Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə İlham Əliyevin nitqi

06 oktyabr 2015, 19:00
Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə İlham Əliyevin nitqi

Ucar rayonunda olmağımdan çox məmnunam. Şadam ki, Ucar rayonu uğurla, sürətlə inkişaf edir. Bir neçə il bundan əvvəl burada bir sıra açılışda iştirak etmişəm, o cümlədən Heydər Əliyev Mərkəzinin açılışında. O vaxtdan bu günə qədər rayon çox sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır, binalar tikilir, parklar salınır. Bu, məni çox sevindirir. Çünki mən çox istəyirəm ki, Azərbaycanın hər bir rayonu abad, gözəl olsun, şəhərlər gözəlləşsin, insanlar üçün bütün lazımi şərait yaradılsın. Şadam ki, Ucar rayonunun siması sürətlə dəyişir və gözəlləşir.

Eyni zamanda, rayonun bütün sosial və infrastruktur layihələri də uğurla icra edilir. Onların arasında, əlbəttə, içməli su layihəsi birinci yerdədir. Çünki təmiz içməli su insan sağlamlığı üçün əsas şərtdir. Bildiyiniz kimi, içməli su və kanalizasiya layihələrinin icrası ölkəmizdə çox geniş vüsət almışdır. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, hər bir şəhərimizin içməli su və kanalizasiya problemi həll olunsun. Artıq bir müddətdir ki, Ucar şəhərinin içməli su problemi öz həllini tapıb. Gözəl, təmiz su mənbəyindən su verilir. Mənə verilən məlumata görə, bütün evlərin su təminatı artıq təşkil edilibdir. Bu, böyük tarixi nailiyyətdir. Çünki Azərbaycanda bütün dövrlərdə içməli su problemi çox ciddi problem olaraq qalmışdır. Sovet dövründə müəyyən işlər görülmüşdür. Ancaq biz bu məsələni tam şəkildə həll edə bilməmişdik. Siz də yaxşı bilirsiniz ki, vaxtilə fasilələrlə, sutkada bir neçə saat su verilirdi, ya verilmirdi. İndi isə bu problem aradan götürülüb. Əminəm ki, 2-3 il ərzində bütün başqa rayonlarda da bu məsələ öz həllini tapacaq. Çünki bir çox rayonlarda artıq bu, həll olunubdur. Ucar rayonunda təkcə şəhərə deyil, eyni zamanda, 15 yaşayış məntəqəsinə də, kəndlərə də su verilir. Kanalizasiya layihəsi isə 2017-ci ildə başa çatacaq və beləliklə, bu məsələ tamamilə aradan götürüləcəkdir.

Digər infrastruktur layihələri icra edilir. Bu ilin sonuna qədər qazlaşdırma tam şəkildə təmin ediləcəkdir, təxminən 90 faizə çatacaqdır. Bu da böyük nailiyyətdir. Çünki əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi, hətta rayon mərkəzinin özü qazsız qalmışdı. Bu gün isə demək olar ki, bütün kəndlərə qaz xətləri çəkilir və bu da böyük nailiyyətdir. Çünki bu, həm insanlara rahatlıq verir, həm də qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir.

Elektrik enerjisi layihələri, xüsusilə “Azərişıq” təşkil olunandan sonra daha da sürətlə aparılır. Kənd yolları tikilir. İndi Bakı-Ucar magistral yolu tikilir, az hissəsi - Kürdəmir-Ucar hissəsi qalıb ki, o da yaxın zamanlarda başa çatacaq. Göyçay-Ucar avtomobil yolu bu gün istifadəyə veriləcək.

Ucar rayonunda sosial obyektlər yaradılır, Gənclər Mərkəzi tikilib, parklar salınır. Yəni, Azərbaycan belə inkişaf etməlidir, hər bir yerdə quruculuq, abadlıq aparılmalı və sosial inkişaf olmalıdır. Sosial sahə insanları ən çox maraqlandıran və bəzi hallarda narahat edən bir sahədir. Bu gün yeni Rayon Mərkəzi Xəstəxanasının açılışını da qeyd etdik. Xəstəxana göz oxşayır, ən yüksək dünya standartlarına cavab verir. Burada şərait də, avadanlıq da ən yüksək səviyyədədir.

Bax, bizim yanaşmamız bundan ibarətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün əlbəttə ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.

Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.

Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi.

Bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.

Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.

Bax, Ucar rayonunda içməli su problemi həll olundu. Qazlaşdırma bu ilin sonuna qədər demək olar ki, tam həll olunacaqdır. Kənd yolları tikilibdir. Ancaq hələ ki, ehtiyac var, yenə də tikiləcək. Çoxmənzilli binaların təmiri əlbəttə ki, təşkil edilməlidir. Biz bu məqsədlə əlavə tədbirlər görəcəyik. Sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Yeni müəssisələr yaradılmalıdır. İnfrastruktur layihələri başa çatandan sonra bizim diqqət mərkəzində olan əsas məsələlər kənd təsərrüfatı, sənaye istehsalıdır.

Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir.

Əminəm ki, Ucar rayonu bundan sonra daha da gözəlləşəcək. Çünki siz burada belə gözəl şərait yaratmısınız. Mən buna çox sevinirəm. Mən son dəfə burada 2011-ci ildə olmuşam, çox böyük dəyişikliklər var. Dəyişikliklər münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06