12:50
Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə İlham Əliyevin giriş nitqi
08 avqust 2016, 20:00Hörmətli Prezidentlər.
Hörmətli qonaqlar.
Hörmətli zirvə görüşü iştirakçıları.
İlk növbədə, bütün qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir. Bu, tarixi hadisədir. Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır. Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram.
Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşmüşlər. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir.
Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İran, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir.
Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuşdur və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir.
İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir.
Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir.
Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpağımızın 20 faizi işğal altındadır. Bu işğaldan bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr 20 ildən artıqdır ki, icra edilmir.
Son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda keçirilmiş yüksək səviyyəli iclası xüsusi qeyd etmək istərdim. İclasın yekununda bəyanat qəbul olunmuş, terrorun bütün formaları və təzahürləri bir daha pislənmişdir.
Hörmətli həmkarlar. Bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki, iştirak edir, böyük sərmayə qoyur. Öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır.
Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır. Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri vardır. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.
Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılmışdır. Son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb. Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoyuluşu üçün böyük potensiala malikdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.
Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik veriliş xətləri birləşdirir. İran ilə də hazırda “Parsabad”, “Astara-Astara”, “Araz” və “Culfa” elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətti yaxın gələcəkdə tam istismara veriləcəkdir.
Artıq Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. İxrac potensialımız artır. Əminəm ki, birgə səylərlə biz etibarlı enerji dəhlizinin formalaşmasına nail ola bilərik. Bu dəhliz üç ölkə arasında enerji mübadiləsini və yeni bazarlara çıxışı təmin edə bilər.
Şadam ki, sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəbbüsü ilə bu il İran, Rusiya, Azərbaycan sərhəd xidmətlərinin rəhbərləri Bakıda görüş keçirmişlər. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər (o cümlədən Xəzər dənizində), birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi vardır. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir.
“Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq.
Sevindirici haldır ki, ölkələrimizdə dini və milli məsələlərdə heç bir problem yoxdur. Bu, bizim ölkələrimizin qazandığı dəyər və sərvətdir.
Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
Azərbaycan nadir dövlətlərdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında təmsil olunur. Ölkələrimiz bu təşkilatlar daxilində uğurla əməkdaşlıq edir.
Hörmətli həmkarlarım. Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik.
Diqqətinizə görə minnətdaram.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10