Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində İlham Əliyevin nitqi

19 mart 2014, 12:00
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində İlham Əliyevin nitqi

- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Novruz bayramı Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Novruz bayramı bizim milli dəyərimizdir, sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edirdi. Bu gün müstəqil Azərbaycanda Novruz bayramı dövlət bayramıdır.

Biz öz milli dəyərlərimizə həmişə sadiq olmuşuq, həmişə onları qorumuşuq. Bu gün müstəqillik şəraitində milli dəyərlər, Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq olmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur.

Biz müstəqillik şəraitində yaşayarıq. Müstəqilliyimizin banisi Heydər Əliyev bütün sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın ideoloji əsaslarını da qoymuşdur. 1993-cü ildə bütün istiqamətlər üzrə strateji xətt müəyyən edilmişdir. Azərbaycan bu gün bu istiqamətlər üzrə inkişaf edir. Bizim strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində qurulubdur. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır. Müstəqil Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, taleyimiz öz əlimizdə olduğu halda xalqımız böyük zirvələrə çata bilər və çatmışdır. Bu gün müstəqil Azərbaycan istənilən sahə üzrə uğurla, inamla inkişaf edir. Biz müstəqilliyimizi qoruyuruq, qoruyacağıq və ildən-ilə müstəqilliyimiz möhkəmlənir.

Xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə sadiqdir. Bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsində öz sözünü deyəcəkdir.

Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir.

Xarici siyasətimizin uğurlu olmasını BMT-də iki il bundan əvvəl aparılmış seçkilər də təsdiqləyir. Azərbaycan dünya ictimaiyyətinin mütləq əksəriyyətinin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. İki il ərzində bu təşkilatda ləyaqətlə iştirak edirdi. Dediyim kimi, beynəlxalq hüququ, ədaləti müdafiə edirdi.

Xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır.

Tarixi ədalət, beynəlxalq hüquq pozulub. Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür.

Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq.

Bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amili də ön plana çıxır. Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır. Biz bu məsələlərlə uzun illərdir ki, məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Bu potensial bizə imkan verir ki, müstəqil siyasət aparaq. Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox çətindir.

Ona görə son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərə çatmışdır. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır.

Bizim ideoloji əsaslarımız aydındır. Bu barədə mən artıq öz fikirlərimi bildirdim. Ermənistan isə faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı vardır.

Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Bir daha demək istəyirəm ki, hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Biz şərəflə yaşayırıq, biz ləyaqətli siyasət aparırıq və bizim siyasətimiz, bir daha demək istəyirəm ki, ümumbəşəri prinsiplər üzərində qurulubdur.

Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır.
Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir.

Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq. Beynəlxalq münasibətlərin həllində güc amili ön plana çıxır. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq.

Əlbəttə ki, əsas məsələ burada iqtisadi potensialdır. Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir.

Bu gün sosial cəhətdən az təmin edilmiş vətəndaşlara da Azərbaycan dövləti öz yardımını əsirgəmir.

İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir.

Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür. Ölkə iqtisadiyyatı inkişaf edir və inkişaf edəcəkdir.

Əlbəttə, Azərbaycan dünyada çox önəmli enerji təchizatçısı kimi öz rolunu oynayır. Biz keçən ilin sonunda Avropanın ən böyük infrastruktur layihəsinə Bakı şəhərində start verdik. Azərbaycan bu sahədə də liderlik göstərə bilmişdir, nəhəng, qlobal layihənin təşəbbüskarıdır, aparıcı qüvvəsidir. Uzun illərdir ki, “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedirdi. Mən təqribən son 7-8 il ərzində ondan çox beynəlxalq tədbirdə iştirak etmişəm. Ancaq bu tədbirlərin nəticəsi olmamışdır. Bəyanatdan başqa heç bir praktiki addımlar atılmamışdır. Azərbaycan dövləti bu sahədə də liderliyi, bütün məsuliyyəti, siyasi, iqtisadi, maliyyə məsuliyyətini üzərinə götürərək bu layihəyə də start verdi. Bu layihə bizim uğurlu gələcəyimizi təmin edəcək, Azərbaycanda sosial problemlərin həllinə kömək göstərəcəkdir. Bu layihə Azərbaycanı dünya miqyasında önəmli güc mərkəzi kimi təqdim edəcək və bizim uzunmüddətli, dayanıqlı inkişafımızı şərtləndirəcəkdir.

Azərbaycan bütün bu məsələlərdə prinsipial mövqe sərgiləyir. Əgər bizim prinsipial mövqeyimiz olmasaydı, əgər kimdənsə asılılığımız olsaydı və kimdənsə çəkinsəydik biz heç vaxt bu böyük layihələrə imza atmazdıq. Bizim siyasətimizin təməlində müstəqillik dayanır, ədalət dayanır, cəsarət dayanır. Biz bütün addımlarımızı Azərbaycan xalqının maraqlına xidmət etmək üçün atırıq. Azərbaycanın maraqları hər şeydən üstündür, hər bir vətəndaş üçün də hər şeydən üstün olmalıdır. Bir sözlə, ölkəmizin gələcək inkişafı ilə bağlı bizim çox nikbin fikirlərimiz vardır. Əslində bu gələcəyi biz yaradırıq.

Son illər ərzində aparılan siyasi, iqtisadi islahatlar, enerji siyasətimiz bu reallığı mümkün etmişdir. Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli addımlar atılmışdır. Keçən ay regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Qalan sosial və iqtisadi məsələlər də 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır.

Beləliklə, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra edilir. 2016-cı ilə qədər bu proqram tam şəkildə icra edilməlidir və beləliklə Bakıda bir dənə də olsun sosial infrastruktur problemi, iqtisadi problem qalmamalıdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Bu proqramların icrası nəticəsində ölkəmiz daha da sürətlə inkişaf edəcəkdir. Proqramların icrası təmin ediləcəkdir. Bu günə qədər verdiyimiz bütün vədlərə sadiq olmuşuq, bütün proqramları icra etmişik və bundan sonra da bu yolla gedəcəyik.

Bakımız da gözəlləşir, abadlaşır. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu Bakı sakinləri, digər bölgələrdən gələn qonaqlar görürlər, xarici qonaqlar bunu qeyd edirlər. Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız vardır. Bakıda ictimai yerlərin yaradılması, yeni infrastruktur layihələrinin icra edilməsi, şəhər nəqliyyatı ilə bağlı böyük planlarımız vardır. Artıq onların bir hissəsi icra edilir. Bakının ən cəlbedici yerlərindən biri olan milli parkımız, bulvarımız gözəlləşir, abadlaşır, bulvarın ənənəvi hissəsi ən yüksək səviyyədə təmir edilmişdir. İndi yüz minlərlə insan xüsusilə yaz-yay aylarında bu imkanlardan istifadə edir. Bayraq Meydanına qədər uzanan yeni bulvar istifadəyə verilmişdir. Bayraq Meydanından Bibiheybət istiqamətinə gedən bulvar tikilir, ümid edirəm ki, ilin sonuna qədər o hissə də ictimaiyyət üçün açıq olacaqdır. Orada yeni şəhərciklər - “Bakı Art City” adlanan incəsənət şəhərciyi, idman şəhərciyi yaradılır. Yəni, o hissə bir ildən sonra şəhərimizin ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Bulvarın əks istiqamətində işlər aparılır, “Ağ şəhər bulvarı” tikilir. Bu ilin sonuna qədər o istiqamətdə də əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaqdır. Beləliklə, bulvarın uzunluğu “Ağ şəhər”dən Bibiheybətə qədər uzanacaqdır. Bu da təqribən 16 kilometr məsafədir. Bu məqsədlə artıq göstəriş verilmişdir ki, bulvarda ekoloji cəhətdən təmiz kiçik xüsusi avtobuslar da fəaliyyətə başlasın. Çünki bu 16 kilometri piyada qət etmək o qədər də asan olmayacaqdır.

Xalça Muzeyi tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni, möhtəşəm binası tikilir, bu yaxınlarda istifadəyə veriləcəkdir. Bir sözlə, Bakının inkişafı, abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır. Bakının simvolu olan Qız qalasının təmiri bu yaxınlarda başa çatmışdır. Bir neçə gün bundan əvvəl digər tarixi yerimiz – Şirvanşahlar Sarayında aparılan təmir işlərindən sonra artıq açılış olmuşdur.

Bir sözlə, Bakı bizim paytaxtımızdır, gözəl, sevimli şəhərimizdir. Şəhərimizin gələcək inkişafı, infrastruktur, abadlıq işlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz birinci Avropa Oyunlarına hazırlaşırıq, böyük hazırlıq gedir. Bu oyunlar Azərbaycanı bir daha dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edəcək, Azərbaycanın potensialını nümayiş etdirəcək, xalqımızın istedadını göstərəcəkdir. Biz bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Əminəm ki, biz buna nail olacağıq.

Əziz dostlar, bu gözəl gündə, gözəl bayram ərəfəsində bir daha bütün Azərbaycan xalqına öz hörmətimi, məhəbbətimi ifadə edirəm. Dünyada yaşayan bütün azərbaycanlıları bu gözəl bayram münasibətilə təbrik edirəm, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06