Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin üçüncü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində birinci halda “orqan (qurum)” dedikdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
5. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 165 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 427 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin üçüncü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 21-ci maddəsinin 2-ci hissəsində, 22-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində və 4-cü hissəsinin üçüncü cümləsində, 25-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində birinci halda “orqan (qurum)” dedikdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2025-ci il