Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

13 aprel 2014, 13:30
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

- Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə edəcəyik.

Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.

Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.

İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır.

Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir.

Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Bu da müsbət hal kimi qiymətləndirilə bilər. Əminəm ki, gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində biz bu sahədə daha da böyük rəqəmlər görəcəyik.

Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim böyük investisiya proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız azalmır, ildən-ilə artır. Bu da bizim siyasətimizdir. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz əlbəttə, iqtisadiyyatımızın, sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası üçün öz maliyyə imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, valyuta ehtiyatlarımız da ildən-ilə artmalıdır.

Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir.

Çünki vaxtilə bu siyasətdə müxtəlif fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları bizə başqa məsləhətlər verirdi, başqa tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün aparmışıq. Ölkəmizi inkişaf etdirmək, güclü potensial yaratmaq və qeyri-neft sektorunun inkişafı üçün biz valyuta ehtiyatlarımızdan çox səmərəli şəkildə istifadə etdik.

Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir.

Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla başa vuracağıq.

Əhalinin banklarda əmanətləri 20 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir. Bu, ilk növbədə onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real sektoruna daha çox kredit resurslarını yönəltsinlər. Çünki belə olan halda işlərimiz daha da sürətlə gedəcəkdir.

Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər bir yerində imkan vardır. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır.

Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik.

Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artmışdır. Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır.

İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır.

Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir.

Bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılıb. Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin.

Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlər görülmüşdür. Biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli Sərəncam imzalanmışdır. Bu Sərəncamın icrası bizə imkan verəcək ki, həm Dünya Bankının “Doing Business” reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda, ən önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları ataq. Bu, deyə bilərəm ki, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim Sərəncamımda nəzərdə tutulan müddəaların icra edilməsi nəticəsində biz bu sahədə daha da yaxşı nəticələr əldə edəcəyik.

Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi siyasətimizlə tam uzlaşsın.

Çünki xarici investorların təbii ki, öz maraqları ola bilər və vardır. Ölkəmizin də öz maraqları vardır. Biz bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır. İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik.

Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan biridir.

Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir səviyyədir.

Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır.

Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan bu Forumda 10 ilə yaxındır ki, iştirak edir. Bu Forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci Forumdur. Bu, təkcə iqtisadi Forum deyil, eyni zamanda, siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-ya səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır.

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol əlbəttə ki, Azərbaycana Sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik.

Birinci rübdə ikitərəfli formatda çoxsaylı təmaslarım olmuşdur. İndi Azərbaycana müxtəlif qitələrdən gələn nümayəndə heyətlərinin sayı getdikcə artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda səfərdə olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.

Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir. Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır.

Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Bizim beş qonşumuz vardır. Onlardan biri Ermənistandır – işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki formatda fəal iştirak edir.

Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.

Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.

Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün?

Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.

Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir.

Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06