IV Azərbaycan-Yunanıstan biznes forumunda İlham Əliyevin nitqi

06 aprel 2011, 16:15
IV Azərbaycan-Yunanıstan biznes forumunda İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bu gün Yunanıstan-Azərbaycan biznes forumu keçirilir və burada Yunanıstan Prezidenti iştirak edir. Mən Yunanıstan Prezidenti cənab Papulyası Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram.

Dünən Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başlamışdır. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Dünən apardığımız danışıqlar və imzalanmış sənədlər gələcəkdə iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət göstərəcəkdir. Yunanıstan ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir. Prezidentin səfəri və mənim 2009-cu ildə Yunanıstana səfərim siyasi əlaqələrin yüksək səviyyədə olmasını göstərir.

Eyni zamanda, iqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur və bu biznes forumun təşkil olunması bunun bariz nümunəsidir. Onu deyə bilərəm ki, bu, birinci dəfə deyil ki, Yunanıstan və Azərbaycan iş adamları bir yerdə tədbir keçirirlər. 2009-cu ildə Yunanıstanda biznes forumu təşkil edilmişdir. Ondan əvvəlki dövrdə də belə tədbirlər keçirilmişdir. Yəni bu, onu göstərir ki, qarşılıqlı maraqlar kifayət qədərdir və hesab edirəm ki, bu forumda Yunanıstan iş adamlarının fəal iştirakı özlüyündə böyük bir göstəricidir.

İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün Hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar, toplantılar keçirir və iqtisadi sahədə əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi məsələləri öz həllini tapır. Biz istəyirik ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr çoxşaxəli olsun. Prezidentin səfəri çərçivəsində bu məsələlər müzakirə olundu və əminəm ki, iş adamları da iqtisadi əlaqələrimizin inkişafına öz töhfələrini verəcəklər.

Maraq doğuran sahələr arasında mən xüsusilə kənd təsərrüfatını qeyd etmək istərdim. Yunanıstanın bu sahədə çox böyük təcrübəsi vardır. Nəzərə alsaq ki, ölkələrimizin təbii şəraiti bir-birinə oxşayır, iqlim demək olar ki, bir-birinə çox yaxındır, Yunanıstanda kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər bizim üçün də çox maraqlıdır. Bizdə də kənd təsərrüfatına çox böyük diqqət göstərilir və ölkə qarşısında vəzifə qoyulub ki, Azərbaycan ərzaq təhlükəsizliyini tam şəkildə daxili resurslar hesabına təmin etsin.

Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə sahəsində işlərə başlanması üçün bu yaxınlarda müvafiq tapşırıqlar verilmişdir. Yunanıstanda isə bu sahə inkişaf edib və bizim üçün maraqlı olar ki, biz onun təcrübəsindən bəhrələnək. Hesab edirəm ki, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat, inşaat sahələrində qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr qurmaq mümkündür.

Xüsusilə mən energetika, neft-qaz sahəsində əməkdaşlığı vurğulamaq istəyirəm. Azərbaycan ilə Yunanıstan arasında bu sahədə əməkdaşlıq artıq bir neçə ildir ki, aparılır. 2007-ci ildə Azərbaycan qazı Yunanıstana nəql edilməyə başlamışdır. Dünən imzalanmış memoranduma əsasən, bu əlaqələr gələcəkdə daha da genişlənəcəkdir. Azərbaycandan Yunanıstana təbii qazın nəqlinin həcminin artırılması məsələləri öz həllini tapmalıdır. Gələcəkdə Yunanıstan Azərbaycan qazının nəqli üçün tranzit ölkə kimi öz imkanlarını təqdim etməyə hazırdır. Azərbaycan öz yanacaq resurslarını Yunanıstana nəql edir. Yəni bu sahədə əməkdaşlığın yaxşı nəticələri var. Hər iki tərəf etibarlı tərəfdaşdır və maraqlarımız tam şəkildə üst-üstə düşür.

Biz zəngin qaz potensialımızı tam şəkildə realizə etmək üçün əlbəttə ki, yeni bazarlara çıxmalıyıq və ənənəvi bazarlarda mövqeyimizi möhkəmləndirməliyik. Hesab edirəm ki, Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün Azərbaycanın resursları öz rolunu oynaya bilər və bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında memorandum və bəyannamə imzalanmışdır. Azərbaycanın çox böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş ehtiyatlar 2,2 trilyon kubmetr səviyyəsindədir. Bu, minimum rəqəmdir. Biz hesab edirik ki, real rəqəm bundan artıq olacaqdır. Əminəm ki, gələcəkdə aparılacaq kəşfiyyat işləri bunu təsdiqləyəcəkdir. Hazırda Azərbaycanda qaz hasilatı 28 milyard kubmetr səviyyəsindədir. Bu, özlüyündə böyük rəqəmdir. Nəzərə alsaq ki, bizim daxili tələbatımız 10-11 milyard kubmetr səviyyəsindədir, ixrac üçün hazırda kifayət qədər imkanlar var. Növbəti illərdə on milyardlarla dollarla ölçülən investisiyalar qoyulacağını nəzərə alsaq, əlbəttə ki, qaz hasilatı ciddi şəkildə artacaqdır.

Biz Yunanıstan şirkətlərini Azərbaycana dəvət edirik və şadam ki, onlar bizim dəvətimizi qəbul ediblər. Azərbaycanda iş görmək üçün yaxşı şərait var, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında, həmişə olduğu kimi, ön sıralardadır. Bizdə investorlar üçün yaradılmış şəraitdən xarici və yerli iş adamları bəhrələnirlər. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 54 faizi daxili, 46 faizi isə xarici sərmayələrdir. Bu onu göstərir ki, hətta dünyada hökm sürən iqtisadi və maliyyə böhranı zamanı da xarici investorlar Azərbaycana sərmayə qoyulmasında maraqlıdırlar.

Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Son yeddi ildə ümumi daxili məhsul təxminən üç dəfə artmışdır, sənaye istehsalı da təxminən üç dəfə artmışdır. Ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılmışdır. İqtisadiyyatın şaxələndirilməsi işində çox ciddi addımlar atılmış və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilmişdir. Xüsusilə mən 2009-2010-cu illəri qeyd etmək istəyirəm. Çünki bu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, 2009-2010-cu illərdə Azərbaycan iqtisadiyyatı 14 faiz artmışdır və bu ilin birinci rübündə də biz artımı müşahidə edirik.

Azərbaycan şirkətləri xarici bazarlara çıxırlar. Bu, bizim dövlət siyasətimizdir və dövlət bu təşəbbüsü irəli sürübdür. Mən şadam ki, bizim şirkətlərimiz buna qoşulublar. Həm dövlət, həm özəl şirkətlərimiz xaricdə sərmayə qoymağa başlamışdır. Xaricdə sərmayə qoyuluşu üçün başlıca şərt, əlbəttə ki, bu ölkələrlə Azərbaycan arasında olan siyasi əlaqələrdir. Yunanıstan bizim üçün dost ölkədir. Bizim əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin səfəri bu dostluğu daha da möhkəmləndirir və belə olan halda, Azərbaycan şirkətlərinin Yunanıstanda sərmayə qoyması üçün çox yaxşı şərait var.

Mən hesab edirəm ki, biznes forumu çərçivəsində bütün bu məsələlər müzakirə olunacaqdır. Yenə də demək istəyirəm ki, biz Yunanıstan şirkətlərinə Azərbaycanda iş görmək üçün bütün şəraiti yaradacağıq və eyni zamanda, Azərbaycan şirkətləri də Yunanıstanın imkanlarından bəhrələnəcəklər.

Cənab Prezident, mən Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha salamlayıram. Həqiqətən, Sizin ölkəmizə səfəriniz münasibətlərimizin inkişafında mühüm mərhələyə çevrilib və bizim əlaqələrimizə çox güclü təkan verəcəkdir. Həm siyasi, iqtisadi, mədəni əlaqələrdə, həm də insanlar arasındakı əlaqələrdə – yəni bütün bu istiqamətlərdə biz yalnız müsbət meyilləri görürük və əminəm ki, səfərdən sonra bu meyillər daha da güclənəcəkdir.

Bir daha Sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06