Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi

03 dekabr 2016, 10:45
Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi

Mən sizi salamlayıram, yenidən Tərtərdə olmağımdan çox məmnunam. Bu gün Tərtər rayonunun həyatında çox əlamətdar bir gündür. Tərtər şəhərinin su və kanalizasiya problemi artıq həll olunur. Çox gözəl, böyük layihədir. Bilirəm ki, əvvəlki illərdə su problemi insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıb. Tərtər şəhərinin sakinlərinə təmiz içməli su veriləcək və eyni zamanda, kanalizasiya xətləri də tam istismara hazırdır. Gələcək mərhələdə ətraf kəndlərə də içməli su veriləcək.

Bu, böyük infrastruktur və sosial layihədir. Bu layihənin icrası üçün biz xarici kreditlərdən istifadə etdik, eyni zamanda, Azərbaycan dövləti də büdcə vəsaiti ayırdı. Çünki su layihələrinin icrası böyük vəsait tələb edir. Ancaq bu vəsaitin büdcəyə qayıtması məsələsi uzun illər çəkir. Yəni, bu layihənin icrası sırf sosial məna daşıyır ki, Tərtərə keyfiyyətli su verilsin, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su insanın sağlamlığı üçün başlıca amildir.

Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Magistral yolların, kənd yollarının çəkilişi, qazlaşdırma ilə bağlı böyük infrastruktur layihələri icra edilir. Tərtər rayonunda qazlaşdırma 90 faizdən çoxdur, 100 faizə çatmalıdır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün içməli su məsələsi də öz həllini tapır. Yəni, əsas infrastruktur məsələləri bunlardır. Bu, birinci mərhələdə görüləsi işlər idi.

Bununla bərabər rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir. Burada çoxlu məktəblər, uşaq bağçaları, sosial obyektlər tikilmişdir. Yəni, rayonun iqtisadiyyatına və sosial inkişafına dövlət tərəfindən çox böyük vəsait ayrılmışdır.

Növbəti mərhələdə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bizim kənd təsərrüfatı ilə bağlı son təşəbbüslərimiz üzrə Tərtərdə görülən işlər buradakı təqdimatda əksini tapıb.

Baramaçılıq, pambıqçılıq inkişaf edir. Gələn il 3 min hektarda pambıq əkiləcək, minlərlə insan bu işlərə cəlb olunacaq. Baramaçılığın da həm dövlətə, həm də insanlara çox böyük xeyri var. Yəni, qısa müddətdə - 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Xüsusilə nəzərə alınmalıdır ki, dövlət bu sahəyə öz dəstəyini əsirgəmir. İndi xaricdən tinglər gətirilir, təsərrüfatlara verilir.

Kənd təsərrüfatının daha sürətlə inkişaf etdirilməsi üçün digər tədbirlər də görülür. Siz yaxşı bilirsiniz ki, subsidiyalar, yanacağa, gübrəyə dotasiyalar, güzəştli şərtlərlə texnika verilir. Bütün bunları dövlət öz üzərinə götürüb ki, insanlara daha da yaxşı şərait yaratsın. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə də dünya miqyasında nümunəvi ölkədir. Çünki mən öz fermerlərinə bu qədər diqqət göstərən ikinci ölkə tanımıram və bunun nəticəsində, - baxmayaraq ki, indi dünyada və bizim bölgəmizdə böhran yaşanır, - Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Bu il də artım var, gələn ildə də artım olacaq. Bir sözlə, qarşıdakı mərhələdə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi ilə bağlı növbəti addımlar atılacaq.

Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada - döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.

Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir. Azərbaycan Ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanmışdır. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etmişdir. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək, qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir. Xüsusilə Tərtər sakinlərinin belə davranışı, hərəkəti, hər bir vətəndaş üçün nümunə olmalıdır. İndi siz burada, düşmənlə üz-üzə, ön cəbhədə nəinki yaşayırsınız, yaradırsınız, qurursunuz və əminsiniz ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu sizin təhlükəsizliyinizi təmin edir.

Bir daha demək istəyirəm ki, aprel döyüşləri tarixi hadisədir. Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da. Bizim tarixi coğrafiyamız çox geniş olub. Tarixçilər son vaxtlar bu barədə yaxşı elmi əsərlər, kitablar yazırlar. Onu da qeyd etməliyəm ki, bu məsələlər mənim tövsiyəmlə öz həllini tapır. Misal üçün, İrəvan xanlığı haqqında çox böyük elmi əsər yaradılmışdır. Bu əsər bir neçə dilə tərcümə edilmişdir ki, həm Azərbaycan vətəndaşları bunu bir daha bilsinlər və dünya da bilsin ki, İrəvan bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində İrəvanın əhalisinin 70 faizi azərbaycanlılar idi. Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır.

Bunu artıq XX əsrin tarixi də göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin demək olar ki, birinci qərarı, - əfsuslar olsun ki, belə bir qərar verildi, - ondan ibarət idi ki, İrəvanı Ermənistana hədiyyə edək. Bu, çox böyük səhv, böyük cinayət idi. Bilirsiniz, Xalq Cümhuriyyətinin mövcudluğu bizim qürur mənbəyimizdir. Müsəlman aləmində ilk dəfə demokratik respublika yaranmışdır və yaxşı da işlər görülmüşdür. Amma biz gərək tarixi olduğu kimi bilək və insanlar da bilsinlər. İrəvanı Ermənistana vermək tarixi cinayət idi. Çünki öz doğma torpağını verdilər.

Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. Bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb. İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir. Baxın, hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi bir-iki ilə Azərbaycan əhalisi on milyona çatacaq. Bu meyil davam edir. İndi əhali nə qədər çox artırsa, sonrakı illərdə də artım daha yüksək olacaq.

Ermənistanda isə əhali azalır. Bu, həm təbii səbəblər, həm miqrasiya, həm də ümidsizlik, çarəsizlik, özbaşınalıq üzündən baş verir. Ermənistanın indiki faşist rejimi faktiki olaraq ölkədə dözülməz şərait yaradıb. Ona görə də orada əhali daha da azalacaq, çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq. Birincisi, bu, tarixi məsələdir. İkincisi isə bu, ədalətli məsələdir. Biz ədalətin tərəfdarıyıq və ərazi bütövlüyümüzü bərpa etməliyik. Heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Əksinə çalışmalıyıq və çalışacağıq ki, ölkəmizin gücünü artıraq, möhkəmləndirək və istəyimizə nail olaq.

Cəmiyyətdə bu məsələ ilə və bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik var. Bizim uğurlu inkişafımız reallıqdır. Hətta böhranlı illərdə də bu inkişafa nail oluruq. Bizim inkişafımız bölgələrin inkişafından asılıdır. Biz bu inkişafı Tərtər rayonunun timsalında görürük. Bu gözəl nəticələr münasibətilə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50