Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə İlham Əliyevin nitqi

21 iyul 2015, 12:20
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə İlham Əliyevin nitqi

- Hörmətli Mətbuat Şurasının üzvləri.

Sizi səmimiyyətlə salamlayıram. Sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu – 200-ə yaxın mətbuat işçisi mənim sərəncamlarımla orden, medal və fəxri adlarla təltif olundu. Onları da təbrik edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 

Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. 

Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki Şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çata bilmişdir. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası iqtidarla mətbuat arasında bir körpü idi. Mətbuat Şurası bu funksiyanı bu gün də uğurla icra edir. 

Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur. Çünki bu, fikrimcə, sadəcə olaraq mətbuatla bağlı olan məsələ deyil. Bu, ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə sığmırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və senzura ləğv edilmişdi. Bəzi hallarda təhqirlərə, yalanlara rast gəlinirdi. 

Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur. Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik. 

Ona görə, mən bir daha öz fikrimi bildirmək istəyirəm. Demək istəyirəm ki, Mətbuat Şurasının çox böyük funksiyası var. Mən bunu yüksək qiymətləndirirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 

O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir. 

Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin.

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir. 

Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər. 

Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə biz sözün əsl mənasında müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarıdır. Bu maraqlar bizim üçün hər şeydən üstündür. Həmçinin milli dəyərlərimiz də bizim üçün hər şeydən üstündür.

Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.

Müstəqilliyimizin ilk illərində bizə bəzən elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə gərək Azərbaycanda da tətbiq olunsun. Bizim təsəvvürümüz belə idi ki, ən mütərəqqi təcrübə oradadır, ən azad cəmiyyət orada formalaşıbdır. Ancaq illər keçdikcə biz görürük ki, heç də hər zaman belə deyil. O cümlədən yəqin ki, mətbuatla bağlı olan fikirlər indi sizdə də, məndə də var. Görürük ki, Qərb ölkələrində hər hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətin olur. Biz bunu istər ölkələrin daxili siyasəti ilə, daha çox isə xarici siyasətlə bağlı əyani şəkildə görürük. Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq. 

Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir.

Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq. 

Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq. 

Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik. 

Mən burada Azərbaycanın beynəlxalq mövqeləri haqqında məsələyə də toxunmaq istəyirəm. Əlbəttə, dövlət öz siyasətini aparır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər belə olmasaydı bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzv seçməzdi. 

Bununla bərabər, siz onu da yaxşı görür və bilirsiniz ki, Azərbaycana qarşı beynəlxalq mediada ədalətsiz kampaniya aparılır. Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur. Hər bir ölkədə qüsurlar, çatışmayan cəhətlər və sair var. Biz özümüz onları yaxşı bilirik və həll etməyə çalışırıq. Ancaq ümumi regional kontekstdən Azərbaycanı seçib hədəfə çevirmək, əlbəttə ki, ikili standartlar və anti-Azərbaycan siyasətinin əlamətidir. Xüsusilə, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da ciddi formalar alır və bizə qarşı əlaqələndirilmiş şəkildə hücumlar təşkil edilir. Biz bunu Avropa Oyunları ərəfəsində bir daha gördük və bu, mənim üçün sürpriz deyildi. Əksinə, bu, belə olmasaydı mənim üçün sürpriz ola bilərdi. Bunun müxtəlif səbəbləri var. Siz də bunları yaxşı bilirsiniz. Həm Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən etməyə çalışır. 

Erməni lobbisinin bizə qarşı fəaliyyəti. Əlbəttə, bu da öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar bizi hədəf seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm. Bu, erməni xalqına aid deyil. Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət çəkir. Bu rejim erməni xalqını elə pis vəziyyətə qoyub ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq. Ancaq erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq. 

Onu da qeyd etməliyəm ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcəkdir. Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur. 

Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik. 

Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı internetdən əldə edənlərin sayı daha da artacaq. 

Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıbdır və bu, indi bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında əsas tezis məhz bundan ibarətdir. Yenə də Qarabağ mövzusudur, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, biz Azərbaycanı dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzərimizə düşür və həm özümüz bunu etməliyik. Xarici media resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik. 

Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu yaşamışdır. 

Məsələnin hüquqi tərəfi Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Postsovet məkanında olan heç bir başqa münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Yəni, bu, məsələnin həlli üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan ibarətdir və bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka kimi bu bölgədə xarici ianələr hesabına fəaliyyət göstərir. 

Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər. Amma əslində o, bölgədə nökərlik edir. Əgər erməni xalqının seçimi budursa, biz heç nə deyə bilmərik. Amma inanmıram ki, erməni xalqı müstəqillik arzuları ilə yaşadığı dövrdə bax bu müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi nədir? İşğalçı siyasətdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, əlbəttə ki, erməni xalqı da real müstəqilliyə qovuşa bilərdi. 

Bir sözlə, hesab edirəm ki, xarici media məkanında bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə aparılmalıdır - münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı həqiqətlər. Biz bunları çatdırmalıyıq. Biz istəyirik ki, bizi daha da yaxşı tanısınlar. Avropa Oyunları zamanı bizə bəziləri irad tuturdular ki, Azərbaycan bu Oyunları özünü tanıtmaq üçün keçirir. Burada heç bir qəbahət yoxdur. Hər bir ölkə istəyir ki, özünü təqdim etsin. İnkişaf etmiş ölkələr istəmirmi? Əlbəttə istəyir. İstəməsəydilər, onlar da buna bənzər oyunları keçirməzdilər. Bu, bizim təbii istəyimizdir. Biz istəyirik ki, bizi tanısınlar, görsünlər necə inkişaf edirik. Görsünlər ki, cəmi 24 il ərzində biz nələr əldə etmişik, nələr yaratmışıq. Kənardan heç bir yardım almadan, heç bir himayədar olmadan bunları özümüz yaratmışıq. Hələ Qarabağ münaqişəsi ola-ola. Ona görə, biz çalışacağıq bundan sonra da Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilsin. Azərbaycan təqdimatları keçirilsin ki, xaricdə bizi daha da yaxından tanısınlar, daha da çox hörmət etsinlər, bizimlə daha da çox hesablaşsınlar. Belə olan halda, bizim maraqlarımız daha da böyük dərəcədə təmin ediləcək. 

Hesab edirəm ki, bizim cəmiyyətimizdə bu məsələlərlə bağlı çox müsbət proseslər gedir. Bir daha qeyd etmək istəyirəm ki, cəmiyyətimiz vahid maraqlar, xalqımız milli ideyalar ətrafında birləşib. Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər. Sizi bir daha salamlayıram, təbrik edirəm və sizə gələcək uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06