Dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılışında İlham Əliyevin nitqi

12 oktyabr 2011, 20:20
Dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılışında İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Əziz dostlar, hörmətli qonaqlar!

Sizi ürəkdən salamlayıram. Bu gün Avstriya-Azərbaycan əlaqələrinin tarixində çox gözəl və unudulmaz bir gündür. Əlaqələrimizin tarixində birinci dəfədir ki, Avstriya Prezidenti Azərbaycana səfər edir və bu, əlbəttə, əlaqələrimizin tarixində xüsusi yerə malik olan bir hadisədir. Bu gün, eyni zamanda, ona görə unudulmaz bir gün olacaq ki, biz dünya şöhrətli bəstəkar, dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidəsini bərabər açdıq. Şəhərimizin mərkəzində, bu gözəl parkda dahi Motsartın abidəsi ucaldılıbdır. Bu gözəl hadisə münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Motsartın ölməz əsərləri bu gün yaşayır və əbədi yaşayacaqdır. Onun istedadını yəqin ki, sözlərlə ifadə etmək mümkün deyildir. Amma mən hesab edirəm ki, musiqi sənətinə o qədər də bələd olmayan və musiqidən uzaq olan insanlar da Motsartın əsərlərini sevirlər. Çünki başqa cür mümkün deyildir. Avstriya xalqı xoşbəxtdir ki, onun Motsart kimi dahi şəxsiyyəti vardır. Azərbaycanda musiqi sənəti çox dərin köklərə malikdir və Motsart Azərbaycanda çox sevilir.

Bu gün bu abidənin açılışı, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir. Ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır. Biz çox şadıq ki, bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsi açılmışdır. Bu addımların çox böyük mənası vardır və ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin müəllifidir və eyni zamanda, Azərbaycanın klassik musiqisinin banisidir. Mən çox şadam ki, onun əsəri Vyanada səhnəyə qoyulmuşdur.

Bu gün dahi Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir. Cənab Prezident, biz bu gün səhərdən birlikdəyik və çox böyük işlər görmüşük, danışıqlar aparmışıq. Biz Avstriya-Azərbaycan biznes forumundan buraya gəlirik. Bizim həm siyasi, həm iqtisadi sahələrdəki əlaqələrimiz çox sürətlə və çox böyük uğurla inkişaf edir. Ancaq əlbəttə, mədəniyyət sahəsindəki əməkdaşlıq ümumi əməkdaşlığımıza çox güclü töhfə verir.

Mən hesab edirəm ki, bu park Avstriyanın bir parçası kimi Bakı sakinləri tərəfindən də yüksək qiymətləndiriləcəkdir. Artıq Avstriyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu, ikinci Avstriya ünvanıdır ki, Bakıda yaradılır. Bildiyiniz kimi, Motsartın abidəsinin Bakıda ucaldılması haqqında qərar bir müddət əvvəl verilmişdi. Biz gözləyirdik ki, bu abidəni Sizinlə bərabər açaq.

Bir daha Sizi və hamınızı bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun. 

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11