Bakıda Heydər məscidinin açılışında İlham Əliyevin nitqi

26 dekabr 2014, 15:00
Bakıda Heydər məscidinin açılışında İlham Əliyevin nitqi

- Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri, hörmətli qonaqlar, mərasim iştirakçıları.

Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz Azərbaycanın ən böyük məscidi olan Heydər məscidinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadimlər, nümayəndələr gəlmişlər və bu mərasimdə iştirak edirlər. Eyni zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən onları səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib bugünkü mərasimdə iştirak etdiklərinə görə onlara minnətdaram. Onların bu mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini bir daha təsdiq edir.

İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq Sərəncam verilmişdir. 2012-ci ilin sentyabr ayında bu məscidin tikintisi başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq əsəri yaradılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam, işlərin gedişi ilə maraqlanmışam. Şadam ki, biz Heydər məscidinin tikintisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi genişləndirildi, yeni yollar salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib, ərazi abadlaşdırılıb, mərasim zalı tikilib.

Bu, doğrudan da tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir. Onun rəhbərliyi altında hələ sovet dövründə - 1970-1980-ci illərdə Azərbaycanda böyük inkişaf prosesi getmişdir. Azərbaycan qabaqcıl respublikaya çevrilmişdir. Məhz o illərdə yaradılan böyük sənaye potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət göstərir. O illərdə - sovet dövründə Ulu Öndər milli dəyərlərə böyük diqqət göstərirdi. Onun bu sahədəki fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilibdir. Heydər Əliyev öz xalqına həmişə çox bağlı olub və onun məşhur kəlamı - “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” bu gün hər bir azərbaycanlı üçün yol göstərir.

Müstəqillik dövründə Ulu Öndərin xalq qarşısında əvəzolunmaz xidmətləri olmuşdur. Hətta müstəqilliyə qədər olan dövrdə müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoymuşdur. Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir. Yəni, budur müstəqilliyə aparan yollarımız.

Azərbaycan xalqı Ulu Öndərə böyük etimad göstərərək onu özünə rəhbər seçəndən sonra ölkədə vəziyyət müsbətə doğru dəyişməyə başlamışdır. Biz o illəri yaxşı xatırlayırıq. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkəmizin, ümumiyyətlə, müstəqil ölkə kimi yaşaması sual altında idi. İqtisadi böhran, siyasi böhran, sənaye istehsalının tənəzzülü, demək olar ki, ölkə iflic vəziyyətinə düşmüşdü. Bundan əlavə, erməni işğalı, vətəndaş müharibəsi Azərbaycanı sarsıdırdı, dağıdırdı. Azərbaycan xalqı öz müdrikliyini bir daha göstərərək Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir və böyük dəstək göstərərək 1993-cü ildə Heydər Əliyevi Prezident vəzifəsinə seçmişdir.

Ondan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başlamışdır. Məhz Ulu Öndərin dünyagörüşü, baxışları, siyasi bacarığı sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bilmişdir. Onun qoyduğu strateji xətt bu gün də dəyişməz olaraq qalır. Ulu öndər Heydər Əliyev Azərbaycanın bütün istiqamətlər üzrə strateji hədəflərini müəyyən etmişdir. Biz bu hədəflərə çatmaq üçün bu gün də çalışırıq və bu yolda böyük uğurlara imza atmışıq.

Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdur. O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir.

Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdir. Yüzlərlə məscid təmir edilmişdir. Ulu Öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Yəni, o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol oynayır.

Bir sözlə, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Azərbaycan xalqı Ulu Öndərin xatirəsinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz - onun davamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da gücləndiririk, onun müəyyən etdiyi siyasi xətti davam etdiririk.

Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir. Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır. Bu birliyin təməlində xalq tərəfindən bizim siyasətimizə olan dəstək dayanır. Bizim siyasətimiz isə milli maraqlara söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.

Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata bilibdir. Bunu bütün mötəbər beynəlxalq qurumlar qeyd edir. İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanlara göstərilən diqqət, regionların inkişafı, bütün bunlar reallıqdır. Qeyd etdiyim kimi, bu gün bu məscidin açılışı mərasimində iştirak edən soydaşlarımız Azərbaycanın bütün rayonlarını təmsil edirlər. Onlar, orada yaşayan insanlar yaxşı görürlər ki, bu dəyişikliklər insanlara nə qədər yeni imkanlar açır, rahatlıq verir. İnfrastruktur layihələri, sosial layihələr, iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin aradan qaldırılması, bütün bunlar Azərbaycan reallıqlarıdır.

Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli inkişafını təmin edirik və beləliklə, Ulu Öndərin yoluna bir daha öz işimizlə, əməlimizlə sadiq olduğumuzu sübut edirik.

Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq nüfuzumuz gündən-günə möhkəmlənir. Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir.

Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir, ölkə daxilindəki problemlər öz həllini tapmaqdadır. Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq. Dəfələrlə demişəm, Ulu Öndərin adını daşıyan möhtəşəm məsciddə bir daha demək istəyirəm ki, Azərbaycan müstəqillik yolu ilə gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir. Mənim üçün Prezident kimi əsas vəzifə xalqın etimadını doğrultmaqdır, xalqa xidmət etməkdir. Mən bütün dövlət məmurlarını dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz hamımız - Prezident başda olmaqla xalqın xidmətçiləriyik. Budur bizim vəzifəmiz.

Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir.

Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz.

Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və dinlərarası münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.

Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin.

Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir.

Bir daha demək istəyirəm ki, biz Azərbaycanda bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə həll edirik. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.

Mən bir daha Sizi və bütün Azərbaycan xalqını bu tarixi hadisə - Heydər məscidinin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu bayramlar münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Azərbaycan xalqına rifah, sülh, tərəqqi arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06