Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

18 iyul 2013, 16:20
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz altı ayın yekunlarını müzakirə edəcəyik. İlin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib.

Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir.

Kənd təsərrüfatı da artıbdır, təxminən 5 faiz səviyyəsində. Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır . Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranmışdır. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq.

Düzdür, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir. Azərbaycanda gözlənilən nəhəng enerji layihələri, eyni zamanda, özəl sektorun da inkişafına təkan verəcəkdir. Çünki Azərbaycanın neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan nəhəng layihələr 10 milyard dollarla ölçülür. Bu sifarişlərin böyük əksəriyyəti hesab edirəm ki, Azərbaycanda reallaşmalıdır. Artıq Azərbaycanda güclü sənaye imkanları da vardır. Belə olan halda yerli şirkətlər üçün əlavə imkanlar yaranacaq və onlar da bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər.

Hesab edirəm ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaqdır. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik.

Bizim maddi imkanlarımız, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. Bu da çox gözəl göstəricidir. Çünki həm bizə güc, rahatlıq verir, eyni zamanda, -baxmayaraq ki, Azərbaycanda çox böyük investisiya layihələri icra edilir, - biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artırırıq. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər daha da artacaqdır. Bu göstəriciyə görə də, - həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, - Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir.

Son illərdə Azərbaycanın dinamik inkişafı reallığa çevrilibdir. Artıq dünya birliyi bunu görür, qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir. Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir.

Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır.

Azərbaycanda manatın məzənnəsi sabitdir. Bunun ilk növbədə, çox böyük sosial mənası vardır. Çünki insanların əmanətləri dövlət tərəfindən qorunur. Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmışdır. İnflyasiya isə cəmi 2 faiz olmuşdur. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir.

Sosial məsələlərə gəldikdə, bu altı ayda maaşlar artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər.

Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni, bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır.

Regional inkişaf üzrə ikinci dövlət proqramı bu il başa çatır. Bu proqram artıqlaması ilə yerinə yetirilibdir. Eyni zamanda, “Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı” Dövlət Proqramı icra edilir. Bu proqram nəticəsində Bakıətrafı qəsəbələrdə çox böyük işlər görülür, işlər davam etdirilir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır. Əlbəttə ki, ondan sonrakı illərdə də biz bu məsələyə daim diqqət göstərəcəyik.

Deyə bilərəm ki, keçən rübdə Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi, mədəni mərkəzə çevrilməsinə xidmət göstərmişdir. Bu tədbirlər çoxsaylı idi. Onların hamısını sadalamağa vaxt çatmaz. Sadəcə olaraq mən bir neçə əlamətdar tədbiri qeyd etmək istərdim. Birinci növbədə Azərbaycanda ilk dəfə olaraq Davos Forumu keçirilmişdir. Bu da ölkəyə verilən böyük dəyər kimi qiymətləndirilməlidir. Davos Forumu dünya miqyasında bir nömrəli forumdur. Bu, təkcə iqtisadi forum deyil, baxmayaraq ki, adı Dünya İqtisadi Forumudur. Bu siyasi və iqtisadi forumdur. Bu Forumun Azərbaycanda keçirilməsi əlbəttə ki, böyük məsuliyyət idi. Şadam ki, bu Forum ən yüksək səviyyədə keçirilmişdir.

Bütövlükdə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycan Davosda keçirilən forumlarda fəal iştirak edir və diqqət mərkəzində olur. Azərbaycanın inkişaf dinamikası, əldə edilmiş uğurlar Davos Forumunda kifayət qədər geniş işıqlandırılır. Davos Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu qiymətləndirmə hesab edirəm ki, ən ciddi və ən böyük diqqətə layiq olan qiymətləndirmədir. Çünki bu, dünyanın bir nömrəli Forumu tərəfindən verilən qiymətləndirmədir. Bu Forumun Azərbaycanda keçirilməsi bir daha demək istəyirəm ki, böyük uğurumuz idi. Xüsusilə nəzərə alsaq ki, Forumun mövzusu Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı idi. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi mərkəzdir, siyasi, iqtisadi və mədəni mərkəzdir.

Keçən rübdə Madrid Klubunun toplantısı da Azərbaycanda keçirilmişdir. Bu da dünya miqyasında mötəbər beynəlxalq təşkilatdır. Çox böyük nüfuza malik olan siyasətçiləri, ictimai xadimləri birləşdirən bir qurumdur. Bu Forum da çox yüksək səviyyədə keçirilmişdir. Bakıda Amerika-Azərbaycan konfransı keçirilmişdir. Hesab edirəm ki, bu da çox əlamətdar hadisə idi. Çünki konfransa federal və ştatlar səviyyəsində olan 300-dən çox senator, konqresmen, ictimai xadim, politoloq yığışmışdır. Burada çox vacib məsələlər müzakirə edilmişdir.

Eyni zamanda, keçən rübdə Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə çevrilibdir.

Bu, reallıqdır və bu reallığı biz yaratmışıq öz siyasətimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq.

Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Biz bu nüfuzu qazanmışıq və bu nüfuzun nə qədər yüksək səviyyədə olmasının göstəricisi bizim hazırda BMT Təhlükəsizlik Şurasında üzvlüyümüzdür. Bu, dünya tərəfindən Azərbaycana verilən qiymətdir. Eyni zamanda, Azərbaycanda keçirilən yüksək səviyyəli, mötəbər beynəlxalq tədbirlər bizim beynəlxalq nüfuzumuzu daha da artırır. Beləliklə, hesab edirəm ki, keçən rübdə, bütövlükdə, son altı ayda bu məsələlərlə bağlı çox ciddi addımlar atılmışdır.

Eyni zamanda, xarici siyasətlə bağlı addımlarımız həmişəki kimi, uğurlu olmuşdur. Keçən rübdə hesab edirəm ki, bir neçə əlamətdar hadisə baş vermişdir. Əlbəttə ki, mənim xarici ölkələrə səfərlərim, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formatda münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da böyük diqqətə layiqdir. Keçən rübdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər yadda qaldı. Fələstinə yardım məqsədilə donor konfransı keçirilmişdir. Donor konfransının keçirilməsi bizim niyyətimizi, siyasətimizi göstərir. Bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan öz fəallığını artırır və bildiyiniz kimi, İslam həmrəyliyi məsələləri həmişə diqqət mərkəzində olmuşdur.

Bu gün də demək istəyirəm ki, biz hələ çox işləməliyik. Hər bir müsəlman ölkəsi çox işləməlidir ki, biz bu birliyi gücləndirək. Dünyada gedən bəzi proseslər, qütbləşmə, ayrı-seçkilik meylləri bizi narahat edir. Azərbaycan öz tərəfindən çalışır və çalışacaqdır ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın və bayaq sadaladığım tədbirlər bunun əyani sübutudur. Biz çalışırıq, öz təcrübəmizi, öz nailiyyətlərimizi ortaya qoyuruq və göstəririk ki, bu mümkündür.

Keçən rübdə mənim Avropa İttifaqına səfərim olmuşdur. Hesab edirəm ki, bu səfərin də çox böyük əhəmiyyəti vardır.

Baxmayaraq ki, bu, mənim prezident kimi Avropa Komissiyasına beşinci səfərimdir. Son on il ərzində mən beş dəfə səfər etmişəm. Yəni, bu səfərlər özlüyündə münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq bu səfər də çox önəmli idi. Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bax bu qətnamələrin qəbul edilməsinə nail olurlar.

Əslində bu barədə heç danışmağa da dəyməz, çünki Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu əlbəttə ki, qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq onu demək istəyirəm ki, son bir il ərzində anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirmişdir. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, ölkəmizin müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat əlbəttə, bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərimin xüsusi əhəmiyyəti var idi. Nəzərə alsaq ki, Avropa Şurasında da anti-Azərbaycan qüvvələr vardır. Düzdür, onlar azlıq təşkil edirlər.

Son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması əlbəttə ki, bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı dolğun məlumatın formalaşmasına gətirib çıxarmışdır. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi qaydada Azərbaycana hücum etməyə cəhd göstərirlər.

Avropa Şurasında sonuncu cəhd bu ilin yanvarında baş vermişdir. Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox demiş, bu çirkin məruzəni rədd etmişdir. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir.

Biz Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edirik. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik. Ancaq bu meyllər vardır. Yəni, gələcəkdə bu əməkdaşlığın hansı formalarla davam etməsi bu gün müəyyən edilməlidir.

Biz görürük ki, ümumi mənzərə əlbəttə, müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırdı. Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaqdır? Azərbaycanın maraqları necə təmin ediləcəkdir? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı.

Çünki hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyildir.

Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. İstənilən cəhətdən. Siyasi cəhətdən tam müstəqildir, müstəqil xarici siyasət aparır. İqtisadi cəhətdən tam müstəqildir. Enerji resursları baxımından zəngindir. Yəni, bizim gələcək illərdə inteqrasiya addımlarımız ölçülüb-biçilməlidir. Nə üçün biz bunu edirik? Hansı məqsədlər üçün biz bunu edirik? Biz bunsuz da yaşaya bilərik və yaşayırıq da. Biz öz hesabımıza yaşayırıq. Ona görə də Avropa İttifaqı ilə apardığım danışıqlar bir daha demək istəyirəm ki, müsbət nəticələrlə tamamlandı və növbəti illər üçün hesab edirəm ki, hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar vardır. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Hər halda bizim istəyimiz bundan ibarətdir. Ancaq yenə də demək istəyirəm ki, bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmalıdır.

Keçən rübdə enerji siyasətimizlə bağlı çox ciddi hadisələr, deyə bilərəm ki, tarixi hadisələr baş vermişdir. “Cənub” qaz dəhlizinin marşrutu seçildi. Bu tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər bizim üçün önəmlidir. Bildiyiniz kimi, dünyanın diqqəti Azərbaycana yönəldilmişdir. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəkdir. “Cənub” qaz dəhlizinin seçilməsi və bu məsələ ilə bağlı “Şahdəniz” konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək və bayaq qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatına on milyard dollar səviyyəsində ölçülən investisiyalar qoyulacaqdır.

Biz öz təşəbbüsümüzü əldən vermirik. Enerji sahəsində bizim təşəbbüslərimiz həlledici rol oynayır. Bizim təşəbbüslərimiz əməkdaşlığa yönəldilibdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyildir. Bu da reallıqdır və hesab edirəm ki, hər kəs bunu bilməlidir. Azərbaycanda verilən qərarlar həlledicidir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Bu, reallıqdır. Mən hesab edirəm ki, bunu hamı bilməlidir. Əlbəttə ki, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasətinin bölgə üçün və qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir.

Bu, bizim üstünlüyümüzdür. Ancaq həmişə dediyim kimi, bu üstünlük göydən düşməyib. Biz özümüz bunu yaratmışıq, - öz fədakar işimizlə, məqsədyönlü siyasətlə, cəsarətli addımlarla. Bu gün enerji məsələlərini siyasi məsələlərdən ayırmaq mümkün deyildir. Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir.

Keçən rübdə bir əlamətdar hadisəni də qeyd etmək istəyirəm. O da Azərbaycanda keçirilmiş hərbi paraddır. Bu parad Azərbaycan Ordusunun gücünü göstərdi. Paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi. Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı bu paradı böyük maraqla izləmişdir və qürur hissi keçirmişdir ki, bizim belə güclü imkanımız, güclü ordumuz vardır. Eyni zamanda, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Bilirəm ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu günə qədər hələ çəkilməyib. Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır.

Biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq, bundan sonra da ən müasir texnikanı alacağıq. Bildiyiniz kimi, bu texnikanın alınması ilə heç bir problem yoxdur. Biz müxtəlif ölkələrdən texnika alırıq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Mətbuatda rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Deyə bilərəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq. Vaxtaşırı xarici mətbuatda gedən məlumatlara şərh veririk. Amma biz bütün məlumatları açıqlaya bilərik. Çünki bizim dövlət büdcəmiz şəffafdır, bütün xərclərimiz də açıqdır.

Ermənistan xalqı isə hesab edərəm ki, bundan qorxmamalıdır. Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır. Onların fəaliyyətindən qorxmalıdır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaqdır. Bu günah bilavasitə Ermənistanın rəhbərliyi üzərinə düşür. Çünki onların işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti Ermənistanı bax bu fəlakətə gətirib çıxarıbdır. Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaqdır. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik.

İndi isə keçək müzakirələrə və söz verilir maliyyə naziri Samir Şərifova.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06