“Cənub” Elektrik Stansiyasının açılışında İlham Əliyevin nitqi
01 iyul 2013, 14:30
- Əziz dostlar!
Bu gün çox gözəl və əlamətdar bir gündür. Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası işə başlayır. Bu əlamətdar hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu stansiyanın tikintisində iştirak etmiş bütün vətəndaşları salamlayıram, onlara minnətdarlığımı bildirirəm.
Bu stansiya müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyasıdır. 780 meqavat gücündə olan stansiya Azərbaycanın enerji potensialını gücləndirəcək, imkan verəcəkdir ki, ölkə iqtisadiyyatı bundan sonra da uğurla inkişaf etsin. Çünki elektrik stansiyalarının fəaliyyəti ümumi inkişafa təkan verir.
Son 10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilmişdir. Ümumi stansiyaların sayı isə 23-dür. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilmişdir və hazırda ümumi generasiya gücümüz 6 min meqavatdır.
Bu stansiyada ən son texnologiyalar tətbiq edilmişdir, ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, bu, bölgənin ən müasir stansiyasıdır və burada quraşdırılmış bütün avadanlıq ən yüksək səviyyədədir. Sevindirici hal ondan ibarətdir ki, stansiyanın tikintisində Azərbaycan mütəxəssisləri işləmişlər, Azərbaycan şirkətləri bu stansiyanı tikmişlər. Bu da zəmanənin əlamətidir. İlk illərdə biz daha çox xarici şirkətlərə üz tuturduq, onları bu işlərə cəlb edirdik. Amma indi Azərbaycan şirkətləri belə nəhəng obyektləri tikə bilirlər və tikirlər də.
Əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində bölgə qarşısında, ölkə qarşısında duran bütün vəzifələr icra ediləcəkdir.
Çünki Azərbaycanda gedən uğurlu inkişaf, sənayeləşmə prosesi diktə edir ki, bizdə generasiya gücləri yaradılsın. Əgər son 10 il ərzində 14 elektrik stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar, fabriklər açılır və beləliklə, ölkənin sürətli inkişafı təmin edilir. Generasiya gücləri, əlbəttə ki, bütün bu inkişafın təməlində durmalıdır və Azərbaycanda istehsal edilən enerji tələbatdan həmişə artıq olmalıdır. Bu gün bu, belədir. Bu gün bizdə hələ ehtiyat vardır ki, sənayenin inkişafı davam etsin. Eyni zamanda, yeni stansiyaların tikintisi də nəzərdə tutulur. Gələn illərdə 2 min meqavat gücündə olan yeni stansiyalar tikilməlidir.
Eyni zamanda, biz bərpa olunan elektrik enerjisinin yaradılması ilə ciddi məşğuluq. Su elektrik stansiyaları tikilir, günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və beləliklə, Azərbaycanda enerji sektorunda bütün məsələlər uğurla inkişaf edir və uğurla öz həllini tapır.
Azərbaycanın inkişafı dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 il ərzində özünü daha da çox göstərmişdir. Bu ilin 5 ayında qeyri-neft sektorumuz daha çox sənaye müəssisələrinin fəaliyyəti hesabına 11 faiz artmışdır. Əlbəttə, generasiya güclərinin yaradılması və inkişafı ümumi inkişafımıza xidmət göstərir.
Bununla bərabər, Azərbaycan hazırda elektrik enerjisini qonşu ölkələrə də ixrac edir və əlbəttə, bu da bizim iqtisadi gücümüzü artırır.
Energetika hər bir ölkənin əsas sahəsidir. Energetika inkişaf etmədən heç bir ölkə inkişaf edə bilməz. İnkişaf üçün mütləq generasiya gücləri lazımdır. Biz bu gücləri yaradırıq və yaradacağıq. Bununla bərabər, hazırda biz daha çox ötürücü xətlərə, paylayıcı şəbəkələrə diqqət yetiririk. Çünki generasiya gücləri yarandıqdan sonra əlbəttə ki, diqqət bu istiqamətə yönəldilməlidir. Biz bunu edirik ki, enerji məsələləri tam şəkildə həllini tapsın.
Ümumiyyətlə, Azərbaycanda enerji təhlükəsizliyi məsələləri uğurla icra edilir. Biz bütün vəzifələri ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir. Bu, təbii resursların işlənməsi sahəsində özünü büruzə verir, eyni zamanda, generasiya güclərinin yaradılması da bu istiqamətdə bizə kömək göstərir.
Enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz inkişaf mümkün deyildir. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir.
Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır.
Bu, o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik.
Bu stansiyanın tikilməsi də enerji siyasətimizin təzahürüdür. Düzdür, bu stansiyanın tikilməsində xarici banklar və fondlar bizə dəstək olmuşlar. Ancaq əgər Azərbaycanın güclü maliyyə və iqtisadi imkanları olmasaydı, biz bu kreditləri ala bilməzdik.
Amma bununla bərabər, indi biz özümüz kreditlər veririk və Azərbaycanın maliyyə vəziyyəti çox möhkəmdir.
Biz bundan sonra da bütün işləri ardıcıllıqla görəcəyik. Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır. İqtisadiyyatın bütün sektorları inkişafdadır. Şaxələndirmə siyasəti öz nəticəsini verməkdədir. Beləliklə, uğurlu inkişaf üçün bütün imkanlar vardır. Sadəcə olaraq gələn illərdə də biz bu ardıcıl siyasəti aparmalıyıq. Biz bütün sahələrdə, o cümlədən enerji sahəsində yeni təşəbbüslər irəli sürəcəyik, yeni addımlar atacağıq ki, uzunmüddətli dayanıqlı inkişafı təmin edək.
Bu stansiyanın tikilməsi özlüyündə gözəl rəmzi xarakter daşıyır və onu göstərir ki, müstəqil Azərbaycan dövləti böyük işləri görməyə qadirdir. Bu stansiyanın işə salınması ilə biz demək olar ki, standartlara cavab verməyən bütün köhnə stansiyaları artıq dayandırırıq. Stansiyanın iqtisadi cəhətdən böyük səmərəsi vardır. Burada sərfiyyat əvvəlki stansiya ilə müqayisədə təxminən iki dəfə azdır və bu da ölkə iqtisadiyyatına böyük dəstək olacaqdır.
Mən bu gün bütün energetikləri xüsusi salamlamaq istəyirəm. Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır. Ancaq mən energetiklərin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Çünki qısa müddət ərzində bu istiqamətdə çox böyük islahatlar aparılmışdır. Energetiklərin peşəkarlığı artmışdır. Azərbaycanda müasir texnologiyalar tətbiq edilir və bu texnologiyaları Azərbaycan mütəxəssisləri tətbiq edirlər. Stansiyaların işlədilməsində Azərbaycan mütəxəssisləri iştirak edirlər. Bu, kadr hazırlığı üçün də böyük dəstəkdir və bütün bu işləri görən energetiklər, inşaatçılar yüksək qiymətə layiqdirlər. Nəzərə alsaq ki, planlarımız çoxdur, Azərbaycanda texnoparklar tikilir, Bakıda, Sumqayıtda, Gəncədə və Mingəçevirdə böyük texnoparklar tikiləcəkdir, hələ energetiklər üçün işlər çox olacaqdır. Biz stansiyaları tikəcəyik, Azərbaycanın iqtisadi inkişafını təmin edəcəyik. Əminəm ki, bundan sonra da bu gözəl tədbirlərdə sizinlə bərabər iştirak edəcəyik.
Eyni zamanda, bu gün Şirvan şəhərinin inkişafı ilə bağlı bir neçə kəlmə söz demək istərdim. Şirvan şəhərinin inkişafı təmin edilir. Bu gün növbəti açılışlar olacaqdır. Mən dəfələrlə Şirvan şəhərində olmuşam. Əvvəllər də burada sosial obyektlər, zavodlar tikilmişdir. Bu gün də Şirvan üçün çox vacib olan içməli su layihəsi icra ediləcəkdir. Biz bunun açılışını qeyd edəcəyik. Böyük Olimpiya İdman Kompleksi, hərbi zavodlar açılır. Əvvəlki dövrlərdə Diaqnostika Mərkəzi açılmışdır. Yəni, Şirvan şəhərinin uğurlu inkişafı üçün hər şey edilir və əminəm ki, burada işlər bundan sonra da yaxşı gedəcəkdir.
Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.