İlham Əliyevin Samux rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqi

19 avqust 2017, 18:25
İlham Əliyevin Samux rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqi

Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi. Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda, bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var. Bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait ayrılmışdır. Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. 

Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik.

Digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur. Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər.

Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir.

Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində

minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir.

Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Bu gün biz Göygöl rayonunda regional toxumçuluq, aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə verəcək.

Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki, Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə, 30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır. Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar, onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz təzahürüdür.

Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50