Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi
14 yanvar 2011, 13:03
Bu gün biz 2010-cu ilin sosial-iqtisadi yekunlarını və 2011-ci ildə ölkəmizin əsas inkişaf istiqamətlərini müzakirə edəcəyik. Bütövlükdə deyə bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır.
Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki, Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü.
Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır.
Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.
2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. Bu da çox böyük rəqəmdir, investisiyaların strukturu da çox ümidverici və müsbətdir. Daxili investisiyalar xarici investisiyaları üstələyir. Artıq birinci il deyil ki, bu belədir. Bu onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır və dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il də ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır. Biz elə etməliyik ki, bu investisiyalar daha da böyük rəqəmlərlə ölçülsün və beləliklə, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.
2010-cu ildə bütün sosial proqramlar icra edildi. Qeyd etdiyim kimi, minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Çünki hələ də ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun səviyyəsi aşağı düşür, ancaq biz elə etməliyik ki, çətinlik çəkənlər üçün də dövlət öz qayğısını əsirgəməsin.
Sosial infrastrukturun yaradılmasında böyük işlər görülmüşdür. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında, sosialyönümlü layihələr nəzərdə tutulacaqdır.
Regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır. Bizim ixracdan asılılığımız azalır. Biz artıq qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı artıq başqa ölkələrdə nümayiş etdiririk. Bu il həmin siyasət daha da sürətlə aparılmalıdır.
Bir sözlə, regionların inkişafı artıq reallıqdır və regionlarda yaradılan müasir infrastruktur, - tikilən səhiyyə ocaqları, məktəblər, çəkilən yollar, qaz xətləri, indi böyük su layihələri də həyata keçirilməyə başlanmışdır, - dövlət tərəfindən, özəl sektor tərəfindən regionlara qoyulan sərmayədir. 2011-ci ildə də bu proseslər davam etdiriləcəkdir.
Bizim iqtisadiyyatımız üçün əsas olan sektorda - neft-qaz sektorunda keçən il bütün planlar yerinə yetirildi. 51 milyon ton neft hasil edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı və ixracı daha da artmalıdır. Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən böyük qaz yatağı aşkar edilmişdir. “Ümid” yatağı bizim qaz potensialımıza əlavə həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və gələn il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm daha da artacaqdır.
Keçən il nəqliyyat sektoruna böyük investisiyalar qoyulmuşdur. Azərbaycanda bu da artıq ənənəvi mənzərədir. Bu sektor ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. Avtomobil yolları tikilir, yeni təyyarələr alınır. Ələtdə böyük beynəlxalq ticarət limanının təməli qoyulmuşdur, gəmiqayırma zavodunun tikintisinə başlamışıq. Yəni bütün bunlar böyük sərmayə tələb edən layihələrdir. Ancaq biz bunu edirik və gələcəkdə edəcəyik ki, Azərbaycanda bizim coğrafi vəziyyətimizə uyğun, müasir və güclü nəqliyyat infrastrukturu yaradılsın. Demək olar ki, nəzərdə tutduğumuz layihələr içində əsas layihələr ya reallaşıb, ya da artıq onların icrasına başlanmışdır. Növbəti illərdə o layihələrin icrası və başa çatdırılması nəticəsində biz nəqliyyat sektorunda demək olar, bütün məsələləri həll edəcəyik. Bütün magistral, şəhərlərarası yollarda işlər gedir, bəzilərində başa çatıbdır. Dəniz nəqliyyatının inkişafı üçün tankerlər, quru yük gəmiləri alınır. Biz gələcəkdə Azərbaycandan artıq bu gəmiləri ixrac edəcəyik. Dəmir yolunun inkişafı üçün proqram icra edilir. Hava nəqliyyatını mən qeyd etdim, bizim kifayət qədər müasir təyyarə parkımız var və bu park ancaq ən yüksək keyfiyyətə malik təyyarələrdən ibarətdir. Beynəlxalq aeroportlar tikilibdir. Yəni demək istəyirəm ki, bu sahədə işlərin böyük hissəsi görülübdür.
2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdiriləcəkdir. Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülmüşdür və indi üç ölkənin birgə səyləri nəticəsində bu layihəni uğurla icra edirik. Qarşıdakı illərdə bütün işlər başa çatdırılmalıdır və bu, bizim növbəti böyük uğurumuz olacaqdır.
2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Mən çox şadam ki, “Ekologiya ili” çərçivəsində həm dövlət tərəfindən böyük işlər görüldü, həm də özəl sektor bu işlərə qoşuldu. Ən sevindirici hal isə ondan ibarətdir ki, ölkə əhalisi də bu təşəbbüsə qoşularaq, ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz dəyərli töhfələrini vermişdir. 6 milyondan artıq ağac əkilmişdir. Bu proses bu il də davam etdiriləcəkdir. Mən hesab edirəm ki, biz bu tempi azaltmamalıyıq. Ekoloji vəziyyətin yaxşılaşdırılması ölkəmizin uğurlu inkişafı üçün, əhalinin sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyır.
Ekoloji tədbirlər ancaq ağac əkməklə bitmir, məhdudlaşmır. Çaylar boyunca yerləşən kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində artıq 300 min Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilibdir. Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilibdir. Yaxın vaxtlarda yəqin ki, bir-iki aydan sonra bu kəmər tam gücü ilə işləyəcək və beləliklə, Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin olunması üçün əlavə böyük imkanlar yaranacaqdır. Kəmərin tikintisi sırf sosial xarakter daşıyır. Bu, kommersiya layihəsi deyil, lakin ona böyük vəsait qoyulubdur. Ancaq biz bunu etməliydik. Çünki Azərbaycan vətəndaşları ən yüksək şəraitdə yaşamalıdırlar. Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq olunmalıdır. Bizim gördüyümüz işlər məhz bu səviyyədə aparılır. Azərbaycanda istifadəyə verilmiş səhiyyə ocaqları - orada ən qabaqcıl avadanlıqlar quraşdırılır. Biz dünyanın aparıcı, inkişaf etmiş ölkələrinin ən qabaqcıl klinikalarında olan avadanlığı, aparatları gətiririk. Biz Azərbaycana ən keyfiyyətli malları gətirməliyik. Azərbaycan vətəndaşları buna layiqdirlər. Biz ölkəmizi müasirləşdiririk və dünyada gedən texnoloji tərəqqiyə gərək həmişə diqqətlə yanaşaq. Ölkəmizə ən qabaqcıl texnologiyaları gətirək ki, Azərbaycanda bütün işlər yüksək səviyyədə görülsün. Beləliklə, görülən bu işlər nəticəsində həm insanlar üçün yaxşı şərait yaradılır, həm də ölkə daha da güclənir. Əminəm ki, bizim uğurlu inkişafımız gələcək illərdə də yüksək templərlə davam edəcəkdir.
Mən deyə bilərəm ki, biz 2010-cu ildə bütün başqa istiqamətlərdə də böyük uğurlara nail ola bilmişik. 2010-cu ildə ölkədə heç bir ciddi problem olmamışdır. Baxmayaraq ki, təbiət də bizi sınağa çəkdi. 2010-cu ildə sellər və daşqınlar nəticəsində on minlərlə hektar torpaqlarımızda subasma halları baş vermişdi, 70 min hektardan çox ərazini su basmış, minlərlə ev uçmuş, yararsız vəziyyətə düşmüşdü. Ancaq görülən operativ və çevik tədbirlər nəticəsində biz ona nail ola bildik ki, bir nəfər də həlak olmadı. Bütün insanlar vaxtında təhlükəsiz yerlərə köçürüldülər. Onların müvəqqəti məskunlaşdığı yerlərdə bütün şərait yaradılmışdı. Tezliklə, hava şəraiti imkan verən kimi təmir-bərpa işlərinə başlamışdıq. Deyə bilərəm ki, 4-5 ay ərzində minlərlə ev tikildi, təmir olundu. İlin sonuna olan məlumata görə, 3 mindən artıq ev təmir edilmiş, 1500 ev yenidən tikilmişdir, təxminən 700-800 evin tikintisi isə davam edir. Bu onu göstərir ki, biz bütün çətin hallara da hazırıq. Bizdə həm texniki imkanlar, həm peşəkar kadrlar, həm də maliyyə vəsaiti var. Onu da deməliyəm ki, bütün bu işləri biz öz hesabımıza görmüşük, heç kimdən yardım istəməmişik. Yəni biz özümüzə arxalanırıq. Bunu etmək üçün, əlbəttə ki, bizim güclü iqtisadi potensialımız olmalıdır.
Azərbaycan artıq bu bölgədə mühüm regional amilə çevrilibdir. Bizim imkanlarımız artır və növbəti illərdə daha da artacaqdır. Deməliyəm ki, 2010-cu ildə bizim valyuta ehtiyatlarımız da artmışdır. Baxmayaraq ki, bəzi ölkələrdə valyuta ehtiyatları aşağı düşmüşdür, çünki həmin ölkələr sosial məsələlərin həlli üçün ondan istifadə etmişdir. Bizim isə valyuta ehtiyatlarımız artır. İlin sonuna olan məlumata görə, valyuta ehtiyatlarımız 29,1 milyard dollar təşkil edirdi. Dünən mənə verilən məlumata görə, artıq bu rəqəm 29,4 milyard dollara çatmışdır. Yəni təkcə on gün ərzində bizim vəsaitimiz nə qədər artır. Əlbəttə, növbəti illərdə bu, daha da artacaqdır.
Yəni biz artıq həm Azərbaycanda, həm də başqa ölkələrdə istənilən infrastruktur və sərmayə layihəsini icra edə bilərik, edirik. Artıq Azərbaycan şirkətləri xaricə də vəsait qoyur. Hesab edirəm ki, bu, ölkə iqtisadiyyatı və gələcək planlarımızın həyata keçirilməsi üçün vacib amillərdir.
Əfsuslar olsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar nə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələnin həlli üçün Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaqdır.
Biz çalışacağıq ki, 2011-ci ildə öz mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur. Dünən Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının və Avropa İttifaqının mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Yəni məsələnin həlli üçün beynəlxalq çərçivələr budur və o, yalnız bu çərçivələr daxilində öz həllini tapa bilər. Heç bir başqa variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz öz həllini tapmalıdır.
Digər tərəfdən, o da heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün bəlkə də bir neçə saat lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də biz artıq xarici bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalı başlanmalıdır.
2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Onun böyük hissəsi yenə də silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir.
Mən hesab edirəm ki, 2011-ci ildə ölkə qarşısında elə bir ciddi problem gözləmək lazım deyil. 2011-ci ildə həm iqtisadi, həm sosial məsələlərin, həm də beynəlxalq məsələlərin həllində, hesab edirəm ki, heç bir problemimiz olmayacaqdır. Biz 2010-cu ildə beynəlxalq müstəvidə də uğurlu siyasət aparmışıq. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm ikitərəfli müstəvidə çoxsaylı görüşlər olmuşdur. Bakıda yüksək, bir neçə beynəlxalq səviyyəli zirvə görüşü keçirilmişdir. Qonşu ölkələrlə münasibətlərimiz daha da güclənmişdir. Yəni beynəlxalq vəziyyət və bölgədə mövcud olan vəziyyət müsbətdir. Azərbaycan bölgədə əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfəsini verir. Bir daha demək istəyirəm ki, Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan bölgədə gedən proseslərə təsiri artmaqda olan ölkədir. Elə etməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin.