunsun və Azərbaycan xalqının, ölkəmizin inkişafına yönəldilsin.
Əlbəttə, biz bu gəlirlərdən istifadə etmişik və edirik ki, ölkəmizi inkişaf etdirək. İldən-ilə Neft Fondunun gəlirləri artır. Hesab edirəm ki, bu da bizim gözəl təcrübəmizdir. Bu, ildən-ilə artır, eyni zamanda, ölkənin əsas problemlərini həll etmək üçün vəsait hər il digər sahələrə yönəldilir. Məhz buna görə hesab edirəm ki, biz indi neft amilindən asılılığımızı böyük dərəcədə azalda bilmişik. Məhz ona görə hazırda Azərbaycanın ümumi daxili məhsulunun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir, onu göstərir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu ilin dörd ayının yekunları dediklərimi bir daha təsdiqləyir. Bu dörd ayda qeyri-neft sektorumuz 11 faiz artmışdır. Bu, artıq onu göstərir ki, şaxələndirmə ilə bağlı bizim bütün təşəbbüslərimiz reallaşır və ölkəmizin dayanıqlı inkişafı təmin edilir.

Biz infrastruktur layihələrinə, yeni texnologiyalara böyük vəsait qoyuruq. Biz fəzaya peyk buraxırıq. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk. Hesab edirəm ki, növbəti illərdə “Azərbaycan - 2020” Konsepsiyasının icrası ilə bağlı ölkəmiz inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Yəni, bu, bizim əsas hədəfimizdir.

Bu gün artıq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatları arasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu gün Azərbaycanın bütün maliyyə göstəriciləri hər bir ölkə üçün nümunə ola bilər. İşsizlik 5,2 faiz, yoxsulluq 6 faiz, strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini, xarici dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bir milyondan çox yeni iş yerləri açılıbdır. Bütün bunlar reallıqdır. Əlbəttə, bu nailiyyətlərin təməlində neft amili dayanır. Amma sadəcə olaraq neft amili kimi deyil, neftdən uğurla istifadə edən dövlət siyasəti dayanır. Çünki dünyada neft-qaz hasil edən, ixrac edən ölkələr çoxdur. Hesab edirəm ki, Azərbaycan təcrübəsi böyük təqdirə layiqdir.

Əminəm ki, ölkəmizin uğurlu inkişafı gələcək illərdə də davam edəcəkdir. Əminəm ki, enerji məsələlərinin həlli ilə bağlı bütün təşəbbüslərimiz reallaşacaqdır. İyirmi il ərzində görülən işlər və təcrübə onu göstərir ki, başladığımız istənilən layihə uğurla nəticələnir. O ki qaldı ölkəmizin uğurlu inkişafına, bu məsələlərlə bağlı konkret proqramlar vardır və bu proqramlar icra edilir.

Bu yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən və xüsusilə ilk illərdə - 1990-cı illərin ortalarında bizə inanmış, Azərbaycana investisiya qoymuş və beləliklə, iqtisadi inkişafa təkan vermiş bütün şirkətlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bundan sonra da öz strateji tərəfdaşları ilə uğurla işləyəcək, fəaliyyət göstərəcəkdir. Əminəm ki, bu sərginin əhəmiyyəti daim artacaq və gələn il biz daha da çox şirkət görəcəyik.

Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06