Bakıda “Kempinski Hotel- Badamdar” kompleksinin açılışında İlham Əliyevin nitqi
02 iyul 2011, 16:10
- Sabahınız xeyir olsun!
Sizi Kempinski otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox böyük hadisədir. Bakı şəhərində dünya şöhrətli otellər şəbəkəsi olan Kempinski oteli açılır. Otel həm gözəlliyi ilə fərqlənir, həm də ki, burada ən yüksək şərait yaradılıbdır.
Kempinski otelinin Azərbaycanda fəaliyyətə başlaması çox gözəl hadisədir. Çünki bu otellər dünya miqyasında otellər içində mühüm yer tutur. Bakıda Kempinskinin açılışı, eyni zamanda, Azərbaycanın inkişafının göstəricisidir. Şəhərimiz inkişaf edir, gözəlləşir, yeni otellər açılır. İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir.
Mən çox şadam ki, Bakıda belə gözəl, yaraşıqlı otel fəaliyyətə başlayır. Bu, şəhərimizə də əlavə yaraşıq, gözəllik verəcəkdir. Çox şadam ki, otelin xarici görünüşü də gözəldir və daxili tərtibatı da ən yüksək səviyyədədir. Həm otaqlar, həm ictimai yerlər, restoranlar, əyləncə yerləri, istirahət zonaları ən yüksək səviyyədədir.
Bu il Azərbaycanda “Turizm ili” elan edilibdir. Bu, təsadüfi deyildir. Çünki turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.
İndi bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açılır. Əlbəttə ki, ən gözəl otellər Bakı şəhərində fəaliyyətə başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı otel istifadəyə veriləcəkdir. Onların içində birinci otel “Kempinski Badamdar” otelidir.
Bu, özlüyündə gözəl bir göstəricidir. Bir il ərzində bir şəhərdə beşulduzlu altı otelin, özü də ən məşhur otellər şəbəkəsinə mənsub olan otellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin inkişafı birinci mərhələdə idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, növbəti illərdə bu işlər bütün istiqamətlərdə daha da sürətlə aparılacaqdır.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu həm biz deyirik, həm də şəhərimizin qonaqları etiraf edirlər. Gözəl şəhərdə qonaqları qəbul etmək üçün gözəl şərait olmalıdır. Burada yaradılan şərait dünya səviyyəsindədir. Hesab edirəm ki, Kempinski otellər şəbəkəsinin çərçivəsində bu otel öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir. Eyni zamanda, bilirəm ki, Kempinski otelinin Azərbaycan ilə bağlı başqa planları da vardır. Bakıda, bəlkə də ölkəmizin digər şəhərlərində yeni təşəbbüslər irəli sürülə bilər. Hər halda, bu otelin fəaliyyətə başlaması Azərbaycanda otel biznesinə böyük təkan verəcəkdir.
Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur. Həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti bundan ibarətdir. Bir daha təkrar edirəm Azərbaycanda həm yerli, həm xarici investorların sərmayələri lazımi səviyyədə qorunur. Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan uzun illərdir MDB məkanında birinci yerdədir. Təkcə keçən il Azərbaycan iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə yatırılıb. Hesab edirəm ki, bu il ölkəmizə qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə, Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar yaradılacaqdır.
Bu gözəl otelin tikilməsi, fəaliyyətə başlaması böyük hadisədir. Əlbəttə ki, buraya gələcək qonaqlara yaxşı xidmət göstərilməlidir. Bu isə oteldə çalışan insanların peşəkarlığından asılı olacaqdır. Əminəm ki, bu oteldə onun adına layiq xidmət göstəriləcək, qonaqlar burada qalmaqlarından məmnun olacaqlar.
Mən bu gün bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş Kempinski otel şəbəkəsinin Avropa üzrə prezidentini xüsusilə salamlamaq istəyirəm. Bütün qonaqları salamlamaq istəyirəm və bu gözəl otelin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun.