Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

10 yanvar 2016, 12:40
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. 

Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq.

Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik.

Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır. Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır.

Eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir. Çünki dövlət investisiyaları təbii ki, dövlət tərəfindən qoyulur. Burada yerli və mərkəzi icra orqanlarının fəaliyyəti o qədər də önəmli deyil. Ancaq əlbəttə ki, mərkəzi və yerli dövlət qurumları özəl xarici və yerli investisiyaları cəlb etməyə çalışmalıdırlar.

Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunurdu. Bunun da təbii səbəbləri var idi. Biz çalışırdıq ki, əsas infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və buna nail ola bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri icra edilibdir. Elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət qədər böyükdür, qazlaşdırma uğurla aparılır, içməli su layihələri, yolların tikintisi. Yəni, Dövlət Neft Fondunun transfertlərinin məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki illərdə apardığımız siyasət davam etdirilə bilməz. Neft Fondundan dövlət büdcəsinə transfertlər bu il azalır və biz gələcəkdə də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir.

Vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır.

Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax, biz bu üç istiqamət üzrə fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır.

2016-cı ilin Dövlət İnvestisiya Proqramı yaxın günlərdə mənə təqdim edilməlidir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapacaqdır. Həmçinin dövlət sərmayəsi ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulmalıdır.

Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar.

Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.

Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır.

Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.

Deyə bilərəm ki, bütövlükdə son illər ərzində apardığımız islahatlar öz nəticəsini verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da böyük nailiyyətdir. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bu, doğrudan da çox böyük nailiyyətdir. Ancaq biz daha da səmərəli işləməliyik və hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Ötən il çox ciddi addımlar atılmışdır. Burada bu, səsləndi. Lisenziyaların sayı azaldılıb. İcazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Bu il də bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır. Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq.

Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilmişdir. 5 min 240 sahibkara güzəştli kreditlər verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik. Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazım olan sahələri inkişaf etdirməliyik ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli məhsulları yetişdirək. Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burada büdcə yükü o qədər də böyük olmayacaq. Olsa da yenə də bu çox önəmli və öz səmərəsini verən sahədir.

Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək.

İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun.

Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır. 

Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi artıq bildirdim. Bu, bizdən asılı olan məsələ deyildi. Bir daha demək istəyirəm ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, qonşu ölkələrdə milli valyutaların devalvasiyası bu addımı qaçılmaz etmişdir. Bizim vəzifəmiz bu vəziyyətdən minimum itkilərlə çıxmaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini tapmalıdır.

Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub.

Keçən il “Kənd təsərrüfatı ili” idi. Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax, bu vəziyyəti şərtləndirir. Bu islahatlar daha da dərinləşməlidir. Belə olan halda biz özümüzü ərzaq məhsulları ilə tam, yəni, 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir.

İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir.

Nəzərə alsaq ki, keçən il meliorasiya işləri ilə bağlı çox ciddi addımlar atılmışdır, biz yararsız torpaqları dövriyyəyə buraxmalıyıq və minlərlə, on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq. Artıq o torpaqlarda suvarma işləri təmin edilir və məhsuldarlığı, əkin sahələrini artırmalıyıq. Beləliklə, əminəm ki, biz bu il də kənd təsərrüfatında böyük artıma nail ola biləcəyik.

Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri öz əksini tapacaq. Onların içində içməli su layihələrini xüsusilə qeyd etmək istərdim. Çünki indi Azərbaycanda qazlaşdırma təxminən 90 faizə çatmışdır. Çox gözəl göstəricidir. “Azərişıq” indi bölgələrdə fəal iş aparır. Mən də bölgələrdə olarkən, vəziyyətlə maraqlanarkən yerli nümayəndələr, vətəndaşlar bildirirlər ki, son vaxtlar bölgələrdə elektrik enerjisi ilə təchizat daha da yaxşılaşdı. Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə, kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək.

Keçən il 300 subartezian quyusu qazılmışdır. Bu da çox önəmli infrastruktur layihəsidir. Eyni zamanda, keçən il 60-a yaxın kənddə, bu günə qədər isə 384 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Çaylar boyu yerləşən bu kəndlərdə insanlar təmiz içməli sudan qıtlıq çəkirdilər. Ümumiyyətlə, son illər ərzində 625 min nəfər bu yolla təmiz içməli su ilə təmin edilib.

Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki müşavirələrdə də öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək. Çünki artıq neçə vaxtdır ki, biz bu barədə danışırıq, işlər gedir, amma hələ nəticələr yoxdur. Burada mərkəzi icra orqanları, bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə, yerli icra orqanları da fəal işləməlidirlər. Onlar bunu təşkil etməlidirlər, yerlər ayırmalıdırlar, şərait yaratmalıdırlar. Onların işi bundan ibarətdir. Ona görə, hesab edirəm ki, bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?

Bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur, turizm infrastrukturu yaradılır. Kim bunu yaradır? Dövlət və özəl şirkətlər. Amma yerlərdə onlar daha fəal işləməlidirlər. Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər. Yəni, onlar da nəticə çıxarsınlar. Dövlət onsuz da öz siyasətini aparacaq və lazımi sərmayəni qoyacaq. Ancaq mən əminəm ki, bizim bütün rayonlarımız daha səmərəli işləyə bilərlər və daha da yaxşı nəticələr olacaqdır.

Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə, hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq.

Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.

Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır.

İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır. Bu sektorun çox böyük potensialı var. Bu sahədə inkişaf müşahidə olunur. Ancaq bu sektorda da tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir. Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək. Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq.

İnformasiya-kommunikasiya texnologiyaları sektoru inkişaf etməlidir, xarici şirkətlər də buna maraq göstərirlər. İndi Azərbaycanda kompyuter istehsalı başlanır. Bu da çox müsbət haldır və bizim intellektual potensialımızı göstərir. Eyni zamanda, onu göstərir ki, xarici firmalar buna maraq göstərirlər. Burada tam şəffaflıq yaradılmalıdır.

Biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Dövlət artıq kifayət qədər böyük işlər görübdür. Biz dövlət hesabına “Şahdağ” kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada otellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci otel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, o bölgəni – şimal bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. Budur məqsəd. Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə, turizm üçün bütün başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim belə zonalarımız var. “Şahdağ” mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib. İndi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik. Bütün süni əngəllər aradan götürülür. Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür ki, Bakıya, Azərbaycana səyahət etmək istəyən xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin.

Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Keçən ilin sonunda ciddi addımlar atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılmışdır. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir. Vahid taarif siyasəti aparılır və aparılmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edildi. Azərbaycan təklif etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid taarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun. Çünki əgər biz sadəcə olaraq burada taarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılmışdır. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilmişdir. Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən keçən yoldur. İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib. Eyni zamanda, ictimaiyyət yaxşı bilir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Türkiyənin böyük tır maşınlarının Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşdi. Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu, güzəştlər edildi və bu gün bu istiqamətdə də dəhliz işləyir. Biz buna daha da hazır olmalıyıq və Xəzər sahilinin şərqində yerləşən infrastruktur da əlbəttə ki, buna daha hazır olmalıdır. Ancaq bu, bizim üçün yeni imkanlar yaradır. Çünki bu gün biz tranzit potensialımızdan istənilən səviyyədə istifadə etmirik. Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir yolu, liman, - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır. Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq. Yəni, bir daha demək istəyirəm ki, son vaxtlar sürətli inkişafımız bəzi hallarda bu məsələlərə diqqətimizi azaltmışdır. Çünki biz neftdən gələn gəlirləri çalışırdıq ki, tezliklə lazım olan sahələrə yönəldək. Dövlət bütün yükü öz üzərinə götürmüşdür. Ona görə, bəzi dövlət qurumları, şirkətlər passiv fəaliyyət aparırdılar, təşəbbüs göstərmirdilər. Hər ilin sonunda daha çox sifariş edirdilər ki, mənə filan qədər vəsait ayırın, mən burada yol tikəcəyəm, bunu tikəcəyəm, onu tikəcəyəm. Birincisi, tikinti ilə bağlı. Burada da yeni qaydalar tətbiq edilməlidir. Açıq tenderlər elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər bu və ya digər layihəni icra etməlidir. Çünki bizdə adət olub, dəmir yolu çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin. Nəyə görə? Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin.

Bizdə su xətlərini “Azərsu” çəkir. Birincisi, o qədər böyük layihələri icra etmək üçün onlarda texniki imkan yoxdur. Burada da müxtəlif şirkətlər cəlb edilməlidir. Belə olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra edəcəyik. Həmçinin yolların tikintisi. Bizim bir qurumumuz var ki, yollar tikir. Açıq olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin olunmalıdır. Xahiş edirəm, hökumət buna çox ciddi nəzarət etsin.

Nəqliyyat dəhlizlərinə gəldikdə, bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir. Orada qalan hissə 8 kilometrdir. Bu il bu, tikilməlidir. İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək. Ona görə, bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır.

Keçən il şəhər nəqliyyatının tənzimlənməsi üçün lazımi tədbirlər görülüb. Ölkəmizə yeni müasir avtobuslar gətirilib. Yeni marşrutlar açılıb. Yeni idarəetmə qaydaları tətbiq edilir. Şəhər nəqliyyatı vahid bir sistem olmalıdır, inteqrasiya edilmiş sistem. Burada da biz sadəcə olaraq inkişaf etmiş şəhərlərin təcrübəsini tətbiq etməliyik. Metro, avtobus, digər vasitələr vahid sistem şəbəkəsinə qoşulmalıdır. Müvafiq göstərişlər verilmişdir. Yeni qurum yaradılmışdır. Tezliklə bu qurumun işi təşkil edilməlidir ki, şəhər nəqliyyatı Bakıda ən yüksək standartlara cavab versin. İndi bizim texniki vasitələrimiz var, müasir avtobuslar alınıb, yenə də almaq lazımdır. Sistem elə olmalıdır ki, yollar, dayanacaqlar, işıqforlar, metro, avtobus vahid sistem kimi işləməlidir. Bakıdan çəkilən yeni yollar bax bu ümumi siyasətin tərkib hissəsi olmalıdır.

Biz Bakıda son vaxtlar şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün çox böyük işlər görmüşük. Körpülər salınıb, yollar genişləndirilib, yolötürücüləri tikilib. Çox böyük işlər görülmüşdür. Əgər biz bu işləri görməsəydik indi şəhər tıxac içində boğulardı. Ancaq bundan sonra daha da məqsədyönlü və düşünülmüş işlər aparılmalıdır. Proqram şəklində, yəni pərakəndə qaydada yox. Hansı yollar harada açılmalıdır, harada köçürmələr olmalıdır. Bu il bax bu sahəyə çox ciddi diqqət verilməlidir.

Ekoloji tədbirlər daim aparılır. Keçən il 4 milyondan çox ağac əkilmişdir. Bu siyasət davam etdirilməlidir. Ağacəkmə. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. Çirklənmiş yerlər təmizlənməlidir. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi keçən il həyata keçirilmişdir. Çirklənmiş və üfunət iyi verən bu ərazi indi artıq adamın gözünü oxşayır. Təmizlənmiş gölə köçəri quşlar qonur. Burada böyük bulvar salınıb. Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsi də bu il icra edilməlidir. Zığ gölünün təmizlənməsi layihəsi də icra edilməlidir. Dövlət büdcəsində bu məqsədlər üçün vəsait tapmaq lazımdır.

Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır. “ASAN xidmət” Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələr də bu təcrübədən istifadə edirlər. Düzdür, bəzi hallarda “ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar. İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır. Eyni zamanda, könüllülər sinfi yaradılıb. Fəal vətənpərvər gənclər könüllülər kimi fəaliyyət göstərirlər. Yəni, bu təşəbbüsün çox böyük müsbət mənası var. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri “ASAN xidmət”ə əlavə edə bilərik.

Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir.

Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir. Əfsuslar olsun ki, getdikcə bu iş daha da çətinləşir. Mən giriş sözümdə bu məsələyə toxundum, bir daha demək istəmirəm. Biz nə qədər çalışsaq da əfsuslar olsun ki, sivilizasiyalararası dialoqu daha az görürük. Biz daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq, toqquşmalar görürük.

Ancaq biz bu yoldan dönməyəcəyik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, - necə ki, bu, bu gün belədir, - regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin.

Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq mən bu ili Azərbaycanda “Multikulturalizm ili” elan edirəm. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur.

2016-cı ildə biz fəal işləməliyik. Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50