Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə İlham Əliyevin nitqi
05 aprel 2011, 20:05
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
İlk növbədə, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.
Sizin Azərbaycana bu ilk səfərinizi ikitərəfli münasibətlərimizin inkişafı baxımından yüksək qiymətləndirirəm. Əminəm ki, keçirdiyimiz görüşlər, imzaladığımız sənədlər, apardığımız fikir mübadiləsi və müzakirələr, eləcə də sabah keçiriləcək biznes forumu ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə təkan verəcəkdir.
Mən 2009-cu ildə Yunanıstana səfərimi məmnuniyyətlə xatırlayıram. Biz qədim tarixə və mədəniyyətə malik olan Yunanıstan ilə əlaqələrimizin inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycan və Yunanıstan arasında turizm, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Ölkələrimiz arasında, həmçinin fövqəladə hallar, ətraf mühitin mühafizəsi, dəniz nəqliyyatı kimi sahələrdə də əməkdaşlıq imkanları vardır. İnanıram ki, bu səfəriniz müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Növbəti il biz diplomatik münasibətlərimizin qurulmasının iyirmi illiyini qeyd edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə Yunanıstan və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrində yeni nailiyyətlərlə daxil olacağıq.
Bizim xarici siyasətimizdə Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Elə bu ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Cənub qaz dəhlizi haqqında birgə bəyannamə bunun bariz nümunəsidir.
Azərbaycan və Yunanıstan beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.
Zəngin təbii resurslara malik olan Azərbaycan iqtisadi baxımdan bu gün regionun aparıcı ölkəsidir. Neft ehtiyatları ilə yanaşı, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdən artıqdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin prioritet istiqamətlərindən biridir.
Hazırda Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz boru kəməri çəkilmişdir. Ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsinə mühüm əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini artırmağa hazırdır.
Həyata keçirdiyimiz irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir. Təbii qazımız artıq Yunanıstana nəql olunur. Ümid edirik ki, Azərbaycan qazının Avropa bazarlarına nəql olunmasında Yunanıstan tranzit ölkə kimi də öz rolunu oynayacaqdır.
Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsində son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.
Azərbaycan, həmçinin enerji daşıyıcılarını dünya bazarlarına çıxarmaq məqsədi ilə müasir standartlara uyğun infrastruktur yaratmışdır. Hazırda ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsində mühüm rol oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
Bütün bunlar, yəni həyata keçirdiyimiz konkret layihələr bir tərəfdən, Azərbaycanın dinamik inkişafını təmin edir, digər tərəfdən isə bölgəyə sülh və təhlükəsizlik gətirir, burada gedən bütün proseslərə müsbət təsir göstərir.
Cənab Prezident! Sizi Azərbaycanda qəbul etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və uğurlar arzulayıram.
Bu badəni Sizin şərəfinizə, Yunanıstanla Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram.