Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

13 aprel 2014, 13:45
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

- İkinci rübdə və ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Bu il bu İnvestisiya Proqramı kifayət qədər böyükdür. İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir.

İnfrastruktur layihələri proqram üzrə aparılır və aparılmalıdır. Hələ ki, biz infrastruktur layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra ediləcəkdir və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, içməli su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin ehtiyat fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaqdır.

Bir sözlə, bu məsələlər Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır, icra edilməlidir, maliyyə problemlərimiz yoxdur. Eyni zamanda, sosial infrastruktur layihələri icra edilir. Biz burada da keyfiyyətə üstünlük verməliyik. Məktəblərin, xəstəxanaların tikintisi ən yüksək səviyyədə aparılmalıdır. Əminəm ki, Dövlət İnvestisiya Proqramının tam həcmdə icrası bu il də təmin ediləcəkdir.

Sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır.

İnvestisiya Proqramımız böyük olduğuna görə biz əlbəttə ki, makroiqtisadi vəziyyətə də daim diqqət yetirməliyik. Hazırda makroiqtisadi sabitlik təmin edilir, inflyasiya cəmi 2 faizdir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik. Deyə bilərəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, giriş sözümdə dediyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı daim üstələyir - 2 dəfə, 3 dəfə. Amma bu, daimi üstələmədir. Bu göstərici sadəcə olaraq gözəl bir iqtisadi parametr deyil, bu, əslində insanların gündəlik həyatında böyük rol oynayan bir amildir.

Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb edək. Bizdə xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik.

Sahibkarlığın inkişafı ilə əlaqədar işlər artıq yolundadır. Həm maliyyə resursları, həm məsləhət, tövsiyə xarakterli tədbirlər görülür ki, sahibkarlar aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə istifadə etsinlər. Bu, əlbəttə ki, emal sənayesinin, kənd təsərrüfatının inkişafında özünü gələcəkdə də göstərəcəkdir.

Ərzaq təhlükəsizliyi məsələləri bu sahədə prioritet təşkil edir. Eyni zamanda, hesab edirəm ki, biz Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan digər məhsulların istehsalı ilə ciddi məşğul olmalıyıq. Onların arasında tikinti materiallarının istehsalı hesab edirəm ki, diqqəti çəkməlidir. Çünki istehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq. İlk növbədə, iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq üçün. Eyni zamanda, biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq.

Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik. Çünki bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə artır. Son məlumata görə artıq 9 milyon 500 min səviyyəsinə çatıbdır. Ermənistanı götürsək, hər il Ermənistanı təxminən 80-100 min arası insan tərk edir və bu ilin birinci rübünün statistikasına görə, 20 mindən çox insan tərk edibdir. Əlbəttə bu, depopulyasiyadır. Bir müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali olacaq. Ancaq olmayan iqtisadi inkişafı, necə deyərlər, təmin etmək üçün bu, onlar üçün əlverişlidir. Çünki əgər fərz etsək ki, Ermənistanda da Azərbaycandakı kimi əhali artır, onda tamamilə müflisləşmə baş verəcəkdir və səfalət daha da böyük ölçülərlə ölçüləcəkdir. Baxmayaraq ki, bu gün də yoxsulluq səviyyəsində yaşayanların sayı Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda müsbət demoqrafik dinamikanı da nəzərə almalıdır.

Mən regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramını müzakirə edərkən bu məsələlərlə bağlı kifayət qədər geniş danışmışam, tapşırıqlarımı vermişəm. Əlavə sözlərə ehtiyac yoxdur. Sadəcə, demək istəyirəm ki, kənd təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün yaxın günlərdə yeni Sərəncam imzalanacaq və əminəm ki, bu Sərəncamın çox müsbət təsiri olacaqdır.

Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir. Bu, müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq, görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Yəqin ki, bu, təbiidir. Çünki bu rəqəmlər və hasilat o qədər böyükdür ki, əlbəttə, qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək. Buna nail olmaq üçün keyfiyyət yüksək olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni bazarlara çıxmalıyıq və çıxacağıq.

Bildiyiniz kimi, 2014-cü il “Sənaye ili” elan edilmişdir və sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. Mən artıq bu barədə danışmışam. Bir daha demək istəyirəm ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş icra edilməlidir. Əlbəttə ki, bizim əsas sənaye mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir. Bakı, Sumqayıt, - Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir, - Gəncə, Mingəçevir şəhərləri bizim əsas sənaye mərkəzlərimizdir. Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları yaradılmalıdır və sənayenin inkişafı daha da sürətlə getməlidir.

Nəqliyyat sektorunun inkişafı ilə bağlı demək istəyirəm ki, yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında olacaqdır, həm xarici görünüşü, həm daxili rahatlığı çox gözəldir, ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır. Bu, ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi hadisədir.

Magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz burada da əsas diqqəti keyfiyyətə yönəltməliyik. Çünki magistral yollarımızın əksəriyyəti tikilib, indi işlər davam edir. Ancaq keyfiyyət ön planda olmalıdır.

Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq göstərişlər verilibdir. Əlbəttə ki, dəmir yolumuzun inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir.

Bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır. Bu, böyük bir layihədir.

Ələtdəki liman Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacaqdır. Qarşıya vəzifə qoyulubdur ki, bu ilin yayında artıq limanın birinci hissəsi istifadəyə verilsin. Ondan sonra ikinci mərhələdə işlər davam etsin.

Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcəkdir və onun yerində ictimai yerlər yaradılacaqdır. Onsuz da artıq o limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Əlbəttə ki, oradan limanın mümkün qədər tez köçürülməsi imkan yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların sərəncamına verək. Oradan dəmir yolu xətləri də çıxarılacaqdır. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni, onsuz da yeni beynəlxalq dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə başlayacaqdır. Amma heç olmasa, birinci mərhələni biz yay aylarında artıq istifadəyə verməliyik.

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Metro tikintisi sürətlə gedir. Bildiyiniz kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq. Bütün işlər qrafik üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcəkdir. Bakıda yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir.

Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək.

Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram vardır, nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.

Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır.

Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın.

Eyni zamanda, hesab edirəm ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə etməliyik. Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaqdır. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək.

Bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam etdiriləcəkdir. Keçən il 20 mindən çox köçkün yeni evlərə, mənzillərə köçmüşdür. Bu il də ən azı 20 min köçkün köçəcəkdir. Bu proqram icra edilir, davam etdirilir. Yerlər müəyyən edilibdir. Burada heç bir yubanma, ləngimə ola bilməz. Maliyyə problemi də ola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir.

Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. Bir müddət bundan əvvəl imzaladığım Sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu proses davam etdiriləcəkdir. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır.

Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır. Qazlaşdırma prosesi də uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə yaxın zamanlarda çatacağıq.

Əlbəttə ki, TANAP layihəsinin icrası artıq başlamışdır. TANAP layihəsi XXI əsrin layihəsidir. “Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Artıq tenderlər elan edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Artıq keçən ilin sonlarında bu layihəyə start verildi. Hazırlıq işləri başlamışdır. Azərbaycan bu layihənin icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.

Çünki bu günə qədər təşəbbüskarı olduğumuz bütün enerji layihələrində biz uğur qazanmışıq. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq reallıqdır. Uzun illər fəaliyyət göstərir. Ona görə əminəm ki, biz bu böyük layihələri də şərəflə icra edəcəyik.

Ətraf mühitin qorunması ilə bağlı bir neçə söz demək istərdim. Bir neçə il bundan əvvəl Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamətdə çox böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir.

Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır.

Biz bu aydan başlayaraq “Avro-4” standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır. Burada “Avro-4” standartının tətbiq edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır. Eyni zamanda, əlbəttə biz bunu da deməliyik ki, Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur, tikiləcəkdir, ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra bilərik.

Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.

Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır.

İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır.

Nəhayət, biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq. Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır. Yəni, biz hazırlıq işlərini davam etdiririk, aparırıq.

Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm.

Sağ olun! 

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06