MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarının qəbulunda İlham Əliyevin nitqi

27 sentyabr 2016, 22:15
MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarının qəbulunda İlham Əliyevin nitqi

Sabah Bakıda təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası işə başlayır. Mən qonaqlarımızı – dost dövlətlərin təhlükəsizlik orqanlarının rəhbərlərini salamlayıram, sizə yaxşı və səmərəli iş arzu edirəm. Əminəm ki, sabahkı iclas ölkələrimizin təhlükəsizlik orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi işinə xidmət edəcək.

Mənə məlumdur ki, sizin gündəliyiniz yetərincə genişdir, olduqca çoxsaylı məsələlər müzakirə olunacaq. Təbii ki, bütün bu məsələlər əməkdaşlıq, qarşılıqlı anlaşma və dəstək ruhunda müzakirə olunacaq. Biz Şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir. Azərbaycan Şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq.

Bu gün dünyada mövcud vəziyyət hamımıza yaxşı məlumdur. Təəssüf ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir.

Sizin başçılıq etdiyiniz orqanların fəaliyyəti spesifikdir. O, cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin gözünə görünmür. Sizin fəaliyyətinizi mövcud şəraitdə qiymətləndirmək lazımdır. Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar. Buna görə də əlbəttə ki, bir daha demək istəyirəm, artıq böyük tarixə malik olan Şura, – sabah Şuranın 41-ci iclası olacaq, siz dəfələrlə görüşmüsünüz, - özünün səmərəliliyini artıq sübut edib. Xüsusən indiki şəraitdə, səylərin daha artıq birləşdirilməsi, fəaliyyətin əlaqələndirilməsi və əlbəttə, vaxtında informasiya mübadiləsinin zəruri olduğu şəraitdə bu, çox vacibdir. Potensial təhdidlər barədə informasiya mübadiləsinə gəldikdə isə burada söhbət nəinki günlərdən, hətta saatlardan gedir.

Buna görə də biz çalışırıq və bundan sonra da çalışacağıq ki, tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti gücləndirək. Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması – bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə, avadanlıqla təchiz olunub, onların peşəkarlığı və səmərəliliyi artır. Əlbəttə, öz tərəfimizdən biz həmişə tərəfdaş ölkələrlə sıx əlaqədə işləyəcəyik. Bu ölkələrlə bizi vahid dövlətin tərkibində birgə yaşadığımız uzun tarixi dövr birləşdirir və son 25 ildə artıq müstəqil ölkələr kimi öz münasibətlərimizi tarixi dostluq və qarşılıqlı dəstək ənənələri əsasında qururuq. Buna görə bir daha demək istəyirəm, biz sabahkı iclasa xüsusi əhəmiyyət veririk. Mən şadam ki, həmin iclas bizim ölkəmizdə keçiriləcək. Azərbaycan müstəqillik illərində, son illərdə istənilən təhdidlərə davam gətirmək qabiliyyətini dəfələrlə sübut edib.

Toxunmaq istədiyim daha bir mühüm mövzu barədə mən bu yaxınlarda MDB dövlət başçıları şurasının Bişkekdə keçirilmiş Sammitində də danışmışam. Mən çıxışımda terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələsinə də toxunmuşdum və bildirmişdim ki, MDB ölkələrini birləşdirən təkcə ümumi tarix deyil, həm də əməkdaşlığı möhkəmlətmək zərurətini hamının başa düşməsidir. Mənim fikrimcə, bu gün MDB ölkələri müxtəlif tarixə, mədəniyyətə, ənənələrə, dinlərə mənsub olan xalqların qarşılıqlı fəaliyyətinə dair çox mühüm təcrübəni bölüşə bilər. Bu, bizim böyük sərvətimizdir. Əvvəlki illərdə biz belə məsələləri bəlkə də bu dərəcədə kəskin qəbul etmirdik. Bizə elə gəlirdi ki, bu elə belə də olmalıdır. Doğrudan da belə olmalıdır. Lakin heç də hər yerdə belə deyil. Təəssüf ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir.

Deməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Biz BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirmişik, iki gündən sonra V Beynəlxalq Bakı Humanitar Forumu keçiriləcək. Əvvəlki illərdə biz dinlərarası dialoqla bağlı çoxlu tədbirlər keçirmişik və bu gün bizim topladığımız təcrübə çox ölkələr üçün böyük maraq doğurur. Eyni sözləri sizin təmsil etdiyiniz ölkələr barədə də deyə bilərəm. Çünki mən təbii ki, bizim regionda, postsovet məkanında və bütövlükdə dünyada baş verən hadisələri izləyirəm və müsbət dinamika müşahidə edirəm.

Beləliklə, bütün bu məsələlər qarşılıqlı əlaqəlidir. Təhsilin səviyyəsi ilə bağlı məsələlər təhlükəsizliklə birbaşa bağlıdır. Çünki beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir. Ona görə ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir.

Buna görə də sabah sizi böyük iş gözləyir. Bununla bağlı bəzi mülahizələrimi sizə çatdırmaq, sizə uğurlar arzulamaq və təşəkkür etmək istəyirdim. Siz mühüm məsələlərin müzakirəsi üçün Bakıya gəlmisiniz. Güman edirəm ki, Azərbaycanın reallıqları ilə bir daha tanış olmaq, sabahkı günü həm işdə keçirmək, həm də yaxşı istirahət etmək imkanınız olacaq. Bir daha xoş gəlmisiniz.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50