Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində İlham Əliyevin nitqi

28 dekabr 2010, 12:36
Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində İlham Əliyevin nitqi

Əziz dostlar, bu gün biz çox gözəl və əlamətdar hadisəni qeyd edirik. Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu, doğrudan da böyük və tarixi hadisədir. Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü.

Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.

Beş il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı təşəbbüs irəli sürüldü. Mən o günləri yaxşı xatırlayıram. 2005-ci ildə mənim təşəbbüsümlə geniş müşavirə keçirildi. Müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edildi. O vaxt biz əlbəttə bəlkə təsəvvür edə bilməzdik ki, bu, nə dərəcədə böyük və mürəkkəb layihə olacaqdır. Ancaq iradəmiz və istəyimiz bizə bu layihənin həyata keçirilməsinə imkan yaratdı. 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməl daşı qoyuldu, ondan sonra tikintisi başladı və bu gün biz artıq bu kəmərin istifadəyə verilməsini bərabər qeyd edirik.

Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacaqdır. Bildiyiniz kimi, Bakı şəhərində əhalinin 60 faizi içməli suyu fasilələrlə alır. Əlbəttə ki, müasir şəhər üçün bu, dözülməz bir vəziyyətdir. Bakıda su problemi əsrlər boyu mövcud idi. Bütün dövrlərdə Bakının içməli su ilə təmin edilməsi üçün müxtəlif tədbirlər görülürdü. Ancaq paytaxtımızın böyüməsi, şəhərdə əhalinin artması nəticəsində əlbəttə ki, görülən tədbirlər lazımi səmərə vermirdi. Ona görə yeni mənbədən təmiz, keyfiyyətli suyun Bakıya gətirilməsi qarşımızda duran əsas məsələlərdən biri idi. Mən çox şadam ki, biz buna nail olduq. Mənə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir.

Biz bundan sonra da çalışmalıyıq ki, Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsinə nail olaq. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron su kanalının istifadəyə verilməsi nəticəsində Bakıda suyun həcmi daha da artacaqdır. Bununla bərabər, artıq bu vaxta qədər bu layihə - Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi və nəzərdə tutulmuş digər layihələr çərçivəsində böyük işlər görülmüşdür. Bakıda su anbarları, paylayıcı xətlər tikilmişdir. Yəni, biz bu infrastrukturu tamamilə yeniləşdirməliyik və elə etməliyik ki, Bakıda su təchizatı ilə bağlı vəziyyət dünyanın aparıcı şəhərlərində olan vəziyyətdən geri qalmasın, bəlkə də ondan daha da yaxşı olsun.

Buna nail olmaq üçün bizdə bütün imkanlar vardır. İlk növbədə güclü iradə, düşünülmüş siyasət vardır. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bu kəmərin tikintisinə böyük maliyyə vəsaiti ayırdıq və bilirik ki, bu vəsait bəlkə də geri qayıtmayacaqdır. Çünki bildiyiniz kimi, bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir.

Əgər iqtisadi imkanlarımız olmasaydı, əlbəttə ki, biz bu layihəni həyata keçirə bilməzdik. Çünki inanmıram ki, hansısa beynəlxalq maliyyə qurumu bu layihəyə kredit ayıra bilərdi. Çünki adətən, daha çox kommersiya xarakterli layihələrə vəsait ayrılır. Digər tərəfdən, əgər Azərbaycanın bu gün güclü maliyyə resursları olmasaydı, ümumiyyətlə, xaricdən kredit almaq məsələsi gündəlikdə qalmazdı. Bizim uğurlu iqtisadi siyasətimiz, Azərbaycanın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla icra edilən neft strategiyası bütün bu reallıqları mümkün etmişdir.

Bu gün xaricdən, xarici maliyyə bazarlarından Azərbaycana vəsait cəlb etmək üçün bütün imkanlarımız vardır. Ancaq bu layihəni özümüz öz hesabımıza, kredit almadan həyata keçirdik. Bu layihə Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Bilirsiniz ki, Dövlət Neft Fondunun həyata keçirdiyi layihələr ölkənin inkişafı üçün prioritet məna daşıyır. Hər bir layihənin Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi, əlbəttə ki, geniş müzakirə olunur və lazımi qərarlar qəbul edilir. Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir və Oğuz-Qəbələ-Bakı su kəmərinin bu layihələr sırasına salınması bizim niyyətimizi göstərir. Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir.

Bu, doğrudan da çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir. Bir də onu göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik.

Biz bundan sonra da çalışacağıq ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək. Oğuz-Qəbələ-Bakı su kəməri bunu çox açıq-aydın göstərir. Bu, bir daha demək istəyirəm ki, böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik. Əsas məsələ ondan ibarətdir ki, bütün başqa sahələrdə nəzərdə tutulan buna bənzər tədbirlər görülsün. Bizim konkret proqramlarımız - regional inkişaf proqramı, ölkəmizin gələcək inkişaf proqramı vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə qururuq. Son illər ərzində əldə edilmiş uğurlar, artan iqtisadiyyat və gözəlləşən, abadlaşan şəhərlər, yeniləşən infrastruktur – bütün bunlar Azərbaycan reallıqlarıdır.

Ölkəmiz gələcəyə uğurla gedir. Bu gün həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra uzun müddət ərzində, onilliklər ərzində uğurlu inkişafına xidmət göstərəcəkdir. Elektrik xətləri, qazlaşdırma, yolların çəkilməsi, sosial infrastrukturun yaradılması, su kəmərlərinin tikintisi. İndi isə Oğuz-Qəbələ-Bakı su kəməri içməli su layihələri arasında ən böyük layihədir.

Ancaq bununla bərabər hazırda Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya problemlərinin həlli üçün praktiki işlər, yaxud da ki, bu işlərin görülməsi üçün hazırlıq tədbirləri aparılır. Bütün rayonlarda bu ağır və çətin, bizim üçün həmişə, əfsuslar ki, ənənəvi olan bu problem öz həllini tapacaqdır. Bununla bərabər, hazırda çaylar boyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilir. Bu proses davam etdirilir. Onlar vaxtilə keyfiyyətsiz çay sularından istifadə edirdilər.

Yəni bu gün qarşımızda duran əsas məsələlərdən biri içməli su, kanalizasiya layihələrinin həyata keçirilməsidir. Biz çalışırıq ki, bu məsələ də Azərbaycanda dünya səviyyəsində həll olunsun. Mən ümid edirəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra bu problem ölkə miqyasında bütövlükdə həllini tapacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bizdə bütün imkanlar, güclü siyasi iradə, düşünülmüş siyasət, konkret proqramlar, artıq peşəkar kadrlar, güclü yerli şirkətlər vardır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurludur və bu layihənin icrasında xarici şirkətlər iştirak etmişlər. Bizdə artıq güclü maliyyə bazası vardır, daxili imkanlar çox böyükdür. Biz istənilən layihəni öz gücümüzlə həll edə bilərik və bunu edirik. İcra edilən bütün layihələrin məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır. Budur bizim əsas məqsədimiz və hədəfimiz.

Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava – biz bütün bunlara nail olmalıyıq. Bu gün Bakıda və başqa bölgələrdə görülən işlər - ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş işlər bu məqsədi daşıyır. Bu gün Bakıda böyük məişət tullantıları emalı zavodu tikilir, artıq Balaxanı zibilxanası təmizlənibdir və oradan tüstülər daha qalxmır, şəhəri bürümür. Bu, təmiz hava deməkdir. Biz “Avro-2” standartlarına keçmişik. İndi “Avro-3” standartlarına, ondan sonra “Avro-4” və s. daha da yüksək ekoloji standartlara keçməliyik. Bu, nəyə gətirib çıxaracaqdır?! Ona gətirib çıxaracaqdır ki, hava daha da təmiz olacaqdır.

Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Əlbəttə ki, istər-istəməz bu, havanı çirkləndirir. İnsanların yaşayış səviyyəsi qalxır, hər il Bakıya on minlərlə avtomobil gətirilir. Bu da, əlbəttə, havanın çirklənməsinə ən böyük zərbə vuran amildir. Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. İdmanla məşğul olmaq – bu da sağlamlıqdır. Yeni xəstəxanaların, diaqnostika komplekslərinin tikintisi - bu da sağlamlığı qoruyan amillərdir. Təmiz içməli su, təmiz hava, təmiz ekologiya – bunlar da sağlamlıqdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin.

Mən sizi, Bakı sakinlərini, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan vətəndaşlarını əmin etmək istəyirəm ki, bundan sonra da biz öz fəaliyyətimizdə ölkəmizin inkişafı, Azərbaycanda sosial problemlərin həlli üçün əlimizdən gələni edəcəyik və ölkəmizi irəliyə uğurla aparacağıq. Əziz dostlar, fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06