Bakının Nizami rayonunda istifadəyə verilən 204 nömrəli elektrik yarımstansiyasının açılışında İlham Əliyevin nitqi
25 sentyabr 2013, 15:10
- Yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. Mən son illərdə yeni yarımstansiyaların açılışlarında dəfələrlə iştirak etmişəm. Hər dəfə bu yenilikləri görəndə, əlbəttə, mən də sizin qədər sevinirəm. Çünki bu gün Bakının elektrik təsərrüfatı yeniləşir, müasirləşir.
Son illər ərzində bu sahəyə qoyulan investisiyalar yarımstansiyaların tikintisində də özünü göstərməkdədir. Siz də, mən də yaxşı xatırlayırıq ki, vaxtilə Bakı Elektrik Şəbəkəsi xarici firmaya idarəetməyə verilmişdi. Bu işin nəticəsində demək olar ki, olan-qalan təsərrüfat da tamamilə dağıdılmışdı. Bakıda saatlarla fasilələr yaranırdı, elektrik təchizatı çox aşağı səviyyədə idi və əlbəttə ki, bu, əhalinin haqlı narazılığına səbəb olurdu.
Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Həm şəbəkənin əməkdaşları peşəkarlıq nümayiş etdirmişlər, eyni zamanda, dövlət büdcəsində hər il şəbəkənin inkişafına əsaslı vəsait, kapital qoyuluşu nəzərdə tutulur. Bax, bu iki istiqamətin inkişafı nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən gözəl texnoloji şərtlər tətbiq olunub. Sevindirici hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni, dövlət tərəfindən qoyulan investisiyalar özəl sektorun inkişafına da təkan vermişdir. Beləliklə, biznes mühiti bu imkanlardan istifadə edir. Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda istehlak edilən bütün mallar ölkəmizdə istehsal olunmalıdır, istər ərzaq məhsulları olsun, istər tikinti materialları, yaxud da ki, müasir avadanlıq.
Bu, istiqamətdə aparılan işlər əlbəttə ki, hamımızı çox sevindirir. Son on il ərzində Azərbaycanda 2800 meqavata qədər yeni enerji gücü yaradılmışdır, 14 elektrik stansiyası tikilmişdir. Demək olar ki, bizim mövcud olan enerji potensialımızın 50 faizi son on ildə yaradılmışdır.
Əlbəttə, belə olan halda həm Bakıda, həm bölgələrdə şəbəkələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bizim indi kifayət qədər enerji gücümüz, stansiyalarımız vardır. Bizim bir dənə də olsun elektrik stansiyamız artıq köhnə qayda ilə işləmir. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Beləliklə, biz Bakıda, bax bu şəbəkənin yeniləşməsi ilə bağlı olan əsas məsələləri həll etmişik. İndi mənə məlumat verildi ki, hələ 12 yarımstansiyanın təmirinə ehtiyac vardır, eyni zamanda, bölgələrdə.
Mən indi bölgələrdə tez-tez oluram. Bizdə elə yerlər vardır ki, orada şəbəkələr yaxşı vəziyyətdə deyildir. Bu gün “Azərenerji”yə tapşırıq verilmişdir ki, bölgələrdə də şəbəkəni normal səviyyəyə çatdıraq ki, heç bir fasilə olmasın. Əslində fasilə olmamalıdır. Çünki kifayət qədər enerji gücümüz vardır. Fasilə ondan olur ki, bəzi şəbəkələr, xətlər nasaz vəziyyətdədir. O köhnə dirəklər, ağac dirəklər hələ də vardır. Onlar tədricən aradan götürüləcək və Bakıda yüksəkgərginlikli xətlər yerin altına salınacaqdır, necə ki, bax burada mənə göstərildi.
Ona görə biz gələcəyə nikbinliklə baxırıq. Mən əminəm ki, növbəti illərdə Bakı Elektrik Şəbəkəsinin sərəncamında olan bütün təsərrüfat ən yüksək səviyyədə, bu səviyyədə olacaqdır.
Nəzərə alsaq ki, ölkəmiz və Bakı inkişaf edir, əlbəttə, biz tələbatı qabaqlamalıyıq. Bax, bu zonada tikilən Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Neft Şirkətinin ofisi, Dövlət Neft Fondunun ofisi, digər ofis binaları və sənaye müəssisələri tələb edir ki, bizdə enerji güclərimiz tələbatı daim üstələsin. Biz bu yolla gedəcəyik. Əminəm ki, gələcəkdə yeni yarımstansiyaların tikintisinə ehtiyac olacaqdır. Çünki Azərbaycanın inkişafı o qədər güclüdür ki, 5-10 ildən sonra bax indiki güclər bizə kifayət etməyəcəkdir.
Mən çox şadam ki, Bakı Elektrik Şəbəkəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə dövlətə qayıtması barədə vaxtilə qəbul etdiyim qərar öz səmərəsini verməkdədir. Siz – şəbəkənin əməkdaşları bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaqdır.
Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır. Demək olar ki, iqtisadiyyatımızın əsas hissəsi özəl sektora məxsusdur. Ancaq strateji obyektlər mütləq dövlətin sərəncamında olmalıdır. Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə qoyulan vəsait kommersiya xarakteri daşımır. “Barmek” olanda, bax bu şəbəkəyə yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha nə oğurlasınlar. Ancaq bu obyektlərə dövlət sərmayəsinin qoyuluşu sırf sosial xarakter daşıyır.
Ona görə strateji obyektlər dövlətin sərəncamında olmalıdır. Postsovet məkanında, hesab edirəm ki, Azərbaycanın təcrübəsi özünü doğrultdu. Bizdə bütün strateji obyektlər dövlətin əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.