XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında İlham Əliyevin nitqi

02 iyun 2015, 12:10
XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Qonaqlara Azərbaycana “Xoş gəlmisiniz” deyirəm.

Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu sərginin ölkəmizin həyatında çox böyük rolu vardır.

Birinci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc müstəqil dövlət idi. Məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa başlanmışdır.

Müstəqilliyimiz 1991-ci ildə bərpa edilmişdir. Ancaq 1991-1993-cü illərdə vəziyyət çox ağır idi, ölkəmizi böhran bürümüşdü - həm siyasi, həm iqtisadi, həm hərbi böhran. İqtisadiyyat iflic vəziyyətində idi və sənaye istehsalında, o cümlədən neft hasilatında tənəzzül müşahidə edilirdi. Ona görə, 1994-cü ildə birinci sərginin keçirilməsi Azərbaycanı dünyaya təqdim etdi, tanıtdı.

Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar 22 il ərzində bu sərgini təşkil edir, Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir və bizimlə bərabər tərəfdaşlıq şəraitində fəal işləyirlər ki, Azərbaycan daha da sürətlə inkişaf etsin.

Artıq qeyd olundu ki, sərgidə 300-dən çox şirkət iştirak edir. Bu, onu göstərir ki, baxmayaraq, birinci sərgidən 22 il ötür, sərgiyə maraq azalmır və beləliklə, Azərbaycan dünyaya öz imkanlarını təqdim etməyə davam edir.

1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir.

1994-cü ilin sentyabr ayında tarixi müqavilə - “Əsrin kontraktı” imzalanmışdır və bu, ölkəmizə böyük həcmdə xarici sərmayənin yatırılmasına gətirib çıxarmışdır. Əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, indi ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı.

O illərdə xarici investorlar bizə inandılar. Baxmayaraq ki, Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda, imzalanmış bütün kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması bu uğurlu əməkdaşlığımızın əsas şərti idi. Həm investorların, həm dövlətin, həm də Azərbaycan xalqının maraqları üst-üstə düşürdü. Məhz bu gözəl əməkdaşlıq ruhu bu gün Azərbaycanın, nəinki neft-qaz sektorunda, bütün başqa sahələrdə uğurlu inkişafını təmin edir. Neft-qaz sahəsində xarici tərəfdaşlarla qazandığımız təcrübə bizə imkan verir ki, başqa sahələrdə də investisiyaları cəlb edək, xarici şirkətlərlə uğurla əməkdaşlıq edək və ölkəmizin şaxələndirilmiş inkişafını təmin edək.

“Əsrin müqaviləsi” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. “Cənub” qaz dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə olunan uğurlar bugünkü reallığı mümkün etmişdir. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə Beynəlxalq konsorsiumla müqavilə bağlanmışdır. O vaxt dünyanın neft-qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi.

“Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və onun işlənilməsi bu gün “Cənub” qaz dəhlizinin əsas resurs bazasını təmin edir. O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edilmişdir. Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq başqa sahələrdə də özünü büruzə verməyə başlamışdır. Bu gün məhz bu dəhliz vasitəsilə böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilir. Əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq, bu, mümkün olmaya bilərdi.

Beləliklə, 1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi. Bu kəmərlər imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin. Biz bu valyuta ehtiyatlarımızdan səmərəli istifadə edərək, onları ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik. İnsanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmiş, 300 faiz artmışdır. Eyni zamanda, ölkə qarşısında duran infrastruktur layihələri icra edilmiş, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda neft amili təxminən cəmi 30 faiz təşkil edir. Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq.

Bütün bunların təməlində əlbəttə ki, ölkəmizə 1990-cı, 2000-ci illərdə qoyulan böyük sərmayədir. Beləliklə, bu gün biz iqtisadi sahədə neft amilindən daha da az asılı vəziyyətdəyik. Məhz buna görə bu il iqtisadiyyatımız 5 faizdən çox artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın azalmışdır. Yəni, ölkəmizin şaxələndirilmiş şəkildə inkişafı, iqtisadiyyatımızın dayanıqlılığı artıq reallıqdır. Bu gün bizim qarşımızda duran əsas vəzifələr əlbəttə ki, neft-qaz sektoru ilə bağlı deyil. Əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, hələ icra edilməmiş böyük infrastruktur layihələrini icra etmək və beləliklə, uzunmüddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdır. Bununla bərabər, əlbəttə, enerji sektorunda qarşımızda duran ciddi vəzifələr təbii ki, öz həllini tapacaq. Çünki bunun çox böyük əsası var. Bir daha demək istəyirəm, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq bu gün onu göstərir ki, Azərbaycanın xarici tərəfdaşları ilə əməkdaşlığı çox sağlam zəmində qurulub. Burada mən SOCAR-bp əlaqələrini xüsusi qeyd etmək istəyirəm. bp bizim əsas tərəfdaşımızdır, ən böyük sərmayə yatıran şirkətdir. bp həm “Əsrin kontraktı”nın icrasında, həm də “Şahdəniz” layihəsində aparıcı xarici investordur, tərəfdaşdır. Digər layihələr üzrə SOCAR-bp əməkdaşlığı davam edir və bu əməkdaşlığın artıq 20 ildən çox tarixi vardır.

SOCAR-bp əməkdaşlığı bundan sonra onilliklər ərzində davam edəcək. Bu, həm dövlətimiz, həm də xarici tərəfdaşlar üçün fayda gətirir. Bax, Azərbaycanda belə gözəl mühit yaranmışdır. Bütün xarici sərmayələr layiqincə qorunur. Bildiyiniz kimi, bütün neft-qaz kontraktları parlament tərəfindən təsdiq edilir və qanun qüvvəsinə minir. Bu, əlbəttə ki, investorlarda bizə inamı daha da artırır.

Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Şahdəniz” qaz, “Azəri-Çıraq” neft yataqlarının işlənilməsi – bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir. Bununla bərabər, “Cənub” qaz dəhlizinin icrası prosesi də başlamışdır. Bu da tarixi hadisədir. Qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir. Bildiyiniz kimi, Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu uzun illərdir ki, müzakirə mövzusu idi və Azərbaycan bu müzakirələrdə iştirak edirdi. Ancaq görəndə ki, bu müzakirələr konkret nəticəyə gətirib çıxarmır, biz öz təşəbbüsümüzü irəli sürmüşük və 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP qaz kəməri layihəsi haqqında müqavilə imzalanmışdır. Ondan sonra proseslər daha da sürətlə getməyə başlamışdır. Trans-Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu kimi seçilmişdir və “Cənub” qaz dəhlizinin icrası başlamışdır. “Şahdəniz-2” layihəsinə start verilmişdir.

Bütün bu nailiyyətləri biz son üç il ərzində əldə edə bilmişik. Mən xatırlayıram, keçən il, düz bir il bundan əvvəl sərgidə çıxış edərkən demişdim ki, əminəm, gələn sərgidə biz yeni uğurlar haqqında xalqımıza hesabat verəcəyik. Həqiqətən bu, belədir.

Baxın, keçən XXI sərgidən ötən dövr ərzində “Cənub” qaz dəhlizinin Bakıda, Səngəçal terminalında təntənəli şəkildə təməli qoyuldu, özü də sentyabrın 20-də, “Əsrin kontraktı”nın imzalandığı bir gündə. Bu, özlüyündə böyük rəmzi məna daşıyan bir hadisə idi. Ondan sonra Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının birinci iclası keçirilmişdir. “Cənub” qaz dəhlizində iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti və digər məsul şəxslər bu tədbirdə iştirak etmişlər.

Mart ayında biz Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verdik. Baxın, bütün bu hadisələr son bir il ərzində, yəni, keçən sərgidən sonra ötən dövr ərzində baş vermişdir. “Cənub” qaz dəhlizi artıq reallıqdır və icra edilir. Əminəm ki, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi işləri, - əslində bu, yeni kəmərin tikintisi deməkdir, - və 3 ildən sonra istifadəyə veriləcək TANAP layihəsinin icrası vaxtında yerinə yetiriləcək. Beləliklə, Azərbaycan “Şahdəniz-2”-dən qazı həm Gürcüstana, həm Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidirlər. Çünki bu, bizim ümumi işimizdir. Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda keçirilmiş “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının müzakirələri və qəbul edilmiş mətbuata bəyanat onu göstərir ki, iştirak edən bütün tərəflər öz məsuliyyətini dərk edirlər. O bəyanatda Azərbaycanın rəhbər rolu, yəni, xüsusi rolu qeyd edilmişdir.

Ona görə, hesab edirəm ki, bu layihənin icrası zamanı əlaqələndirmə işlərinə daha böyük ehtiyac var. Mən bunu Məşvərət Şurasının iclasında da demişəm. Bu layihəni həyata keçirmək üçün qarşılıqlı inam mütləq yüksək səviyyədə olmalıdır. İştirak edən bütün ölkələr bir nöqtəyə vurmalıdır və burada heç kim əlavə imtiyaz əldə etmək istəməməlidir. Çünki burada hər şey göz qabağındadır. Bütün kontraktlar imzalanmışdır və bu qlobal layihədə iştirak edən bütün tərəflər, şirkətlər, ölkələr böyük xeyir götürəcəklər. Əlbəttə ki, biz indi yeni bir əməkdaşlıq formatına başlayırıq. Əvvəlki dövrlərdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı yaranmışdır və biz çox böyük səmərə ilə işləyirik. Bütün layihələri üç qardaş ölkə sıx əməkdaşlıq şəraitində icra etmişdir. İndi isə format daha da genişlənir və buraya yeni oyunçular daxil olunur. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub” qaz dəhlizinin üzvləridir. Eyni zamanda, bir neçə Balkan ölkəsinin “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı memorandumlar imzalanmışdır. Yəni, görün bizim dairəmiz nə qədər genişlənir. Bir tərəfdən bu, böyük üstünlükdür. Digər tərəfdən əlbəttə ki, müəyyən mərhələlərdə bəzi məsələlər ortaya çıxa bilər. Bütün bu məsələlər gərək dostluq və qarşılıqlı anlaşma şəraitində müzakirə olunsun və həll edilsin. Bir daha demək istəyirəm ki, bizim qarşımızda heç bir süni maneə olmamalıdır və əminəm, olmayacaq. Belə olan halda biz TAP layihəsini də vaxtında icra edəcəyik. Beləliklə, Azərbaycan qazı Avropa məkanına nəql edilməyə başlanacaqdır. Bu da tarixi hadisə olacaq, həm bizim üçün, - çünki biz çox böyük qaz bazarına çıxış əldə edəcəyik, - həm də Avropa istehlakçıları üçün. Çünki onlar üçün də alternativ mənbədən böyük həcmdə və artan templə qaz daxil olacaqdır.

“Cənub” qaz dəhlizinin üstünlüyü ondan ibarətdir ki, burada yeni qaz mənbəyindən söhbət gedir. Marşrutların şaxələndirilməsi əlbəttə ki, vacib məsələdir. Hər bir ölkə çalışır ki, çoxşaxəli kəmərlər şəbəkəsi olsun, o cümlədən Azərbaycan. Çünki bizim hazırda 7 neft-qaz kəmərimiz var və beləliklə, biz heç bir istiqamətdən 100 faiz asılı deyilik. Təbii, istehlakçılar da istəyirlər ki, onlara çatacaq enerji resursları müxtəlif yollarla gəlsin. Ona görə, marşrutların şaxələndirilməsi əlbəttə, enerji təhlükəsizliyini gücləndirir. Ancaq əgər mənbənin şaxələndirilməsi yoxdursa, bu, o qədər də böyük əhəmiyyət daşımır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, qaz Avropaya həm yeni marşrutla nəql ediləcək, eyni zamanda, bu qaz yeni mənbədən hasil olunacaqdır və bu mənbə çox böyükdür. “Cənub” qaz dəhlizinin hazırda yeganə resurs bazası olan “Şahdəniz” yatağı 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları hazırda 2,6 trilyon kubmetrdir və əminəm ki, bu, son rəqəm deyil. Bu rəqəm artacaq, çünki hazırda bir çox yataqlarda qiymətləndirmə işləri gedir. Bir neçə yataqda kəşfiyyat işləri aparılır və əminəm ki, bizim təsdiq edilmiş qaz resurslarımız daha da böyük olacaq.

Ona görə, enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, marşrutların, mənbələrin şaxələndirilməsindən söhbət gedir. Burada Azərbaycanın çox nadir rolu var və bu rol layiqincə qiymətləndirilir. Hələ 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Memorandum imzalanmışdır. Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər onu göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir və müvafiq sənədlərdə Azərbaycanın adı xüsusi qeyd olunur. Biz əlbəttə ki, öz rolumuzu yaxşı bilirik, eyni zamanda, öz məsuliyyətimizi də dərk edirik. Ona görə, Azərbaycan özünü Avropa üçün etibarlı tərəfdaş kimi göstərir. Gələcəkdə enerji sahəsində görüləcək işlər Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələri daha da yüksək səviyyəyə qaldıracaqdır. Bizim niyyətimiz ondan ibarətdir ki, strateji tərəfdaşlıq formatı təşkil edilsin. Ondan sonra hər bir tərəf uzunmüddətli strategiyanı müəyyən edə bilər və əlbəttə ki, bütün məsələlər ciddi əlaqələndirmə şəklində öz həllini tapa bilər.

Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək.

Bununla bərabər, dediyim kimi, biz iqtisadi sahədə islahatlar aparırıq. Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Bütün iqtisadi göstəricilərimiz ən yüksək səviyyədədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə 38-ci yerdədir. Xarici borc cəmi 10 faiz, işsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulumuzun 75 faizini, bəlkə də ondan da çox hissəsini təşkil edir. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını təmin edir. Bu ilin 4 ayında iqtisadiyyat 5,3 faiz artmışdır. Qeyri-neft sektorumuz isə təxminən 7 faiz artmışdır.

Azərbaycan böyük, mötəbər beynəlxalq tədbirlər də keçirir. On gündən sonra tarixdə ilk dəfə olaraq məhz Azərbaycanda, Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Bu, tarixi hadisədir və cəmi 2 il ərzində biz bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində biz Olimpiya Oyunları səviyyəsində keçiriləcək Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, baxmayaraq, biz müstəqil ölkə kimi gəncik, amma artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik və bu yer möhkəm yerdir.

Mən sərginin iştirakçılarına uğurlar arzulayıram. Sərgini təşkil edən şəxslərə bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, sərgi müvəffəqiyyətlə keçəcək və bizim beynəlxalq şirkətlərlə tərəfdaşlığımız uğurla davam edəcəkdir. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06