Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

10 iyul 2014, 13:20
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.

Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.

Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.

Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.

Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.

İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır.

Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.

Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.

Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.

İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı artırırıq. Ona görə, mən bilirəm ki, biz çox qənaətlə istifadə edirik. Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.

Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir.

Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək.

Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik.

İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir. Ancaq biz məşğulluq məsələlərini indi daha da ciddi nəzərə almalıyıq. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır.

Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır. Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur.

Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır.

Sosial infrastruktur layihələri icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. Yəni, bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir.

Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir. İslahatlar şəffaflıq nöqteyi-nəzərindən daha da dərinləşməlidir. Dünyanın aparıcı ölkələrinin bu sahədə böyük təcrübəsi vardır. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız vardır.

Biz bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə xüsusi diqqət göstərmişik. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.

Bu altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. “Cənub” qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır.

Bu gün bizim dünyada oynadığımız rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır.

Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik.

Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz.
Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəlmişlər və bir neçə milyard dollar həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilmişdir. Bu da dövlətin özəl sektora göstərdiyi diqqət və qayğıdır.

Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur. Ona görə TANAP, “Şahdəniz-2” layihələrinin icrası nəticəsində bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə ki, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdırlar. Tenderlərdə iştirak etməlidirlər və orada yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri yaradılacaqdır. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Bu, təbii ki, olacaqdır. Bu layihələrin icrası nəticəsində biz böyük miqdarda vəsait əldə edəcəyik, o vəsaiti də ölkə iqtisadiyyatının inkişafına, sosial məsələlərin həllinə qoyacağıq. Ancaq kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də sürətlə gedəcəkdir.

Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır. Bu barədə sonra danışacağam. Bir sözlə, bizim sənayemiz də buna hazır olmalıdır.

Müəyyən dərəcədə hazırdır, ancaq hesab edirəm ki, bir-iki il ərzində sənaye məsələlərinə həm dövlət xətti ilə, həm özəl qurumlar hesabına daha böyük diqqət göstərilməlidir.

Bir sözlə, bizim altı ayda gördüyümüz işlər yüksək qiymətləndirilməlidir. Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06