12:50
Pambıqçılığın inkişafına dair respublika müşavirəsində İlham Əliyevin giriş nitqi
28 mart 2017, 11:30Biz bugünkü müşavirədə ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük.
Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülübdür. Rayonun infrastrukturu tamamilə yenidən qurulubdur. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.
Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizə çatıb və əminəm ki, yaxın gələcəkdə Saatlıda bir dənə də yaşayış məntəqəsi qazsız olmayacaq. Məsələ belə qoyulubdur. Biz buna da nail olacağıq. Saatlı rayonunun demək olar ki, bütün kənd yolları əsaslı təmir edilir, tikilir. Əvvəlki illərdə bir neçə önəmli kənd yolu layihəsi icra edilmişdir. Birinin açılışını bu gün etdik. Bir neçə kəndi birləşdirən daha bir kənd yolu layihəsi var ki, o da yaxın zamanlarda icra ediləcək və əhalinin istifadəsinə veriləcək.
Sosial obyektlərin tikintisi uğurla gedir. Müasir xəstəxana, Olimpiya Mərkəzi, məktəblər, uşaq bağçaları, bir sözlə, Saatlı rayonunun hərtərəfli inkişafı Dövlət Proqramı əsasında uğurla gedir. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıbdır. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, - bu gün də əlbəttə, bu vəzifə qarşımızda durur, - bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görərik ki, bu proqramların çox böyük əhəmiyyəti var. İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb.
Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır.
Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olubdur. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilirdi.
Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olmuşdur. Məşğulluq yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər öz həyat şəraitini böyük dərəcədə yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana böyük investisiya cəlb olundu. Əlbəttə, biz o vaxt müstəqil dövlət deyildik və Azərbaycan xalqı onu da unutmamalıdır ki, Sovet İttifaqının tərkibində Azərbaycan iki respublikadan biri olmuşdur ki, öz tələbatını özü ödəyirdi, eyni zamanda, ümumittifaq büdcəsinə də töhfə verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi.
Bir daha qeyd etmək istəyirəm ki, pambıqçılığın ənənələri böyükdür. Əfsuslar olsun ki, Ulu Öndər Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, biz pambıqçılıqda da tənəzzüllə qarşılaşdıq. İldən-ilə diqqət azalırdı, ildən-ilə pambıq sahələri kiçilirdi və bu proses əfsuslar olsun ki, son illərə qədər davam edirdi.
Müstəqillik dövründə. Əlbəttə ki, biz müstəqilliyin ilk illərini yaxşı xatırlayırıq. Bu illər çox ağır keçirdi, dərin siyasi, iqtisadi, hərbi böhran yaşanırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələr Azərbaycanı məhvə aparırdılar, vətəndaş müharibəsi, kütləvi itaətsizlik, dərin böhran hökm sürürdü. Sənaye, kənd təsərrüfatı demək olar ki, tamamilə dağıdılmışdı. Bizim üçün ənənəvi olan pambıqçılıq, üzümçülük məhvə doğru gedirdi. Ancaq 1993-cü ildən sonra Ulu Öndərin rəhbərliyi ilə vəziyyət sabitləşməyə başladı. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra artıq Azərbaycanda hər il iqtisadi inkişaf başlamışdır.
Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişdik. Bunun bir neçə səbəbi var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Burada əyləşən vətəndaşlar, yoldaşlar bilirlər ki, pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik. Digər tərəfdən, biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik. Çünki sovet vaxtında ümumittifaq sənaye-iqtisadi kompleksi mövcud idi, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük inkişaf edirdi, meyvə-tərəvəz istehsalı artırdı. Ancaq biz ərzaq məhsullarını başqa respublikalardan - Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik. Yəni, böyük bir asılılıq mövcud idi.
Ona görə biz ilk növbədə çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik. Bu gün biz özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə təxminən 80-90 faiz təmin edirik. Sovet dövründə bu, belə deyildi, biz tam asılı vəziyyətdə idik. Müstəqillik dövründə Azərbaycanda meyvə-tərəvəz istehsalı bir neçə dəfə artmışdır və bu, bizim üçün böyük ixrac potensialıdır, böyük ixrac imkanlarımızdır. Ona görə biz daha çox ərzaq təhlükəsizliyi məsələlərinə diqqət göstərirdik. Texniki bitkilər - pambıqçılıq, tütünçülük, baramaçılıq isə bir qədər diqqətdən kənarda qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri itirirdik. Onu da açıq deməliyəm ki, pambıqçılığa dövlət dəstəyi çox zəif idi.
Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.
Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik.
Bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulmuşdur. Kompleks tədbirlər görülmüşdür. İlk növbədə, biz özümüzü texnika ilə təmin etməli idik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş edilib.
Meliorasiya işləri uğurla aparılıb. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, eyni zamanda, yerli icra orqanları bu işlərdə fəal iştirak edirlər. Biz meliorativ tədbirləri genişləndirərək dövriyyəyə yeni əkin sahələrini əlavə etdik. Hesab edirəm ki, bütün bu kompleks tədbirlər nəticəsində bu il rekord nəticə gözlənilir. Biz əkin sahələrini böyük dərəcədə genişləndirdik. Son məlumata görə, bu il 136 min hektarda pambığın səpini gözlənilir və orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır. Keçən illə müqayisədə bu, artım deməkdir. Ancaq biz və pambıqçılar bunu yaxşı bilirik ki, bu, bizi qane edə bilməz. Sovet vaxtı məhsuldarlıq daha da böyük idi. Nəzərə alsaq ki, bu gün biz həm müasir texnika alırıq, həm bütün digər tədbirləri ən yüksək səviyyədə görürük, əlbəttə, gələcək illərdə məhsuldarlıq daha da artmalıdır.
Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.
Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilmişdir, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılmışdır. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var.
Biz, əlbəttə ki, keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bu gün biz pambıqçılıqla bağlı ikinci müşavirəni keçiririk. Bu müşavirələrin keçirilməsi özlüyündə dövlət dəstəyinin təzahürüdür. Eyni zamanda, biz vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər gördük. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə bax, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaqdır.
Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir. Bu kömək və yardım müxtəlif sahələrdə özünü büruzə verir. Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar. Eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıbdır. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir. Çünki neft sənayesinin inkişafı qiymətlərlə tənzimlənir. Neftin qiyməti qalxarsa, əlbəttə ki, göstərici də qalxacaq. Neftin hasilatı qalxarsa, göstərici də qalxacaq, düşərsə, düşəcək. Ona görə bu, göstərici deyil. Bizim üçün əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir. Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında xüsusilə Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir. Ancaq əsas məsələ ölkəmizdə gedən proseslərdir və bu proseslər müsbət istiqamətdə gedir.
Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.
Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib, onlar dərc olunub. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.
Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Bizim böyük “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax, bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıbdır. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdır, bu il daha da yüksək rəqəm olacaq. Şəki ipək kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammalı təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir.
Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik.
Bir sözlə, artıq keçən il ərzində pambıqçılıqda əldə edilən müsbət təcrübə gələcəyə nikbinliklə baxmaq üçün böyük əsas verir. Bugünkü müşavirədə pambıqçılığın inkişafı ilə bağlı önəmli məsələlər müzakirə ediləcək. Əminəm ki, bu gün start verdiyimiz səpin kampaniyası uğurla başa çatacaq və biz bol məhsul əldə edəcəyik.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10