12:50
Yalama Aqroparkının açılışında İlham Əliyevin nitqi
08 sentyabr 2016, 16:15Sizi ürəkdən salamlayıram. Yenidən Xaçmaz rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Xaçmaz rayonuna 7-ci səfərimdir. Biz əvvəlki səfərlər çərçivəsində bir çox iqtisadi, sosial obyektlərin açılışında görüşmüşük. Bu gün də Xaçmaz rayonunda gözəl aqropark istifadəyə verilir. Bu da rayonun, ümumiyyətlə, ölkəmizin inkişafına öz töhfəsini verəcək. Çünki bu aqropark bizim siyasətimizi əks etdirir. Burada bir çox istiqamətlər üzrə yaxşı işlər görülüb - bitkiçilik, heyvandarlıq təsərrüfatları, yem bazası, logistika mərkəzi. Gələcəkdə satış da təşkil ediləcək, süd emalı zavodu yaradılacaq. Bir sözlə, biz son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işləri bu aqroparkın timsalında əyani şəkildə görürük. Çünki burada həm də iş yerlərinin yaradılması təmin edilib. Mənə verilən məlumata görə, 150 iş yeri açılıb, növbəti mərhələdə 300-ə yaxın iş yeri yaradılacaq. Burada işləyənlər yaxşı maaş alırlar. Bu, bizim ümumi inkişafımıza çox böyük töhfədir. Bu, son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. Düzdür, Azərbaycanda iri fermer təsərrüfatları artıq yaradılıb. Taxılçılıq və digər sahələr üzrə böyük təsərrüfatlar yaradılıb, süd emalı zavodları tikilib. Ancaq bu aqroparkın xüsusi mənası var. Vaxtilə burada damazlıq təsərrüfatı olub. Bu gün mən həmin təsərrüfatın əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxdım, o, tamamilə dağılmış halda idi. İndi 500 hektardan çox sahədə müasir aqrokompleks yaradılıb. Burada ən müasir texnologiyalar, elmi yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə çatacaq. Yəni, bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq.
Bununla bərabər, hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub. Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib. Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik. Burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır.
Bir daha demək istəyirəm ki, bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq.
Bu aqroparkın yaradılması sahibkarlığın inkişafı deməkdir. Bu da dövlət siyasətidir. Dövlət də sahibkarlara öz dəstəyini verir, güzəştli şərtlərlə kreditlər təşkil edilib. Bu aqroparkın yaradılması ilə bağlı böyük infrastruktur layihələri həyata keçirilib, yollar, kommunikasiyalar çəkilib. Əlbəttə ki, kənd təsərrüfatının inkişafı da burada özünü göstərir. Bax, bir aqroparkda bizim iqtisadi inkişafla, xüsusilə sahibkarlıqla, kənd təsərrüfatının inkişafı ilə bağlı olan bütün istiqamətlər cəmləşib. Bu, onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Baxmayaraq ki, indi dünyada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar tərəfindən investisiyalar qoyulur. Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyir gətirsinlər.
Ona görə, bu aqroparkın çox böyük mənası var. Bir daha demək istəyirəm ki, bu, ölkə üzrə birinci belə aqroparkdır. Növbəti açılış yəqin ki, Şəmkir rayonunda olacaq. Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik.
Bu aqroparka gətirilən cins mal-qara bizim mövcud mal-qara ilə müqayisədə bir neçə dəfə çox süd verir, çəkisi də bir neçə dəfə artıqdır. Biz son illər xaricdən minlərlə baş cins mal-qara almışıq. Bu da çox düzgün siyasət idi. Bu gün isə biz artıq digər yollara keçirik. Süni mayalanma texnologiyası tətbiq ediləcək, burada artıq tətbiq olunub. Beləliklə, 3-4 ilə bizim mal-qaramızın cinsi tam dəyişdiriləcək. Bu da əlbəttə ki, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq.
Birinci belə layihə Xaçmaz rayonunda icra edilib. Xaçmaz rayonunun çox böyük turizm, kənd təsərrüfatı potensialı var. Son illərdə Xaçmazda çox böyük quruculuq, abadlıq işləri görülüb. Xaçmaz şəhərinin siması dəyişdirilib, indi gözəl, müasir şəhərdir. Xaçmazda böyük infrastruktur layihələri icra edilib. İlk modul elektrik stansiyalarından birincisi Xaçmazda inşa edilib. Gücü 90 meqavat olan bu stansiya imkan verdi ki, biz bütün bu işləri görə bilək. Elektrik enerjisi olmayan yerdə heç bir müəssisə yaradıla bilməz. Yolların tikintisi uğurla gedir. Bu gün mən Xudat-Yalama-Zuxuloba yolunun açılışını qeyd etdim. Yolun uzunluğu 24 kilometrdir, 18 yaşayış məntəqəsini birləşdirir. Bundan əvvəl də kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Əvvəlki səfərlərimdə Olimpiya Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanasının açılışı olmuşdur. Digər obyektlər, məktəblər tikilir. Bir sözlə, Xaçmaz rayonu sürətlə inkişaf edir və rayonun çox böyük potensialı var.
Kənd təsərrüfatının inkişafı, ixrac potensialına malik məhsulların yetişdirilməsi, xüsusilə fındıqçılıqla bağlı əlavə tədbirlər görüləcək. İndi biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Çünki həm kəndlilər, həm dövlət üçün ən çox gəlir gətirən məhz fındıqçılıqdır. Mənə verilən məlumata görə, indi təqribən 5 min hektar fındıq bağları var. Biz onların ərazisini genişləndirməliyik. İndi təkliflər hazırlanır. Dövlət də öz dəstəyini verəcək, kömək göstərəcək ki, bu sahə daha da sürətlə inkişaf etsin, insanlar daha çox pul qazansınlar və ölkəmizə valyuta gətirsinlər. Çünki bu, ixrac məhsuludur.
Əlbəttə, Xaçmaz rayonunun turizm potensialı daha da geniş olmalıdır. Düzdür, son vaxtlar Xaçmaz rayonunda, xüsusilə, Yalama-Nabran zonasında çoxlu istirahət zonaları yaradılıb və turistlərin sayı kifayət qədərdir. Ancaq hesab edirəm ki, bu daha da geniş vüsət ala bilər, daha da keyfiyyətli xidmət göstərilə bilər. Əlbəttə ki, burada ekoloji məsələlər də öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilib. Yolların çəkilişi ilə bağlı artıq işlər görülür. Bax, bu Xudat-Yalama-Zuxuloba yolu, eyni zamanda, turizm obyektlərinə gedən yoldur. Sahil yolu da var, mən oraya da baxacağam. Lazım olarsa orada da təmir-bərpa işləri aparılacaq. Çünki turizm bu zona üçün kənd təsərrüfatı ilə bərabər ən çox gəlir gətirən sahədir. Biz bu sahələri inkişaf etdirməliyik.
Şimal-qərb zonasının çox böyük kənd təsərrüfatı və turizm potensialı var. Dövlətin dəstəyi ilə yaradılan ən böyük aqropark məhz bu zonadadır. Dövlətin bilavasitə sərmayəsi ilə yaradılan ən böyük turizm obyekti də yaxın qonşu rayonda - Qusarda “Şahdağ” Turizm Kompleksidir. Budur dövlətin apardığı siyasət və bu zonaya, burada yaşayan insanlara göstərilən diqqət.
Mən şadam ki, bizim bütün planlarımız həyatda öz əksini tapır. Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizin bütün bölgələri inkişaf edir. Çox böyük infrastruktur və sosial layihələr icra edilir - iqtisadi layihələr, kənd təsərrüfatı layihələri. Biz bax belə inkişaf etməliyik. Budur bizim yolumuz və bu yol artıq özünü təsdiqləyib. Çünki nəinki regionda, dünya miqyasında bu gün ölkəmizin təcrübəsi öyrənilir. Təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə, o cümlədən dinlərarası, millətlərarası münasibətlərin sağlam zəmində qurulması məsələləri də həmişə diqqət mərkəzindədir. Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır. Bu, artıq reallıqdır, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr aparılır. Azərbaycanda bu sahədə də nümunəvi mənzərə yaşanır. Nəyə görə? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm ictimaiyyət, bütün xalqımız vahid ideya uğrunda birləşib - müstəqillik, dövlətçilik, bərabərlik, sülh, qardaşlıq ideyaları. Bu da bizi qabağa aparan əsas amillərdir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bəzi Avropa ölkələrində işlər tam başqa istiqamətdə gedir. Hesab edirlər ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirlər ki, müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşaya bilmirlər. Çox böyük səhv edirlər. Bu, həm çox böyük səhvdir, həm də cinayətdir. Azərbaycana qonaq gəlsinlər, görsünlər ki, müxtəlif millətlərin nümayəndələri burada necə dostluq, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Biz bu sahədə də nümunə, yol göstəririk. Bu, bizi gücləndirir, dövlətimizi, xalqımızı qabağa aparır. Bu, sağlam zəmindir. Bununla bərabər, sosial, iqtisadi, investisiya layihələri həyata keçirilir. Mən hələ enerji siyasətimizi demirəm. Bu sahədə də biz liderlik göstəririk. Ona görə, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bax, bugünkü bu mənzərə onu göstərir. Vaxtilə dağılmış, tamamilə tənəzzülə uğramış bir ərazidə görün necə gözəl əsər yaradılıb, insanlar işləyəcək, pul qazanacaq, dövlətimiz çiçəklənəcək.
Mən sizi bir daha ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10