Hanoyda Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla keçirilən görüşdə İlham Əliyevin nitqi

19 may 2014, 16:30
Hanoyda Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla keçirilən görüşdə İlham Əliyevin nitqi

- Əziz dostlar, mən ilk növbədə sizin hamınıza - taleyi Azərbaycan ilə bağlı olan şəxslərə bütün Azərbaycan xalqının dərin ehtiramını çatdırmaq və Azərbaycandakı dostlarınız adından hamınızı salamlamaq istəyirəm. Mən sizin ölkənizdə olmaqdan məmnunluq duyuram. Prezident ilə bugünkü görüş və danışıqlar, eləcə də qarşıdakı görüşlər ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına təkan verəcəkdir. Biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk və bu münasibətlər uğurla inkişaf etməkdədir. Bu münasibətlərin təməlini siz - Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. Bu gün biz qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri əsasında dövlətlərarası münasibətlər qurarkən bu təmələ əsaslanırıq. Bu, insanlar arasında olan münasibətdir. Bu təməl bizim xalqlarımız arasında qarşılıqlı rəğbət deməkdir. Bu təməli də siz qoymusunuz. Çünki sizin ikitərəfli münasibətlərin inkişaf etdirmək istiqamətlərində fəaliyyətiniz bu təməli daha da möhkəmləndirir.

Siz çox gözəl bilirsiniz ki, Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə yanaşıb. Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy olublar. Azadlıq uğrunda mübarizənizdə həmişə sizinlə yanaşı olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını müəyyənləşdirib.

Mənim Vyetnama səfərim Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına ilk səfəridir. Hərçənd, bayaq foyedə nümayiş etdirilən fotoşəkillərdən məlumdur ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Sovet İttifaqı nümayəndə heyətinin tərkibində sizin ölkənizdə səfərdə olub. 1959-cu ildə isə Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min Azərbaycanda səfərdə olub. Bu tarixi faktlar bizim münasibətlərimizi möhkəmləndirir. Biz bu faktlarla irəli addımlayırıq. Tarixsiz nə bu günümüz, nə də gələcəyimiz ola bilər.

Bizim münasibətlərimizin, xalqlarımız arasında münasibətlərin tarixi dostluğa və qardaşlığa əsaslanır. Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik inkişaf edən iki müstəqil dövlət kimi inkişaf etdirməli və möhkəmləndirməliyik. Buna görə də mən əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir.

Bu gün biz artıq əməkdaşlığımızın perspektivlərini yüksək səviyyədə müzakirə etdik. Ölkələrimiz arasında əmtəə mübadiləsi çox böyük deyil, təxminən 400 milyon dollara bərabərdir. Lakin artım perspektivləri mövcuddur. Bu gün Vyetnam-Azərbaycan biznes forumu keçiriləcəkdir. Mənimlə birlikdə Azərbaycanın 50-dən çox müxtəlif şirkətinin nümayəndəsi buraya gəlib və biznes forumda iştirak edəcəkdir. Əminəm ki, tədbirin nəticələri müsbət olacaq, əmtəə mübadiləsini artırmağa imkan yaradacaqdır.

Biz neft-qaz sahəsində əlaqələrin yaxşı perspektivinə malikik, bu gün də həmin məsələ müzakirə olunub. Azərbaycanda təhsil alan vyetnamlıların əksəriyyəti Neft-Kimya İnstitutunda oxuyublar. Buna görə də Azərbaycanda neft-qaz əməliyyatları ənənələrinə yaxşı bələddirlər və bilirlər ki, Azərbaycan dünyada sənaye üsulu ilə neft hasil edən ilk ölkədir. Dəniz yataqlarından da neft ilk dəfə Azərbaycanda hasil edilib. Bu gün biz həmçinin humanitar və təhsil sahələrini də inkişaf etdiririk və biz bu ənənəni bərpa etmək niyyətindəyik. Çünki bu əlaqələr Sovet İttifaqının süqutundan sonra kəsilmişdi.

Amma fikrimcə, biz bu gün təhsil sahəsində əməkdaşlığa yenidən baxmalıyıq. Biz indi tələbələrimizi xaricdə təhsil almağa göndəririk. Buna görə də istərdik ki, bizim üçün vacib olan ixtisaslar üzrə sizin imkanlarınızdan da istifadə edək. Həmçinin vyetnamlı tələbələr üçün hər cür şərait yaratmağa hazırıq ki, gəlib Azərbaycanda təhsil alsınlar, köhnə ənənələri bərpa etsinlər. Çünki sizin nəsil də bu xatirələrlə yaşayır.

Görürəm ki, bu zalda gənclər çoxdur. Əsas odur ki, onlar da bir-birini tanısınlar, ünsiyyət qursunlar, bir-birinə hörmət etsinlər, dəstəkləsinlər və əməkdaşlıq etsinlər. Turizm, mədəniyyət sahələrində mümkün olan potensialdan maksimum istifadə etməliyik. Vyetnam bizim üçün dost ölkədir, xalqımızın tarixən bağlandığı və qarşılıqlı rəğbət bəslədiyi dost ölkədir. Biz gərək münasibətlərimizi möhkəmləndirək. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyada öz mövqeyini qəti şəkildə bəyan edir. Biz dünya miqyasında böyük nüfuza malikik və son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Bu quruma 155 ölkənin dəstəyi ilə seçilmişik. İyirmi ildən bir qədər artıq müstəqillik dövründə dünya ölkələrinin əksəriyyətinin dəstəyini qazanmaq o qədər də asan deyildi. Bizim dəstəklənməyimizin əsas səbəbi isə budur ki, həmişə müstəqil yol tutmuşuq, müstəqil xarici siyasət, eləcə də fəal regional siyasət aparırıq. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə müharibə, nə işğallar, nə də ədalətsizlik olar. Buna görə də biz BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq prinsiplərini, beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmasını, eləcə də ədalət prinsiplərini möhkəm qoruyurduq.
Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, siz də Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan çoxmillətli ölkədir. Ölkəmiz Sovet dövründə də belə olub, indi də belədir. Heç vaxt milli və dini zəmində anlaşılmazlıq, qarşıdurma və münaqişələr baş verməyib. Elə o vaxt da, ələlxüsus indi də müstəqil dövlət kimi Azərbaycanda müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır, bir-birini yaxşı başa düşür, hörmət edir və onların hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyildir. Amma Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir.

Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik. Deməliyəm ki, bu münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. Buna baxmayaraq, müstəqil siyasi xətt aparmaqla və yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz iqtisadiyyatımızı qısa müddət ərzində - son on ildə artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli ideya, yəni məhz müstəqillik ideyası ətrafında cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin sosial səviyyəsinin yaxşılaşdırılması üzrə məqsədyönlü siyasəti mühüm rol oynadı.

Son on ildə əməkhaqları beş dəfə, pensiyalar demək olar ki, on dəfə artıb. Xeyli sosial proqramlar həyata keçirilib. Əlbəttə ki, iqtisadi islahatlar da mühüm rol oynayıb, biz bunsuz indiki inkişaf səviyyəsinə çata bilməzdik. Xarici investisiyaların fəal cəlb olunması, Azərbaycan şirkətlərinin dövlət səviyyəsində dəstəklənməsi, fəal beynəlxalq əməkdaşlıq və iqtisadi mühitin, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş islahatlar öz bəhrəsini verdi.

Azərbaycanın inkişaf tarixinə nəzər yetirdikdə bir daha əmin olursan ki, milli maraqlar hər şeydən üstün tutulanda ölkələr uğur və tərəqqiyə nail ola bilər. Sizin ölkəniz bunun bariz nümunəsidir. Siz də təcavüz və işğaldan keçmisiniz. On minlərlə insanın iztirabını görmüsünüz. Böyük itkilər vermisiniz. Buna baxmayaraq, siz dirçəldiniz və güclü dövlətə çevrildiniz. Siz öz taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, eləcə də əməkdaşlığa və dünyaya açıqlığa əsaslanan xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi ölkələrin nümunəsi, fikrimcə, çox yaxşı göstəricidir. Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı nümunədir.

Azərbaycanda təhsil sahəsində bir çox məsələlər həll olunur. Təbii ki, bu, bizim üçün önəmlidir. Məktəblərin, ali təhsil müəssisələri binalarının inşası çox sürətli templərlə aparılır. Əlbəttə, biz təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli iş görürük və bu proses hökumətimizin diqqət mərkəzində durur. Bizim ölkəmiz son illər ərzində regional miqyasda böyük uğurlar qazanıb.

Bu gün biz Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Deməliyəm ki, Azərbaycanda həyata keçirdiyimiz layihələr regionun enerji xəritəsini tamamilə dəyişib. Biz ilk dəfə olaraq neft-qaz kəmərləri şəbəkələri vasitəsilə Xəzər regionunu Qara dəniz və Aralıq dənizi regionu ilə birləşdirmişik. Bu da həm bizə, həm də qonşularımıza neft-qaz ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir. Gələcəkdə biz daha böyük layihələr həyata keçirəcəyik. Bu layihələr bütün dünya miqyasında ən iri layihələrdir. Bütün bunlara da onun sayəsində nail olmuşuq ki, həm ölkə daxilində, həm də xaricdə bizim inkişafımıza böyük inam vardır. Biz öz siyasətimizi milli inkişaf və müstəqilliyimizi möhkəmləndirmək əsasında aparırıq. Siz bizim ölkəmizdə təhsil aldığınız müddətdə Azərbaycan müstəqil ölkə deyildi. Hətta o dövrdə də siz bizim cəmiyyətdə açıqlığı, inkişafı görürdünüz. Müstəqillik illərində Azərbaycan cəmiyyətində müsbət meyllər güclənib. Biz öz taleyimizin sahibi olmuşuq, üstün cəhətləri və gələcəyimizi özümüz təyin edirik. Dünyada da bundan böyük xoşbəxtlik ola bilməz.

Eyni zamanda, bizim mövqeyimiz həm regional, həm də daha böyük miqyaslı əməkdaşlığa əsaslanır. Sizin regionla əməkdaşlıq da bizim üçün mühüm istiqamətlərdən biridir. Vyetnam ilə isə ən mühüm istiqamətdir. Azərbaycanın ilk səfirliyi sizin regionda məhz Vyetnamda açılıb. Bu səfirlik artıq bir ildir ki, fəaliyyət göstərir. Bu, bizim hörmətimizin əlamətidir. Eyni zamanda, sizin Azərbaycana marağınızı əks etdirir. Mən əminəm ki, Azərbaycan Vyetnam üçün regionda mühüm strateji tərəfdaş olacaqdır.

Bugünkü səfər əlbəttə ki, tarixdə qalacaqdır. Çünki bu, Azərbaycan Prezidentinin Vyetnama ilk dövlət səfəridir. Əminəm ki, bu səfəri başqa səfərlər də əvəz edəcəkdir. Mən bu gün Vyetnam Sosialist Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdim və bu dəvət qəbul olundu. Biz öz münasibətlərimizi daha da gücləndirəcəyik. Siyasi əlaqələrimizi möhkəmləndirəcəyik, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. İqtisadiyyatlarımıza fəal sərmayələr qoyacağıq. Mədəni-humanitar əlaqələrimizi inkişaf etdirəcəyik. Başqa sözlə, ölkələrimiz arasında tammiqyaslı əməkdaşlıq artıq gerçəkliyə çevrilir. Əlbəttə ki, bu əməkdaşlıqda Azərbaycanı tanıyan, Azərbaycanı xatırlayan insanlara da xeyli yer vardır. Buna görə də siz bizim münasibətlərimizin inkişafında hərəkətverici qüvvəyə çevrilməlisiniz.
Mən bu gün sizinlə görüşməyimə çox şadam. İki mindən çox vyetnamlı vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində hazırlıq keçib və təhsil alıb. Əlbəttə ki, sizin hamınızı Bakıda görmək istərdim. Fürsətdən istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Düşünürəm ki, biz bunu mütləq həyata keçirməliyik. Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçirmək olar. Bu forum çərçivəsində də Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları forumunu təşkil etmək mümkündür. Elə indi burada Azərbaycanın təhsil nazirinə və Vyetnamdakı səfirimizə tapşırıq vermək istəyirəm ki, Vyetnam tərəfi ilə birgə həmin forumun hazırlıq işlərinə başlasınlar və ümid edək ki, tezliklə bu forumu keçirək və Bakıda görüşək. Diqqətinizə görə sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06