Birinci vitse-prezident Mehriban Əliyeva Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsində iştirak edib

16 may 2017, 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsində iştirak edib

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.

Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək xasiyyətlərini oxucuya çatdırırdı. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərirdi. Hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari müəllifi də Maqsud İbrahimbəyov olub.

Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başladı. “Maqsud hamıya gülümsəyir” adlı gecədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirdi. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırladı.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Hörmətli Anna xanım. 

Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Uzun illər ərzində Rus Dram Teatrının səhnəsində Maqsud İbrahimbəyovun əsərlərinin personajları canlandırılıb. Bu axşam bu teatrda böyük yazıçı Maqsud İbrahimbəyovun yaxınları, doğmaları, dostları, onun istedadının pərəstişkarları toplaşıblar ki, bu böyük insana öz dərin məhəbbət və hörmətini bildirsinlər. Sözsüz ki, Maqsud müəllimin istedadının pərəstişkarlarının sayı bu zalda əyləşənlərdən xeyli çoxdur.

Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də dünya mədəni irsinə layiqli töhfələr verib. Təsadüfi deyil ki, hörmətli Maqsud müəllimin əsərləri demək olar 30 dilə tərcümə edilib.

Maqsud müəllim qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist. Həqiqətən, bir insanda bu qədər qeyri-adi istedad və bacarıq cəmləşəndə adamlar deyirlər ki, bu “Allah vergisi”dir. Doğrudan da bu, Allah vergisidir. Lakin, ilk növbədə, Maqsud İbrahimbəyov böyük yazıçı idi. Mənim nəslim - məhdud sərhədlərdə və məkanca ideoloji çərçivələrdə böyüyən nəsil üçün bədii ədəbiyyat varlığımızın olduqca zəruri tərkib hissəsi idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti bizə sərhədləri genişləndirməyə, süni maneələri aradan qaldırmağa imkan verirdi, bir çox “lal suallara” cavab tapmaqda kömək edirdi. Ən başlıcası isə yüksək bədii söz bizi tamamilə məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə edirdi, əxlaq və mənəviyyatın bünövrəsini qoymağa kömək edirdi. Düşünürəm ki, bu, istər peşəkarlıq fəaliyyətində, istərsə də şəxsi həyatında hər bir insana bütün ömrü boyu zəruri bünövrədir. Bax, böyük ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və yaradıb.

Onun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi məna ilə zəngin idi. Maqsud müəllim sanki ən adi detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı və aydın dildə çatdıra bilirdi.

Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə - həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur.

Maqsud İbrahimbəyov öz əsərlərini rus dilində yazırdı. Bununla yanaşı, o, əsl Xalq Yazıçısı olub və olaraq qalır. Onun hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi.

Maqsud müəllim mərd, cəsur insan idi. O, öz prinsiplərini bütün həyatı boyu daşıyaraq, onları müdafiə edən insan idi. O, heç vaxt fikrini deməkdən, tənqid etməkdən qorxmurdu. Onun publisistikası Azərbaycan jurnalistikasının parlaq təbəqəsidir. Ən başlıcası isə, Maqsud müəllim bütün həyatı boyu laqeyd insan olmayıb. O, həmişə gərəkli olmağı və bu cür qalmağı bacarırdı, heç vaxt kənarda olmurdu.

Bu insan haqqında, onun yaradıcılığı, yüksək mənəvi və insani keyfiyyətləri barədə çox danışmaq olar. Mən əminəm ki, zaman keçdikcə insanlar böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərini daha yaxşı və dərindən dərk edəcəklər.

Hörmətli Anna xanım, Siz Maqsud müəllimin həyatında xüsusi yer tutmusunuz. Əgər desəm ki, Siz onun ən yaxın dostu və ilham pərisi olmusunuz, yəqin ki, səhv etmərəm. Yəqin bilirsiniz ki, dostlarınızın, tanışlarınızın əksəriyyəti üçün siz ayrılmaz vəhdət idiniz. Sizin cütlük məhəbbətin və qarşılıqlı hörmətin, iki parlaq şəxsiyyətin bir-birini tamamlayaraq, həm də daha güclü parlamasının rəmzi idi. Mən sizinlə aramızdakı dostluq və səmimi münasibətlərə çox həssas yanaşıram. Mən sizə çox dərin hörmət bəsləyirəm və sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Cənab Prezident həqiqətən doğru deyib: böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov yaşayacaq. Onun doğmalarının, dostlarının və istedadının milyonlarla pərəstişkarının qəlbində və yaddaşında yaşayacaq. Belə ki, nə qədər əsərləri yaşayırsa, yazıçı da sağdır. Azərbaycanın layiqli oğlunun işıqlı xatirəsinə ehtiramımı bildirirəm. Sağ olun.

x x x

Yazıçının həyat yoldaşı Anna İBRAHİMBƏYOVA Maqsud İbrahimbəyovun xatirəsinə hörmətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək dedi:

-Əziz dostlar, sağ olun ki, Maqsudu yad etmək üçün buraya gəlmisiniz. Mayın 11-də onun ad günü idi. Sağ olun ki, siz də bu gün gəlmisiniz. Mehriban xanım, mən Sizə və cənab Prezidentə Maqsuda və onun xatirəsinə bəslədiyiniz səmimi münasibətə görə çox minnətdaram. Sağ olun ki, bu gün bizimləsiniz. Hər bir məsələdə iştirakınıza və dəstəyinizə görə sağ olun. Çox sağ olun.

x x x

Yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN çıxışına Yuri Levitanskinin “Kajdıy vıbirayet dlya sebya” şeirindən misralarla başladı. Diqqətə çatdırdı ki, Maqsud İbrahimbəyovu üç sözlə xarakterizə etmək olar: Bu, şərəf, ləyaqət və seçimində səhvsizlikdir. “Maqsud İbrahimbəyovun başlıca silahı söz idi. O, söz duelində qeyri-adi dərəcədə zərif idi, eyni zamanda, söz döyüşündə alınmaz sədd idi”, - deyən Mixail Qusman bildirdi ki, yazıçı sözün qüdrətinə, sözün hər şeyə qalib gələcəyinə inanırdı və o, tam haqlı idi. Çünki söz çox insanları xilas edib.

Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olundu, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səsləndi.

Sonra Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirildi.

1935-ci il mayın 11-də Bakıda anadan olan Maqsud İbrahimbəyov gənc yaşlarından istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib. Onun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığında əksini tapan Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirəlayiqdir. Film “Maqsud İbrahimbəyov kimi yazıçılar dünyalarını dəyişmirlər. Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri tarix” sözləri ilə yekunlaşır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06