Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə İlham Əliyevin giriş nitqi
06 may 2011, 21:10
- Bu gün Ağcabədi rayonunda yeni süd kombinatının açılışında iştirak edirik. Çox gözəl, böyük süd kompleksidir. Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri vardır.
Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq. Ona görə, belə böyük və müasir komplekslərin yaradılması çox vacib məsələdir. Bu kompleks bölgədə, nəinki Cənubi Qafqazda, qonşu ölkələrdə tikilmiş komplekslərin arasında həm müasirliyi, həm də istehsal gücü ilə fərqlənir.
Mən çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcəkdir.
Bütövlükdə Ağcabədi rayonunda sənaye və sosial infrastrukturun yaradılması işində müsbət meyillər vardır. Burada həm sosial obyektlər tikilir, - bu gün kənd yolunun açılışında iştirak etmişəm, - həm də kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlər öz həllini tapır. Bu gün yeni, müasir xəstəxana binasının təməl daşının qoyulmasında iştirak etmişəm. Bir sözlə, burada sosial-iqtisadi inkişaf templəri lazımi səviyyədədir. Dünən Sabirabad, Saatlı, İmişli rayonlarında vəziyyətlə tanış olmuşam. Hər bir bölgədə inkişaf vardır.
Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq. Elə etməliyik ki, gələcək illərdə bu müsbət meyillər daha da güclənsin və ölkəmizdə müasir sənaye komplekslərinin sayı artsın.
Qeyri-neft sektorunun inkişafı üçün konkret proqramlar icra edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi başlanmışdır. İkinci Dövlət Proqramı 2013-cü ilə qədər başa çatmalıdır. Proqramın icrası nəticəsində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.
Son illərdə bir milyona qədər yeni iş yerləri açılmışdır. Ancaq hələ ki, işsizlik vardır. Belə gözəl komplekslərin yaradılması işsizliyin aradan qaldırılması üçün çox mühüm əhəmiyyətə malikdir. Bununla bərabər, yerli istehsalın artırılması, idxaldan asılılığımızın azaldılması, yoxsulluğun aşağı salınması məsələləri də öz həllini tapmaqdadır.
Biz növbəti illərdə kənd təsərrüfatının emal sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atacağıq. Kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar vardır. Birinci növbədə dövlət siyasəti düzgün istiqamətdə aparılır, sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il böyük məbləğdə vəsait nəzərdə tutulur. Bu il sahibkarlara 125 milyon manat vəsait veriləcəkdir. Bu kompleksin yaradılmasında müəyyən dərəcədə dövlət imkanlarından istifadə olundu. Ancaq qeyd etməliyəm ki, investisiyaların mütləq əksəriyyəti sahibkarlar tərəfindən qoyulmuşdur. Bu da çox müsbət haldır. Bu, onu göstərir ki, sahibkarların Azərbaycanın iqtisadi inkişafına böyük inamı vardır.
Həm yerli sahibkarlar, həm xarici investorlar Azərbaycana maraq göstərirlər. Bu onun nəticəsidir ki, ölkəmizdə çox düzgün investisiya siyasəti aparılır. Son illərdə ancaq kənd təsərrüfatı sahəsinə yüz milyon dollarla ölçülən investisiyalar qoyulmuşdur. Azərbaycanda bütövlükdə investisiyaların həcmi yüz milyard dollara yaxındır. Bu investisiyaların demək olar ki, əlli faizdən bir az çoxu daxili investisiyalardır.
Bir sözlə, investisiya layihələri Azərbaycanda icra edilir. Dövlət İnvestisiya Şirkəti bu istiqamətdə çox vacib funksiyalar icra edir. Dövlət İnvestisiya Şirkəti daha çox böyük infrastruktur və sənaye müəssisələrinin yaradılmasına maliyyə dəstəyi göstərir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox kənd təsərrüfatı, emal müəssisələri və regional əhəmiyyət daşıyan müəssisələrin yaradılmasına xidmət göstərilir.
Azərbaycanda ümumi iqtisadi inkişaf çox müsbətdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır. Bu ilin investisiya proqramında çox vacib məsələlər həllini tapacaqdır. İnfrastruktur layihələri icra edilir. İndi ölkəmizdə genişmiqyaslı qazlaşdırma prosesi gedir. Kənd yollarının tikintisi uğurla gedir. Növbəti illərdə içməli su, kanalizasiya, suvarma, meliorasiya məsələlərinə daha çox diqqət göstərilməlidir. Bu yaxınlarda Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində 2013-cü ilə qədər Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.
Qeyd etdiyim kimi, regional inkişaf proqramı uğurla icra olunur. 2004-cü ildən bu proqram icra edilir və proqramın ikinci mərhələsi 2013-cü ildə başa çatacaqdır. Ondan sonra biz baxacağıq ki, əlavə hansı tədbirlər görülməlidir. Məqsəd qoyulmuşdur ki, 2004-2013-cü illərdə, yəni on il ərzində ölkə qarşısında duran əsas infrastruktur, sosial və iqtisadi məsələlər öz həllini tapsın. Biz bu məqsədə yaxınlaşırıq. Ötən səkkiz ilin təcrübəsi onu göstərir ki, istənilən istiqamətdə çox gözəl nəticələr vardır. İş yerləri açılır, yoxsulluq azalır, sənaye müəssisələri yaradılır, infrastruktur layihələri icra edilir. Biz elektroenergetika sahəsinə çox böyük investisiyalar cəlb etmişik və bu gün nəinki özümüzü təmin edirik, hətta ixrac potensialımız yaranıbdır.
Çalışmalıyıq ki, emal müəssisələrinin fəaliyyəti də ixracyönümlü olsun. Düzdür, birinci mərhələdə biz daxili tələbatı daxili istehsal hesabına tam şəkildə təmin etməliyik. Bu, çox vacib məsələdir. Əgər biz buna nail olsaq, bir neçə vacib məsələni həll etmiş olacağıq, o cümlədən işsizliklə bağlı məsələlər də daha tezliklə həllini tapacaqdır. Ancaq biz ondan sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının və emal məhsullarının ixracı ilə bağlı yeni bazarlara çıxmalıyıq. Bunun üçün əlbəttə ki, istehsal edilən məhsullar yüksək keyfiyyətə malik olmalıdır. Biz nəinki qonşu bazarlara ixrac imkanlarımızı, potensialımızı artırmalıyıq, Avropa bazarlarına da çıxmalıyıq. Avropa bazarlarına çıxmaq üçün, əlbəttə ki, yüksək keyfiyyətli məhsullar istehsal olunmalıdır. Belə müasir səviyyədə qurulmuş bu süd kombinatından əminəm ki, istənilən ölkəyə məhsul ixrac etmək mümkün olacaqdır.
Sahibkarlara bundan sonra da dövlət dəstəyi göstəriləcəkdir. Bu, həm siyasi, həm iqtisadi dəstəkdir, həm də maliyyə dəstəyidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələn illərdə də lazımi səviyyədə vəsait nəzərdə tutulacaqdır. Azərbaycanda maliyyə problemləri artıq həllini tapır. Yalnız keçən il 15 milyard dollar səviyyəsində investisiya qoyulmuşdur. Bu il büdcəmizə düzəlişlər edilməlidir, dürüstləşmə aparılmalıdır. Bu dürüstləşmə həm infrastruktur layihələrini əhatə etməlidir, eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün orada vəsait nəzərdə tutulacaqdır. Maaşların, pensiyaların qaldırılması məsələləri öz həllini tapacaqdır.
Bir sözlə, dövlət ölkəmizin inkişafı üçün bütün tədbirləri görür. Sahibkarlar da ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar. Mən çox şadam ki, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır. Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir. Sahibkarlar isə, eyni zamanda, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da çox üstünlük verməlidirlər.
Mən keyfiyyətli məhsullar istehsal olunmalıdır ki, Avropa bazalarına çıxsın deyəndə, onu da qeyd etməliyəm ki, daxili bazara da ancaq və ancaq keyfiyyətli məhsullar lazımdır. İndi dövlət qurumları bu məsələ ilə bağlı çox fəal iş aparırlar. Bazarda keyfiyyətsiz məhsulların yığışdırılması prosesi gedir, monitorinq aparılır. Bu məsələyə çox böyük diqqət göstərilməlidir. Keyfiyyətsiz məhsullara qarşı ciddi mübarizə aparılmalıdır. Bu, həm idxal mallarına və həm də Azərbaycanda istehsal olunan mallara aiddir. Keyfiyyət birinci dərəcəli məsələdir.
Mən hesab edirəm ki, bu siyasətimizin nəticəsində gələcək illərdə ölkəmizdə çox güclü sənaye, yəni, emal sənayesi potensialı yaradılacaqdır. Artıq müxtəlif bölgələrdə yeni gözəl emal kompleksləri tikilir, o cümlədən süd kombinatları tikilməkdədir və bu proses davam etdiriləcəkdir.
Bununla bərabər, rəqabət artdıqca əlbəttə ki, rəqabətlə bağlı olan məsələlər daha da qabarıq şəkildə özünü büruzə verəcəkdir. Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır. Çünki bəzi hallarda qeyri-sağlam rəqabət, inhisarçılıq işimizə çox böyük mane törədir. İnhisarçılıq həm idxalda, həm də ki, yerli istehsalda özünü göstərir. Biz Novruz bayramı ərəfəsində bu vəziyyətlə üzləşmişdik, Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri süni şəkildə qaldırılırdı. Ona görə, çox ciddi tapşırıqlar verildi və nəzarət təşkil edildi ki, həm Azərbaycanda istehsal olunan məhsulların qiymətləri şişməsin, eyni zamanda, məhsulların idxalında tam şəffaflıq təmin edilsin. Sağlam rəqabət biznes mühitinin yaxşılaşdırılması üçün ən vacib amillərdən biridir.
Bununla bərabər, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də öz müsbət nəticələrini verməkdədir. Bu, həm sosial sahədə özünü göstərir, dövlət qurumlarının fəaliyyəti daha da şəffaf olur, ictimai nəzarət güclənir, eyni zamanda, biznes sektorunda da rüşvətxorluğa, əsassız tələblərə son qoyulmalıdır. Mən bu məsələ ilə bağlı bir neçə dəfə fikirlərimi bildirmişəm, müvafiq tapşırıqlar da verildi. Sahibkarlar da öz tərəfindən əsassız tələblərə qarşı mübarizə aparmalıdırlar, müqavimət göstərməlidirlər, hər bir xoşagəlməz hallarla üzləşəndə mütləq müvafiq dövlət qurumlarına məlumat verməlidirlər.
Biz, ümumiyyətlə, bütün maliyyə sistemimizdə şəffaflığı təmin etməliyik, bunu edirik və bu sahədə böyük uğurlara nail ola bilmişik. Mən Azərbaycan Dövlət Neft Fondunu misal gətirə bilərəm. Dünya miqyasında fəaliyyət göstərən bütün oxşar fondların arasında ən şəffaf və ən gözəl idarə olunan neft fondu Azərbaycan Dövlət Neft Fondudur. Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən Neft Fondunun fəaliyyəti yüksək qiymətləndirilir. Bu Dövlət Neft Fondunu biz yaratmışıq və biz idarə edirik. Bu, onu göstərir ki, siyasi iradə, düzgün menecment və peşəkarlıq olan yerdə biz ən yüksək dünya standartlarına nail ola bilərik və belə olan halda bütün başqa sahələrdə də şəffaflıq, dürüstlük olmalıdır. Biznesə gəldikdə, bir də demək istəyirəm ki, sağlam rəqabət aparılmalıdır.
Bugünkü iclasda bölgənin rayonlarının icra hakimiyyəti başçıları da iştirak edirlər. Mən dəfələrlə onlara da öz sözümü demişəm. Onlar sahibkarlığa kömək göstərməlidirlər, maneçilik törətməməlidirlər. Dövlət tərəfindən sahibkarlara diqqət hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə göstərilməlidir. Deyə bilərəm ki, bu sahədə son illərdə çox müsbət dəyişikliklər vardır. Yerli icra orqanlarının əksəriyyəti dövlət siyasətini düzgün başa düşür və düzgün icra edir. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, bütün bölgələri gəzirəm. İnsanlarla görüşürəm, soruşuram, məlumat mənbələrim vardır. Harada nəyin baş verməsindən də kifayət qədər xəbərim vardır. Ona görə, deyə bilərəm ki, əksər hallarda yerli icra orqanları bu işlərdə özlərini yaxşı göstərirlər. Harada ki, nöqsanlar, qüsurlar var, bu məsələyə də biz lazımi diqqət göstəririk, lazımi ölçülər götürülüb və götürüləcəkdir.