Bakıda XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışında İlham Əliyevin nitqi
03 iyun 2014, 11:50
-Hörmətli xanımlar və cənablar.
Əziz qonaqlar.
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir.
Sərgiyə isə maraq azalmır, artır. Bu gün sərgidə 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edir, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır.
Sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir. Çünki Azərbaycanın neft-qaz sektoru imkanlarını və fəaliyyətini ildən-ilə genişləndirir. Çünki bizim qarşımızda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır və biz çalışacağıq ki, bütün vəzifələri eyni qətiyyətlə və səmərə ilə icra edək.
Əlbəttə, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının Prezidenti və Böyük Britaniyanın Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır. Çünki dünyanın iki aparıcı ölkəsinin dövlət və hökumət başçıları sərgiyə öz diqqətini əsirgəmirlər. Hesab edirəm ki, bizim sərgimiz dünya miqyasında öz nadir rolunu saxlamaqdadır.
Onu da qeyd etməliyəm ki, biz son illər ərzində qazanılmış uğurları tərəfdaşlarımızla birgə əldə etmişik. Çünki 1994-cü ildə dünyada Azərbaycan haqqında təsəvvür o qədər də geniş deyildi. Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar hamımızın yadındadır.
1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir. O cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir.
1994-cü ildə sərginin birinci tədbiri, əlbəttə, dünyanın neft-qaz şirkətlərinin Azərbaycan iqtisadiyyatına diqqətini artırmışdır və şadam ki, bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə əlbəttə ki, diqqət mərkəzindədir. 1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən “Əsrin Kontraktı” imzalanmışdır. Bu, tarixi hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər “Əsrin Kontraktı” imzalanmasaydı, - Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi, - bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı. Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, investorlara minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etdilər. Mən bp şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. bp bizim ən böyük investorumuzdur, ən böyük tərəfdaşımızdır. İyirmi ildir bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, bundan sonra ən azı 20 il, bəlkə ondan da çox bp-SOCAR əməkdaşlığı, tərəfdaşlığı Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcəkdir.
Mən çox şadam ki, bizim bp kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik, bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük.
1994-cü ildə biz yeni siyasətə qədəm qoyduq və o ildən başlayaraq bu günə qədər Azərbaycan neft-qaz sektorunda böyük uğurlara imza atmışdır. Deyə bilərəm ki, kontrakt imzalanandan sonra dünya tarixində bəlkə də ən qısa müddət ərzində ilk neftin çıxarılmasına qədər cəmi üç il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu nəyə gətirib çıxaracaqdır. Ancaq bugünkü reallıq, Azərbaycanın bugünkü uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır. Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşdi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir. Azərbaycan ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır. Azərbaycan etibarlı tranzit ölkəsidir. Hesab edirəm, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq.
Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir.
Bu gün bizim imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Azərbaycan əlbəttə ki, getdikcə öz imkanlarını genişləndirəcəkdir.
Hesab edirəm, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir ziddiyyət olmasın və tərəflər ancaq fayda götürsün. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Digər əlamət ondan ibarətdir ki, biz heç vaxt öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün istifadə etməmişik. Sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla əməkdaşlığı dərinləşdirmişik. Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bildiyiniz kimi, ilk neft dünyada Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda, Neft daşlarında çıxarılmışdır. Bu gün Azərbaycanın neft ölkəsi kimi şöhrəti tam şəkildə bərpa edilib və bu, özünü əvvəlki illərdəkindən daha da çox büruzə verir.
Ancaq bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz hasil edən ölkə kimi tanınır. Bu gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi bu gün bilavasitə ölkələrin milli təhlükəsizliyi ilə bağlıdır. Bu iki amili bir-birindən ayırmaq mümkün deyildir. 1996-cı ildə - “Əsrin Kontraktı”nın imzalanmasından cəmi iki il sonra “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı imzalanmış müqavilə bu gün əlbəttə ki, xüsusi məna daşıyır. O illərdə də biz bilirik ki, Azərbaycanın zəngin qaz yataqları var idi və məhz “Şahdəniz” qaz yatağının işlənilməsi bunu təsdiq etdi.
“Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50 faizini təşkil edir.
Özlüyündə böyük yataqdır. Ancaq bizim digər böyük qaz yataqlarımız da vardır. Son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” qaz yataqları aşkarlanıb. “Şahdəniz”, “Ümid”, “Abşeron” və digər yataqlarda olan qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayacaq və şadam ki, artıq bu istiqamətdə də çox vacib addımlar atılmışdır.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Artıq 7 ildir ki, Azərbaycan öz qazını dünya bazarlarına, daha doğrusu, regional bazarlara çıxarır. Bizim neft, qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə şaxələndirməni tam şəkildə təmin edir. Çünki bizim 7 neft-qaz kəmərimiz var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Çünki bizdə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz. Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat vardır. Biz son illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Bu gün “Cənub” qaz dəhlizinin reallaşması böyük dərəcədə “Şahdəniz” yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. “Şahdəniz-2” layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda hazırda heç bir maneə yoxdur.
Ancaq biz yaxşı xatırlayırıq ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdır və sadəcə olaraq ildən-ilə müşahidə edilən müzakirələr, bəyanatlar, amma ortada bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr vaxtında, hətta vaxtından əvvəl reallaşır. Ona görə, biz heç vaxt imkan verə bilməzdik ki, “Cənub” qaz layihəsi gözəl bir layihə, ideya kimi qalsın.
Ona görə, həlledici anlarda biz bütün məsuliyyəti öz üzərimizə götürmüşdük və yeni layihənin icrası ilə bağlı təkliflərimizi vermişdik. Bu layihənin adını da biz vermişik – TANAP, Trans- Anadolu qaz kəməri. Bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik və nəticə etibarilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı. Bu gün TANAP layihəsi artıq reallıqdır. TANAP layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlər başlamışdır və bu layihəyə diqqət artmaqdadır.
Mən çox şadam ki, bizim tərəfdaşımız bp şirkəti də TANAP-ın səhmlərinə sahib olubdur və beləliklə, bu böyük beynəlxalq layihə “Cənub” qaz dəhlizinin reallaşmasına həlledici təsirini göstərəcəkdir. Əlbəttə, biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı bütün məsələləri həll etmişik. Neft hasilatı sabitdir. İxrac imkanları genişdir. Biz qaz bazarına da çıxmışıq.
Ancaq biz çalışırıq ki, beynəlxalq əməkdaşlığı maksimum dərəcədə genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapdı və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri tikiləcəkdir.
TAP layihəsi də əməkdaşlığın yeni formatına gətirib çıxarır. Burada əlbəttə ki, bütün ölkələr arasında çox ciddi əlaqələndirmə işləri aparılmalıdır. Çünki bu günə qədər biz bütün layihələri əsasən üç ölkə arasında həll etmişik - Azərbaycan, Gürcüstan, Türkiyə. Bu gün isə bir neçə Avropa ölkəsi bizim layihələrimizə qoşulur. Əlbəttə ki, bu ölkələr arasındakı qarşılıqlı inam, əlaqələndirmə və birgə fəaliyyət bu layihələrin uğurlu reallaşmasına gətirib çıxaracaqdır. Əminəm ki, belə də olacaqdır, çünki bizim böyük təcrübəmiz vardır. Artıq bir neçə kəmər tikilibdir və ümid edirəm ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə də vaxtında öz həllini tapacaq və beləliklə, Avropa üçün yeni qaz mənbəyi təmin ediləcəkdir.
Onu da qeyd etməliyəm ki, TANAP və TAP layihələri Avropaya qazı yeni mənbədən gətirəcəkdir. Bu, sadəcə olaraq yeni marşrut deyildir. Bu, yeni marşrut, yeni mənbədir və bu layihənin xüsusiyyəti məhz ondan ibarətdir. Əlbəttə ki, layihənin həcmi də çox böyükdür.
İlkin hesablamalara görə, 45 milyard dollar vəsait nəzərdə tutulubdur. Azərbaycan da öz maliyyə imkanlarını ortaya qoyur. Hər halda TANAP layihəsində səhmlərin böyük hissəsi Azərbaycana məxsusdur, yəni, biz ən böyük investoruq. TAP layihəsində, “Şahdəniz”də də biz iştirak edirik. Yəni ki, Azərbaycan həm siyasi iradəni ortaya qoyur, öz düşünülmüş neft strategiyasını həyata keçirir, eyni zamanda, maliyyə resurslarını da təmin edir.
Maliyyə resurslarının mənbəyi də neft sənayesi olmuşdur. Burada cənab Vudun qeyd etdiyi kimi, bizim ən böyük uğurlarımızdan biri ondan ibarətdir ki, əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına və ölkəmizin inkişafına yönəldilmişdir.
Bizim vəsaitimiz ildən-ilə artır. Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Əgər şəffaflıq təmin edilməsə idi, biz bu qədər vəsaiti yığa bilməzdik. Bu gün neft-qaz sektorunda və hasilat sənayesində şəffaflıq layihələrində Azərbaycanın iştirakı imkan verib ki, biz böyük maliyyə resurslarına sahib olmuşuq və onlardan səmərəli şəkildə istifadə edirik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların sosial rifahının yaxşılaşmasına və qlobal layihələrə - “Şahdəniz-2”, TANAP, TAP kimi layihələrə öz vəsaitimizi sərf edirik.
Bu layihələr Azərbaycanın gücünü daha da artıracaqdır. Çünki bu gün Azərbaycan əlbəttə ki, sürətlə inkişaf edən ölkədir.
Ancaq “Şahdəniz-2” layihəsi bundan sonra uzunmüddətli dayanıqlı inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaqdır. Bu, öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcəkdir. Çünki tikinti-quraşdırma, infrastruktur layihələrində qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir. Bizim də əsas məqsədimiz bundan ibarətdir ki, biz qeyri-neft sektorumuzu inkişaf etdirək. Son illərin nəticələri bunu göstərir. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin edilir.
Əlbəttə ki, bizim bu gün iqtisadi vəziyyətimizin əsas təməli 1994-cü ildə qoyulmuşdur. Biz bunu unutmamalıyıq və yadda saxlamalıyıq. Bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə “Əsrin Kontraktı”nın imzalanmasından və bu sərginin təşkil edilməsindən sonra başlamışdır. Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Bu gün Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Təhsilə, müasir texnologiyalara, kosmik sənayeyə, digər sahələrə qoyulan sərmayələr ölkəmizi gələcəyə aparır.
Bizim maliyyə vəziyyətimiz çox sabitdir. İqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçmişdir.
Bizim xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. İşsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Ölkəmizin rəqabət qabiliyyətliliyi artır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyi üzrə dünyada 39-cu yerdədir. Biz bütün bunlara islahatların aparılması ilə nail ola bilmişik. Ancaq əgər neft amili, bizim zəngin yataqlarımız, resurslarımız olmasa idi və onlardan səmərəli şəkildə istifadə etməsə idik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı.
Ona görə biz keçmişə böyük hörmətlə yanaşırıq. Biz dostlarımızın, tərəfdaşlarımızın - həm xarici neft şirkətlərinin, həm bu sərgini təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndiririk. Bu, bizim ümumi uğurumuza gətirib çıxardı və bunun nəticəsidir ki, bu gün sərgidə 400-dən artıq şirkət iştirak edir.
Mən əminəm ki, növbəti sərgidə biz yeni uğurlardan danışacağıq. Çünki biz keçən il sərgidə görüşəndə hələ “Şahdəniz-2” son investisiya qərarı qəbul edilməmişdi. Yəni, bu, son 7-8 ay ərzində baş vermişdi. Əminəm ki, gələn ilin iyun ayında biz yeni uğurlar haqqında danışacağıq.
Sərgiyə böyük uğurlar arzulayıram. Bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sağ olun.