Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

08 sentyabr 2011, 15:50
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

- Əziz dostlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl və əlamətdar bir gündür. Düz 50 il bundan əvvəl - 1961-ci il sentyabrın 8-də burada birinci sutəmizləyici qurğu istismara verilmişdir. Bu gün, bu gözəl gündə biz yeni, ən müasir standartlara cavab verən qurğunun tikintisinin başlandığını qeyd edirik. Bu, özlüyündə çox əlamətdar hadisədir və onu göstərir ki, müasir dövrdə müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Əlli il bundan əvvəl başlanan bu proses və ondan sonrakı dövrdə tikilmiş yeni qurğular, əlbəttə ki, o dövrün tələblərinə cavab verirdi. 1990-cı illərin sonunda mövcud olan bu qurğularda təmir işləri aparılmışdır. Ancaq biz yenə də çalışırıq və çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. Bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik.

Bu layihə böyük vəsait tələb edəcəkdir. Təqribən 100 milyon manata qədər vəsait xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoyaq. Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir.

Azərbaycanda insan sağlamlığı üçün müxtəlif tədbirlər görülür. Əlbəttə ki, birinci şərt təmiz içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə məşğuluq. Bu gün təməl daşını qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox vacib addımlar atılır. Keçən il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Mən tam əminəm ki, ekoloji tədbirlərin gücləndirilməsinin insanların sağlamlığına çox müsbət təsiri olacaqdır. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları, ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər insanların sağlamlığını şərtləndirən əsas amillərdir.

Sadaladığım bütün məsələlərlə əlaqədar Azərbaycanda çox düşünülmüş proqram və konsepsiya vardır. Azərbaycanda Olimpiya idman kompleksləri, idman meydançaları tikilir, idmanla məşğul olmaq üçün şərait yaradılır. Bütün bölgələrdə müasir diaqnostika-müalicə mərkəzləri tikilir, rayon xəstəxanaları təmir edilir, müasir avadanlıqla təchiz olunur. Ekoloji tədbirlər görülür. Təkcə son il yarım ərzində ölkəmizdə 10 milyona qədər ağac əkilmişdir. Kür-Araz çayları boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Yüz minlərlə vətəndaş indi təmiz içməli su ilə təmin edilir.

Ölkəmizdə bütün başqa istiqamətlərdə olduğu kimi, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün də çox vacib işlər görülür. Bakıda - Balaxanıda məişət tullantılarının emalı zavodu tikilir. Hamımız yaxşı xatırlayırıq ki, Balaxanı zibilxanasının əvvəlki vəziyyəti necə idi. Oradan qalxan tüstü şəhəri bürüyürdü. İndi orada təmiz bir meydan yaradılıbdır. Ağaclar əkilir, yaşıllıqlar salınır və dünyanın ən yüksək texnologiyalarına malik olan müasir məişət tullantılarının emalı zavodu tikilir.

Mən bütün bunları nə üçün bu gün qeyd edirəm? Çünki görülən bütün bu işlərin, o cümlədən bu gün təməl daşını qoyduğumuz bu qurğunun bir məqsədi vardır: Bütün bu işlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, Azərbaycan vətəndaşları üçün lazımi məsələlərin həll olunması və insan sağlamlığı üçün ən vacib məsələlərin həlli məqsədi ilə görülür.

Azərbaycanda su təchizatı ilə bağlı digər vacib layihələr icra edilmişdir və icra edilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilmişdir. Bu il büdcəyə əlavələr edilmişdir və əlavə vəsait nəzərdə tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın.

Mən əminəm ki, “Azərsu” şirkəti, onun yeni tərkibi və işə yeni yanaşma nəticəsində bütün bu məsələlər öz həllini tapacaqdır. Mən indi görürəm ki, şirkət inkişaf edir, şirkətdə müasir metodologiya, müasir yanaşma tətbiq edilir və belə də olmalıdır. Azərbaycanın bütün şirkətləri, xüsusilə dövlət şirkətləri ən yüksək menecment keyfiyyətlərinə malik olmalıdır.

Müasir yanaşma, işin düzgün qurulması, düzgün təhlil, proqramların düzgün tərtib edilməsi və icra mexanizmləri dünya səviyyəsində olmalıdır. Bizə indi yaraşmaz ki, bu qədər inkişaf edən ölkəmizdə hansısa dövlət qurumu primitiv üsul-idarə ilə idarə olunsun. Müasirlik, qabaqcıl texnologiyaların tətbiqi, məsuliyyət və vicdan - bax hər bir dövlət qurumuna tövsiyəm bundan ibarətdir. “Azərsu” şirkətinin rəhbərliyinin gücləndirilməsi nəticəsində əminəm ki, bu şirkətdə də işlər dünya səviyyəsində aparılacaqdır. Hər halda şirkət rəhbərini təyin etdiyim zaman tövsiyələrim və göstərişlərim bundan ibarət olmuşdur. Mən görürəm ki, qısa müddət ərzində görülən işlər düzgün istiqamətdə aparılır.

Oğuz-Qəbələ-Bakı su kəməri böyük və çox mürəkkəb bir layihə idi. Təbii ki, layihənin icrası zamanı müəyyən qüsurlar, çatışmazlıqlar olmuşdur. Bunun səbəbidir ki, kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək. Bunu edirik və edəcəyik. Biz hər şeyi açıq deməliyik. Ancaq bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərilməsi həqiqətən də tarixi məsələdir. Çünki bu mənbə daxili mənbədir. Oradan gələn su Azərbaycan ərazisində formalaşır. Siz - bu işlərlə məşğul olanlar yaxşı bilirsiniz ki, bizim əsas su mənbələrimiz, Bakını qidalandıran su xətləri Azərbaycanın hüdudlarından kənarda formalaşan mənbələr hesabına mümkün olur. Oğuz-Qəbələ-Bakı o layihədir ki, Azərbaycan ərazisində formalaşan təmiz içməli suyu Bakıya gətirir. Eyni zamanda, qeyd etdiyim kimi, bütün bölgələrdə, bütün rayon mərkəzlərində su-kanalizasiya layihələrinin icrasına başlanmışdır, ya da ki, başlanmaqdadır. Bu, çox böyük layihədir. Çünki bu işlər bir şəhərdə deyil, iki şəhərdə deyil, bütün rayon mərkəzlərində görülür və görülməlidir. Ona görə “Azərsu” şirkətinin işçilərindən çox şey asılıdır. Çünki qarşıya vəzifə qoyulubdur ki, bu məsələlər qısa müddət ərzində həllini tapsın. Əsas məsələlər 2013-cü ilin sonuna qədər həllini tapsın. Biz əlbəttə ki, qarşıya bu hədəfləri qoyanda həm realist olmalıyıq, eyni zamanda, çalışmalıyıq ki, bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın. Çox böyük və genişmiqyaslı bir işdir. Amma eyni zamanda, çox gözəl və nəcib bir işdir. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun. Bu gün güclənən Azərbaycanda görülən bütün işlər bir daha demək istəyirəm ki, dünyanın ən yüksək standartlarına cavab verməlidir.

Mən əminəm ki, “Azərsu” şirkətinin əməkdaşları onların üzərinə düşən bu vacib vəzifələri yaxşı başa düşürlər. Nəinki bu qurğuların tikintisi, eyni zamanda, su, kanalizasiya xətlərinin çəkilişi, bu təsərrüfatın istismarı məsələləri də çox vacibdir. Xətlər, gözəl qurğular tikilə bilər və tikiləcəkdir. Ancaq ondan sonra gündəlik həyatda insanları, Bakı sakinlərini, respublika sakinlərini davamlı içməli su ilə təmin etmək sizin üçün ən başlıca vəzifə olmalıdır. Əminəm ki, siz dediyim bütün bu məsələlərə diqqətlə yanaşacaqsınız, verdiyim bütün göstərişləri şərəflə yerinə yetirəcəksiniz.

Bu gün gözəl və tarixi bir gündür. Bir daha demək istəyirəm ki, 50 il bundan əvvəl Bakının içməli su ilə təminatında tarixi hadisə baş vermişdir. Birinci sutəmizləyici qurğu tikilmişdir. Bu gün də tarixi gündür. Çünki 18 aydan sonra Bakı sakinləri Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Bütün bu işlərdə sizə uğurlar arzulayıram. Əminəm ki, il yarımdan sonra biz burada müasir, gözəl, yeni qurğunun açılışında bərabər iştirak edəcəyik. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06