Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə iştirak edib

05 may 2017, 19:05
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə iştirak edib

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva görüşdə çıxış edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Zati-aliləri.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısında sizi salamlamaq istərdim.

Mən, həmçinin bu cür mühüm tədbirin ilk dəfə təşkilində Forum tərəfdaşlarımızın verdiyi çox fəal dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu tədbirin sessiyalarından mövzulara keçməzdən əvvəl ölkəmiz haqqında bir neçə söz söyləmək istərdim.

Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən biridir. Azərbaycanın paytaxtı Bakı Şərq ilə Qərbin, eləcə də müasir və tarixi dövrlərin harmonik birləşməsidir.

Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir.

Azərbaycanda yaşayan müxtəlif xalqların ölkəmizin ictimai və siyasi həyatında oynadıqları mühüm rol ilə bərabər, biz onlar tərəfindən öz etnik dəyələrini, dinlərini və ənənələrini tam şəkildə necə qoruyub saxladıqlarını aydın şəkildə görürük. Azərbaycanda etnik və dini tolerantlıqla yanaşı, milli və mədəni müxtəliflik ab-havası ölkəmizi bir çox millətlərin və dinlərin olduğu məkana, o cümlədən qlobal səviyyədə mədəniyyətlərarası dialoq platformasına çevirib.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Biz beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ön plana çəkən bu cür ilk toplantını keçiririk.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlığı əsasında təşkil olunur. Həmin təşkilatların fəal üzvü olan Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlər keçirib.

Azərbaycan nadir ölkələrdən biridir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Fərəhlənirik ki, həmin iki aparıcı beynəlxalq təşkilat arasında fəal əməkdaşlıq 2008-ci ildə “Bakı prosesi” ilə başladı. Bu gün “Bakı prosesi” olduqca mühüm və nadir beynəlxalq təşəbbüsdür.

Böyük rəmzi mənası var ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və gələn həftə isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu “Bakı prosesi”nin bir hissəsi hesab edirik. Millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. İcazə verin, onlardan bəzilərini qeyd edim:

-Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi;

-Romada qədim Marçellinio və Pietro katakombalarının bərpası;

-Versal Sarayının parkında tarixi abidələrin bərpası;

-Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqlarının və istirahət parklarının tikintisi;

-Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq Soborunda şüşə vitrajların bərpası;

-Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası;

-Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılmasında iştirak;

-Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası;

-Almaniyanın Berlin kiləsinin bərpasında iştirak;

-İtaliyada, Romada Kapitoli Muzeyində filosoflar zalının bərpası.

Bu misallar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamımızı aydın şəkildə göstərir. Qlobal mədəni irsin qorunmasına verdiyimiz töhfə Azərbaycanın multikulturalizm dəyərlərinə birmənalı bağlılığını nümayiş etdirir.

Əziz dostlar, bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviq olunmasına ciddi ehtiyac duyur. Bu proses çərçivəsində hökumətlərin, siyasətçilərin, beynəlxalq təşkilatların və medianın üzərinə böyük məsuliyyət düşür. Bu proses hazırda hələ də böyük çağırışlarla üzləşir.

Dünyada milyonlarla insan hələ də yoxsulluqdan, aclıqdan, sosial bərabərsizlikdən, sağlamlığa təhdidlərdən əziyyət çəkir. Digərləri isə təbii və antropogen fəlakətlərdən, zorakı ekstremizmdən, terrorçuluqdan və humanitar böhranlardan əziyyət çəkirlər.

Biz praktiki olaraq söyləyə bilərik ki, bəzi hallarda beynəlxalq hüquqa riayət edilmir və ya onun normaları ikili standartlar nəticəsində pozulur. Əslində insan həyatına aid məsələlər və hər kəsin təhlükəsiz həyata hüququ ən ali prinsiplərdən biridir və qorunmalıdır. Bu baxımdan mədəniyyətlərarası, dinlərarası dialoq və əməkdaşlıq anlaşma və hörmət prinsipləri ilə birgə cəmiyyətin inkişafının mərkəzində dayanır.

Məqsədlərimizə nail olmaq üçün bəşəriyyət millətlər arasında qarşılıqlı əlaqəni quraraq, daha güclü münasibətləri yaradaraq ekstremizm və ksenofobiya kimi maneələri aradan qaldırmalıdır. Biz beynəlxalq təşkilatların, maliyyə və iqtisadi təsisatların göstərdikləri yardımı yüksək dəyərləndiririk və etiraf edirik ki, bu, həmin prosesin ayrılmaz hissəsidir.

Yüksək səviyyəli bu toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir. Biz, həmçinin çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək.

Bizim hamımız dünyada mədəni müxtəlifliyi tanıyırıq. Bütün mədəniyyətlərə və sivilizasiyalara gəldikdə, onlar davamlı inkişafa töhfə verməlidir. Bütün bu işlərin həll olunması asan deyil. Bizim hamımızın müxtəlif mədəni mənşəyi var. Biz hesab edirik və ən azı etiraf etməliyik ki, müxtəlif perspektivlər mövcuddur və onlar açıq qalır.

Yekun olaraq, əlbəttə, qeyd edirik ki, dialoq dərhal razılaşma, sadə anlaşma və yaxud başqa məsələlərin həlli demək deyil. Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır. Mən sizə maraqlı diskussiyalar arzulayıram. Hesab edirəm ki, bizim məramımız bununla daha da güclənəcək. Biz dialoqu davam etdirəcəyik və bir çox çağırışları aradan qaldırmağa nail olacağıq. Çox sağ olun, Bakıya gəldiyinizə görə sizə təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.

X X X

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün birinci sessiyası “İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması” mövzusuna həsr edilib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser sessiyanın mövzusunun aktual olduğunu bildirərək deyib: “İcazə verin, mən bu sahədə Azərbaycanın ön cərgələrdə getdiyini xüsusilə qeyd edim. Bu ölkənin hökuməti insanlar arasında mədəniyyətlərarası dialoqun təşviqi sahəsində çox böyük işlər görür. Xatırlatmaq istərdim ki, BMT-nin Xartiyasının 8-ci bölümündə deyilir: BMT Beynəlxalq sülhün və təhlükəsizliyin saxlanılmasında mədəni irsi qorumalı və onun üçün imkanlar yaratmalıdır”.

Son dörd il ərzində Sivilizasiyalar Alyansının genişləndiyini diqqətə çatdıran Nassir Abdulaziz Al-Nasser həm də inklüziv dialoqun qurulmasında davamlı inkişafın təmini istiqamətində görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışıb. “Mədəniyyətlərarası dialoq insan təhlükəsizliyinin əsasını təşkil edir. İnsan ləyaqəti, insan hüquqlarının vacibliyi bizim əsas amalımızdır. İstərdik ki, insanlar, bu işin əsasında dayansınlar. Məsələn, 2015-ci ildə “Ədavətə yox deyək” kampaniyasına başladıq və insanları səfərbər etməyə müvəffəq olduq. Miqrantların, qaçqınların problemlərini internet vasitəsilə geniş ictimaiyyətə çatdırdıq. Habelə gənclər arasında bir sıra layihələr həyata keçirdik. Məsələn, Qərbi Afrikada 12 regional ölkədən 20 gənc bizim təşkil etdiyimiz kurslarda iştirak etdi. Vətəndaş cəmiyyəti təşkilatları da bu işə fəal qoşulmalıdır”, - deyən Nassir Abdulaziz Al-Nasser insan təhlükəsizliyini və sülhü bərqərar etməyin mümkünlüyünü diqqətə çatdırıb. O, çıxışının sonunda təşkilatın bundan sonra da mədəniyyətlərarası dialoqa dəstək verəcəyini bildirib.

UNESCO-nun baş direktoru İrina Bokova 2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş “Bakı prosesi”ni zamanında verilmiş qərar kimi dəyərləndirib.

Mədəniyyətlərarası dialoqa hər yerdə və cəmiyyətin hər təbəqəsində ehtiyac olduğunu, bu dialoqun 2030-cu il proqramı üçün də vacibliyini qeyd edən İrina Bokova deyib: “Mədəniyyətlərin bir araya gəlməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bizi dəfələrlə konkret olmağa çağırıb. Bu gün mən sizin diqqətinizi UNESCO-nun xüsusi nəşrinə yönəldirəm. Ekstremizmə qarşı mübarizədən danışarkən qeyd etməliyəm ki, sülh çağırışları ilə bağlı məktəblərdə təbliğat aparılmalıdır. Biz təşkilat olaraq üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində proqram hazırlayırıq”.

“Biz öz fəaliyyətimizlə göstərməliyik ki, dünyada müxtəliflik mövcuddur. Eləcə də İslam mədəniyyəti, İslam irsi bütün dünya üçün vacibdir. Bu sivilizasiya, sülhlə bağlı bir məsələdir. Bu, UNESCO adından mesajdır”, - deyən İrina Bokova bu məsələlərə hər zaman xüsusi diqqət ayıran Azərbaycan hökumətinə təşəkkür edib.

BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai turizm sektorunun mədəniyyətlərarası dialoqda rolundan danışaraq deyib ki, ən yaxşı dialoq insanların bir-biri ilə görüşüdür. İnsanlar özlərini real həyatda olduğu kimi görürlər. Azərbaycanda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan geniş imkanlar yaradır.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, mədəni irs bəşəriyyətin ən vacib resursudur. Ortaq dəyərlərə xidmət etmək hamı üçün vacibdir. Mədəni abidələr qorunmalıdır. “Biz məhəbbətin, eşqin, sülhün elçiləri olmalıyıq. Habelə gənclərimizə daha diqqətli olmalı, onları dəstəkləməli, onlara ilham verməliyik. Biz onlara nəyisə diktə etməməliyik. Biz onları dəstəkləməliyik. Çünki bir çox ölkələrdə gənclər irqçilik, miqrant olmaq arzusu ilə yaşayırlar. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün bu problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətlidir”, - deyə ISESCO-nun baş direktoru vurğulayıb.

Təhlükəsizliyin təkcə ölkə daxilində deyil, kənarda, qonşu ölkələrdə baş verən hadisələrlə bağlı olduğunu söyləyən NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini Tacan İldem deyib: “Azərbaycan bizim təşəbbüslərimizi dəstəkləyir və konkret addımlar atır”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kabinet rəhbəri Mario Lubetkin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycan xalqına, hökumətinə təşəkkür edib və tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O deyib: “FAO üçün “Bakı prosesi”ndə çıxış etmək şərəfdir. Burada təhlükəsizlik və sülh məsələləri haqqında danışılır və bu, 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədləri üçün çox vacibdir. Biz bütün insanları, icmaları bir araya gətirməliyik. Bu, bəşəriyyət üçün vacibdir. FAO Azərbaycan hökuməti ilə bir sıra tədbirlər keçirməyi planlaşdırır. Təşkilatımız mədəniyyətlərarası dialoqa dəstək verməyə hər zaman hazırdır”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov təşkilatın gördüyü işlərdən danışıb. Bildirib ki, təmsil etdiyi qurumun məqsədlərindən biri dayanıqlı inkişafa dəstək verməkdir. Şuranın beynəlxalq əlaqələrindən danışan R.Həsənov vurğulayıb ki, birgə ümumi maraqlarımız və həll variantlarımız var. İnklüziv və hərtərəfli cəmiyyətlərin qurulması olduqca vacibdir və biz aktiv şəkildə öz səylərimizi səfərbər etməliyik.

Bakıya ilk dəfə gəldiyini və ölkəmiz haqqında xoş təəssüratlarını qeyd edən BMT-nin Nayrobi Ofisinin baş direktoru Sahle Zevde Azərbaycanın zəngin mədəniyyəti və tarixinin önəmli rolunu vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai deyib: “Forum imkan yaradır ki, biz maraqlı dialoq aparaq, sülhü təşviq edək. Çox şadıq ki, Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan iyul ayında dayanıqlı inkişafla bağlı öz hesabatını Nyu-Yorkda təqdim etməyə hazırlaşır. Biz bunu dəstəkləyirik”, - deyə Qulam İshaqzai qeyd edib.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün ikinci sessiyası isə “İqtisadi, maliyyə institutları və inkişaf agentlikləri arasında 2030-cu il Gündəliyinə doğru mədəniyyətlərarası dialoq üçün qarşılıqlı əməkdaşlığın qurulması: problemlər və imkanlar” mövzusuna həsr edilib.

Bu sessiyada Ərəb Maqreb Birliyi, Afrika Birliyi Komissiyası, Qırmızı Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Parlamentlərarası Birlik, Dünya Bankı, İslam İnkişaf Bankı, KAICIID, OECD, UNEP, USAID, TIKA, KOICA, GIZ, Fransa İnkişaf Agentliyi və digər nüfuzlu qurumların təmsilçiləri çıxış ediblər.

Yoxsulluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyindən danışan Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Naqvi deyib ki, belə nüfuzlu forumlar vacib məsələlərə birgə yanaşmalar üçün yeni imkanlar yaradır. Forumda çıxışçıları diqqətlə dinlədiyini söyləyən natiq Azərbaycan dövlətinə belə bir beynəlxalq platformanı reallığa çevirdiyi üçün təşəkkür edib.

Bakıda olmasından qürur duyduğunu deyən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Rintaro Tamaki aparılan müzakirələri və səsləndirilən təklifləri yüksək qiymətləndirib. Vurğulayıb ki, Forumda səslənən təkliflər nəinki dövlət qurumlarının, həm də özəl sektorun gələcək əməkdaşlığına yeni yanaşmalar gətirəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Mişel Kristides bildirib ki, belə əməkdaşlıq mədəni irsin mühafizəsində çox mühüm amildir. Bu Forum bir daha göstərir ki, mədəniyyət sahəsində əməkdaşlığın təşviq olunması mühüm amildir. Biz buna xüsusi diqqət yetirməliyik.

Təmsil etdiyi qurumun gördüyü işlər və həyata keçirdiyi layihələrdən söz açan İslam İnkişaf Bankının regional iqtisadçısı Rustam Eşonkhujayev Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Aparılan müzakirələr bir daha göstərir ki, yaxın gələcəkdə əlaqələrimiz daha da genişlənəcək və yaxın gələcəkdə əsas hədəflərimizi müəyyən edəcəyik.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib: “Forumda daha əmin oldum ki, biz müzakirələri təkcə öz aramızda aparmamalıyıq. İnsanları proqramlara cəlb etməklə, daha yaxşı qərarların qəbul edilməsinə nail olmaq mümkündür. Məhz buna görə də birgə əməkdaşlığa üstünlük verməliyik”.

Təbiətin mühafizəsinin ən mühüm amillərdən biri olduğunu söyləyən UNEP-in icraçı direktorunun müavini İbrahima Thiau bildirib ki, ətraf mühitin qorunması mənəvi, qlobal məsuliyyətdir. Hər il 30 milyona yaxın insan ətraf mühitin deqradasiyası səbəbindən vəfat edir. Bu gündə 35 min adam deməkdir, hər dəqiqə 25 adam çirklənmə və ekologiyadan dünyasını dəyişir. Təbiətin bizə deyil, bizim təbiətə ehtiyacımız var. Planetimiz məhv olunmamalıdır. Biz elə etməliyik ki, planeti qoruyaq.

“Bu beynəlxalq tədbir bir daha göstərir ki, qloballaşan mühitdə terrorizmə meydan verməməliyik. Beynəlmiləlçilik, gənc nəsli maarifləndirmək və çiyin-çiyinə davamlı inkişaf hədəflərinə doğru getmək ən başlıca vəzifələrimizdən biri olmalıdır”, - deyə Ərəb Maqreb Birliyinin baş katibi Taieb Bakkuş vurğulayıb.

Azərbaycan hökuməti ilə 25 ildən artıqdır əməkdaşlıq etdiklərini deyən USAID missiyasının direktoru Mikaela Meredit ötən müddət ərzində bir sıra müştərək layihələrin həyata keçirildiyini söyləyib. Azərbaycanın son illər qazandığı uğurları yüksək qiymətləndirən natiq ABŞ-ın ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Tədbirdə “ASAN xidmət”in aparat rəhbəri Azad Cəfərov qurumun gördüyü işlərdən, əldə etdiyi uğurlardan və gələcək planlardan söz açıb. O deyib ki, “ASAN xidmət” yarandığı gündən böyük uğurlara imza atıb. Təqdirəlayiq haldır ki, xidmət BMT-nin mükafatına layiq görülüb.

Tədbirdə çıxış edən digər natiqlər Forumun işini yüksək qiymətləndirərək bu tədbiri təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildiriblər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06