Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında İlham Əliyevin nitqi
04 noyabr 2015, 13:30
Sabahınız xeyir olsun.
Mən sizi səmimiyyətlə salamlayıram. Zaqatalada yenidən olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi Zaqatalaya yeddinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Zaqatala rayonunun inkişafına, burada gedən işlərə çox böyük diqqət və dəstək verilir.
Bu gün Zaqatala üçün çox əlamətdar bir gündür. Gözəl bina – Heydər Əliyev Mərkəzi açılır. Yadımdadır ki, iki il bundan əvvəl elə bu yerdə bu binanın təməl daşını qoyduq və indi biz bunun açılışına toplaşmışıq. Doğrudan da həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl binadır. Ulu Öndərin adına yaraşan bir binadır.
Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar, fotoşəkillər nümayiş etdirilir. Eyni zamanda, burada bir çox dərnəklər və studiyalar da var. Yəni, bu Mərkəzin çox böyük mənası var, funksional tərəfi çox gözəldir, müasirdir. Əminəm ki, Zaqatala sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.
Zaqatalanın inkişafı ilə bağlı xüsusi tədbirlər görülür. Rayonda infrastruktur layihələrinin icrası uğurla gedir. Sənaye potensialı möhkəmlənir, güclənir. Bir sözlə, bu gün Zaqatala müasir şəhərdir. Əminəm ki, şəhərin və rayonun gələcək inkişafı da müsbət olacaqdır. Çünki biz çalışırıq ki, ilk növbədə əsas infrastruktur layihələrini icra edək. İki il bundan əvvəl Zaqatalanın içməli su problemi həllini tapmışdır. Bu gün bu layihələr ölkəmizdə geniş vüsət almışdır. Ancaq Zaqatala ilk rayonlardandır ki, içməli su problemi şəhərdə və bir neçə kənddə öz həllini tapmışdır. İndi şəhərə fasiləsiz içməli su verilir və bu, əlbəttə ki, insanların normal yaşaması üçün çox önəmli bir hadisədir.
Qazlaşdırma ilə bağlı işlər gedir. Şəhər demək olar ki, tam qazlaşdırılıbdır. Kəndlərdə hələ ki, görüləcək işlər var. Ancaq Zaqatalanın relyefini nəzərə alsaq görərik ki, burada hər bir kəndə qaz çəkmək o qədər də asan məsələ deyil. Buna baxmayaraq, Dövlət Neft Şirkətinə göstəriş verilmişdir ki, kəndləri maksimum dərəcədə, mümkün qədər qazlaşdırsın və bu problem də öz həllini tapsın.
Kənd yollarının tikintisi aparılır. Bu gün bir kənd yolunun rəsmi açılışı oldu. Eyni zamanda, digər layihələr var. Bilirəm ki, hələ kənd yollarının tikintisinə böyük ehtiyac var. Gələcək illərdə bu məsələlər də imkan daxilində öz həllini tapacaq.
Belə gözəl memarlıq abidələri yaradılır. Bu gün biz Müəllimlər İnstitutunun filialının açılışını qeyd edəcəyik. Məktəblər, uşaq bağçaları tikilir. Əlbəttə, mən istərdim ki, işlər daha da sürətlə getsin. Ancaq bildiyiniz kimi, imkan daxilində bütün bu işləri görürük, özü də hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda.
Zaqatala aeroportunun yenidən qurulması və zolağın uzadılması prosesi başa çatandan sonra bu aeroport beynəlxalq status alacaqdır. Ümumiyyətlə, Zaqatala aeroportunun inşa edilməsi mənim təşəbbüsüm idi və aeroport tikildi. İndi isə qarşıya vəzifə qoyulubdur ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr buraya enə bilsin. Belə olan halda həm beynəlxalq uçuşlar həyata keçiriləcək, həm də turistlərin axını daha da artacaq.
Zaqatalanın çox gözəl təbiəti var, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxili turizm inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər vardır.
Ölkəmizdə bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Baxmayaraq ki, bu gün dünyada hələ də böhran davam edir. Əslində, dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi bu böhrana siyasi və hərbi böhran əlavə olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında, Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.
Ancaq indiki şəraitdə buna daha da böyük diqqət göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilmişdir. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib.
Bu, doğrudan da böyük nailiyyətdir, böyük uğurumuzdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir. Biz də çalışmalıyıq ki, bundan sonra da xalqın etimadını doğruldaq, ölkəmizdə aparılan prosesləri sürətləndirək ki, bir dənə də olsun sosial və iqtisadi problem qalmasın.
Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Bütün beynəlxalq qurumlar bunu təsdiqləyir. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkələri də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə yüksək mükafatla təltif etmişdir.
Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq.
Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərmişdir. Əgər 30 min iş yeri bağlanıbsa, 67 min iş yeri açılıbdır.
Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq – sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılmışdır, mənim tərəfimdən Sərəncam imzalanmışdır, qanun qəbul edilmişdir ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.
Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artmışdır. Əlbəttə ki, bu, görülən işlər nəticəsində mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi mühit daimi olsun. Əminəm ki, belə də olacaq.
Bir çox beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərirlər. Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmamışdır və biz bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir. Azərbaycanda isə bu sahədə mövcud olan vəziyyət, ilk növbədə, ölkəmizi gücləndirir, digər tərəfdən başqa ölkələrə də yol göstərir ki, bu, mümkündür - birgə yaşamaq, bir-birinə dəstək olmaq, bir-birinin dininə, adət-ənənələrinə, milli dəyərlərinə hörmət etmək mümkündür.
Baxın, bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur. Xarici müdaxilə nəticəsində onların ölkələri darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itirdilər, milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar. Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən.
Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər.
Biz Azərbaycanda multikulturalizm dəyərlərini təbliğ edirik. Biz müxtəlif forumlar, konfranslar, beynəlxalq tədbirlər keçiririk və sübut edirik ki, bir yerdə yaşamaq mümkündür. Azərbaycanın timsalında bunu hər kəs görə bilər.
Ancaq bu gün biz görürük ki, dini zəmində qarşıdurma daha da böyük problemlərə gətirib çıxara bilər. Biz də bunu bilməliyik. Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik. Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq reallıqdır, ancaq acı reallıqdır. Ona görə biz bundan sonra da ancaq daxili resurslar hesabına yaşamalıyıq.
Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizim işimizə də heç kim qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir.
Hesab edirəm ki, Azərbaycan xalqı bu gün öz milli ləyaqətini qoruya bilir, bunu sübut edib. Bizim gücümüz xalqla iqtidar arasındakı birliyimizdədir. Ona görə də dünyada gedən acınacaqlı proseslərə baxmayaraq, biz Azərbaycanda inkişaf görürük. Yeni binalar, yeni sənaye müəssisələri tikilir, insanlar rahat yaşayır, seçkilər gözəl şəraitdə keçirilir. Bax, budur Azərbaycanın uğurlu inkişaf modeli. Mən əminəm ki, biz gələcəkdə də bu uğurlu yolla gedəcəyik.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.