Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə verilən ziyafət mərasimində İlham Əliyevin nitqi

27 aprel 2014, 22:40
Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə verilən ziyafət mərasimində İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə, hamınızı Azərbaycanda salamlayıram və sizin Azərbaycanda keçirdiyiniz günlərin uzun müddət yaddaşınızda qalacağı barədə qəti inamımı bildirirəm. Çox şadam ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının konqresi bizim ölkədə keçirilir. Fürsətdən istifadə edərək Assosiasiyanı 90-cı ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir bizə ölkəmizi sizə təqdim etmək imkanı verəcəkdir. Siz Azərbaycanda, Bakıda bir neçə gün keçirəcəksiniz. Ölkəmizin tarixini, mədəniyyətini, ənənələrini və müasir inkişafını öz gözlərinizlə görəcəksiniz.

Azərbaycan zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. Lakin eyni zamanda, müstəqil ölkə kimi gəncdir. Müstəqil ölkə kimi yalnız 22 ildir yaşayırıq. Bu illər ərzində dövlətçiliyimizi qurmuşuq. Bir sistemdən digər sistemə keçid etmişik və sürətli inkişafa nail olmuşuq. Biz həyatımızın hər bir sahəsini dəyişməli olduq. Birincisi, biz müstəqil və azad deyildik. Lakin əsrlər ərzində digər dövlətlərin bir hissəsi olaraq biz özünəməxsusluğumuzu, mədəniyyətimizi və ənənələrimizi qoruya bilmişik. Eyni zamanda, biz tamamilə fərqli siyasi sistemdə yaşayırdıq. Bu isə indi Azərbaycanda olan sistemdən tamamilə fərqli bir sistem idi. Buna görə, müstəqillik illəri keçid, siyasi və demokratik təsisatların yaradılması, iqtisadi və siyasi islahatlar illəri olmuşdur.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, iqtisadi çətinliklərin əksəriyyəti artıq geridə qalıb. Azərbaycan güclü demokratik təsisatlara malik olan ölkədir. Bu gün mətbuat nümayəndələri qarşısında çıxış edərək bildirmək istəyirəm ki, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır. Azad internet bizim həyatımızın tərkib hissəsidir. Bu gün əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir. Hökumət də Azərbaycanın hər bir şəhərinə və kəndinə genişzolaqlı interneti gətirmək üçün çoxlu sərmayə yatırır.

Siyasi islahatlar iqtisadi islahatlarla dəstəklənir. Çünki biz aydın başa düşdük ki, müstəqilliyimizi qorumaq və uğur qazanmaq üçün iqtisadiyyatımız güclü olmalıdır. Buna görə də köklü iqtisadi islahatlar həyata keçirilib. Nəticə etibarilə iqtisadiyyatımızın 80 faizindən çoxu özəl sektorda cəmləşib. Lakin 22 il bundan əvvəl bu faiz sıfır təşkil edirdi.

Sürətli iqtisadi artım bizə sosial infrastruktura sərmayə yatırmaq imkanı verdi və bu, prioritetlərimizdən biri idi. Məktəblərin tikintisi, təhsilə sərmayə qoyuluşu və mədəni irsin qorunması - bütün bunlar gündəliyimizin bir hissəsi idi. İndi isə biz deyə bilərik ki, Azərbaycanda sürətli iqtisadi artım bizə əksər sosial və iqtisadi problemlərin öhdəsindən gəlməyə kömək etdi.

Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu iqtisadiyyat indi də sürətlə inkişaf edir. Maliyyə və iqtisadi böhran illərinə baxmayaraq, biz iqtisadi inkişaf sahəsində müsbət meylləri saxlaya bildik. Biz işsizliyi 5 faizə qədər azalda bildik. Bizdə çox sabit maliyyə vəziyyəti mövcuddur. Başqa sözlə, müstəqillik illəri ilk olaraq Azərbaycan xalqına onu göstərdi ki, ölkənin taleyi öz xalqının əlində olduqda bir çox şeylərə nail olmaq mümkündür. Buna görə də bizim üçün müstəqilliyimizin gücləndirilməsi, islahatların davam etdirilməsi və insanlarımıza daha yaxşı həyat şəraitinin yaradılması ən yüksək prioritet təşkil edir.

Müstəqillik illərində idmanın inkişafı və Olimpiya hərəkatının dəstəklənməsi sahəsində bir çox işlər görülmüşdür. Biz Azərbaycanda çoxsaylı beynəlxalq yarışları, o cümlədən dünya və Avropa çempionatlarını təşkil etmişik. Bizim idmançılarımız beynəlxalq arenada yaxşı nəticələr əldə etmişlər. Yay Olimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə iştirak etmişik. O zaman yalnız 1 medal qazanmışdıq. Sonuncu dəfə Londonda keçirilən Olimpiya Oyunlarında isə 10 medal qazanmışıq, bunların da ikisi qızıl olmuşdur. 200-dən çox ölkə arasında 30-cu yeri tutmuşuq. Bu da idmanın inkişafının, dövlət və ictimai təşkilatların idmanın inkişafına göstərdiyi münasibətin təzahürüdür.

Azərbaycanda hökumət, dövlət qurumları, Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi, federasiyalar və klublar qarşılıqlı fəaliyyət göstərirlər. Buna görə də biz idmanı inkişaf etdirmək və idmançılarımız üçün yaxşı şərait yaratmaq üçün birgə planlar əsasında fəaliyyət göstəririk. Biz müstəqilliyin ilk illərində tamamilə məhv edilmiş idman infrastrukturunun inkişafına sərmayə yatırdıq. İndi isə bütün ölkə ərazisində 40-dan çox Olimpiya mərkəzi tikilmişdir və bu proses hələ də davam edir. Hədəf ondan ibarətdir ki, Azərbaycanın hər bir şəhərində Olimpiya mərkəzi olsun.

Biz bu hədəfə çatmağa artıq yaxınıq. Bakıda idman infrastrukturu bərpa olunur və yeni idman obyektləri tikilir. Əlbəttə bu, çox vəsait tələb edən təşəbbüsdür. Bu obyektlərə çoxlu vəsait sərf edilir və vəsait dövlət büdcəsindən ayrılır. Biz tamamilə əminik ki, bu vəsait Azərbaycanın gələcəyinə, sağlamlığına, gənc nəslə yatırılır. Bu gün idmançılarımızın əksəriyyəti təkcə beynəlxalq yarışlarda ölkəmizin şərəfini qorumaq nöqteyi-nəzərindən deyil, həm də davranışları ilə örnəkdirlər. Ona görə də məşhur idmançıların mənəvi məsuliyyəti bizim diqqət mərkəzində saxladığımız məsələdir. Xoşbəxtlikdən bizim bütün məşhur idmançılarımız nümunəvi vətəndaş və vətənpərvərdirlər.

Əlbəttə ki, cəmi 22 illik müstəqillik tarixinə malik olan ölkə kimi istər dünya, istərsə də Avropa çempionatlarında milli himnimizin səsləndirilməsini eşidəndə və milli bayrağımızın qalxmasını görəndə qəlbimiz fərəh hissi ilə dolur. Bu, başadüşüləndir. Biz əlimizdən gələni edəcəyik ki, bu sürətli inkişaf həyatımızın hər bir sahəsində, o cümlədən idman sahəsində də davam etsin.

Sizin də bildiyiniz kimi, gələn il biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Bu, böyük məsuliyyət və vəzifədir. Eyni zamanda, bu, həm ölkəmizi təqdim etmək, həm də müvafiq siyasət, öhdəlik, güclü siyasi iradə ilə siyasi xəritədə nisbətən yeni yaranmış ölkədə ilk Avropa Oyunlarının keçirilməsinin mümkün olduğunu nümayiş etdirmək üçün fürsətdir. Biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq. Lakin bu baxımdan bizim vəziyyətimiz o qədər asan deyildi. Çünki hazırlıq işləri üçün yalnız iki il yarım vaxtımız var idi. Müqayisə üçün, Yay Olimpiya Oyunlarına ev sahibliyi edən ölkələrə 7 il vaxt verilir. Beləliklə, bizim üç dəfə az vaxtımız var idi.

Lakin həvəsimiz böyükdür, qarşımızda isə çoxlu əlaqələndirmə və təşkilatçılıq işləri durur. Fürsətdən istifadə edərək gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində qonaq qismində iştirak etmək üçün hamınızı dəvət etmək istəyirəm. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da, həmçinin coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində bizdə Avropa və İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.

Azərbaycan müsəlman ölkəsidir. Lakin, eyni zamanda, Avropa ilə güclü əlaqələri olan bir ölkədir. Bu əlaqələrin tarixi XIX əsrə gedib çıxır. İndi isə bu əlaqələr daha da güclüdür. Çünki onların əsasını tərəfdaşlıq təşkil edir. Buna görə də Azərbaycanda multikulturalizm ənənələri çox güclüdür. Multikulturalizm bizim dövlət siyasətimizdir, bu, bizim insanların həyat tərzi və əhval-ruhiyyəsidir. Biz etnik və dini köklərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşlarının faydalandığı etnik və dini tolerantlığa yüksək qiymət veririk.

Mən əminəm ki, ölkəmizə səfəriniz zamanı sizin Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinə mənsub olan tarixi abidələri və ənənəvi yerləri görmək fürsətiniz olacaqdır. Bu tədbirin Azərbaycanda, Bakıda keçirilməsi ilə əlaqədar olaraq Assosiasiyanın rəhbərliyinə öz təşəkkürümü bildirmək istəyirəm. Tədbir iştirakçılarına bu gün bizimlə olduqları üçün minnətdaram. Sizə uğurlar arzulayıram.

Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06