“Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində İlham Əliyevin nitqi

29 dekabr 2010, 19:01
“Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində İlham Əliyevin nitqi

Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

İlk öncə mən sizin hamınızı ürəkdən salamlayıram, sizə və bütün Azərbaycan xalqına qarşıdan gələn 2011-ci ildə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram.

Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Mən bu yüksək mükafata layiq görülmüşəm. İstəyirəm ki, bu kürsüdən bu mükafatı mənə verən, məni bu mükafata layiq görən bütün insanları salamlayım, onlara dərin minnətdarlığımı bildirim və sizi əmin edim ki, bundan sonra da mən öz fəaliyyətimdə çalışacağam ki, Azərbaycanda azad mətbuatın, müstəqil mətbuatın inkişafı üçün səylərimi davam etdirəm, Azərbaycanda bütün demokratik islahatların aparılmasında daha da fəal olam və beləliklə, biz ölkəmizin hərtərəfli inkişafını təmin edə bilək.

Azərbaycanda mətbuat azadlığı, söz azadlığı vardır. Azərbaycanda azad mətbuatın tarixi o qədər də böyük deyildir. Azərbaycanda müstəqil mətbuat Sovet İttifaqının son illərinə təsadüf edir, ilk qəzetlər, müstəqil qəzetlər o vaxt yaranmışdır. Müstəqillik əldə olunandan sonra, əlbəttə ki, azad mətbuatın formalaşması daha da sürətlə getmişdir. Ancaq mən hesab edirəm ki, - bu gün burada artıq qeyd olundu,- bu sahədə əsaslı dönüş 1998-ci ildə baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi sözün əsl mənasında azad, müstəqil mətbuatın formalaşması, yaranması üçün həlledici rol oynamışdır. Bildiyiniz kimi, ondan sonrakı dövrdə - 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdir, 2003-cü ildə Mətbuat Şurası yaradılmışdır. Yəni, bu proseslər onu göstərir ki, Azərbaycan dövlətinin və Azərbaycan iqtidarının niyyəti həmişə birmənalı olmuşdur.

Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz sözün əsl mənasında azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi. Bu gün artıq internet istifadəçilərinin sayı Azərbaycanda 50 faizə yaxınlaşır. Mən xatırlayıram, Mətbuat Şurasının üzvləri ilə bu ilin yayında görüş əsnasında bu məsələyə də toxundum. O vaxt qeyd etmişdim ki, Azərbaycanda 40 faizdən çox internetdən istifadə edənlər vardır. Mənə verilən son məlumata görə bu insanların sayı artıq qısa müddət ərzində 50 faizə çatmışdır. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki Azərbaycanda təqdirlə qarşılanır, dünya birliyində də bunu yüksək qiymətləndirirlər. Bu, bir də onu göstərir ki, bizim niyyətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları informasiya mənbələrinə çata bilsinlər. Yəni, müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın təbii hüququdur və Azərbaycan dövləti bu hüquqları təmin etməlidir.

Biz müasir, açıq, demokratik dövlət qururuq. Əlbəttə ki, belə olan halda ictimai nəzarət daha da güclü olmalıdır. İctimai nəzarət azad mətbuatsız mümkün deyildir. Bizim iqtisadi islahatlarımız siyasi islahatlarla tamamlanır. Bu istiqamətdə böyük addımlar atılır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm və tam əminəm ki, demokratikləşmə prosesi getmədən, siyasi islahatlar aparılmadan biz uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail ola bilmərik. İqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, zəngin təbii resurslarımız vardır, Azərbaycan iqtisadi sahədə tam şəkildə özünü təmin edir. Buna baxmayaraq, əgər siyasi islahatlar lazımi səviyyədə aparılmasa, uğurlarımız qısamüddətli ola bilər. Biz isə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını elə qurmaq istəyirik ki, onilliklər bundan sonra Azərbaycan güclənsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və Azərbaycan dünyada yerini daha da möhkəmləndirə bilsin. Bunun üçün siyasi islahatların aparılması mütləq vacibdir və biz bunu edirik.

Demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının xüsusi rolu vardır. Burada əyləşənlərin əksəriyyəti jurnalistlərdir. Əminəm ki, siz bunu hamıdan yaxşı bilirsiniz. Bayaq qeyd etdiyim kimi, Azərbaycanda azad mətbuatın tarixi o qədər də böyük deyildir, hesab edirəm ki, qısa müddət ərzində - 20 il ərzində Azərbaycanda güclü, müstəqil mətbuat formalaşıbdır. Əlbəttə ki, burada ilk növbədə, mən jurnalistlərin fəaliyyətini xüsusilə vurğulamalıyam. Onların fəaliyyətini, bəzən çətin şəraitdə olan fəaliyyətini yüksək qiymətləndirirəm. Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Mətbuat Şurası jurnalistlərlə dövlət qurumları arasındakı münasibətləri çox yaxşı tənzimləyir. Hesab edirəm ki, Azərbaycanda bu sahədə aparılan islahatlar və müsbət istiqamətdə inkişaf edən vəziyyət bunun əyani sübutudur. Mən hesab edirəm ki, bu münasibətlər - dövlət qurumları ilə mətbuat arasındakı münasibətlər daha da möhkəm olmalıdır və öz tərəfimdən çalışacağam ki, biz buna nail olaq.

Azərbaycanda bütün başqa sahələrdə olduğu kimi, siyasi islahatların aparılması bizim şüurlu seçimimizdir. Biz bu işləri şüurlu şəkildə edirik. Yəni hansısa beynəlxalq təşkilat qarşısında öhdəliyin yerinə yetirilməsi üçün etmirik. Biz beynəlxalq təşkilatlara da könüllü üzv olmuşuq, yəni, heç kim bizi məcbur etməyib. Biz istəyirik ki, Azərbaycanda mövcud olan meyarlar, standartlar dünyanın inkişaf etmiş ölkələrinin standartlarından geri qalmasın. Biz istəyirik ki, Azərbaycanda insanlar yaxşı yaşasınlar, Azərbaycanda güclü siyasi sistem formalaşsın, Azərbaycan iqtisadi sahədə daha da böyük uğurlara nail olsun, ölkəmizdə sosial proqramlar daha da sürətlə aparılsın və Azərbaycan çoxşaxəli şəkildə, hərtərəfli inkişaf etsin. Siyasi islahatların aparılması üçün bizdə həm güclü siyasi iradə var, həm də Azərbaycan cəmiyyəti buna hazırdır.

Baxmayaraq ki, əsrlər boyu biz başqa ictimai-siyasi quruluşlar çərçivəsində yaşamışdıq, Azərbaycanda demokratik proseslər getmirdi və gedə də bilməzdi. Sovet İttifaqı zamanında, yaxud da ondan əvvəlki dövrdə ictimai-siyasi quruluşumuz imkan vermirdi ki, Azərbaycanda demokratik proseslər aparılsın. Ancaq bu gün müstəqil dövlət kimi biz bu istiqamətdə, hesab edirəm ki, çox böyük nailiyyətlərə çata bilmişik. Bir daha demək istəyirəm ki, bu bizim strateji və şüurlu seçimimizdir.

Müstəqilliyimizi bərpa etdikdən sonra, əlbəttə ki, ölkə qarşısında müxtəlif istiqamətlərdə yollar açıq idi. Biz başqa yolla da gedə bilərdik. Ancaq ölkəmiz üçün həlledici məqamlarda, xüsusilə 1993-cü ildə Azərbaycan xalqının dəvəti ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin gələcək inkişaf istiqamətləri müəyyən edildi. İlk növbədə, konseptual çərçivələrdə Azərbaycan hansı yolla inkişaf etməlidir, Azərbaycan hansı seçimi etməlidir məsələləri öz həllini tapmışdır. Əgər bu prinsipial məsələlər həll olunmasaydı, gələcək inkişafımız başqa istiqamətdə də gedə bilərdi. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq dövlət quruculuğu işində öz strateji xəttinə sadiqdir. Bu günə qədər bu siyasət davam etdirilir. Bu gün Azərbaycanın reallıqları bir daha onu sübut edir ki, bu, ən düzgün seçim idi. Azərbaycanda demokratik dövlətin qurulması, bazar iqtisadiyyatının yaradılması, insan hüquqlarının qorunması, beynəlxalq aləmə inteqrasiya siyasətimiz, enerji resurslarından istifadə olunması və investisiyaların cəlb edilməsi məsələləri bir-biri ilə bağlı olan məsələlərdir.

Bazar iqtisadiyyatı prinsipləri ancaq azad rəqabət şəraitində öz nəticələrini verə bilər. Azad rəqabət isə ancaq demokratik şəraitdə mümkündür. Biz başqa ölkələrin təcrübəsini bilirik və tarixdən də öyrənmişik. Sovet İttifaqının mövcudluğu və süquta uğraması hamımızın yadındadır. Yəni biz elə etməliyik ki, ölkəmizin uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirək və onları təmin edək. Əgər bu gün Azərbaycanın inkişafına nəzər salsaq, görərik ki, bütün istiqamətlərdə ancaq müsbətə doğru tərəqqi vardır. Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır. Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub. Azərbaycan artıq postsovet ölkəsi deyildir. Bəzən bizə belə deyəndə, mən hesab edirəm ki, buna razı olmamalıyıq, çünki postsovet dövrü başa çatıb. Biz müstəqil, güclü, müasir, demokratik ölkəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunub. İqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır. Bununla bərabər, Azərbaycanda sosial proqramlar icra edilir və siyasətimiz sosial yönümlüdür. Nə bu, nə keçən böhran illərində Azərbaycan vətəndaşları böhranın acı nəticələrini hiss etmədilər. Bunun bir səbəbi vardır, o da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş siyasət aparılır. Biz yaxşı bilirik, iqtisadi sahədə hansı addımları atmalıyıq ki, ölkəmizin dayanıqlı inkişafını və eyni zamanda, sosial müdafiə sahəsində insanların rifah halını maksimum dərəcədə təmin edək.

Biz bu il və keçən il dünyada, Avropa qitəsində gedən prosesləri yaxşı bilirik. Mətbuatdan izləyirik, görürük meydana hansı problemlər, çətinliklər çıxır. Biz öz hesabımıza yaşayırıq. Məhz buna görə, biz böhranın acı fəsadlarını yaşamamışdıq, Azərbaycanın uğurlu inkişafını təmin etmişik.

Əlbəttə ki, siyasi sahədə aparılan islahatlar, xüsusi ilə bu il keçirilmiş parlament seçkiləri həm ölkəmizin vətəndaşlarına, həm dünya birliyinə bir daha Azərbaycanın uğurlu inkişafını açıq şəkildə göstərmişdir. Mən hesab edirəm ki, bu gün artıq yaranmış bu gözəl meyillər gələn illərdə davam etdiriləcəkdir. Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Biz bunu həm gündəlik həyatda, həm də beynəlxalq maliyyə qurumlarının hesabatlarında görürük. Ən önəmlisi ondan ibarətdir ki, biz gələcəyi də çox açıq-aydın görürük, hansı yolla inkişaf edəcəyik. Bəzi hallarda bu suallar verilir ki, Azərbaycan 10 ildən, 20 ildən sonra necə olacaq? Əlbəttə, qabağı görmək yüz faiz əminliklə mümkün deyildir. Amma hər halda bilirik ki, biz hansı yolla gedirik və hara gedirik. Mən heç şübhə etmirəm ki, 5 ildən, 10 ildən sonra və ondan sonrakı illərdə Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki bu gün ölkəmizdə yaranmış iqtisadi şərait, maddi resurslar, maliyyə resurslarımız, mövcud olan siyasi və ictimai sabitlik, xalqla iqtidar arasındakı birlik, Azərbaycanda təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll olunması bizə imkan verir və verəcək ki, bundan sonrakı illərdə də fəaliyyətimizi proqram çərçivəsində quraq və Azərbaycanı həm siyasi, həm regional, həm də iqtisadi risklərdən maksimum dərəcədə qoruyaq. Beləliklə, ölkəmizin uzunmüddətli uğurlu inkişaf strategiyasını müəyyən edək.

Bütün bunları deyərkən, eyni zamanda, onu da qeyd etməliyəm ki, ölkədə problemlər də vardır. Biz bu problemləri bilirik. Bu problemlərin həlli üçün çalışırıq. Həm iqtisadi, həm sosial, həm də siyasi sahədə. Azərbaycan iqtidarı siyasi mübarizənin aparılması qaydalarının təkmilləşdirilməsi sahəsində öz üzərinə düşən vəzifəni icra edir. Hesab edirəm ki, son illərdə bu sahədə də müsbət dəyişikliklər baş verib və biz bunları görürük. Azərbaycanda siyasi mübarizə əksər hallarda mədəni şəkildə aparılır. Siyasi sistem formalaşır. Siyasi münasibətlər normal müstəvidə həllini tapır. Hesab edirəm ki, bunlar ölkəmizin gələcək inkişafı üçün çox vacib amillərdir. Biz bu müsbət meyilləri gücləndirməliyik.

Azərbaycanda, əlbəttə ki, siyasi mübarizə aparılmalıdır və aparılır. Müxtəlif fikirli insanlar, partiyalar, ictimai qurumlar mövcuddur. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq diskussiyalar, müzakirələr, ədalətli tənqid sayəsində biz daha da böyük nəticələrə nail ola bilərik. Buna görə hesab edirəm ki, son illərdə bu sahədə müşahidə olunan irəliləyiş təqdirəlayiqdir. Deyə bilərəm ki, Azərbaycan dövləti və iqtidarı siyasi mübarizənin sivil, mədəni qaydalarla aparılması üçün bundan sonra da öz üzərinə düşən vəzifəni icra edəcəkdir.

Eyni zamanda, biz bu mübarizədə ədalətli olmalıyıq və Azərbaycanın ətrafında gedən prosesləri heç vaxt unutmamalıyıq. Müstəqillik böyük dəyərimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşamışdır. Bizdən əvvəlki nəsillər bu arzularla yaşamışlar, ancaq müstəqilliyi görmək onlara nəsib olmamışdır. Biz xoşbəxtik ki, müstəqilliyi görürük və nəinki görürük, müstəqilliyin güclənməsində fəal iştirak edirik. Bu, tarixi bir şansdır verilib Azərbaycan xalqına. Biz bu şansı itirməməliyik və əminəm ki, itirməyəcəyik. Biz müstəqilliyimizi hər gün gücləndiririk. Ona görə ölkədə gedən müsbət proseslərlə bərabər, əlbəttə ki, istəyirik ki, hüdudlarımızdan kənarda da əmin-amanlıq, sülh, əməkdaşlıq olsun. Biz qonşularımızla münasibətlərdə bu amilləri əsas götürmüşük. Qonşularla mehriban münasibətləri qurmaq bizim üçün prioritet məsələdir. Deyə bilərəm ki, buna nail ola bilmişik və bu münasibətlər bərabərhüquqlu, qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulmuş münasibətlərdir.

Ancaq, əlbəttə, onu da qeyd etməliyik ki, Azərbaycanın müstəqil ölkə kimi yaşamasının ilk illərindən, bəlkə ondan da əvvəl biz informasiya müharibəsi şəraitində yaşayırdıq. Ermənistan və bəlkə daha da çox erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini 1980-ci illərin sonlarından başlamışdır. Müstəqilliyin ilk illərində biz, deyə bilərəm ki, bu mübarizədə uduzmuşduq. O bəlkə də təbii idi. Çünki bizim belə xarici resurslarımız yox idi. Ölkə daxilində gedən xoşagəlməz proseslər, hakimiyyət uğrunda mübarizə, vətəndaş müharibəsi və s. problemlər, iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, biz beynəlxalq aləmdə istədiyimizə nail olaq. Ancaq bu gün mən tam əminliklə deyə bilərəm ki, Ermənistanla və xüsusilə erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. Onların son müddətdə müşahidə olunan çox əsəbi və isterik hərəkətləri onu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail ola bilmişik.

Əlbəttə ki, mən bu sahədə dövlət siyasəti ilə bərabər, media qurumlarının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Biz artıq Azərbaycan haqqında reallıqları dünya ictimaiyyətinə çatdıra bilirik. Bizim artıq mövcud olan mətbuat resurslarımız, Azərbaycanın dünyadakı dostlarının sayının artması buna imkan verir. Bilirsiniz ki, Azərbaycan indi enerji təhlükəsizliyi, regional təhlükəsizlik üçün çox önəmli ölkədir. Bəzi hallarda bizim fikrimiz, rəyimiz və addımlarımız həlledici xarakter daşıyır. Təsadüfi deyil ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyənlərin sayı artmaqdadır. Bu da bizim informasiya resurslarımızdır. Son illərdə onlarla səfirlik açılmışdır. Azərbaycanın dünyada əllidən yuxarı səfirliyi vardır. Bu da bizim informasiya resurslarımızdır. Diaspor təşkilatlarının formalaşması və Azərbaycan tərəfindən onlara dəstəyin verilməsi – bu da bizim resurslarımızdır. Dünyanın istənilən yerində bizim nümayəndələrimiz istənilən aksiyanı keçirə bilərlər və keçirirlər. Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var - həm intellektual, həm də maddi resurslarımız. Ona görə təsadüfi deyil ki, son illərdə biz artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik. Əlbəttə ki, bu, onları çox narahat edir və vaxt keçdikcə bu mübarizədə biz daha da böyük uğurlara nail olacağıq.

İnformasiya mübarizəsi indiki şəraitdə hesab edirəm ki, prioritet məsələlərdən biridir. Biz internet və qloballaşma dövründə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyildir. Bəzi hallarda bəzi dairələr, - onların adını çəkmək bəlkə də mənim üçün yaxşı olmaz, onsuz da onları hamımız yaxşı tanıyırıq, - Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparırlar. Bunun da səbəbi var və burada, əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir, halbuki bu kampaniyanın arxasında daha çox onların qulaqları görsənir. Ancaq bütövlükdə biz bilirik, kim nə üçün nəyi yazır, hansı məqsədlə və nə vaxt. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik, görürük və buna qarşı mübarizə aparmalıyıq.

Qeyd etməliyəm ki, Azərbaycana qarşı böhtan kampaniyasının da əsas səbəbi ondan ibarətdir ki, ölkəmiz müstəqil siyasət aparır, heç kimin qarşısında baş əymir, heç kimin sözü ilə oturub-durmur, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur. Əlbəttə, elə dairələr var ki, bizim belə açıq hərəkətlərimiz onların xoşuna gəlmir. Ölkə daxilində onların əlində rıçaqların olmaması onları bu çirkin yola getməyə sövq edir. Ancaq biz buna gərək soyuqqanlı yanaşaq. Bu, müasir mübarizənin - siyasi mübarizənin bir üsuludur. Biz emosiyaya qapılmamalıyıq. Ancaq biz öz yolumuzdan da dönməyəcəyik. Bütün bu böhtançı qüvvələrə ən yaxşı cavabımız öz strateji xəttimizə sədaqətimizdir. Azərbaycan bu yoldan dönməyəcək, Azərbaycana təzyiq etmək mümkün deyildir. Bütün təzyiq cəhdləri uğursuzluqla nəticələndi, bizə nə qədər çox təzyiq cəhdləri göstərilirsə, biz o qədər də mətin, dönməz, əyilməz və inadkar oluruq.

Azərbaycan müstəqil ölkədir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi hər şeydən üstündür və hamımız çalışmalıyıq ki, ölkəmizi qoruyaq. İstisna olunmur ki, gələcəkdə bizə qarşı təzyiqlər daha da güclənsin. Çünki ölkəmizin coğrafi vəziyyəti, bölgədə gedən proseslər, Azərbaycanın güclənməsi və qüdrətli, müasir dövlətə çevrilməsi, əlbəttə, hesab edirəm ki, gələcəkdə bu təzyiqlərin artmasına gətirib çıxara bilər.

Biz xarici tərəfdaşlarla həmişə çox səmimi siyasət aparmışıq. Həmişə çalışmışıq ki, bu münasibətləri dostluq, əməkdaşlıq zəminində quraq və bayaq qeyd etdiyim kimi, dünyadakı dostlarımızın sayı artır. Amma bizi istəməyən qüvvələr də vardır. Qeyd etdiyim kimi, bunun müxtəlif səbəbləri vardır. Bəziləri sadəcə olaraq, Azərbaycanın uğurları ilə barışa bilmirlər, gözəlləşən şəhərlərimizi görəndə paxıllıq, qısqanclıq edirlər. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Hələ ki, mən bu ifadəni işlədirəm. Əminəm ki, vaxt gələcək, biz deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Həm gözəllik, həm rahatlıq, həm şərait, həm təhlükəsizlik, həm iqlim, həm insanlarımızın xoşniyyətli olmaları, qonaqpərvərlik – bütün bunlar hər bir şəhəri, hər bir ölkəni fərqləndirən amillərdir. Biz çalışırıq ki, ölkəmizdə və şəhərlərimizdə çatışmayan cəhətləri aradan götürək, vəziyyəti yaxşılaşdıraq, insanların rahatlığı üçün əlavə tədbirlər görək.

Bir daha qayıdıram bugünkü mövzuya. Bu istiqamətdə mətbuatın rolu əvəzolunmazdır. Mən ədalətli tənqidin tərəfdarıyam. Çünki ədalətli, qərəzsiz tənqid hər bir hökumət, hər bir iqtidar üçün çox vacibdir. İndi biz, əlbəttə, vəziyyətə nəzarət edirik və bilirik ki, ölkədə nələr baş verir. Amma elə sahələr var ki, onlar diqqətdən yayınır və burada mətbuatın rolu həlledici olmalıdır. Mən bu rolu qiymətləndirirəm və ədalətli, lazımlı tənqidə çox dözümlüyəm. Əlbəttə ki, böhtan, iftira, təhqir – onlar yolverilməzdir. Qeyd etməliyəm ki, son illərdə Azərbaycan cəmiyyətində və bayaq qeyd etdiyim kimi, mətbuatda artıq bu cəhətlər azalır. Əminəm ki, getdikcə bu özünü daha da qabarıq şəkildə göstərəcək və Azərbaycanda bütün mübarizə qaydaları mədəni, sivil əsaslar üzərində qurulacaqdır.

Bu gün qeyd etməliyəm ki, jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir. Mən, sözün düzü, bu mükafatı gözləmirdim və sadəcə olaraq çalışırdım ki, öz fəaliyyətimlə ölkəmizin inkişafı üçün vacib olan bu sahəyə dəstəyimi verim. Mən bilirəm ki, jurnalistlərin məişət, mənzil problemləri vardır. Jurnalistlər biznesmen deyillər ki, özləri üçün bu şəraiti yarada bilsinlər. Jurnalistlər üçün mənzillərin, evlərin tikilməsi təşəbbüsünü irəli sürəndə heç gözləmirdim ki, - halbuki mən birbaşa bunu bu mükafatla bağlamıram, - mükafata layiq görüləcəyəm. Amma hesab edirəm ki, bu addımın da bu mükafatın mənə verilməsində rolu vardır, gərək biz hər şeyi açıq danışaq, mən bunu təmənnasız edirdim. Çünki bilirdim ki, bu, lazımdır. Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər. Biz bunu da bilirik. Ona görə jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır. Bu il imzaladığım Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait sadəcə olaraq birinci addımdır. Mən bu gün demək istəyirəm ki, bununla biz işimizi bitmiş hesab etmirik. Gələcəkdə buna bənzər addımlar atılacaq və yenə də deyirəm, tamamilə təmənnasız atılacaqdır. Mən o vaxt da jurnalistlər ictimaiyyətinə müraciət etdim və fikrimi söylədim ki, bu mənzillər bölünəndə medianın bütün istiqamətləri, necə deyərlər, bütün düşərgələri bundan bəhrələnə bilsinlər. Yəni, burada heç bir ayrı-seçkilik olmamalıdır və ədalət prinsipi əsas olmalıdır.

Bu il Mətbuat Şurasının üzvləri ilə görüşümdə mən Azərbaycanda jurnalistikanın, azad mətbuatın inkişafı ilə bağlı fikirlərimi çox səmimi söylədim. Bu gün də bəzi fikirlərimi sizinlə bölüşürəm. Bir daha demək istəyirəm ki, aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm.

Əziz dostlar, mənə verilən mükafata görə bu qərarın qəbul olunmasında iştirak etmiş bütün insanlara bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən bu adı – jurnalistlərin dostu adını yüksək qiymətləndirirəm. Mən çalışacağam ki, bu ada layiq olum və bundan sonra da Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edim.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. 2011-ci ildə hər birinizə xoşbəxtlik, cansağlığı, ailə səadəti arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06