12:50
Nardaran qəsəbəsinin sakinləri ilə görüşüdə İlham Əliyevin nitqi
21 iyun 2016, 13:45Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar bir gündür. Daxili yolların təmiri başa çatıb və biz bu gün birlikdə bu yolların açılışını qeyd edirik.
Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət etmiş, qəsəbəyə dəvət etmişlər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni, bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın.
Bakı bizim gözəl şəhərimizdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə ki, Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə, qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq.
Əlbəttə, iş yerlərinin açılması prosesi daim getməlidir. Son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Ancaq, eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı, bax, bu demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə, iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıbdır, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir.
Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır. İctimai infrastruktur yaradılır - məktəblər, tibb mərkəzləri, ictimai binalar, parklar. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində çox gözəl şərait olsun, o cümlədən Nardaran qəsəbəsində. Son aylar ərzində görülən işlər göz qabağındadır. Buna heç bir şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış yeridir. Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir.
Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır.
Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, - bunlar mətbuatda dərc edilib, - bizdə dini məsələlərə onlar tərəfindən verilən yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.
Yəni, Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib.
Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir.
Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək.
Mən bu gün xüsusilə Nardaran qəsəbəsinə gəlmişəm ki, bu mübarək Ramazan ayında sizinlə birlikdə olum, sizi, bütün Azərbaycan xalqını bir daha bu mübarək ay münasibətilə təbrik edim və bu gözəl yenilikləri biz birlikdə qeyd edək. Bundan sonra da daim yeniliklər olacaq. Bilməlisiniz ki, bu qəsəbənin problemləri digər qəsəbələrin problemləri kimi daim diqqət mərkəzindədir. Bu gün Bakıətrafı qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri bunu göstərir. Bütün qəsəbələrdə, harada ki, indi ehtiyac var, yol, su, kanalizasiya xətləri çəkilir, məktəblər tikilir, iş yerləri açılır. Bu proses daha da sürətlə getməlidir və gedəcək. Sizi bir daha salamlayıram, sizə uğurlar arzulayıram.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10