13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.
Görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulandı. Bu gün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətinə toxunuldu, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirildi. Qeyd olundu ki, münasibətlərimiz qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.
Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edildi, siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirildi.
Dövlətimizin başçısı qeyd etdi ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini dedi.
Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyi qeyd edildi. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunuldu.
BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulandı. Dövlətimizin başçısı bu xüsusda dedi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib.
Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes-forumun keçirilməsi xatırlandı. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulandı.
Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxundu və bu marşrut üzrə daşımaların artmasını qeyd etdi.
Azərbaycan və Çinin Orta Dəhlizin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunuldu.
Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edildi, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirildi.
Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə edildi. Li Çianq qeyd etdi ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sahəsində humanitar dəstək göstərməyə hazırdır.
Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunuldu, bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulandı.
Söhbət zamanı mədəni-humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olundu.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38