Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılışında İlham Əliyevin nitqi
24 dekabr 2010, 13:52
Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram, sizi bu gözəl evlərin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu gün doğrudan da, ölkəmizdə çox böyük hadisə baş verir. Bir gündə doqquzmərtəbəli üç bina bizim qardaş-bacılarımıza təqdim edilir. Bu hadisə onu təsdiq edir ki, Azərbaycan dövləti ehtiyacda olanlara həmişə öz qayğısını göstərəcəkdir. Xüsusilə müharibədə sağlamlığını, öz yaxınlarını itirmiş insanlara Azərbaycan dövləti həmişə böyük qayğı göstərmişdir və bu gün də bu siyasət davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illərdə 3 mindən artıq mənzil paylanmışdır. Bu il 700-dən çox mənzil verilmişdir. Növbəti 3-4 ildə, əminəm ki, hazırda növbədə dayanan bütün vətəndaşlar ən yüksək səviyyədə tikilmiş mənzillərlə təmin olunacaqlar. Bununla bərabər, bu gün 200-dən çox avtomobil də paylanılır. Bu, artıq gözəl ənənəyə çevrilibdir. Mindən çox, bəlkə də iki minə yaxın avtomaşın artıq soydaşlarımıza verilmişdir.
Bütün bunları ona görə edirik ki, siz buna layiqsiniz. Azərbaycan dövləti sizin xidmətlərinizi layiqincə qiymətləndirir. Apardığımız güclü sosial siyasət özünü bax bu gözəl əməllərdə göstərir. Sosial siyasətin əsas mahiyyəti və mənası ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Xüsusilə dövlət və Vətən qarşısında xidməti olan vətəndaşlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir. Bunu etmək üçün əlbəttə ki, dövlətdə maddi imkanlar olmalıdır. Biz bu imkanları yaradırıq. Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi siyasət, artan maddi imkanlarımız bu vəziyyəti yaratmışdır. Əgər bu olmasaydı, nə qədər istəsək də bu binaları tikə bilməzdik. Bu, böyük vəsait tələb edən layihələrdir, xüsusilə deyə bilərəm ki, çox böyük zövqlə və keyfiyyətlə tikilmiş mənzillərdir.
Azərbaycanın inkişafı, bölgədəki mövqelərimizin möhkəmlənməsi artıq reallıqdır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqtisadi perspektivləri çox gözəldir. Belə olan halda bütün imkanlarımızı səfərbər edib Azərbaycanda çox güclü sosial siyasətin aparılmasına yönəldirik. Sosial siyasət təkcə bu gözəl açılışlarla məhdudlaşmır.
Ünvanlı sosial yardım göstərilir, ölkəmizdə məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır. Yəni, biz çalışırıq ki, Azərbaycan cəmiyyətində dünyanın ən qabaqcıl meyarları tətbiq olunsun. Biz buna layiqik və bunu etməyə qadirik.
Bu gün iqtisadi potensialımız artıq dünya birliyində də qiymətləndirilir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Azərbaycan bütün reytinqlərdə qabaqcıl yerlərdədir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Biz gələcək fəaliyyətimizdə də bu əsas iki amili həmişə diqqətdə saxlayacağıq: güclü iqtisadiyyat və güclü sosial siyasət. Sosial siyasət elə olmalıdır ki, Azərbaycan vətəndaşları ondan bəhrələnsinlər.
Əlbəttə ki, bu gün üç gözəl binanın istifadəyə verilməsi, əslində Azərbaycanın inkişaf yolunu göstərir. Biz bunu edə bilirik, biz bunu edirik, bizim siyasətimiz bundan ibarətdir. Dediyim kimi, növbədə dayanan bütün müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri növbəti illərdə evlərlə, mənzillərlə təmin ediləcəklər.
Biz eyni zamanda ordumuzu gücləndiririk. Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk, çox böyük maliyyə vəsaiti ayrılır. Ordumuz bu bölgədə ən qüdrətli, ən güclü ordudur və ordu quruculuğuna yetirilən diqqət özünü göstərir. Torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Biz erməni işğalına məruz qalmışıq. 1990-cı illərin əvvəllərində Ermənistan və onun xaricdəki havadarları Azərbaycanda qeyri-sabit vəziyyətdən, hərc-mərclikdən istifadə edərək torpaqlarımızın bir hissəsini zəbt edib.
Əlbəttə ki, bu gün bunu təsəvvür etmək mümkün deyildir. Bu gün Azərbaycan ən qüdrətli hərbi potensiala malikdir. Bu gün bizim həm iqtisadi, həm siyasi, həm hərbi potensialımız Ermənistanla müqayisəedilməz səviyyədədir. Ancaq 1990-cı illərin əvvəllərində, bir daha demək istəyirəm ki, Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib erməni işğalçıları torpaqlarımızı işğal ediblər.
Biz çalışırıq ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Ancaq siz görürsünüz ki, bu hələ mümkün deyildir. Belə olan halda, əlbəttə ki, biz bütün başqa variantlara da hazır olmalıyıq. Ordu quruculuğuna ayrılan vəsait, görülən tədbirlər, orduda peşəkarlığın artırılması, mütəmadi qaydada təlimlərin keçirilməsi, yeni silah-sursat, texnikanın alınması və Azərbaycanda istehsal olunmasının məqsədi ondan ibarətdir ki, əgər danışıqlar nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunmalıdır. Bu reallıqdır və ölkə qarşısında duran bu ən ağrılı, ən çətin problem həllini tapmalıdır.
Atəşkəs dövründə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Əgər 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında iqtisadi, yaxud da, hərbi sahədə tarazlıq mövcud idisə, bu gün artıq çoxdandır ki, biz bu tarazlığı pozmuşuq.
Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanda yaranmış maliyyə imkanları bizə imkan verir ki, istənilən məsələni öz xeyrimizə həll edək. Ermənistan tərəfi, əlbəttə ki, bu reallıqları dərk edir, başa düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində onların isterik hərəkətləri ona gətirib çıxarıb ki, onların qorxu içində olması artıq bütün dünyaya bəllidir. Bu həqiqətdir və nə qədər ki, Azərbaycan torpaqları işğal altında qalacaq, Ermənistan o qədər qorxu içində yaşayacaqdır. Heç kim istəməz ki, onun qonşusu ona qarşı pis niyyətdə olsun. Amma bizim başqa seçimimiz yoxdur. Əgər Ermənistan öz xoşu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycan torpaqlarından qüvvələrini geri çəksə, o zaman bölgədə sülh və əmin-amanlıq yaranacaqdır. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan və onun rəhbərləri bilməlidirlər ki, Azərbaycan xalqı istənilən anda öz ərazisində istənilən hərbi əməliyyatı keçirə bilər. Bu imkanları bizə beynəlxalq hüquq normaları yaradır.
O ki qaldı imkanlarımıza, qeyd etdiyim kimi, bu imkanlar gündən-günə artır və gələcəkdə daha da artacaqdır. Azərbaycan artıq güclü regional dövlətdir. Azərbaycanla hesablaşmamaq mümkün deyildir. Bizim iştirakımız, yaxud da ki, müsbət münasibətimiz olmadan bu bölgədə istər siyasi, istərsə də iqtisadi və başqa heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Çünki çox yaxşı bilirik ki, bizi nələr gözləyir. Bizim gələcəyimizin təməli bax, bu illərdə qurulur. Bu gün görülən işlər, iqtisadiyyata qoyulan investisiyalar, neft-qaz, infrastruktur layihələri gələcəyə yönəldilibdir. Azərbaycan xalqının uzunmüddətli, uğurlu, dayanıqlı inkişafının təməli bu günlərdə qoyulubdur. Bu möhkəm təməl üzərində ölkəmiz daha da güclənəcək və qarşımızda duran bütün vəzifələr həllini tapacaqdır.
Bu gün artıq ilin yekunları haqqında da danışmaq mümkündür. Çox sevindirici haldır ki, 2010-cu il də ölkəmiz üçün uğurlu il olmuşdur. Həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli və həm də yoxsulluğun azaldılması baxımından, qarşıda duran bütün vəzifələr icra edildi. Baxmayaraq ki, 2010-cu il bizim üçün o qədər də yaxşı başlamamışdı. Bilirsiniz ki, təbii fəlakətlə üzləşmişdik, iqtisadi böhran öz mənfi nəticələrini göstərməyə davam etmişdi. Buna baxmayaraq, biz bütün sınaqlardan şərəflə çıxdıq, 2010-cu ili uğurla başa vururuq və 2011-ci il üçün artıq konkret proqramlarımız və iş cədvəlimiz vardır.
O ki qaldı sosial məsələlərə, bir daha demək istəyirəm, bu gözəl siyasət bundan sonra da davam etdiriləcəkdir. Qarşıya vəzifə qoyuldu ki, növbədə dayanan bütün vətəndaşlar bir neçə il ərzində keyfiyyətli mənzillərlə təmin olunsunlar. Beləliklə, Azərbaycan dövləti sizin şəraitinizin yaxşılaşdırılması üçün töhfəsini verir və verəcəkdir.
Mən demək istəyirəm ki, bu gün qeyd etdiyiniz kimi, mənim ad günümdür və təbriklərə görə sizə təşəkkür edirəm. Mənim üçün bu gündə ən gözəl hədiyyə, bax, bugünkü açılışdır və sizin sevincinizdir, sizin təbəssümlərinizdir. Ən böyük sevinc mənə budur.