Neftçalada Heydər Əliyev Mərkəzinin açılış mərasimində İlham Əliyevin nitqi

28 may 2014, 12:30
Neftçalada Heydər Əliyev Mərkəzinin açılış mərasimində İlham Əliyevin nitqi

- İlk növbədə sizi Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün böyük bayramdır, Respublika Günüdür, müstəqillik günüdür. Dünən Bakıda təntənəli tədbir keçirilmişdir və bu gün bu bayramı qeyd etmək üçün mən Neftçalaya gəlmişəm. Bu gün - bu gözəl bayram günündə Heydər Əliyev Mərkəzi açılır. Bu hadisə də rəmzi xarakter daşıyır. Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir.

Bu gözəl Mərkəz göz oxşayır. Həm xarici görünüşü, eyni zamanda, daxili dizaynı da çox gözəldir, zövqlə tikilibdir. Eyni zamanda, bu Mərkəzin funksional cəhəti də çox müsbətdir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl şərait var, dərnəklər, xarici dil kursları, kompyuter mərkəzi fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu Mərkəz doğrudan da bir mərkəz olacaqdır. Əminəm ki, Neftçala rayon sakinləri, gənclər bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.

Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır. İstərdim ki, hər bir kənddə də işlər bu səviyyədə olsun. Bizim əsas məqsədimiz də bundan ibarətdir. Çünki regional inkişaf proqramlarının qəbulu məhz bu məqsədi daşıyırdı. Hər bir rayonda inkişaf olmalıdır. Hər bir rayonda, hər bir kənddə quruculuq işləri aparılmalıdır.

Biz bu gün - müstəqillik günündə görülən işlərə bir daha qiymət veririk və görüləcək işlər haqqında da əlbəttə ki, öz fikirlərimizi ifadə edirik. Mən dünən rəsmi qəbulda gələcək planlarımız haqqında fikirlərimi bildirdim, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq bu gün burada olarkən bir daha regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qəbul edilmiş proqramlar icra olunur. Bu, çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilmişdir. İndi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunlar çox konkret proqramlardır. Proqramların icrası üçün maddi təminat da vardır. Bu gün Azərbaycanın maliyyə vəziyyəti elədir ki, biz istənilən layihəni özümüz icra edə bilərik və edirik. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılır, regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlər öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, bütün işlər vaxtında və keyfiyyətlə görülsün. Əminəm ki, biz buna nail olacağıq və artıq bütün bölgələrdə infrastruktur layihələri 2018-ci ildə başa çatacaqdır. O cümlədən Neftçala rayonunda da həllini gözləyən layihələr icra edilir və ediləcəkdir.

İlk növbədə yolların tikintisi diqqət mərkəzində olmalıdır. Bu məqsədlə iki il bundan əvvəl burada bir neçə kəndi birləşdirən yolun tikintisinə vəsait ayrılmışdır və o layihə icra edilib. Salyan-Neftçala avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İndi cari təmir aparılmışdır, ancaq bu yol əsaslı təmir olunacaqdır və biz yaxın zamanlarda buna da başlayacağıq. Bakı-Salyan yolunun böyük hissəsi artıq istifadəyə verilib, dördzolaqlı çox gözəl yoldur. Yəni, buradan həm Bakı, həm digər rayonlarla əlaqələr daha da möhkəm olacaqdır. Kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Biz bütün rayonlardan, həm yerli icra orqanlarından, eyni zamanda, vətəndaşlardan təkliflər almışıq. Neftçalada böyük bir yol layihəsinin icrası həllini gözləyir. Bu da 61 kilometr uzunluğunda, təqribən 20-dən çox kəndi birləşdirən bir yol olacaqdır. Beləliklə, həm o yol, həm də hazırda icra edilmiş yol layihələri demək olar ki, kənd yolları problemini bütünlüklə həll edəcəkdir.

Digər məsələlər də, digər problemlər də vardır. Siz onları yaxşı bilirsiniz, mən də bilirəm. Biz onları da tədricən həll edirik. Burada əsas problem içməli su məsələsidir. Biz çalışmışıq ki, son illər ərzində bu məsələni tədricən həll edək. İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılmışdır və bu qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq biz Neftçala sakinlərini təmiz içməli su ilə tam şəkildə təmin etməliyik və bunu edəcəyik. Layihələr hazırlanır, yəqin ki, yaxın vaxtlarda onların icrasına başlanacaqdır. Modul tipli layihələr də əlbəttə ki, davam etdiriləcəkdir. Ancaq şəhərin yeni şəbəkəsi qurulmalıdır. Yeni mənbələr aşkar edilməlidir və əlbəttə ki, infrastruktur işləri aparılmalıdır. Bu, gündəlikdə duran məsələdir və bu məsələ öz həllini tapacaqdır.

Qazlaşdırma ilə bağlı problemlər vardır. O mənada ki, Neftçala rayonu hələ 100 faiz qazlaşdırılmayıbdır. Təxminən 50 faiz qazlaşdırılıbdır. Əhalinin 50 faizi qazla təmin edilir. Neftçala rayonunda qazlaşdırma 100 faiz olmalıdır və qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, bu məsələlərlə məşğul olan dövlət qurumları bu işləri daha da sürətlə aparmalıdırlar.

Sosial infrastrukturun yaradılması əlbəttə, daim diqqət mərkəzindədir. Mərkəzi xəstəxanada təmir işləri başlanır, vəsait ayrılıbdır. Yeni Olimpiya Kompleksi tikiləcəkdir. Məktəblər təmir edilir, tikilir. Yəni, bax, bütün bu sosial və infrastruktur məsələlərinin həlli gündəlikdədir. Biz bu məsələləri bilirik, onları icra edirik və edəcəyik.

Şübhəsiz ki, Neftçala rayonunda yeni iş yerlərinin açılması da çox vacib məsələdir. Burada bir neçə müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il “Sənaye ili” elan edilmişdir. “Sənaye ili”nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı əlbəttə ki, prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və rayon rəhbərliyi o yerləri müəyyən edəcəkdir. Orada dövlət hesabına infrastruktur layihələri icra olunacaqdır. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcəkdir. Çünki sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və bu, özəl sahibkarlığı stimullaşdırır.

Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu, bizə bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları, sahibkarlığa dəstək siyasəti. Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. İctimaiyyət, iş adamları, rayon rəhbərliyi burada vahid mövqe göstərməlidirlər. Belə olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır. O cümlədən regional inkişaf proqramları dediyim kimi, artıqlaması ilə icra edilibdir.

Üçüncü proqram qəbul edilərkən yerlərdən təkliflər verilmişdir. Bu təkliflər əsasında proqram da tərtib olunub, dərc edilib və yəqin ki, siz də tanışsınız. Çünki hər rayon üzrə görüləcək işlər orada göstərilibdir. Bax, budur bizim gələcəklə, regionların inkişafı ilə bağlı olan yanaşmamız.

Əminəm ki, biz bundan sonra da ölkəmizin sürətli inkişafını təmin edəcəyik. Müstəqilliyimiz möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir. Müstəqillik dövrü bir daha onu göstərir ki, xalqımız ancaq müstəqil olan zaman uğurla inkişaf edə bilər.

Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq. Bizim məqsədimiz də birdir - ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.

Mən sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edir, sizə yeni uğurlar arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06