Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi
04 noyabr 2010, 19:05
Ölkəmizin nəqliyyat infrastrukturunun yaradılması və genişləndirilməsi ilə bağlı çox işlər görülür. Son illərdə qoyulan investisiyalar hesabına Azərbaycanın nəqliyyat sektoru çox sürətlə və uğurla inkişaf etmişdir. Həm Bakıda, həm ölkəmizin müxtəlif bölgələrində yeni müasir nəqliyyat obyektləri tikilir. Dünən Bakıda yeni dəniz ticarət limanının təməl daşı qoyulmuşdur. Liman tikiləndən sonra ölkəmizin nəqliyyat imkanları böyük dərəcədə artacaq, Azərbaycan tranzit imkanlarından daha da böyük səmərə ilə istifadə edəcəkdir. Nəqliyyat sektorunun inkişafı hər bir ölkənin uğurlar qazanması üçün mühüm rol oynayır. Azərbaycanda bu məsələlər həmişə diqqət mərkəzində olmuşdur.
Bugünkü iclas şəhər nəqliyyatının inkişafı ilə bağlı olacaqdır. Xüsusilə, bu gün biz Bakı Metropoliteninin inkişaf proqramını müzakirə edəcəyik. Şəhər nəqliyyatının inkişafı üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bakıda 170 kilometr yeni yollar salınmış və təmir olunmuşdur, 15 yol ötürücüsü, 30 piyada keçidi tikilmişdir, bəzilərində hələ tikinti davam edir. Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır. Mərkəz işə düşəndən sonra əminəm ki, nəqliyyatın tənzimlənməsi prosesi daha da uğurla gedəcəkdir.
Şəhər nəqliyyatının inkişafı və müasir standartlara cavab verməsi üçün ölkəmizə 2300-dən çox sərnişin avtobusu gətirilmişdir. Bu, həm insanlara daha yaxşı şərait yaradır, həm də ki, tıxac probleminin həlli üçün çox mühüm bir vasitədir. Əgər biz bir neçə il bundan əvvəl Bakıda yeni körpüləri, yol qovşaqlarını, yol ötürücülərini, piyada keçidlərini tikməsəydik, demək olar ki, bu gün Bakıda nəqliyyat tam dayana bilərdi. Çünki şəhərin tarixi mərkəzində yolların o qədər də geniş olmaması problemlər yaradırdı, digər tərəfdən, şəhərə giriş-çıxışlarda dairələr mövcud idi. İndi bu dairələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. O yerlərdə ki, dairələr var idi, bu gün orada ən müasir körpülər, yol ötürücüləri tikilmişdir. Bakıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yol vaxtilə həm çox bərbad vəziyyətdə idi, həm də ki, hər bir dairədə böyük tıxaclar yaranırdı. Pik saatlarda metronun “Əzizbəyov” stansiyasının qarşısındakı dairədə maşınlar yarım saat, qırx, əlli dəqiqə tıxacda dayanırdı. Ondan sonra Sabunçu, daha sonra başqa dairələr gəlirdi. Hər bir dairədə tıxaclar yaranırdı və demək olar ki, şəhər nəqliyyatı iflic vəziyyətinə düşürdü.
Biz bütün lazımi tədbirləri çox vaxtında gördük, çox ciddi maliyyə resursları ayırdıq. Nəqliyyat Nazirliyi bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. Körpülərimiz, yol ötürücülərimiz təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda, şəhər memarlığı nümunələridir. Onlar xarici görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə fərqlənir. Bu gün Bakının mərkəzindən aeroporta və başqa istiqamətlərə getmək üçün artıq dairələrdə gözləmək lazım deyildir. Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, şəhər nəqliyyatının tənzimlənməsi prosesi dünya standartlarına cavab versin. Bu gün yolda işıqforlar da azalır və beləliklə, rahat nəqliyyatın təşkili üçün bütün şərait vardır.
Biz aeroport yolunu iki dəfə genişləndirdik. İndi artıq bəziləri bu işləri unudur. Bu da təbiidir, insanlar yaxşı şəraitə tez öyrəşirlər. Bizim də vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda və Bakıda ən yüksək standartları tətbiq edək ki, vətəndaşlarımız ən qabaqcıl texnologiyalar əsasında yaradılmış şəraitdən istifadə etsinlər. Bu gün aeroport yolu 8 və 12 zolaqlıdır. Digər tərəfdən, yeni aeroport yolu tikilmişdir - Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu yolu. O altızolaqlı beton yol ümumiyyətlə yox idi. Yəni, bütün bu işlər, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün çox mühüm addımlardır.
Bu gün Bakıda müxtəlif yerlərdə yollar həm təmir olunur, həm də ki, yeniləri tikilir, yeni istiqamətlər açılır. Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolu tikilməkdədir. Bu da yeni arteriyanın, istiqamətin açılması deməkdir. Həm o bölgədə yerləşən kəndlər bir-biri ilə, həm şəhərlə, həm Sumqayıtla daha da rahat əlaqə saxlayacaqlar, həm də oradan gələcəkdə açılacaq dairəvi yola birbaşa çıxış olacaqdır. Dairəvi yol demək olar ki, hazırdır. Yəqin ki, biz bir neçə gündən sonra dairəvi yolun açılışını da qeyd edəcəyik. Bu da çox nadir və şəhər üçün əvəzolunmaz bir qovşaqdır. Artıq şimal, cənub, qərb istiqamətlərindən hərəkət edən avtomaşınlar şəhərə girmədən o dairəvi yoldan istifadə edəcəkdir. Bu yol da başqa yollar kimi ən yüksək standartlara cavab verir.
Yəni, şəhər nəqliyyatı hər bir böyük, inkişaf edən şəhər üçün prioritet məsələlərdən biridir. Biz bilirik ki, bəzi böyük şəhərlərdə tıxac problemləri artıq çox ciddi fəsadlara gətirib çıxarıbdır. Böyük şəhərlərdə insanlar saatlarla tıxaclarda qalırlar. Bəzi hallarda başqa şəhərə təyyarə ilə uçmaq daha az vaxt tələb edir, nəinki şəhər mərkəzindən aeroporta getmək. Yəni, biz də bu problemlərlə nə vaxtsa üzləşə bilərdik, əgər vaxtında çox ciddi addımlar atmasaydıq. Düzdür, bu məsələlərin həlli üçün çox böyük vəsait lazımdır. Deyə bilərəm ki, magistral yollardan, yəni bölgələrə aparan yollardan fərqli olaraq, şəhər yollarının genişləndirilməsi və yeni yolların yaradılması o qədər də ciddi iqtisadi səmərə vermir. Əlbəttə ki, magistral yollar, hər bir yerə yeni yol çəkilən kimi orada canlanma gedir, iş yerləri açılır, o rayonların imkanları genişlənir. Amma şəhərin içində bu yolların tikintisi sırf sosial xarakter daşıyır ki, Azərbaycan vətəndaşları rahat yollardan istifadə etsinlər. Azərbaycanda və xüsusilə Bakıda yolların keyfiyyəti də ildən-ilə artır, ən yeni texnologiyalar tətbiq olunur. Biz bu işlərlə ən xırda məsələlərə qədər ciddi məşğuluq.
Bakı yollarının əsas problemlərindən biri həm keyfiyyətsizlik idi - vaxtilə bu yollar keyfiyyətsiz tikilmişdi, təmirsiz qalmışdı - həm də çox sayda lyukların mövcudluğu problem yaradırdı. Lyuklar elə qoyulmuşdu ki, maşının təkəri oraya bir neçə dəfə düşəndə demək olar ki, sıradan çıxırdı. Ancaq müasir texnologiya və avadanlıq gətiriləndən sonra indi maşın lyukun üstündən keçəndə bəzi küçələrdə heç hiss olunmur. Biz elə etməliyik ki, şəhərimizin əksər küçələrində gözəl texnologiyalar tətbiq olunsun, bu təcrübə vardır. Əlbəttə ki, bu, böyük vəsait tələb edir. Ancaq biz bunu etməliyik. Çünki bu, şəhərimizin inkişafına xidmət edir, insanların daha da rahat hərəkəti üçün şərait yaradır. Yəni, demək istəyirəm ki, biz bu məqsədlərə böyük vəsait ayırmışıq. Hər il dövlət büdcəsində böyük məbləğdə vəsait ayrılır. Biz bunu gələcəkdə də davam edəcəyik.
Digər tərəfdən, Azərbaycan çox uğurla inkişaf edir, maliyyə resurslarımız böyüyür, iqtisadi imkanlarımız genişlənir. Biz elə etməliyik ki, ölkəmiz ən inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Bunu etmək üçün əlbəttə ki, şəhər infrastrukturunun yüksək standartlara cavab verməsi ən vacib şərtlərdən biridir.
Bugünkü iclas Bakı Metropoliteninin inkişaf planının müzakirəsinə həsr olunubdur. Bu məsələlər diqqət mərkəzindədir. Bakı Metropoliteninin çox böyük tarixi vardır. Sovet İttifaqında Bakı birinci şəhərlərdən idi ki, metro stansiyaları açılmışdır. İlk stansiyalar Bakıda 1967-ci ildə istismara verilmişdir. Ondan sonrakı dövrdə bu proses sürətlə getmişdir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Bakıda metro stansiyalarının tikintisi çox sürətlə gedirdi. Ancaq Sovet İttifaqı dağılandan sonra əlbəttə ki, bu proseslər dayandı və uzun illər Bakıda metro tikintisi aparılmırdı. Bəzi hallarda əvvəlki dövrdə başlanmış layihələr yavaş-yavaş icra edilirdi. Ancaq əsaslı şəkildə bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Bunun da təbii səbəbləri var idi. Çünki müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər dayanmışdı ki, onların həlli bütün səylərin səfərbər olunmasını tələb edirdi. İşsizlik, yoxsulluq, işğaldan əziyyət çəkən soydaşlarımızın məişət problemləri, iqtisadi tənəzzül, sənaye müəssisələrinin dayanması. Yəni iqtisadiyyatın demək olar ki, iflic vəziyyətə düşməsi problemləri qarşımızda dayanırdı. Ona görə biz məhdud maliyyə resurslarından ən vacib məsələlərin həllində istifadə etməyə çalışırdıq. Təbii ki, metronun inkişafına vəsait çatmırdı. İndi vəziyyət başqadır. Bir daha demək istəyirəm ki, indi maliyyə imkanlarımız kifayət qədərdir, biz özümüzü çox rahat, əmin hiss edirik. Belə olan halda, əlbəttə ki, şəhər nəqliyyatının ən ucuz növü olan metro tikintisinə daha da böyük diqqət göstərilir.
Son illər ərzində biz bu işlərin gözəl nəticələrini görürük. 2008-ci ildə metronun “Nəsimi”, 2009-cu ildə “Azadlıq prospekti” stansiyaları, “28 May” stansiyasının yeni keçidi istismara verilmişdir. Bu gün bu işlər davam etdirilir, hər il dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulur. İki il bundan əvvəl Bakı Metropoliteninin inkişaf planının hazırlanması üçün mənim tərəfimdən xüsusi Sərəncam imzalanmışdır, vəsait ayrılmışdır və bu gün biz o planın ilkin konturlarını müzakirə edəcəyik.
Metro şəhər nəqliyyatının 30 faizini təşkil edir. Bakı metrosunda gediş haqqı həm digər nəqliyyat vasitələrindən, eyni zamanda, bütün MDB məkanında olan ölkələrdən ucuzdur. O ki qaldı Avropa şəhərlərinə, fərq bəlkə 10-15 dəfə səviyyəsindədir. Yəni biz metro haqlarının aşağı səviyyədə saxlanması ilə bir növ sosial məsələlərin həllinə də öz töhfəmizi vermiş oluruq. Bu gün Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Nəqliyyat sektorunda xidmət göstərən özəl şirkətlər də gəlirlə işləyirlər. Bu təbiidir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Bizim demək olar ki, bütün başqa dövlət qurumlarımız, dövlət şirkətlərimiz gəlirlə işləyirlər. Əlbəttə, dövlət lazım olan hallarda büdcədən dövlət şirkətlərinin fəaliyyətinin gücləndirilməsi üçün vəsait ayırır. Ancaq gündəlik fəaliyyətdə enerji sektorunda dövlət şirkətlərimiz demək olar ki, bazar iqtisadiyyatı prinsipləri əsasında işləyirlər.
Nəqliyyat sektorunda da, misal üçün, hava nəqliyyatı - dövlət tərəfindən vəsait ayrılır, təyyarələr alınır, yeni aeroportlar tikilir, lazım olan hallarda birdəfəlik qaydada subsidiyalar verilir. Amma bütövlükdə hava nəqliyyatı gəlirlə işləyən bir sahədir. Dəniz nəqliyyatı da həmçinin. Bizim böyük tanker donanmamız vardır. Son illər ərzində dövlət büdcəsi hesabına 12 tanker və quru yük gəmiləri alınmış və Xəzər Dövlət Gəmiçiliyinin tabeliyinə verilmişdir. Bu olmasaydı, əlbəttə ki, gəmiçilik səmərə ilə işləyə bilməzdi. Ancaq bu, birdəfəlik aksiyadır, ondan sonra o tankerlərin istismarı nəticəsində gəmiçilik gəlir əldə edir.
Metro ilə bağlı məsələ bir qədər fərqlidir. Burada həm dövlət tərəfindən ayrılmış vəsait hesabına yeni stansiyalar tikilir. Bu da çox böyük vəsait tələb edən məsələdir. Təkcə bu il metronun inkişafı üçün 200 milyon manata qədər vəsait xərclənibdir və xərclənəcəkdir. Digər tərəfdən, vaqonların alınması dövlət hesabına həll olunur. Son illər ərzində 150-dən çox vaqon alınmışdır və metrodan istifadə edən vətəndaşlar bunu görürlər. Amma bununla bərabər, metronun istismarı da dövlət subsidiyaları əsasında həll olunur. Bizdə metroda gedişhaqqı 15 qəpikdir. Mənə dünən verilən arayışa görə, hər bir sərnişinə xərclənən vəsait 49 qəpikdir, yəni 3 dəfə çoxdur. Yəni bu, birbaşa dövlət tərəfindən ayrılan subsidiyalardır. Mən, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, metro o sahə deyil ki, ora investisiya qoyasan və oradan gəlir gözləyəsən. Metroya qoyulan investisiyalar qayıtmayacaq, bunu biz bilirik. Amma buna baxmayaraq, insanların rahatlığı və şəhər nəqliyyatının tənzimlənməsi üçün biz bunu edirik.
Ölkə qarşısında duran məsələlər hələ çoxdur və elə sahələr var ki, mütləq oraya investisiyalar qoyulmalıdır və qoyulur. Biz əlbəttə ki, bütün maliyyə imkanlarımızdan çox böyük qənaətlə istifadə etməliyik və elə də istifadə edirik. Maksimum çalışırıq ki, bu işlərdə qənaət tətbiq olunsun. Ancaq digər tərəfdən, biz çox yaxşı başa düşürük ki, metronun inkişafı həm insanlara rahatlıq verəcək, həm də ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün mühüm rol oynayacaqdır.