İlham Əliyev tərəfindən İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi qəbul təşkil olunub

18 iyul 2018, 23:50
İlham Əliyev tərəfindən İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi qəbul təşkil olunub

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella rəsmi qəbulda iştirak ediblər.

Dövlət başçıları rəsmi qəbulda çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Xanımlar və cənablar.

Sizi Azərbaycanda bir daha salamlayıram.

Ölkəmizə xoş gəlmisiniz, cənab Prezident.

Məni və Mehriban Əliyevanı İtaliyanın yüksək ordenləri ilə təltif etdiyinizə görə minnətdarlığımı bildirirəm. Mən bunu Azərbaycan-İtaliya münasibətlərinin inkişafı istiqamətində fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirirəm.

İkitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Mən İtaliyaya etdiyim səfərləri və Sizinlə görüşümüzü məmnunluqla xatırlayıram. 2014-cü ildə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır.

İqtisadi sahədə əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artmışdır. Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir.

Ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələr mövcuddur. Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur.

Mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir.

Azərbaycan “Milan Ekspo”da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir.

Sabah Heydər Əliyev Mərkəzinin İtaliyanın Ufisi Qalereyası ilə birgə təşkil etdiyi sərginin açılışı nəzərdə tutulur. Bu sərgidə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətainin və Şah Təhmasibin Ufisi Qalereyasında saxlanılan portretləri nümayiş etdiriləcək. Mən bu münasibətlə İtaliya tərəfinə öz minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün Azərbaycan regional əməkdaşlığın və təhlükəsizliyin təmin olunması işində fəal rol oynayır. Lakin Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır ki, davam edən təcavüzü bölgədə sülhün təmin olunması işinə böyük əngəllər törədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi bu təcavüzün nəticəsində işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bu günə kimi bunların heç birinə məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bir neçə gün əvvəl Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik öz əksini tapmışdır. Bu yaxınlarda NATO-nun Brüsseldə keçirilmiş zirvə toplantısının yekununda qəbul edilmiş Bəyannamədə müttəfiq dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə bir daha dəstək ifadə etmişlər. Biz ümid edirik ki, ATƏT-in fəaliyyətdə olan sədri İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq.

İtaliya Prezidenti Sercio Mattarellanın çıxışı

-Cənab Prezident.

Xanım Birinci vitse-prezident.

Hökumət nümayəndələri.

Xanımlar və cənablar.

İtaliya və italyan xalqı haqqında səsləndirdiyiniz diqqət və hörmət dolu ifadələrə, mənə, qızıma və məni müşayiət edən nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm.

Mən çox şadam ki, İtaliya Respublikası Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri bu cür əhəmiyyətli dövrə təsadüf edir. Sizin və xanımızın bizim ölkəyə etdiyiniz səfərlərə qarşılıq vermək üçün mənə şərait yaradan bu səfər Azərbaycan Xalq Cümhuriyyətinin ötən aylarda Roma şəhərində də yüz illiyinin qeyd edilməsindən sonra və İtaliyanın ATƏT-ə - dövlətlər arasında dialoq və sülh şəraitində əməkdaşlığa dəstək verilməsi məqsədilə yaradılmış təşkilata sədrliyi ərəfəsində həyata keçirilir.

Millətlər və xalqlar arasında qarşılıqlı etimad bütün dünyada qəbul edilən beynəlxalq hüququn prinsiplərinə hörmətlə birgə inkişafın əsasını təşkil edərək dövlətlər arasında sabitliyin möhkəmlənməsi üçün lazımi şərait yaradan amildir. İtaliya və Azərbaycan 25 ildən çoxdur ki, diplomatik əlaqələr çərçivəsində qeyri-adi inkişafa malik münasibətlərin şahididir. Bu müddət ərzində gələcəkdə də hər bir sahədə əlaqələrimizin güclənməsinə yönəlmiş strateji tərəfdaşlığın toxumlarını səpməklə iki ölkənin qarşılıqlı dostluq və tərəfdaşlığını genişləndirməyə imkan verən mədəni, siyasi-rəsmi və ticari-iqtisadi sahələrdə çox sıx mübadilə şəbəkəsi yaranıb. Qədim və dərin köklərə söykənən qarşılıqlı əlaqələrimiz son onillikdə daha da intensivləşib.

Paytaxt Bakı şəhərindən çox da uzaq olmayan, keçmişin tarixi-memarlıq yaddaşının müasirliyin dinamik izində öz yerini tapdığı ərazidə Azərbaycan bu günədək bizə gəlib çatan latın dilində olan Şərq epiqraflarına sahibidir. Bu fakt qədim dövrlərdə belə bu ərazinin Aralıq dənizi regionu üçün böyük strateji əhəmiyyət daşıdığını sübut edir. Ölkəmiz tərəfindən həyata keçirilən əhəmiyyətli qərarlardan qaynaqlanaraq son onilliklərdə bu fakt özünü təsdiqləmişdir.

Azərbaycan heç bir halda öz ənənəvi mövqeyini dəyişmədən coğrafi və siyasi seçimlər səbəbindən hər zaman diqqət mərkəzində İtaliyanın da aid olduğu məhz böyük Aralıq dənizi ölkələrinə daha da yaxın olmağı seçdi.

Biz Azərbaycanın bu gününə və gələcəyinə Avropa İttifaqı ilə Azərbaycan arasında əhəmiyyətli əlaqələrin qurulması, Azərbaycan və Şimali Atlantika İttifaqı arasında mövcud məhsuldar əməkdaşlıq ilə möhkəmlənmiş yuxarıdakı seçim prizmasından baxırıq.

Qarşımızda duran mürəkkəb çətinliklər dinlər və mədəniyyətlər arasında sülh şəraitində birgəyaşayışı qorumağa ehtiyac olduğunu vurğulayan bir mühitdə regionda sabitliyin davamlılığına yönəlmiş əlaqələrin möhkəmləndirilməsinə şərait yaradır. Bu sahədə Azərbaycanın nümayiş etdirdiyi nümunə qiymətlidir.

Cənab Prezident, illərdir ki, ölkələrimiz çoxtərəfli və xüsusən də ikitərəfli əməkdaşlığımızda mühüm əhəmiyyətə malik energetika və sənaye sektorlarında uğurla əməkdaşlıq edir. Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi cəhətdən mövcud əhəmiyyətli əlaqələr zəifləmədən və ya məhdudlaşmadan illər ərzində dərin mədəni və sosial dəyərlərlə zənginləşmişdir.

Biz son illər ərzində azərbaycanlı tələbələrə verilən təhsil vizasının sayının iki dəfədən çox artmasını xüsusi olaraq cəsarətləndirici hal hesab edirik. Bu cür inkişaf bizi fərəhləndirir. Biz fəal şəkildə Azərbaycanın gənc istedadlarını yetişdirməyi, onlara təhsil və gənclərimizlə təcrübə mübadiləsi imkanları yaratmaqla gələcəkdə də həmin inkişafı davam etdirməyi düşünürük.

Mədəni sahədə əlaqələr hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrimizin elm və mədəniyyət qurumları arasında mövcud əməkdaşlığın bəhrəsi olan yüksək profilli və əhəmiyyətli layihələr vasitəsilə də İtaliya bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir.

Cənab Prezident, Azərbaycanın paytaxtı ziyarətçilərə mədəni və tarixi memarlıq baxımından bəşəriyyətin mədəni irsi çərçivəsində haqlı olaraq tanınan, cəlbedici və hərtərəfli fərqlilik nümayiş etdirir. Gənc və istedadlı xalqın əhəmiyyətli potensialı ilə birləşən varislik sülhə, dünyaya açıqlığa, dialoqa və tərəqqiyə əsaslanan gələcək qurmağa yönələn dəyərli bir irsi təşkil edir.

İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17