Azərbaycan-Çexiya biznes forumunda İlham Əliyevin nitqi

16 sentyabr 2015, 12:50
Azərbaycan-Çexiya biznes forumunda İlham Əliyevin nitqi

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Biznes forum iştirakçıları.

Sizi bir daha Azərbaycanda salamlamaq istərdim. Dünən cənab Prezidentlə bizim ikitərəfli münasibətlərimiz barədə çox geniş müzakirələrimiz və fikir mübadiləsi oldu. İkitərəfli münasibətlərimizin inkişafı çox müsbət və dinamikdir. Əlaqələrimiz iki ölkənin maraqlarına xidmət edir. Bu cür müsbət inkişaf sayəsində biz Çex Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığımızın bütün sahələrini, o cümlədən iqtisadi əlaqələrimizi əhatə edən strateji tərəfdaşlıq haqqında birgə Bəyannaməni imzaladıq.

Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsi ölkələr arasında mümkün ən yüksək səviyyədir. Fikrimcə, bu, iqtisadi münasibətlərin və işgüzar dairələr arasında təmasların daha fəal şəkildə inkişaf etdirilməsi üçün möhkəm zəmindir. Hesab edirəm ki, işgüzar dairələrimizin biznes fəaliyyətini əlaqələndirmək üçün iqtisadi sahədəki işlərə aid mühüm məsələlərlə məşğul olan birgə hökumətlərarası iqtisadi komissiya kimi səmərəli mexanizmə malikik.

Bu tədbir biznesmenlərimiz arasında keçirilən ilk biznes forum deyil. Lakin bu biznes forumda hər iki Prezident ölkələrimizin iş adamlarını daha fəal şəkildə əməkdaşlıq etməyə həvəsləndirəcək. İqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur.

Dünən cənab Prezidentlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlər zamanı artıq hansı işlərin görüldüyünü və gələcək planlarımızı müzakirə etdik. Biz Çex Respublikası banklarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirakından çox məmnunuq. Bu layihələr bizə öz infrastrukturumuzu müasirləşdirməyə imkan yaradır. Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaş kimi maliyyə öhdəliklərini tam yerinə yetirir. Fikrimcə, bu, həmçinin münasibətlərimizdə yaxşı göstəricidir və biz bir-birimizə etimad göstərə bilərik. Artıq sınaqdan keçmişik.

Hesab edirəm ki, gələn illər ərzində əməkdaşlığın ənənəvi sahələrinə diqqət yetirəcəyik və yeni sahələri müəyyən edəcəyik. Mən əməkdaşlığın ənənəvi sahələri arasında daşımalar sektorunu qeyd etmək istərdim. Çünki biz coğrafi mövqeyimizdən mümkün qədər geniş şəkildə istifadə olunması üçün Azərbaycanda daşımalar infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırırıq. Hazırda Şərq-Qərb dəmir yolu dəhlizinin tamamlanması mərhələsindəyik. Həmçinin Çex Respublikası banklarının dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinin son mərhələsindəyik. Bu layihə Azərbaycan və digər ölkələr vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və yeni daşımalar dəhlizini açacaq. Bu, Bakıda yeni Beynəlxalq Dəniz Limanının və Xəzər dənizinin şərq sahilində oxşar məkanların tikintisi ilə eyni zamanda baş tutacaq. Bununla olduqca etibarlı, iqtisadi baxımdan sərfəli daşımalar marşrutlarını yaradacağıq.

Dünən mən qonağımıza, həmçinin Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub dəhlizi haqqında məlumat verdim. Şimal-Cənub dəhlizi milyonlarla ton əlavə yükün Azərbaycan və qonşu ölkələr vasitəsilə daşınmasını mümkün edəcək. Bu isə, fikrimcə, Asiyada, bizim bölgəmizdə və Avropada bütün iştirakçılar üçün faydalıdır. Mən Çexiya maliyyə təsisatlarını bu layihəyə sərmayə qoymaq və maliyyə dəstəyi göstərmək üzərində ciddi düşünməyə dəvət edirəm.

Hesab edirəm ki, yeni addımlar atılacaq digər əməkdaşlıq sahəsi enerji sektorudur. Bu gün biz artıq çox fəal şəkildə işləyirik. Azərbaycan Çex Respublikasının olduqca etibarlı neft təchizatçısıdır. Bildiyimiz qədər, ölkənizdə neft istehlakının təxminən üçdəbir hissəsi Azərbaycan tərəfindən təmin edilir. Biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq.

Eyni zamanda, Azərbaycan artıq Avropanın qaz bazarında mühüm iştirakçıya çevrilməkdədir. Azərbaycan tərəfindən irəli sürülmüş “Cənub Qaz Dəhlizi” layihəsi hazırda, fikrimcə, Avropada gələcək bir neçə il ərzində ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən biridir. Bu layihədə Azərbaycan investor, podratçı və layihənin təşkilatçısı kimi geniş şəkildə iştirak edir. Bunun sayəsində, biz hasil edə biləcəyimiz qədər qazı ixrac edə biləcəyik və Avropa istehlakçılarına təchizat marşrutlarını şaxələndirməkdə yardım edəcəyik. Bu vəziyyətdən biz - hasilatçılar, tranzit haqlarından geniş şəkildə fayda götürəcək tranzit ölkələr və alternativ marşrutlara malik olacaq istehlakçılar, yəni bütün tərəflər udur. Enerji təhlükəsizliyi və digər sahələrdə alternativin olması istənilən halda yaxşıdır.

Azərbaycan hazırda Avropa üçün mövcud olan yeganə yeni qaz mənbəyidir. Bütün digər potensial təchizatçıları da tanıyırıq. Lakin digər təchizatçılara gəldikdə, təchizatın mümkünlüyü hələ də çox aydın deyil. Bizə gəldikdə isə artıq bəzi qonşularınızla qazın satışı ilə bağlı müqavilə də imzalamışıq. Azərbaycanın nəhəng qaz ehtiyatlarını, yəni ölkəmizin təsdiqlənmiş 2.6 trilyon kubmetrlik qaz ehtiyatlarını nəzərə alsaq, bu layihə gələn onilliklər üçün kifayət edəcək layihədir.

Fikrimcə, bu layihənin icrasında biz Çexiya şirkətləri ilə əməkdaşlıq yollarını müəyyən edə bilərik və eyni zamanda, müəyyən mərhələdə biz Çex Respublikasına təchizat məsələlərini də nəzərdən keçirə bilərik. Çünki Azərbaycan təbii resurslarını təchiz edəcək ölkələrin coğrafiyasını da genişləndirə bilər.

Əlbəttə, Azərbaycanda daha çox Çexiya şirkətlərini investor kimi görmək istərdik. Ölkəmizdə yaxşı sərmayə mühiti var və xarici sərmayələr qanunvericiliyimizlə lazımi şəkildə qorunur. Ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılmışdır. Onların təqribən 30-35 faizi birbaşa xarici sərmayələrdir. Hətta iqtisadi böhranın ağır illərində ölkədə çox yüksək xarici sərmayə səviyyəsini görürük. Xarici şirkətlər bizə etimad göstərir, bizi tanıyırlar. Biz etibarlı tərəfdaşıq və hər zaman öhdəliklərimizi yerinə yetiririk. Sərmayə mühiti çox müsbətdir.

Bundan əlavə, Azərbaycan iqtisadiyyatı dünyanın 40 ən rəqabətcil iqtisadiyyatlardan biridir. Davos Dünya İqtisadi Forumunun hesablamalarında qlobal rəqabətə davamlılıq indeksinə görə, biz 38-ci yerdəyik. Bu nəticəni biz qısa müddət ərzində əldə etmişik. Müstəqilliyimizi bərpa etdiyimiz vaxt iqtisadiyyat 100 faiz dövlət sektorunda formalaşırdı. Hazırda iqtisadiyyatın, ümumi daxili məhsulun 80 faizindən çoxu özəl sektor tərəfindən təmin edilir.

Fikrimcə, şirkətləriniz üçün kənd təsərrüfatı sahəsi cəlbedici ola bilər. Çünki ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri, o cümlədən geniş qonşu bazarlara asan çıxış kənd təsərrüfatı sahəsində sərmayə qoymaq və birgə müəssisə qurmaq baxımından Azərbaycanı maraqlı məkana çevirir. Hesab edirəm ki, bu imkan da nəzərdən keçirilə bilər.

Son bir neçə il ərzində biz müasir yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq. Artıq kosmos sənayesini yaratmışıq. İki peykimiz var. Biri telekommunikasiya sahəsində “Azerspace”, digəri isə, müşahidə işində “Azerisky” peykləridir. Bir sözlə ölkədə kosmik sənaye də inkişaf edir. Elmi təsisatlarımız səviyyəsində də birgə fəal iş apara və əməkdaşlığımızı daha da genişləndirə bilərik.

Azərbaycanda ümumi iqtisadi vəziyyətə gəldikdə, durum sabitdir. Bu ilin ilk 8 ayı ərzində, iqtisadiyyat 4 faizdən çox artmışdır. Qeyri-enerji sektorunda artım 7 faizdən çox olmuşdur. Birbaşa xarici borcun səviyyəsi çox aşağıdır və təxminən 10 faizdən bir az çoxdur. Bütün bunlar sərmayələrin cəlb edilməsində və müxtəlif şirkətlərlə əməkdaşlıq qurulmasında çox müsbət elementlərdir.

Dünən biz Azərbaycan şirkətlərinin Çex Respublikasına sərmayə yatırmaq imkanlarını da müzakirə etdik. Sizin ölkə sərmayələr baxımından çox cəlbedicidir və inkişaf edib. Ölkəniz güclü sənaye potensialına və iqtisadi sabitliyə malikdir. Bildiyimizə görə, bir çox Avropa ölkələrində çətin iqtisadi və maliyyə vəziyyəti inkişafınıza mənfi təsir göstərməyib. Rəhbərliyinizi bu nailiyyətlərə görə təbrik etmək istərdim.

Hesab edirəm, ölkələrimiz öz bölgələrində nümayiş etdirirlər ki, güclü siyasi iradə, yalnız milli maraqlara əsaslanan müstəqil xarici siyasət və çox düşünülmüş iqtisadi siyasət ilə biz uğurları əldə edə bilərik və hətta çətin vaxtlarda da iqtisadi sabitliyi qoruyub saxlaya bilərik. Çünki, təsəvvür edin, neftin qiymətlərinin iki dəfədən çox aşağı düşməsi bizim üçün ciddi çağırışdır. Bu il üçün büdcəmiz qəbul edilən zaman, neftin qiyməti bir barrelə 90 dollar səviyyəsində hesablanmışdı. Lakin indi və ya dünən qiymət 46 dollar olmuşdur. Aydındır ki, gözlədiyimiz gəlirləri almadıq. Amma şaxələndirmə sayəsində və ümumi daxili məhsulun 70 faizinin qeyri-enerji sektorunda istehsal olunması nəticəsində sabitliyi qoruyub saxlaya bildik, bütün sosial proqramları həyata keçirdik və sərmayələri hələ də davam etdiririk.

Başqa sözlə, mən işgüzar dairələrimiz arasındakı əməkdaşlığa çox nikbin baxıram. Birincisi, güclü siyasi dəstək var. Bunu bu gün biz nümayiş etdiririk. İkincisi, əməkdaşlıq sahəsində artıq çox müsbət təcrübə var. Üçüncüsü isə, iqtisadiyyat və işgüzar qruplarımızın potensialı çox böyükdür və biz yeni əməkdaşlıq sahələrini tapmaq üçün hər şeyi etməliyik. Əminəm ki, bu biznes forum bu istiqamətdə çox mühüm addım olacaq. 

Cənab Prezident, Sizə və bütün qonaqlara bir daha “Xoş gəlmişsiniz” deyirəm! Əminəm ki, Azərbaycana səfərinizdən məmnun olacaqsınız. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06