Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyanın açılışında İlham Əliyevin nitqi
12 sentyabr 2011, 12:10
- Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar! Hörmətli baş direktor!
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox mühüm və əlamətdar bir hadisədir. Mən çox şadam ki, bu gün Avropa qitəsini təmsil edən nümayəndələr bizim qonaqlarımızdır. Əminəm ki, sessiyanın işi uğurlu olacaq və eyni zamanda, qonaqlar ölkəmizlə, şəhərimizlə tanış olacaqlar.
Biz çox şadıq ki, Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla və sürətlə inkişaf edir. Təşkilatın verdiyi tövsiyələr, məsləhətlər bizim üçün çox dəyərlidir və Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar üçün çox qiymətlidir. Mən bu gün xüsusilə Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı səmimiyyətlə salamlamaq istəyirəm. Xanım Çan bizim dostumuzdur, ölkəmizin dostudur və birinci dəfə deyil ki, Azərbaycanda səfərdədir. Hər dəfə Azərbaycanda olarkən və müzakirələr aparılarkən biz bir daha əmin oluruq ki, Dünya Səhiyyə Təşkilatına çox dəyərli insan rəhbərlik edir və təşkilatın son illərdəki nüfuzunun artırılması üçün xanım baş direktorun çox böyük zəhməti vardır.
Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət göstərilir. Bu gün yəqin ki, müzakirələr zamanı bu məsələ ilə bağlı məlumatlar veriləcəkdir. Deyə bilərəm ki, dövlətimiz və hökumətimiz sosial məsələlərin həllinə çox böyük diqqət verir. Təkcə bəzi rəqəmləri qeyd etməklə görmək mümkün olacaq ki, doğrudan da bizim bu sahədəki siyasətimiz çox dəqiqdir və müsbətdir. Son beş il ərzində səhiyyə məsələlərinə ayrılan dövlət büdcə xərclərimiz 8 dəfədən çox artmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, bu məsələ bizim üçün prioritet məsələdir. Dövlətimiz insanların sağlamlığının təmin edilməsi üçün əlindən gələni etməyə çalışır. Son illərdə səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün konkret addımlar atılmışdır. Çünki bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi, ölkədə böhran hökm sürürdü, maliyyə imkanlarımız çox məhdud idi və vaxtilə - keçmiş dövrlərdə yaradılmış səhiyyə müəssisələri də yararsız vəziyyətə düşmüşdü. Biz çox istəyirdik ki, tezliklə bu məsələ ilə bağlı dönüş yarada bilək. Son bir neçə il ərzində Azərbaycanda tikilmiş və əsaslı təmir edilmiş səhiyyə müəssisələri bu gün müasir Azərbaycanın reallıqlarını əks etdirir. Son illər ərzində ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Onların arasında xüsusi əhəmiyyət kəsb edən, son bir neçə il ərzində Bakıda yaradılmış Onkoloji Mərkəzi qeyd etmək istərdim. Eyni zamanda, çox müasir Oftalmologiya Mərkəzi, Urologiya Mərkəzi, Talassemiya Mərkəzi tikilmişdir, Elmi Cərrahiyyə Mərkəzi yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər yaradılır. Demək olar ki, bütün şəhərlərdə xəstəxanalar təmir olunur və tikilir. 14 şəhərdə ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika mərkəzləri tikilmişdir və orada hemodializ qurğuları quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, dövlət səhiyyə müəssisələrində bütün xidmətlər pulsuzdur.
Eyni zamanda, son illər ərzində müasir avadanlığın alınması üçün böyük vəsait xərclənmişdir. Hesab edirəm ki, səhiyyə sistemində müşahidə olunan müsbət dinamika, o cümlədən səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi hesabına mümkün olmuşdur.
Bununla bərabər, səhiyyə sahəsində aparılan islahatlar, ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi, beynəlxalq əlaqələr, həkimlərimizin təkmilləşdirilməsi məsələlərinə verilən diqqət, xarici klinikalarda Azərbaycan həkimlərinin öyrədilməsi və təhsili, bütün bu məsələlər hesab edirəm ki, səhiyyə sahəsində ciddi dönüşə gətirib çıxarmışdır və əlbəttə ki, görülən işlərin nəticəsi insanların sağlamlığıdır. Azərbaycanda bu sahədə müsbət dinamika onu göstərir ki, son illər ərzində insanların ömrünün uzunluğu artır, uşaq ölümü, ana ölümü azalır. Biz elə etməliyik ki, bu müsbət dinamikanı saxlayaq və gələcəkdə səhiyyə ilə bağlı nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapsın. Bizim planlarımız çoxdur. Hazırda bir neçə şəhərdə, o cümlədən Bakı şəhərində yeni, müasir səhiyyə ocaqları tikilir və onların istifadəyə verilməsi nəticəsində deyə bilərəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası tam şəkildə yeniləşəcəkdir.
Bununla bərabər, insanın sağlamlığını şərtləndirən digər sahələrə də Azərbaycanda çox böyük diqqət göstərilir. İlk növbədə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün konkret addımlar atılır. Siz yaxşı bilirsiniz ki, ekologiyanın insanın sağlamlığına çox böyük - həm müsbət, həm mənfi təsiri ola bilər. Keçən il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Çox böyük tədbirlər görülmüşdür. İl yarım ərzində ölkəmizdə 10 milyondan artıq ağac əkilmişdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması bilavasitə insanların sağlamlığına təsir göstərir. Ölkəmizin hər bir yerində böyük su layihələri icra edilir. Su problemi, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda çox kəskin, çox ciddi bir problem idi. Biz bu problemin həlli üçün konkret addımlar atırıq və 2013-cü ilin sonuna qədər Azərbaycanda əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verməlidir. Yəni, bu bir meyardır və biz çalışacağıq ki, bu məqsədlərə nail olaq. Bu layihələr çox böyük vəsait tələb edir. Ancaq Azərbaycan dövləti bu vəsaiti ayırır və eyni zamanda, beynəlxalq təşkilatlar da bizə kreditlərlə kömək göstərirlər. Mən tam əminəm ki, içməli su və kanalizasiya layihələrinin icra edilməsi nəticəsində bu amillər də insanların sağlamlığına çox müsbət təsir göstərəcəkdir.
İnsanların sağlamlığını şərtləndirən amillərdən biri də idmandır. Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. Ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik. Azərbaycanda narkomaniyaya qarşı çox ciddi mübarizə aparılır. Bu yaxınlarda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Gənclərin sağlam şəkildə böyüməsi gələcəkdə səhiyyə problemlərinin azalmasına gətirib çıxaracaqdır. Çünki insan uşaqlıq yaşlarından, gənc yaşlarından öz səhhətinə fikir verməlidir.
Mən səhiyyə məsələləri ilə bağlı çıxışlarımda həmişə dəfələrlə vurğulayıram ki, hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir.
Əfsuslar olsun ki, keçmiş dövrlərdə bu praktika bizdə yox idi. Hesab edirəm ki, biz bu sahədə görülən bütün işlərlə bərabər maarifləndirmə işlərini də yüksək səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər ki, ildə heç olmasa, bir dəfə müayinədən keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan olacaqdır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda istənilən xəstəliyi müalicə etmək üçün imkanlar var, tezliklə o xəstəlik aradan qalxa bilər. Əlbəttə ki, Dünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı təcrübəsi bizim üçün çox dəyərlidir, çox vacibdir. Avropa Regional Komitəsinin təcrübəsi də çox vacibdir. Çünki Azərbaycan, ümumiyyətlə, Avropa ölkələri ilə çox sıx əlaqədədir. Bir neçə proqram icra edilir. Avropa İttifaqı ilə münasibətlərimiz güclənir. Azərbaycan “Şərq tərəfdaşlığı” Proqramının üzvüdür. Bu proqrama qoşulmağımızın əsas səbəbi ondan ibarətdir ki, biz Avropa ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycanda tətbiq edək, Avropa standartlarına yaxın olaq və gələcəkdə istənilən sahədə öz vəziyyətimizi Avropa standartlarına uyğunlaşdıraq. Ona görə, bu məsələlərlə bağlı bu sessiya zamanı keçiriləcək müzakirələr bizim üçün çox vacibdir.
Ölkəmizdə sosial məsələlərin həlli ilə bərabər çox ciddi iqtisadi islahatlar aparılır. Əgər bu iqtisadi islahatlar səmərə verməsəydi, yəqin ki, dediyim bu məsələlərlə məşğul olmaq bizim üçün daha da çətin olardı. Azərbaycan son illər ərzində iqtisadi sahədə çox böyük uğurlara nail ola bilmişdir. İqtisadiyyatımız son 7 il ərzində dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Yəni, 300 faizə yaxın artmışdır. Bu, dünya praktikasında nadir bir göstəricidir. Bununla bərabər, ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Bu da hesab edirəm ki, dünya praktikasında ən sürətli inkişafdır. Əlbəttə ki, yoxsulluq şəraitindən çıxan insanın imkanları da genişlənir, maddi vəziyyəti də yaxşılaşır və bu insanlar öz sağlamlığına daha da ciddi diqqət göstərə bilərlər.
Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, bu il Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir. Yaşlı nəslin sağlamlığı əlbəttə ki, daha da böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində artırılması çox ciddi sosial məsələnin həllidir, eyni zamanda, birbaşa insanların sağlamlığına verilən dəstəkdir.
Bir sözlə, əziz dostlar, ölkəmizdə son illər ərzində sosial və iqtisadi islahatlar müsbət nəticələrə gətirib çıxarmışdır. Bununla bərabər, əlbəttə ki, ölkə qarşısında problemlər vardır. Biz çalışmalıyıq və çalışırıq ki, bu problemləri həll edək. İqtisadi sahədə seçdiyimiz yol düzgün yoldur. Mən tam əminəm ki, Azərbaycanın iqtisadiyyatı bundan sonra da uğurla inkişaf edəcəkdir. Sosial məsələlərə gəldikdə isə, hər bir sosial məsələ ilə bağlı ciddi konkret Dövlət Proqramımız vardır və bu proqramlar icra edilir.
Beynəlxalq təşkilatlar Azərbaycanda görülən işlərə öz qiymətini verirlər. İnsan inkişafı indeksinə görə, Azərbaycan son 5 il ərzində dünya miqyasında ən böyük irəliləyişə nail olan ölkədir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə, Azərbaycan dünyada 55-ci yerdədir. Keçmiş sovet respublikaları arasında üçüncü, MDB məkanında isə birincidir. Bu göstəricilər, əlbəttə ki, bizi daha da ruhlandırır. Onu göstərir ki, bir daha demək istəyirəm, seçdiyimiz yol düzgün yoldur. Bu yolda beynəlxalq təşkilatların, xüsusilə Dünya Səhiyyə Təşkilatı kimi mötəbər və nüfuzlu təşkilatın Azərbaycana verdiyi diqqət bizim üçün çox qiymətli və vacibdir.
Əziz dostlar mən, sizin hamınızı Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram! Sizə və sessiyanın işinə uğurlar arzulayıram!