Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimində İlham Əliyevin nitqi

17 yanvar 2014, 15:20
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimində İlham Əliyevin nitqi

- Bir daha bu mükafata görə sizə minnətdaram. Qeyd etməliyəm ki, mən pul mükafatını ənənəvi olaraq Silahlı Qüvvələrin Fonduna köçürürəm. Bu saat da çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaqdır.

Mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Doğrudan da 2013-cü il tariximizdə uğurlu il kimi qalacaqdır. 2013-cü il uğurla başladı, uğurla da başa çatdı. İlin əvvəlində “ASAN xidmət”in yaradılması diqqət çəkdi. Xidmət yarananda bir çoxları bəlkə də təsəvvür edə bilmirdi ki, bu xidmət qısa müddət ərzində böyük rəğbət qazanacaq və Azərbaycanda ictimai xidmətlər sahəsində ciddi bir dönüş yaradacaqdır. Artıq son məlumata görə, -statistik göstəricilər demək olar ki, hər həftə dəyişir, - bir milyona yaxın müraciət olmuşdur.

“ASAN xidmət”in yaradılması Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı aparılan siyasətimiz üçün çox ciddi bir alət, ciddi bir vasitə olubdur. Biz bildiyiniz kimi, bu il də xidmətin fəaliyyətini genişləndirəcəyik. Bütün bölgələrdə yeni ofislər açılacaqdır. Gələcəkdə isə hər bir şəhərdə “ASAN xidmət” olacaqdır. Bununla bərabər, xidmətin funksiyaları da genişlənəcəkdir. İndi biz fikirləşirik ki, daha hansı xidməti oraya əlavə edək. Yəqin ki, sizin - jurnalistlərin də bu işlərdə köməyi ola bilər. Çünki siz cəmiyyətdə insanları ən çox narahat edən problemləri yaxşı bilirsiniz. Sizin telekanalınız bu barədə mütəmadi qaydada verilişlər hazırlayır. Mən bunu alqışlayıram. Elə etməliyik ki, cəmiyyəti, insanları narahat edən, incidən məsələlər aradan qaldırılsın. Bu məsələləri şərtləndirən amillər də aradan götürülsün. Burada həm inzibati tədbirlər görüləcəkdir, eyni zamanda, sistem xarakterli tədbirlər də gözlənilir.

İlin sonunda “Şahdəniz-2” layihəsinin imzalanması elə bil ki, 2013-cü ilə gözəl bir yekun vurdu. Bu layihə də, “ASAN xidmət” kimi ölkəmizin gələcək inkişafı üçün müstəsna əhəmiyyətə malik olan hadisədir. Onilliklər bundan sonra ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir. Azərbaycan, bildiyiniz kimi, enerji siyasəti sahəsində liderlik keyfiyyətlərini bu dəfə də ortaya qoydu. Uzun illərdən, uzun müzakirələrdən sonra görəndə ki, artıq “Cənub qaz dəhlizi” layihəsi axsayır, Azərbaycan siyasi və iqtisadi məsuliyyəti cəsarətlə öz üzərinə götürmüşdür. “Şahdəniz-2” layihəsi gərgin şəraitdə imzalandı.

İctimaiyyət əlbəttə ki, bir çox məsələlər haqqında məlumatlı deyildir. Çünki bildiyiniz kimi, bu məsələ kifayət qədər bağlı qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi deyə bilərəm ki, son həftəyə qədər “Şahdəniz-2” layihəsinin imzalanması hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular. Bu iki önəmli və tarixi əhəmiyyət daşıyan hadisələr arasında, əgər belə demək mümkündürsə, 2013-cü ildə digər önəmli hadisələr də baş vermişdir. Siz də onları qeyd etdiniz. Xüsusilə, “Azərspace-1” peykinin orbitə buraxılması tarixi əhəmiyyətə malik olan hadisədir. Bəlkə də 5-10 il bundan əvvəl heç kim, o cümlədən də mən təsəvvür edə bilməzdim ki, Azərbaycan bu gün kosmik kluba üzv, kosmik sənayenin inkişafı ilə məşğul olacaqdır.

Bizim gələcək planlarımız da vardır. Bu planlar əminəm ki, reallaşacaqdır. Çünki “Azərspace-1” peykinin buraxılması artıq yeni bir səhifənin açılmasına gətirib çıxarmışdır. Bu sahə ölkəmizin hərtərəfli yüksəlişi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, intellektual səviyyənin qaldırılması üçün çox böyük məna daşıyır. Mən çox şadam ki, artıq neçə aydır peykin idarə olunması Azərbaycan mütəxəssisləri tərəfindən icra edilir. Kosmik sənayenin inkişafında gənc Azərbaycan mütəxəssisləri fəal iştirak edirlər. Necə ki, “ASAN xidmət”də də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Belə gənclərin önə çıxmaları, məsuliyyəti öz üzərlərinə götürmələri gələcək uğurlu inkişafımızı müəyyən edəcəkdir. Çünki hər bir ölkənin inkişafını onun intellektual potensialı müəyyən edir. Xüsusilə indiki zamanda - yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda intellektual potensialı zəngin olan ölkələr üstünlük təşkil edəcəkdir, həm siyasətdə, həm döyüş meydanlarında və iqtisadi sahədə.

Əlbəttə, Azərbaycan gənc müstəqil dövlətdir və bizdə elmin inkişafı hələ ki, lazımi səviyyədə deyildir. Bunun təbii səbəbləri vardır. Ancaq dünyada mövcud olan və yaradılan ən müasir texnologiyalar Azərbaycana gətirilməlidir və gətirilir. Beləliklə, hesab edirəm ki, cəmiyyətdə inkişafla və ölkəmizin strateji xətti ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Cəmiyyət vahid amal uğrunda birləşibdir ki, ölkəmiz daha da güclü, müstəqillik daha da möhkəm olsun, xalqımız daha da yaxşı yaşasın. Buna nail olmaq üçün hazırlıqlı kadrların çox böyük rolu vardır. Mən bilirəm ki, siz ANS-də kadr hazırlığı ilə çox fəal məşğulsunuz. Siz bir çox digər kanallar üçün kadr hazırlayırsınız və mən bunu da çox yüksək qiymətləndirirəm. Hər bir sahədə gənc kadrların hazırlanması prosesi daha da sürətlə getməlidir, məqsədyönlü şəkildə aparılmalıdır ki, biz gələcəkdə də bu inkişaf dinamikasını saxlaya bilək. Əlbəttə ki, kosmik sənayenin inkişafı dediyim həmin məsələlərin həllində bizə gələcəkdə kömək göstərəcəkdir.

2013-cü ildə digər hadisələr də baş verdi. Davos Forumunun Azərbaycanda keçirilməsini siz də qeyd etdiniz. Cənubi Qafqazda və Orta Asiyada bu Forum ilk dəfə məhz Bakıda keçirilmişdir. Mövzu da Cənubi Qafqaz və Orta Asiya məsələləri ilə bağlı idi. Yəni, Azərbaycanın burada mərkəz kimi formalaşması iqtisadi sahədə də artıq reallaşıbdır. Bildiyiniz kimi, Davos Forumu Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirir, ölkələrin rəqabət qabiliyyətliliyinə görə bizi dünya miqyasında 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük göstəricidir. MBD-də birinci yerdəyik və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. İqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmaq üçün bizim konkret proqramlarımız vardır.

2013-cü il iqtisadi sahədə də yaddaqalan olmuşdur. Avropa qitəsində iqtisadi inkişaf templərinə görə Azərbaycan birinci ölkə olmuşdur. Artıq biz buna öyrəşmişik. Vahid müəllim dediyi kimi, biz bir çox məsələlərə öyrəşmişik. Əlbəttə ki, mən də bunu qeyd edirəm və çox sevinc hissi ilə qeyd edirəm. Çünki bəzi hallarda mənə də deyirlər ki, bəs, insanlar buna öyrəşiblər. Yada salsınlar ki, Azərbaycan iyirmi il əvvəl hansı vəziyyətdə idi. Dedim, bu, çox yaxşıdır ki, öyrəşiblər. Ona görə ki, bu reallıq artıq hər yerdə özünü büruzə verir, hər yerdə özünü göstərir. Biz daha da yaxşı şəraitə öyrəşməliyik və öyrəşəcəyik. Mən həmişə demişəm ki, Azərbaycan xalqı daha da yaxşı həyata layiqdir. Biz hamımız bu həyatı təmin etməliyik.

Ancaq Avropada iqtisadi sahədə əlbəttə, birinci olmaq hesab edirəm ki, böyük göstəricidir. Əgər mən digər göstəriciləri əlavə etsəm görərik ki, biz inkişaf etmiş Avropa ölkələrini bir çox parametr üzrə geridə buraxmışıq – dövlət borcu, büdcə kəsiri ilə, investisiyalarla bağlı.

Deyə bilərəm ki, keçən il investisiya qoyuluşu istiqamətində rekord il olmuşdur - ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Müqayisə üçün deyə bilərəm, bəlkə də bütün müstəqillik dövründə Ermənistanda bu qədər investisiya qoyulmamışdır. Yəni, biz artıq öz iqtisadi və siyasi potensialımızla əlbəttə ki, region çərçivələrindən çoxdan çıxmışıq. Bizim üçün əsas hədəf inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır. Əlbəttə ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Ancaq Azərbaycan bu gün inkişaf etmiş Avropa ölkələri ilə bir neçə meyar üzrə ayaqlaşa bilir.

2013-cü ildə sosial sahədə də ciddi islahatlar aparılmışdır. Əmanətlərin verilməsi təmin edilmişdir. Burada da sevinc hissi ilə deyə bilərəm ki, MDB məkanında sovet əmanətləri ən böyük əmsalla Azərbaycan vətəndaşlarına verilmişdir və ən qısa müddət ərzində qaytarılmışdır. İslahatların dərinləşməsi aparılmışdır. Xüsusilə cəmiyyəti ən çox narahat edən sahələrdə kadr dəyişiklikləri edilmişdir. Siz də bunu yaxşı bilirsiniz və işıqlandırmısınız. Təhsil, ordu quruculuğu sahələrində, sosial sahədə çox ciddi islahatlar başlamışdır. Bu islahatlar artıq öz bəhrəsini verməkdədir. Dediyim sahələrdə və bütün başqa sahələrdə ictimai nəzarətin gücləndirilməsi əlbəttə, bizə kömək edəcək ki, xoşagəlməz halların qarşısının alınması istiqamətində daha da ciddi addımlar atılsın. Hər halda kadr və struktur dəyişikliyi, işə yanaşmada dəyişiklik artıq reallıqdır. Bunu cəmiyyət də bilir. Mən də əlbəttə ki, bunu qiymətləndirirəm və bu işlərə nəzarət edirəm. Elə etməliyik ki, Azərbaycanda bütün istiqamətlər üzrə ən qabaqcıl metodlar, ən mütərəqqi texnologiyalar tətbiq edilsin.

İdarəetmədə ciddi islahatlara ehtiyac vardır. Çünki mən dəfələrlə demişəm ki, biz əlbəttə, iqtisadi cəhətdən özümüzü çox rahat hiss edirik. Bu gün heç kimə borclu, möhtac deyilik. Bizim iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi də şərtləndirir. Ona görə, biz inamla prinsipial siyasət aparırıq, nəyin bahasına olursa-olsun Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edirik və bunu edə bilirik. Biri var ki, bunu etmək istəyəsən, biri də var ki, bunu edə biləsən. Biz elə bir güclü iqtisadiyyat yaratmışıq ki, bunu edə bilirik. Ancaq ölkəmizin gələcək uğurlu inkişafı üçün bu, yetərli deyildir. Bizim cəmiyyətimiz müasirləşməlidir. Dünyada mövcud olan ən müsbət praktika Azərbaycanda tətbiq edilməlidir, əlbəttə ki, əgər bizim milli adət-ənənələrimizə zidd deyilsə. Elə bir cəmiyyət qurulmalıdır ki, burada problemlər minimum səviyyəsində olsun. Əlbəttə, siz jurnalistlər də yaxşı bilirsiniz, dünyada elə bir cəmiyyət yoxdur ki, orada bütün problemlər həll edilsin. Ancaq hər halda hər bir iqtidar və hər bir cəmiyyət buna çalışmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda iqtidarla xalq arasındakı birlik və vahid ideyalar uğrunda mövcud olan vəhdət bizi daha da böyük uğurlara gətirib çıxaracaqdır.

2013-cü ildə biz BMT Təhlükəsizlik Şurasında fəaliyyətimizi uğurla, ləyaqətlə başa vurduq. İki il bundan əvvəl demişdim ki, biz BMT Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Belə də oldu. Biz hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoymuşuq. BMT Təhlükəsizlik Şurası elə bir qurumdur ki, orada mövqe bildirməmək mümkün deyildir. Ona görə, bəzi ölkələr heç can atmır ki, ora üzv olsun. Çünki belə olan halda gərək öz mövqeyini ortaya qoysun. Cəmiyyətdə də, siyasətdə də, xarici siyasətdə də elə insanlar, elə ölkələr vardır ki, mövqe bildirmək istəmirlər, hamı üçün yaxşı olmaq istəyirlər. Təhlükəsizlik Şurası elə bir qurumdur ki, bu, mümkün deyildir və əslində, biz heç vaxt belə yanaşmanı düzgün saymamışıq. Ondan əvvəlki dövrdə də, bu gün də, bundan sonra da hər bir mövzu ilə bağlı Azərbaycanın prinsipial mövqeyi vardır və bu mövqe bütün hallarda ədalətə, beynəlxalq hüquqa əsaslanır və əlbəttə ki, dövlətimizin maraqlarına söykənir.

Bu iki illik təcrübə bizim üçün çox əhəmiyyətli idi. Böyük təcrübə toplamışıq. Eyni zamanda, dünyada Azərbaycana olan dəstək daha da artdı. Mən bunu inamla qeyd etməliyəm. Çünki bu iki illik fəaliyyət nəticəsində bizə olan dəstək, rəğbət, Azərbaycanın prinsipial mövqeyi əlbəttə ki, daha da böyük beynəlxalq diqqətə layiq görülmüşdür. Ancaq onu da qeyd etməliyəm ki, Təhlükəsizlik Şurasına seçilməyimiz də o qədər asan olmamışdır. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan 16 turdan sonra üzv seçilə bilmişdir. Bunun da səbəbləri vardır. Bu səbəblər hələ tam açılmayıbdır. Bəlkə də vaxt çatmayıb. Ancaq deyə bilərəm, siz də bilirsiniz ki, ilk səsvermədə və axırıncı səsverməyə qədər Azərbaycan digər namizədləri böyük fərqlə qabaqlayırdı. Adətən fərq böyük olduqda digər namizədlər öz namizədliyini geri götürür. Ancaq bu dəfə belə olmamışdır. On altı tur lazım oldu ki, Azərbaycan üzv seçilsin. Deyə bilərəm ki, bizə qarşı ciddi müxalifət fəaliyyət göstərirdi. Ölkədaxili müxalifətdən fərqli olaraq, doğrudan da ciddi müxalifət idi. Ancaq buna baxmayaraq, biz prinsipial mövqe göstərdik, geri çəkilmədik. Hətta belə təklif edilmişdi ki, bəlkə Azərbaycan namizədliyini geri götürsün və artıq bir seytnot vəziyyət yaranmışdı. BMT praktikasında inanmıram başqa bir hadisə olsun ki, bu proses 16 tur və 3 gün davam etsin. Çünki yadımdadır, bizim xarici işlər naziri oraya ezam edilmişdi və mütəmadi qaydada məlumat verirdi. Beşinci gün bu proses dayandı, altıncı, bazar günlərində bəzi ölkələrlə iş aparıldı ki, Azərbaycanın namizədliyini dəstəkləməsinlər. Ondan sonra vəziyyət müəyyən qədər çətinləşdi. Ancaq BMT elə bir təşkilatdır ki, orada təzyiqlə nəyisə əldə etmək mümkün deyildir. İki yüzdən çox üzv vardır və üzvlərin əksəriyyəti o qədər də zəngin ölkələr deyildir. Ona görə, BMT-də ədalət, prinsipiallıq daha çox üstünlük təşkil edir, nəinki təzyiq və hansısa başqa metodlar.

Təhlükəsizlik Şurasına seçilməyimiz iki cəhətdən tarixi hadisədir. İlk növbədə, bu, bir tarixdir. Dünyanın bir nömrəli qurumu olan Təhlükəsiz Şurasına Azərbaycan iki dəfə sədrlik etmişdir. İkinci tərəfi ondan ibarətdir ki, biz buna çətin mübarizə şəraitində nail olmuşuq. Biz bu çətin mübarizəyə öyrəşmişik. Burada da qeyd edildi ki, bəzi hallarda Azərbaycana qarşı aparılan qara piara baxmayaraq, bizim beynəlxalq nüfuzumuz da artır, ölkəmizin inkişafı da göz qabağındadır. Bizə qarşı olan hücumların arxasında bir neçə amil dayanır. Mən bu barədə demişəm, siz də bilirsiniz, dünyada prinsipial mövqe sərgiləyən ölkələrə qarşı adətən təzyiqlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir. Xüsusilə Azərbaycana - artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür.

Sirr deyil ki, bizim mövqeyimizdən ən azı bölgədə gedən proseslər asılıdır. Ancaq hazırda Azərbaycan, eyni zamanda, daha da böyük regionda söz sahibidir. Bizi kənara qoymaq mümkün deyildir. Bizimlə hesablaşmamaq olar, ancaq nəticə olmayacaqdır. Azərbaycanın mövqeyini nəzərə almadan heç bir layihə burada işləməyəcək, icra edilməyəcəkdir.

Ona görə təbiidir ki, bizə qarşı müxtəlif üsullarla təzyiq göstərilir. Biz buna öyrəşmişik, fikir vermirik. Əsas odur sən əmin olasan ki, düzgün yoldasan. Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan siyasəti bəyənsin, dəstəkləsin. Mənə Prezident və siyasətçi kimi ən çox güc verən, deyə bilərəm ki, Azərbaycan xalqının inamıdır, dəstəyidir, nəinki Azərbaycanın iqtisadi müstəqilliyi. Çünki bu inam məni daha da gücləndirir və göstərir ki, siyasi iradə olan yerdə və siyasətə sədaqət olan yerdə istənilən məsələ həllini tapa bilər.

Ötən il keçirilən prezident seçkilərində də göstərilən etimad bir daha onu göstərdi ki, bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xalqı öz seçiminə sadiqdir. Deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin yetkinliyi, savadı, intellektual səviyyəsinin yüksək olması, əlbəttə ki, ictimai proseslərin müsbət istiqamətdə inkişafına xidmət göstərir.

Ona görə mən gələcək illər üçün əsas mövzulardan birinə - təhsil məsələlərinə bir daha qayıtmaq istəyirəm. Təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Bu sözlər çox işlədilir. Amma bu, həqiqətdir. Savadı olmayan, yaxud da ki, aşağı səviyyədə olan cəmiyyətlərdə xarici müdaxilə uğurla nəticələnə bilər. Xarici təbliğat ölkənin inkişafına təsir edə bilər. Ona görə hazırlıqlı, yetkin, bilikli və savadlı cəmiyyət ekstremizmə, xarici müdaxiləyə və digər xoşagəlməz hallara qarşı bir sığortadır.

Məlumdur ki, tariximizin böyük əksəriyyəti başqa dövlətlərin, imperiyaların tərkibində keçibdir. Azərbaycan müstəmləkə idi. Müstəmləkəçiliyin müxtəlif formaları var idi, ancaq mahiyyət dəyişmirdi. Ona görə biz hələ çox işləməliyik ki, həm psixoloji sahədə, eyni zamanda, iqtisadi və siyasi məsələlərdə özümüzü daha da ciddi şəkildə təsdiq edək. Burada təhsil, cəmiyyətin hazırlığı və vətənpərvərlik ön plandadır. Hesab edirəm ki, gələcək illərdə Azərbaycanda bu iki əsas istiqamət üzrə çox müsbət hadisələr baş verəcəkdir.

Xüsusilə 2013-cü ildə doğrudan da böyük hadisələr baş vermişdir. Əminəm ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaqdır. Biz hamımız buna çalışırıq.

Bir daha bu yüksək mükafata görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizin media layihələriniz haqqında deyə bilərəm ki, mən verilişləri izləyirəm. Burada oturanların demək olar ki, hamısını qiyabi də olsa tanıyıram. Arzu edirəm ki, gələcəkdə də siz həmişə Azərbaycan xalqının rəğbətini qazanasınız. Sizə inanırlar, sizi izləyirlər və müasir dünyada sözün, medianın əlbəttə ki, rolu getdikcə artır.

Sonda onu da qeyd etmək istəyirəm ki, 2013-cü il Azərbaycanda müstəqil jurnalistikanın inkişafı üçün də uğurlu olmuşdur. Azərbaycanda bütün azadlıqlar - söz, internet azadlığı mövcuddur. Senzura, heç bir müdaxilə yoxdur. Azərbaycanda azadlıqlarla bağlı hər şey lazımi səviyyədə təmin edilir.

ANS kanalının fəaliyyəti burada əlbəttə ki, önəmli rol oynayır. Çünki siz birinci müstəqil telekanalsınız, siz bu istiqamətdə pionersiniz və əlbəttə ki, televiziyada yeni yanaşmaların, yeni metodların, yeni layihələrin müəllifi kimi sizin çox böyük xidmətləriniz olubdur. Mən hesab edirəm ki, siz öz mövqeyinizi bu gün də saxlayırsınız.

Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə də siz Azərbaycanda müstəqil, azad jurnalistikanın inkişafında fəal işləyəcəksiniz və ölkəmizin, dövlətimizin gələcək inkişafı üçün öz səylərinizi qoyacaqsınız.

Sizi bir daha salamlayıram, sizə minnətdarlığımı bildirirəm və yeni ildə uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06