Şamaxı Astrofizika Rəsədxanasının kollektivi ilə görüşdə İlham Əliyevin nitqi
13 sentyabr 2011, 20:10
- Mən Sizi ürəkdən salamlayıram. Bu gün çox gözəl gündür. Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri demək olar ki, başa çatmaq üzrədir. Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir. Hələ üç il bundan əvvəl rəsədxananın yenidən qurulması, burada aparılacaq təmir-tikinti işləri ilə əlaqədar Sərəncam imzalamışdım. Sərəncam icra edilir və bu gün həm inzibati binalar gözəl tikilir, demək olar ki, yenidən tikilir. Həm də yaşayış binaları tikilir, alimlər üçün beşmərtəbəli iki bina bu gün istismara verilir. Əvvəlki dövrdə tikilmiş binalar demək olar ki, yararsız vəziyyətə düşmüşdür və yeni binaların, uşaq bağçasının, tibb məntəqəsinin, gözəl ictimai yerlərin tikintisi, görülən bütün bu işlər bir də onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan dövləti elmə və elmi işçilərə həmişə böyük diqqətlə yanaşmışdır.
Əminəm ki, uzun illər, onilliklər bundan sonra bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir. Mən çox istərdim ki, bu rəsədxana elmi tədqiqat işləri ilə bərabər, eyni zamanda, bir növ turizm obyektinə də çevrilsin. Çünki burada belə gözəl şərait yaradılıb. Həm ölkə vətəndaşları, həm xarici qonaqlar böyük maraqla buraya gələcəklər, tanış olacaqlar, dincələcəklər.
Bütövlükdə bu zonanın turizm imkanları çox genişdir. Biz Azərbaycanın şimal-qərb zonasının turizm imkanlarını böyük dərəcədə inkişaf etdirə bilmişik. Həm Şamaxıda, həm də qonşu rayonlarda gözəl mehmanxanalar tikilir, parklar salınır, istirahət zonaları yaradılır. Bu gün Şamaxıda yenidən olarkən bir neçə obyektin tikintisi ilə maraqlandım və görürəm ki, burada işlər yaxşı gedir.
Vaxtilə tikilmiş Olimpiya İdman Kompleksinin ərazisi iki dəfədən artıq genişləndirilir, yeni idman qurğuları, stadionlar, üzgüçülük hovuzu, məşq zalları tikilir. Azərbaycanın ən qədim məscidi - Şamaxı Cümə məscidində böyük zövqlə, böyük məhəbbətlə təmir-bərpa, yenidənqurma işləri aparılır. Əminəm ki, biz bu məscidi bərpa etdikdən sonra bir daha göstərəcəyik ki, Azərbaycan xalqı və dövləti öz milli və dini ənənələrinə nə qədər bağlıdır. Bu gözəl tarixi və dini abidə bərpa olunandan sonra dünya miqyasında nadir bir memarlıq abidəsi kimi yenidən yaşayacaqdır. Biz yenidən Cümə məscidini yaşadacağıq.
Bu gün buraya gələrkən yolüstü Vergilər Nazirliyinin ən müasir standartlara cavab verən Tədris Mərkəzinin açılışında da iştirak etmişəm. O mərkəz də insanların buraya gəlib işləməsinə kömək göstərəcək, turistlər gələcəkdir.
Bir sözlə, Şamaxıda görülən işlər onu göstərir ki, Azərbaycanın rayonları, bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Bir müddət əvvəl müasir Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və ən gözəl standartlara cavab verir. Əminəm ki, Şamaxı sakinləri o mərkəzdən istifadə edirlər. Çünki orada xidmətlər pulsuz olmalıdır və ən gözəl avadanlıqlar vardır. Mənə verilən məlumata görə, burada digər infrastruktur layihələri icra edilir - qazlaşdırma, içməli su, kanalizasiya xətlərinin çəkilişi. Mən bu gün göstəriş vermişəm ki, əlavə vəsait ayrılsın ki, bu məsələlər də tezliklə öz həllini tapsın. Bütün infrastruktur, içməli su, suvarma, kanalizasiya, qaz təchizatı yüksək səviyyədə qurulmalıdır. Ən uzağı, növbəti iki il ərzində bütün bu məsələləri həll etməliyik. Kənd yollarının tikintisi layihələri də vardır və biz onlarla məşğuluq.
Bir sözlə, Şamaxı rayonu qədim Azərbaycan torpağıdır və Şamaxı çox böyük və qədim tarixə malik olan bir şəhərdir. Qədim tarixi xəritələrdə Şamaxı şəhəri vardır, öz adını saxlayıbdır. Şamaxı şəhərindən çıxmış görkəmli elm, incəsənət, mədəniyyət xadimləri də ölkəmizi dünyada tanıtdırıblar. Keçən dəfə burada Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olarkən bir daha gördüm ki, Şamaxı torpağı dünya üçün nə qədər görkəmli şəxsiyyətlər bəxş edibdir. Bu, bizim böyük sərvətimizdir. Şamaxıya xüsusi diqqət göstərilməlidir və göstərilir. Bu rəsədxananın yenidən qurulması, sosial obyektlərin, diaqnostika mərkəzinin, idman kompleksinin, Cümə məscidinin, digər binaların təmiri, infrastruktur layihələrinin icrası ona gətirib çıxaracaq ki, Şamaxı dünya miqyasında ən rahat, abad və gözəl təbiətə malik olan şəhərə çevriləcəkdir. Hər halda, mənim istəyim bundan ibarətdir. Əminəm ki, siz də bu fikirləri bölüşürsünüz.
Son illər ərzində Şamaxıda görülən işlər göz qabağındadır. Ölkəmizin İndiki inkişafı deməyə əsas verir ki, biz gələcəkdə daha da böyük işlər görəcəyik. O ki qaldı Azərbaycan elminin inkişafına, mən tam əminəm ki, bu rəsədxana indi, ən azı, keçmiş MDB məkanında ən gözəl rəsədxanadır. Tam əminliklə deyirəm və siz də bunu təsdiq edə bilərsiniz.
Bütövlükdə Azərbaycan elminə çox böyük diqqət göstərilir. Bir müddət bundan əvvəl Akademiya işçilərinin vəzifə maaşları qaldırılmışdır. Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər gedir, elmi-tədqiqat institutları təmir edilir, yeni avadanlıqlar alınır. Biz bu sahəyə də çox böyük diqqət göstərməliyik. Çünki hər bir ölkənin gələcəyini şərtləndirən amillərdən bəlkə də birincisi elmi potensialdır, təhsildir, bilikdir. Bu gözəl rəsədxana, gözəl memarlıq abidəsi, elmi mərkəz və turizm mərkəzi Şamaxıya, əlbəttə ki, əlavə yaraşıq verir. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bilirsiniz ki, mən dəfələrlə, Şamaxıda olmuşam. Prezidentlik dövrümdə də dəfələrlə olmuşam, ondan əvvəlki dövrdə də. Bundan sonra da olacağam. Çünki burada hələ açılışlar çox olacaqdır. Sizə cansağlığı, uğurlar arzulayıram.