Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə İlham Əliyevin nitqi
28 aprel 2011, 20:10
- Çox hörmətli Viktor Fyodoroviç!
Əziz qonaqlar, əziz dostlar!
Bütün qonaqlarımızı Azərbaycanda bir daha salamlamağa şadam. Bu gün münasibətlərimizin tarixində çox əlamətdar gündür. Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviç Prezident kimi ilk dəfə Azərbaycana rəsmi səfər edir.
Biz Viktor Fyodoroviçi çoxdan tanıyırıq. Azərbaycan xalqı onu dostumuz kimi tanıyır, o, əvvəlki illərdə də ölkəmizdə olmuşdur, lakin Prezident kimi ilk dəfə gəlir.
Təbii ki, biz Viktor Fyodoroviçi çox böyük ümidlərlə və səbirsizliklə gözləyirdik. Bildiyiniz kimi, keçən ilin axırlarında mən Ukraynaya səfər etmişəm. Bu səfər çox uğurlu olmuşdur. Bu gün Viktor Fyodoroviç bizim qonağımızdır. Bu, münasibətlərimizə xas olan və münasibətlərimizin gündəliyindəki mühüm məsələləri operativ və konkret həll etməyə imkan verən dinamizm göstəricisidir. Xalqlarımızı uzun illər boyu, onilliklər, yüzilliklər boyu dostluq, əməkdaşlıq münasibətləri bağlayır. Çox vacibdir ki, bu il 20 illiyini qeyd edəcəyimiz müstəqillik illərində də xalqlarımızı əlaqələndirən və birləşdirən yaxşı nə varsa hamısını qoruyub saxlaya bilmişik. Müstəqillik illərində Ukrayna və Azərbaycan tərəfdaşlar, dostlar, bütün sahələrdə strateji tərəfdaşlar kimi fəaliyyət göstərir. Bu gün biz münasibətlərimizin geniş gündəliyini nəzərdən keçirdik. Bir daha razılıq hissi ilə qeyd edirik ki, siyasi münasibətlərimiz, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlıq yüksək səviyyədədir.
Bizim nəzərdə tutduğumuz səmərəli iqtisadi əməkdaşlıq gələcəkdə daha ciddi hiss olunacaqdır. Əmtəə dövriyyəsinin artımı, xüsusən keçən il münasibətlərimizin tarixində ən yüksək səviyyədə olmuşdur. Humanitar sahədə, energetika sahəsində əməkdaşlıq, çox geniş əhatəli məsələlər üzrə əməkdaşlıq da qarşılıqlı maraq doğurur. Bütün istiqamətlərdə aramızda tam qarşılıqlı anlaşma, fəal işləməyə, əməkdaşlıq etməyə və irəliləməyə qarşılıqlı səy vardır.
Bu gün biz energetika sahəsində əməkdaşlıq məsələlərini çox müfəssəl müzakirə etdik. Çox şadıq ki, bu istiqamətdə konkret addımlar atılır. Biz niyyətlərdən, bəyanatlardan konkret işlərə keçmişik və bunun nəticəsini ilk növbədə əmtəə dövriyyəsinin artmasında görürük. Azərbaycan nefti Ukraynaya daxil olur və ümidvarıq ki, bu müsbət meyillər davam edəcəkdir. Bizim neft şirkəti Ukrayna bazarında fəal iş aparır, sərmayələr qoyur və investisiya layihələri üzrə böyük planlarımız vardır. Əminəm ki, həmin layihələr qarşılıqlı faydalı olacaqdır.
Biz nəqliyyat sahəsində əməkdaşlığa böyük ümid bəsləyirik, müvafiq olaraq Xəzər dənizi və Qara dəniz regionlarında həyata keçirdiyimiz nəqliyyat, infrastruktur layihələri ölkələrimizi təkcə etibarlı nəqliyyat yolları ilə birləşdirməyəcək, həm də Xəzər-Qara dəniz hövzəsində, gələcəkdə isə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regional əməkdaşlığı üçün yaxşı zəmin yaradacaqdır. Bunun üçün bütün əsaslar, yetərincə siyasi iradə vardır. Energetika, nəqliyyat sahələrində, digər sahələrdə bu təşəbbüslər ölkələrimizi yaxınlaşdırır. Biz neft sahəsində əməkdaşlıqdan qaz sahəsində əməkdaşlığa keçməyi planlaşdırırıq. Cari ilin əvvəlində müvafiq sənəd imzalanmışdır, o, ikitərəfli əməkdaşlığın əvvəlki illər heç vaxt olmayan prinsipcə yeni elementidir. Bu gün Azərbaycanın öz qaz potensialını genişləndirdiyi və iri qaz istehsalçısı və ixracçısına çevrildiyi vaxtda bu sahədə əməkdaşlıq ölkələrimiz arasında xüsusi əhəmiyyət, mahiyyət kəsb edir. Burada qarşılıqlı səylər və siyasi iradə bu prosesləri irəli aparır, əlbəttə, həlledici rol oynayır.
Bu gün mən Viktor Fyodoroviçə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin vəziyyəti barədə məlumat verdim. Bildiyiniz kimi, bu münaqişə onilliklərlə davam edir və Azərbaycan xalqına böyük ağrı-acılar, iztirablar gətirmişdir. Bir milyon azərbaycanlı doğma yurd-yuvasından qovulmuşdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, ərazimizin 20 faizi işğal olunmuş və BMT kimi beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, - BMT Təhlükəsizlik Şurası işğalla əlaqədar 4 qətnamə qəbul etmişdir, - münaqişə indiyədək nizama salınmamışdır. Bu isə regional sülhə, sabitliyə böyük təhlükə törədir, regional əməkdaşlıq proqramlarını tam miqyasda həyata keçirməyə imkan vermir. Bu münaqişənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat artır, iri sərmayə layihələri həyata keçirilir. Təkcə ötən il ölkəmizin iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun da əksər hissəsi daxili sərmayədir. Biz Ukraynada sərmayə layihələri məsələlərini fəal nəzərdən keçiririk və bunun üçün maliyyə ehtiyatları, ən başlıcası isə siyasi iradə vardır. Başqa sözlə, əməkdaşlıq sahələrini uzun-uzadı sadalamaq olar və Azərbaycanda yaşayan ukraynalıların, Ukraynada yaşayan azərbaycanlıların münasibətlərimizin möhkəmlənməsi işində rolunu qeyd etməyə bilmərəm. Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar.
Bu badəni Ukrayna Prezidenti, Azərbaycanın böyük dostu Viktor Fyodoroviç Yanukoviçin sağlığına, Ukraynanın çiçəklənməsi, Ukrayna və Azərbaycan xalqları arasında dostluğun şərəfinə qaldırmaq istəyirəm.