İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib

29 may 2018, 10:00
İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

Həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Dövlət başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı günüdür. Bu gün münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Eyni zamanda, onu da qeyd etməliyəm ki, bu gün Bakı Ekspo Mərkəzində XXV Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayıb və sərgidə iştirak edən yoldaşlar bu gün bu mərasimdə də iştirak etmiş kimi sayıla bilərlər. Mən onları da salamlayıram. Bildirmək istəyirəm ki, 25 il ərzində ilk dəfədir ki, Xəzər Neft-Qaz Sərgisinin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verir.

Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. İlk sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və riskli dövlət kimi sayılırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 25 il ərzində bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və sərgidə iştirak edən şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır.

Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

Dünən Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etmişdir. Bu da tarixi hadisə idi. Çünki ilk dəfə olaraq 1918-ci ildə müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı məhz Azərbaycan xalqı yaratmışdır. Dünən təntənəli mərasimdə çıxış edərkən bildirdim ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bu gün Azərbaycan bəlkə də dünyanın ən inkişaf etmiş və ən zəngin ölkələrindən biri ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, zəngin neft ehtiyatlarımız çox böyük imkanlar açır. Ancaq Azərbaycan müstəqilliyini itirdi və ondan əvvəlki dövrdə Azərbaycan müstəqil olmadığı üçün Azərbaycan xalqı öz təbii ehtiyatlarından bəhrələnə bilməmişdir.

Dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilmişdir. O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt – XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi?! Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içərisində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq, Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan “qara qızıl” Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi və eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlətimiz həll edir.

Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.

Sovet İttifaqı dağılanda Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq müstəqilliyimizin ilk iki ili çox ağır keçmişdir. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi, xaos, anarxiya, böhran hökm sürürdü, neft sənayesi tamamilə tənəzzülə uğramışdı, vətəndaş müharibəsinə start verilmişdi. Yəni, ölkə çox böyük təhlükələrlə üzləşmişdi və müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi.

1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və ondan sonra Azərbaycanın uğurlu inkişaf dövrü başlamışdır. Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir.

Qeyd etdiyim kimi, 1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olmuşdur. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır.

Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük.

1994-cü ildən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır.

1997-ci ildə isə “Əsrin kontraktı”nın icrası nəticəsində “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Bu tarixi videokadrlar artıq göstərilir və doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir. Ona görə neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni, bu, onu göstərir ki, biz bu böyük işləri nə qədər qısa müddət ərzində görmüşük. Bu işlər həm böyük maliyyə vəsaiti tələb edirdi, həm də texniki cəhətdən çox çətin layihələr idi. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük vəsaitimiz də yox idi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq.

Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha mən demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir.

“Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da böyük və tarixi hadisədir.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək.

Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır.

Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.

Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanır və öz maliyyə resurslarını ayırırlar. Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq.

Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb.

Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib.

Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik.

İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək.

Çıxışımın sonunda bu layihələrin ölkəmiz üçün nə qədər böyük fayda gətirdiyini qeyd etmək istərdim. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur.

Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Bu gün bu tarixi gündə mən bu tarixi məqamları bir daha sizin və Azərbaycan xalqının diqqətinə çatdırmaq istərdim. Çünki bugünkü günün təməli məhz o illərdə qoyulub. Sadəcə olaraq, biz bütün bu işləri ardıcıllıqla görmüşük. Bu gün bizim ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gündə mən Cənub Qaz Dəhlizinə uzun və uğurlu ömür arzulayıram.

Sağ olun.

x x x

Mərasimdə ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk çıxış etdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson tədbirdə çıxış etdi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxudu.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirdi.

Tədbirdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və “BP Group Upstream”in baş icraçısı Bernard Luney də çıxış etdilər.

Sonra “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələri haqqında videoçarx təqdim olundu.

Daha sonra Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17