Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə İlham Əliyevin yekun nitqi
09 mart 2011, 19:10
Bugünkü iclasın əminəm ki, çox böyük əhəmiyyəti olacaqdır. Çünki bu iclasda nəinki şəhərdə və qəsəbələrdə görülmüş işlər müzakirə edildi, eyni zamanda, ən əsası ondan ibarətdir ki, gələcək addımlarımız bu yaxınlarda müəyyən olunacaqdır.
Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm Bakının qəsəbələrində hansı problemlər öz həllini gözləyir. Sadəcə olaraq hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün, bir də demək istəyirəm, xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu Proqramda öz həllini tapacaqdır.
Bundan başqa, Proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır. Hər bir qəsəbə üzrə Proqramda xüsusi bəndlər olacaqdır. Hər qəsəbə üzrə kompleks yanaşma təmin edilməlidir, icra mexanizmləri, icra müddəti, şübhəsiz, müəyyən edilməlidir. Proqramın qəbul olunmasından sonra dövlət büdcəmizdə əlavələr edilməlidir ki, ilin sonuna qədər biz artıq Proqramın icrasına başlayaq. Biz vaxt itirməməliyik. Bu Proqramı, bir də demək istəyirəm ki, biz 2-3 il ərzində icra etməliyik, bunu uzatmamalıyıq. Baxmayaraq ki, burada görüləcək işlər çoxdur və xüsusilə infrastruktur layihələri həm böyük vəsait tələb edəcək, həm onların icrası üçün müəyyən qədər vaxt tələb olunacaqdır. Ancaq hesab edirəm ki, biz 3 il ərzində bu Proqramın icrasına nail olacağıq.
Burada infrastruktur layihələri arasında elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Demək olar ki, ölkə üzrə bütövlükdə bu məsələ öz həllini tapmışdır. Son illər ərzində 10 yeni elektrik stansiyası tikilmişdir. Hər bir bölgədə dayanıqlı elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Xüsusilə Bakı şəhərində bu məsələyə xüsusi diqqət göstərilmişdir. Bakı Elektrik Şəbəkə Şirkəti qurulandan sonra bu sahədə müsbətə doğru çox ciddi dönüş yaranmışdır. Proses davam edir. Dövlət büdcəsindən vəsait ayrılır və növbəti illərdə yeni yarımstansiyaların tikintisi, xətlərin dəyişdirilməsi, transformatorların quraşdırılması nəzərdə tutulur. Əlbəttə ki, Proqramda da hər bir qəsəbə üzrə bu məsələ öz həllini tapmalıdır. Hazırda vəziyyət qənaətbəxşdir. Amma nəzərə alsaq ki, ölkəmiz inkişaf edir, əhali artır, ölkəmizdə böyük sənayeləşmə prosesi gedir. Hazırda Bakıda yeni tikilmiş və tikiləcək binalar, mehmanxanalar, sənaye obyektləri əlavə enerji tələb edəcəkdir.
Biz elə etməliyik ki, daim enerji ilə təminat tələbatımızı qabaqlasın. Bu məqsədlə növbəti illərdə tədbirlər görüləcəkdir. Qazlaşdırma ilə bağlı bizim üçün ən böyük problemlərdən biri də ondan ibarət idi ki, bu məsələ uzun illər ərzində ölkəmizdə lazımi səviyyədə öz həllini tapmamışdır. Bunun səbəbləri təkcə qazın az olmasında deyildir. Hazırda biz qazın istehsalını böyük dərəcədə artırmışıq, yeraltı qaz anbarları tikilmişdir və o anbarlara 3 milyard kubmetr qaz doldurulub. Bir neçə il bundan əvvəl o anbarların gücü cəmi 500 milyon kubmetr idi və əlbəttə ki, qış aylarında müəyyən problemlər yaranırdı. Ancaq problemlər təkcə qazın həcmi ilə deyil, qaz şəbəkəsinin infrastrukturunun lazımi səviyyədə olmaması ilə bağlıdır. Hazırda Dövlət Neft Şirkəti və onun tərkib hissəsi olan “Azəriqaz” qurumu bu məsələ ilə bağlı çox ciddi məşğuldur. Bütün bölgələrdə qazlaşdırma prosesi gedir, ən ucqar bölgələrdə, xüsusilə sərhəd bölgələrində böyük proqramlar icra edilir. Bakı şəhərində və Bakı qəsəbələrində bu Proqram tam şəkildə icra olunmalıdır.
Mən giriş sözümdə qeyd etdim ki, hazırda Bakıda qazlaşdırma 97 faiz təşkil edir və qalan 3 faiz də öz həllini tapmalıdır. Yenə də deyirəm, biz xətlərin çəkilişi ilə də məşğul olmalıyıq. Harada təzyiq aşağıdır, təzyiqin qaldırılması və lazımi səviyyəyə çatdırılması üçün əlavə tədbirlər görüləcəkdir.
Burada qaldırılan məsələlərdən biri kanalizasiya və içməli su məsələləridir. Bu məsələlər əfsuslar olsun ki, şəhərimizə bütün dövrlərdə xas olan problemlərdir. Bakını içməli su ilə təmin etmək üçün çox böyük layihələr icra edilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi məhz bu məqsədi daşıyırdı. Ondan sonra Bakıda su anbarları tikilir və tikilməlidir, su xətləri yeniləşdirilməlidir. Burada itkilər çox böyük səviyyədədir. Əgər biz o itkiləri aradan götürsək, hətta hazırkı su təchizatı Bakını su ilə təmin etmək üçün artıqlaması ilə kifayətdir.
Biz inkişaf etmiş şəhərlərin su təchizatı ilə bağlı problemlərin necə həll olunmasına yaxşı bələdik. Əgər bəzi inkişaf etmiş şəhərlərin əhalisi ilə müqayisə aparsaq görərik ki, Bakıdan daha da az həcmdə su verilir, ancaq orada təminat 100 faiz təşkil edilir. Bizdə isə bu itkilər və köhnə xətlərin yararsız vəziyyətdə olması məsələləri ilk növbədə həllini tapmalıdır. Biz bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Burada yanaşma dünyanın inkişaf etmiş şəhərlərinin səviyyəsində olmalıdır. Bu, böyük vəsait tələb edən məsələdir. Ancaq biz bunu etməliyik və edəcəyik. Onu da qeyd etmək istəyirəm ki, bu layihələr sırf sosial xarakter daşıyır, çünki Azərbaycanda suyun qiyməti çox aşağı səviyyədədir. İnkişaf etmiş şəhərlərlə müqayisədə bəlkə 10 dəfədən aşağıdır. Bölgədə də ən aşağı su tarifləri Azərbaycandadır. Yəni, bu layihələr, yenə də deyirəm, ancaq bir məqsədi güdür ki, Azərbaycan və Bakı sakinləri təmiz içməli su ilə təmin olunsunlar.
Mən ümid edirəm ki, bu sahədə aparılan islahatlar tezliklə öz bəhrəsini verəcəkdir. Bakının və qəsəbələrin təmiz içməli su ilə dayanıqlı təminatı üçün qəbul ediləcək bu Proqramda çox ciddi məsələlər və müddət qoyulmalıdır, şübhəsiz ki, maliyyə resursları da təmin edilməlidir.
Qəsəbələrarası yollar problemi vardır. Bu problem tədricən həll olunur. Ancaq mən deyə bilərəm ki, bu məsələnin həlli magistral yolların hesabına baş verir. Bakı-Aeroport avtomobil yolunun genişləndirilməsi və yenidən qurulması müəyyən dərəcədə qəsəbələrarası yolların da inkişafına xidmət göstərir. Ancaq biz bununla bərabər, xüsusilə qəsəbələri birləşdirən yollara fikir verməliyik, əlavə vəsait də nəzərdə tutulacaqdır.
Bakı-Aeroport və Aeroport-Zığ istiqamətində tikilmiş yollar əlbəttə ki, qəsəbələrarası yolları da birləşdirir. Nəzərə alsaq ki, bu yolun indi tikintisi davam edir, o, Sumqayıta qədər uzadılacaqdır. Beləliklə, burada bir neçə qəsəbə bir-biri ilə bağlanacaqdır. Hazırda görülmüş işlər Bülbülə, Binə, Mərdəkan, Buzovna, Bilgəh qəsəbələrini birləşdirir. O yol Bilgəhdən Sumqayıta - Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Novxanı, Masazır və Corata qədər uzadılacaqdır. O yol dünya səviyyəli bir yol olacaqdır. Ancaq yenə də deyirəm, bu, tək sadəcə bir istiqamətdir. Biz bütün qəsəbədaxili və qəsəbələrarası yolları da, o layihələri də bu Proqrama salmalıyıq. Bu məsələ ilə bağlı xüsusi tapşırıqlar veriləcəkdir.
Evlərin qeydiyyata alınması problemi vardır. Biz bu problemi bilirik. Biz bu problemi həll etməliyik. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir. Yoxsa indi sənədsiz, qanunsuz tikilmiş bu evləri qeydiyyata alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri veriləcək və evlər tikiləcəkdir. Bizdə əfsuslar olsun ki, keçmişdə də bu praktika olub. Bir neçə gün ərzində daşları tökürlər, binanı qaldırırlar, sonra da deyirlər ki, mən burada yaşayıram, sənəd verin.
Belə olmaz. Biz axı indi müasir şəhərdə, müasir dövlətdə yaşayırıq. Burada qanunun aliliyi hər yerdə bərqərar olunmalıdır. Bütün bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir. Ona görə çox səmərəli mexanizm hazırlanmalı, işlənilməli və mənə təqdim edilməlidir. O təqdirdə bu məsələ öz həllini tezliklə tapa bilər.
Qəsəbədaxili yolların tikintisi məsələləri tezliklə öz həllini tapmalıdır. Deyə bilərəm ki, bu sahədə vəziyyət məni qane etmir. Bilirsiniz, bu məsələni siz yerlərdə həll etməlisiniz. Bu, nə Prezidentin, nə də hətta şəhər icra hakimiyyəti başçısının məsələsi deyildir. Baxmayaraq ki, biz bu məsələlərlə də məşğuluq, bu, yerlərdə həll olunmalıdır. İndi bələdiyyələr vardır, onlar bu işləri görməlidirlər. Əslində bu, onların işidir. Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyildir. Dözülməz bir haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?! Biz bütün yolları, görün, hansı yüksək keyfiyyətlə tikirik. Yol qovşaqları, tunellər tikilir. Bir də demək istəyirəm ki, əgər biz bir neçə il bundan əvvəl bu layihələrə başlamasaydıq, bu gün şəhərdə nəqliyyat dayanardı və iflic vəziyyətinə düşərdi. Amma bu, ola bilməz. Mən görürəm bəzi hallarda magistrala çıxan yollar palçıq, torpaq yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə dəfələrlə göstəriş vermişəm. Hələ ki, bu məsələ məni qane etmir. Ona görə də burada məsuliyyət bölgüsü aparılmalıdır ki, hansı yolları kim tikməlidir. Onsuz da bu pulların böyük hissəsi dövlət büdcəsindən verilir. İndi bələdiyyənin yığdığı pulla müəyyən işləri görmək olar, amma burada dövlət dəstəyi də olmalıdır.
Bu vəsait Şəhər İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə verilir. Şəhərin mərkəzində yollar indi şəhər meriyası tərəfindən tikilir və hətta ən xırda nüanslara qədər belə çox keyfiyyətlə tikilir. Biz fikir veririk, təzə alınmış lüklər artıq yol hərəkətinə problem yaratmır. Onlar elə qoyulur ki, o lükün üstündən maşın keçəndə heç adam hiss etmir. Amma qəsəbədaxili yollar da bu səviyyədə olmalıdır. Ona görə, Proqramda bu məsələ həll olunacaqdır. Burada nəzarət mexanizmi təşkil edilməlidir.
Burada gərək məsuliyyət və işə normal münasibət olsun. Biz hamımız burada yaşayırıq. Bakıda istər mərkəzdə, istər qəsəbədə, ən ucqar yerdə yaşayan vətəndaş normal yollardan istifadə etməlidir.
Bütün bu məsələlər qısa zamanda təhlil edilməlidir. Proqramda o yolların tikintisi ilə bağlı konkret göstərişlər verilməlidir. Hesab edirəm ki, bu məsələ qısa müddət ərzində, bir ilə öz həllini tapa bilər.
Keçən dəfə bu salonda keçirilən görüşdə qəsəbələrin nümayəndələri məktəb tikintisi ilə bağlı məsələlər qaldırmışdılar. O vaxt o məsələlərə operativ reaksiya verildi, məktəblər tikildi. Bu gün bu məsələ qaldırılmadı, çünki əsas məsələlər öz həllini tapmışdır. Ancaq yenə də məktəb tikintisinə ehtiyac vardır. Bakıda və Bakının qəsəbələrində qəzalı vəziyyətdə məktəblər vardır. Bu məsələ ilə bağlı göstəriş vermişəm ki, ciddi təftiş aparılsın. Bu il biz artıq qəzalı vəziyyətdə olan məktəbləri bərpa etməliyik. Son illər ərzində qəsəbələrdə 34 məktəb tikilib, ancaq hələ ki, tikintiyə ehtiyac vardır.
O cümlədən tibb müəssisələrinin yaradılması, təmiri, bərpası prosesi getməlidir. Son illərdə Bakı qəsəbələrində 11 idman və sağlamlıq ocağı tikilmişdir. İki Olimpiya İdman Kompleksi - biri Şağanda, biri Hövsanda istifadəyə verilmişdir. Bütün qəsəbələrdə idmanla məşğul olmaq üçün şərait - ya idman meydançaları, ya kiçik futbol meydançaları, ya məşq zalları olmalıdır. Bu məsələlərə də diqqət verilməlidir.
Ölkəmizdə və xüsusilə Bakıda bütün mədəniyyət ocaqlarının təmiri prosesi gedir. Mən bu barədə artıq söylədim. Bakıda, şəhərin mərkəzində, İçərişəhərdə, digər yerlərdə tarixi-memarlıq abidələri, məscidlərimiz bərpa olunur, yenidən tikilir. “Qala” tarixi-etnoqrafiya qoruğu yaradılıbdır, açıq səma altında nadir muzey mərkəzidir. Bu, nəinki Bakıda, regionda nadir bir mərkəzdir. Qobustan qoruğu – artıq orada da yeni muzeyin tikintisi layihəsi icra edilir, çünki o da dünya miqyasında nadir mədəniyyət ocağımızdır. O qayaüstü rəsmlər göstərir ki, burada 10 minlərlə il bundan əvvəl insanlar yaşamışlar.
“Atəşgah” tarixi muzey mərkəzinin bərpası və yenidən qurulması layihəsi vardır, yəni, bu məsələlərə daha da ciddi diqqət göstərilməlidir. Bütün dini abidələrimiz bərpa olunmalıdır. Qəsəbələrdə bu proses gedir, məscidlər təmir olunur, yeniləri tikilir. Bu məsələyə də xüsusi diqqət verilməlidir. Şəhər nəqliyyatının vacib hissəsi olan metro tikintisi davam edir, 2008-2009-cu illərdə iki stansiya - “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları istifadəyə verilmişdir. Bu proses gedir, bir müddət bundan əvvəl mənim sədrliyimlə şəhərimizin metro təsərrüfatının inkişafına dair geniş müşavirə keçirildi, proqram hazırlanır və qəbul olunmalıdır. Xarici məsləhətçilər cəlb edilmişdir və ən azı 2015-ci ilə qədər Bakıda yeni altı stansiya istismara verilməlidir. Hazırda stansiyaların sayı iyirmi ikidir. Böyük inkişaf planına əsasən, bu stansiyaların sayı haradasa yetmişə çata bilər. Ancaq bu böyük inkişaf, bəlkə də 30-cu ilə qədər çəkəcəkdir. Hər halda, 15-ci ilə qədər altı stansiya istismara verilməlidir.
Ekoloji məsələlərin həlli sahəsində çox yaxşı işlər gedir, xüsusilə magistral yolların kənarında böyük meşə zolaqları salınır. Keçən il “Ekologiya ili” olduğuna görə, qeyd etdiyim kimi, Bakıda üç milyondan artıq ağac əkilmişdir. Bu proses davam etdirilməlidir. İndi yaz başlayır. Yaz-payız mövsümlərində bu işə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə daha da böyük təkan verilməlidir. Yenə yerli icra orqanları bu işlərə fəal qoşulmuşlar və mən bu addımları qiymətləndirirəm. Bir daha demək istəyirəm ki, biz şəhərimizin ətrafında və mərkəzində yeni meşə zolaqları yaratmalıyıq. Vaxtilə Aeroportun yanında fəaliyyət göstərən yarmarkanı oradan köçürdük, o da çox böyük məsələ idi. Heç kim inanmırdı ki, biz oranı köçürə bilərik. Ancaq biz köçürdük, onlara yerlər də verildi, orada iş adamları da müasir səviyyədə ticarət obyektlərini tikdilər. Ondan sonra dairəvi yol da ora birləşdi və bu gün xaricdən və bölgələrdən Bakıya alış-veriş üçün gələnlər şəhərin mərkəzinə girmədən şimal istiqamətindən, yaxud da ki, cənub-qərb istiqamətindən birbaşa o ticarət mərkəzinə rahat çata bilirlər. Keçmiş yarmarkanın yerində isə meşə zolağı salındı və əminəm ki, bir neçə ildən sonra orada böyük meşə yaranacaqdır. Bir də demək istəyirəm ki, planlarımızda şəhərin müxtəlif yerlərində yeni parkların, meşə zolaqlarının, bağların salınması da vardır. Şəhər İcra Hakimiyyətinə bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. İndi təhlillər aparılır, hesab edirəm ki, gələn ildən bu məsələ ilə bağlı da biz əməli tədbirlərə başlayacağıq. Qəsəbələrin problemlərinin həlli üçün, yenə də deyirəm, ilk növbədə qaz, işıq, su, kanalizasiya, suvarma, sosial infrastruktur layihələri öz həllini tapmalı, məktəblər, tibb ocaqları tikilməli, abadlıq işləri aparılmalıdır. Bəzi qəsəbələrdə abadlıq işləri lazımi səviyyədə aparılır, bəzi qəsəbələrdə ümumiyyətlə aparılmır. Proqramda bu məsələ ilə bağlı xüsusi maddələr olmalıdır ki, qəsəbələrin xarici görkəmi də gözəl, müasir olsun. Bütün qəsəbələrdə müasir şərait yaradılmalıdır. Bununla bərabər, Bakıətrafı qəsəbələrdə yaşayan vətəndaşların məşğulluq məsələləri də həll olunmalıdır.
Bütövlükdə ölkəmizdə yüz minlərlə yeni iş yerləri açılmışdır. Bu iş yerlərinin açılması prosesi daha çox bölgələrdə baş vermişdir. Bu da bizim siyasətimizin tərkib hissəsidir ki, bütün rayonlar, bölgələr inkişaf etsin. Ancaq Bakı qəsəbələrində iş yerlərinin açılması ilə bağlı daha da ciddi tədbirlər görülməlidir.
Mən artıq müvafiq göstərişləri verdim, o cümlədən İqtisadi İnkişaf Nazirliyinə. Çünki biz əsas vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bölgələrə yönəldirik. Mən təklif etdim və indi tapşırıq verdim ki, o vəsaitdən Bakı qəsəbələrinə də kredit şəklində verilməlidir. Yaxud Bakı qəsəbələrinin inkişafı üçün xüsusi bir kredit fondu yaradıla bilər. Biz bu kredit fondundan yalnız kiçik və orta sahibkarlığın inkişafı üçün istifadə etməliyik. Hər halda, indi İqtisadi İnkişaf Nazirliyi bu məsələlərlə bağlı işləyir və hesab edirəm ki, yaxın zamanlarda öz təkliflərini verəcəkdir. Mən hesab edirəm ki, bu gün səslənən və bundan sonra daha çox yerlərdən veriləcək bütün təkliflər təhlil edilməlidir. Elə etməliyik ki, Novruz bayramından sonra bu proqramı təsdiq edək. O vaxt - güman edirəm ki, aprel ayında dövlət büdcəsinə əlavələr ediləcəkdir. Çünki indi maliyyə imkanlarımız genişlənir və biz bu il görülə biləcək işləri gələn ilə saxlamamalıyıq. Ona görə bu proqram da ən uzağı aprel ayında tərtib olunmalıdır ki, dövlət büdcəsində öz əksini tapsın. Mən iş yerlərinin açılması ilə bağlı yerli və xarici investorları da dəvət edirəm ki, Bakı qəsəbələrində investisiya qoysunlar. Çünki buna ehtiyac vardır. Vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətini o məqsədlə yaratdıq ki, xarici investorları cəlb etsin, bizə lazım olan istiqamətlərdə vəsait qoysun. Yəni, İnvestisiya Şirkəti də bu işlərə qoşulmalıdır. Əlbəttə ki, ən böyük yükü Azərbaycan dövləti öz üzərinə götürəcək və biz güzəştli kreditlərin verilməsi ilə və infrastruktur layihələrinin yaradılması sayəsində buna nail olacağıq. İndi qəsəbələrdə əlbəttə ki, bu sahədə müxtəlif işlər gedə bilər. Görüləcək işlərin bəzi istiqamətlərini qeyd etmək istəyirəm. Hesab edirəm ki, zeytunçuluq inkişaf etməlidir. Bunun gözəl ənənələri vardır və təbii iqlim də buna müsaidə edir. Zeytunçuluq təsərrüfatlarının, müasir emal müəssisələrinin yaradılması prosesi sürətlə getməlidir. İndi Azərbaycanda zeytun istehsalı sürətlənir. Bakı qəsəbələrində bunu etmək üçün çox yaxşı imkanlar vardır.
Quşçuluq fabriklərinin yaradılmasına artıq başlanmışdır. Bəzi qəsəbələrdə quşçuluq fabrikləri işə salınır. Bütövlükdə biz hələ ki, quş əti ilə özümüzü təmin etmirik, haradasa 80 faiz səviyyəsində təmin edirik. Mən göstəriş vermişəm ki, quşçuluğun inkişafı üçün əlavə vəsait ayrılsın, o cümlədən Bakı qəsəbələrində biz bu məsələyə baxmalıyıq. Yerli istehsal, eyni zamanda, qiymətlərin sabit vəziyyətdə saxlanmasına da şərait yaradacaq, hər halda yaratmalıdır. Ancaq bu məsələ ilə bağlı bir məqamı da vurğulamaq istəyirəm. Bəzi hallarda biz inhisarçılıqla bağlı mübarizəmizi ancaq idxal olunan malların gətirilməsində görürük. Burada həqiqət və ədalət vardır. Biz inhisarçılıqla bağlı ciddi mübarizəni aparırıq və aparacağıq. Ancaq o da həqiqətdir ki, son illər ərzində ölkəmizdə görülən işlər, qoyulan vəsait və aparılan iqtisadi siyasət nəticəsində bizdə yerli istehsal böyük dərəcədə artıbdır.
Biz indi özümüzü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edirik. O məhsullarla ki, təmin etmirik biz onu da bilirik, yaxın zamanlarda onu da təmin edəcəyik. Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada “Kartel sövdələşməsi” deyirlər. Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar.
Biz sahibkarlığı dəstəkləyirik. Mən dəfələrlə demişəm ki, sahibkarlıq inkişaf etməlidir. Nə qədər kreditlər verilib. Dövlət kreditlər verməsəydi, onlar o pulu haradan götürüb fermaları tikə bilərdilər? Dövlət onlara dəstək olmasaydı, infrastruktur yaratmasaydı, elektrik xətləri çəkməsəydi, haradan bu sahibkarlıq inkişaf edə bilərdi? Mən nə qədər deyirəm ki, sahibkarlıq inkişaf etməlidir. Burada oturan icra başçılarına nə qədər deyirəm ki, əl dəyməyin bunlara, icazə verin işləsinlər, mane olmayın, kömək göstərin və bir çox hallarda biz bunu görürük. Yerli icra orqanları sahibkarlığın inkişafına dəstək verirlər. Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcəkdir. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənir, ancaq biz də bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər necədir?!
İndi dünyada neftin qiyməti bahalaşıb, şübhəsiz, idxal olunan məhsullara öz təsirini göstərəcəkdir. Bəlkə dərhal olmayacaq, bu proses bir müddətdən sonra hiss ediləcəkdir. Bunu biz bir neçə il bundan əvvəl də görmüşük, neftin qiyməti qalxandan bir neçə ay sonra burada idxal olunan məhsulların qiyməti qalxdı. Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır? Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. Nə üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü və təsirli olacaqdır.
Hesab edirəm ki, Bakı qəsəbələrində sahibkarlığın inkişafı üçün yeni çörəkbişirmə sexləri yaradılmalıdır. Bütövlükdə, bu sahəyə ölkə miqyasında daha da böyük diqqət göstərilməlidir. Ölkəmizdə indi müasir emal fabrikləri, konserv zavodları, süd kombinatları, ət kəsim fabrikləri, ət kombinatları tikilib, hamısı müasir səviyyədə. Ancaq son illərdə çörək istehsalına o qədər də fikir verilməmişdir, bu proses hələ də köhnə, elə dədə-baba üsulla gedir. Mən İqtisadi İnkişaf Nazirliyinə göstəriş vermişəm ki, çörəkbişirmə sexlərinin yaradılmasını kreditlərlə stimullaşdırsınlar və xüsusilə Bakıda və Bakının qəsəbələrində bu proses daha da sürətlə getməlidir.
Görüləcək işlər arasında biz müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixanalar yaratmalıyıq. Bu istixanalarda həm faraş tərəvəz yetişdirilə, həm gülçülük inkişaf etdirilə bilər. Bu, Bakı qəsəbələri üçün demək olar ki, ənənəvi bir sahədir. Bunu biz daha da gücləndirməliyik. Hazırda Bakıda və başqa yerlərdə müasir texnologiyalarla işləyən istixanalar vardır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu prosesə daha da böyük təkan verilməlidir. Yerli icra orqanları da bu istixanaları yaratmaq istəyən sahibkarlara kömək göstərməlidirlər. Bununla bağlı, bütün müvafiq, qərarlar qəbul ediləcəkdir.
Burada qaldırılan məsələlər öz həllini gözləyir. Amma bu, ancaq məsələlərin bir hissəsidir. Biz Bakı qəsəbələrinin inkişafına tam şəkildə nail olmalıyıq. Yenə də deyirəm, biz burada həm infrastruktur, həm sənayeləşmə, iş yerləri, yollar, kommunal sahə - bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Bu proqram, bir də demək istəyirəm ki, çox böyük proqramdır. Bu proqram yeni şəhərin infrastrukturunun yaradılmasına bərabər bir proqramdır. Bu proqramın icrası nəticəsində əminəm ki, Bakıda və Bakı qəsəbələrində bütün işlər ən yüksək səviyyədə görüləcəkdir.
Bakımızın inkişafı davam edir, şəhərimiz gözəlləşir, abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə başlamışdır – “Ağşəhər” layihəsi. Bu layihənin də çox böyük rəmzi mənası vardır. Çünki tarixi “qaraşəhər” adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim edilibdir. Beynəlxalq sərgilərdə “Ağşəhər” layihəsi təqdim olunur. Böyük bir yaşayış mərkəzi olacaqdır. Kiçik bir şəhərə bərabər inkişaf layihəsi olacaqdır. Yəni, əslində Bakının içində ekoloji cəhətdən ən yararsız yerlərdə, neftlə, neft tullantıları ilə çirklənmiş torpaqlarda müasir, ekoloji təmiz, gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir. Orada yaşayış, ofis binaları, ticarət mərkəzləri, istirahət parkları tikiləcək, dənizə çıxışı olacaq yeni bulvar salınacaqdır. Yəni, çox böyük vəsait tələb edən layihədir və bu layihəni biz həm dövlət tərəfindən maliyyələşdirəcəyik, həm də ki, əsas yükü özəl sektor öz üzərinə götürəcəkdir. Azərbaycanda özəl sektorun inkişafı, xarici sərmayələrin qorunması üçün bütün lazımi tədbirlər görülüb. “Ağşəhər” layihəsinin icrası, mən hesab edirəm ki, şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü kimi də dünya şəhərlər xəritəsində öz yerini tutacaqdır. Bu layihə, yenə deyirəm ki, daha çox özəl vəsait hesabına icra olunmalıdır. Ona görə biz investorları, o cümlədən xarici investorları cəlb etməliyik və ümid edirəm ki, buna nail olacağıq.
Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf Proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün.